İnformasiya əldə etməyin
hüquqi yolları
Hər kəs informasiya
sahibinə müraciət etmək, informasiyanın
növünü və əldə etmə formasını
seçmək hüququna malikdir
Hər bir kəsin düşündüyünü
açıq şəkildə ifadə etmək, məlumat
almaq, vermək hüququ var. Sözügedən insan
haqqının, imkanının hüquqi yolla tənzimləməsi
qaydaları qanunvericilikdə izahını tapır. «İnformasiya əldə
etmək haqqında» Azərbaycan Respublikasının qanununda
vətəndaşların fikir, söz və məlumat
azadlığının qorunması, inkişaf etdirilməsi
ilə bağlı məsələlər əksini tapır.
Qanunda bildirilir ki, Azərbaycan Respublikası
Konstitusiyasının 50-ci maddəsi ilə təsbit
olunmuş məlumat əldə etmək hüququnun sərbəst,
maneəsiz və hamı üçün bərabər şərtlərlə,
açıq cəmiyyətin və demokratik hüquqi dövlətin
prinsipləri əsasında təmin edilməsinin hüquqi əsaslarını
müəyyənləşdirməkdən, həmçinin
ictimai vəzifələrin yerinə yetirilməsinə vətəndaşlar
tərəfindən nəzarət olunmasına şərait
yaratmaqdan ibarətdir.
İnformasiya əldə etmək azadlığı
çağımızda hər bir insan üçün
qaçılmaz və vacib məsələdir. Qanunda göstərilir ki, Azərbaycanda
informasiyanın əldə olunması azaddır: «Hər kəs
özü birbaşa və ya nümayəndəsi vasitəsilə
informasiya sahibinə müraciət etmək, informasiyanın
növünü və əldə etmə formasını
seçmək hüququna malikdir. İnformasiya
sahibinə müraciət edən hər kəs sorğu edilən
informasiyanın informasiya sahibində
olub-olmadığını öyrənmək, bu informasiya
olmadıqda onu əldə etmək üçün
yardımçı məlumatlar almaq; informasiya sahibi sorğu
edilən informasiyaya malik olduqda onu sərbəst, maneəsiz və
hamı üçün bərabər şərtlərlə
əldə etmək hüququna malikdir».
Fiziki
şəxslərə gəlincə, onlar özləri barəsindəki
sənədləşdirilmiş informasiya ilə maneəsiz tanış olmaq, onu əldə etmək, bu
informasiyada dəqiqləşdirmələr
aparılmasını tələb etmək, informasiyadan kimlərin
və hansı məqsədlə istifadə etdiyini öyrənmək
hüququ vardır.
Qanunda
informasiya əldə olunmasının əsas prinsipləri
aşağıdakı kimi göstərilir: informasiya
sorğusunun sərbəst, maneəsiz və hamı
üçün bərabər şərtlərlə təmin
edilməsi;
informasiyanın əldə olunmasının qanuniliyi; dövlət
orqanlarının və bələdiyyələrin
informasiyanı açıqlamaq vəzifəsi;
informasiyanın maksimum açıqlığı; informasiya
sorğusunun ən qısa zamanda və ən münasib
üsulla təmin edilməsi; informasiya təqdim olunarkən
insanların, cəmiyyətin və dövlətin təhlükəsizliyinin
qorunması;
informasiya
əldə etmək hüququnun dövlət tərəfindən
qorunması, o cümlədən məhkəmə yolu ilə
müdafiəsi; bu qanunla müəyyənləşdirilmiş
hallar istisna olmaqla informasiyanın əldə edilməsinin
ödənişsiz həyata keçirilməsi; informasiya əldə
etmək hüququnun pozulmasına görə informasiya sahiblərinin
məsuliyyət daşıması; informasiya əldə edilməsinə
qoyulan məhdudiyyətin bu məhdudiyyəti doğuran əsaslardan
daha artıq müəyyənləşdirilməməsi;
ictimaiyyətdə maraq doğuran hüquq pozuntuları barədə
məlumatı açıqlamağa görə vəzifəli
şəxslərin təqib olunmaması.
Aşağıdakı
məqam insan həyatının toxunulmazlığını
təsbit edir: «Əməliyyat-axtarış tədbirləri
keçirilən hallar istisna olmaqla, şəxsin onun xəbəri
olmadan və ya etirazına baxmayaraq kütləvi informasiya
vasitələrinin nümayəndələri və başqa
şəxslər tərəfindən izlənilməsi, video və
foto çəkilişinə, səs yazısına və digər
bu cür hərəkətlərə məruz qalması
qanunvericiliklə müəyyən edilmiş məsuliyyətə
səbəb olur».
Qanunda
ayrıca olaraq «Sənədləşdirilmiş informasiya (sənəd)» haqqında danışılır. Yəni maddi daşıyıcıda mətn, səs
və ya təsvir formasında qeydə alınan və identikləşdirməyə
imkan verən istənilən rekvizitli informasiya mənbəyindən,
saxlanma yerindən, rəsmi statusundan, mülkiyyət
növündən, mənsub olduğu təşkilat tərəfindən
yaradılıb-yaradılmadığından asılı
olmayaraq sənədləşdirilmiş informasiya (bundan sonra —
sənəd) hesab olunur. İnformasiya sahibi
sənədə malikdir, əgər informasiya sahibində
mövcud olan sənəd digər informasiya sahibinə məxsus
deyilsə; digər informasiya sahibində mövcud olan sənəd
informasiya sahibinə məxsusdursa.
Maddə 8-də «Sənədin saxlanması, komplektləşdirilməsi
və mühafizəsi» haqqında danışılır. Qanunda göstərilir
ki, müvafiq icra hakimiyyəti orqanı sənədlərin
saxlanmasına, komplektləşdirilməsinə və
mühafizəsinə dair qaydalar müəyyənləşdirir.
Eləcə də informasiya sahibi malik olduğu
sənədlərin bu qanunun 8.1-ci maddəsində göstərilən
qaydalara uyğun saxlanmasının, komplektləşdirilməsinin
və mühafizəsinin təşkilinə görə məsuliyyət
daşıyır.
İnformasiya
sahibi fiziki şəxsin özü haqqında fərdi məlumatlarla
tanış olması və lazım gələrsə, onlarda
dəqiqləşdirmələr aparılması
üçün bu qanunun və «Fərdi məlumatlar
haqqında» qanunun tələblərinə uyğun qaydalar
müəyyənləşdirir və bu qaydaların
icrasını təmin edir.
Maraqlıdır, qanunda göstərilən
«İnformasiya sahibləri» hansı ünvanlardır? Dövlət
orqanları və bələdiyyələr; ictimai
funksiyaları yerinə yetirən hüquqi şəxslər,
həmçinin normativ hüquqi aktlarla və ya müqavilə
əsasında təhsil, səhiyyə, mədəniyyət və
sosial sahələrdə xidmət göstərən özəl
hüquqi şəxslər və fiziki şəxslər.
Hüquqi və fiziki şəxslərə
informasiya sahiblərinin bu qanunla müəyyənləşdirilmiş
vəzifələri yalnız ictimai funksiyaların yerinə
yetirilməsi, yaxud normativ hüquqi aktlarla və ya müqavilə
əsasında təhsil, səhiyyə, mədəniyyət və
sosial sahələrdə göstərilən xidmət nəticəsində
yaranan və ya əldə edilən informasiyalar üzrə
şamil olunur.
Qanunda
bildirilir ki, aşağıdakılar informasiya sahiblərinə
bərabər tutulur: əmtəə bazarında hökmran
mövqe tutan, xüsusi və ya müstəsna hüquqa, yaxud
təbii inhisara malik olan hüquqi şəxslər —
malların və xidmətlərin təklif edilməsi şərtlərinə
və onların qiymətlərinə, həmin şərtlərdə
və qiymətlərdə dəyişikliklərə aid
informasiyalar üzrə;
tamamilə və ya qismən dövlət mülkiyyətində,
yaxud asılılığında olan qeyri-kommersiya təşkilatları,
büdcədənkənar fondlar, həmçinin dövlətin
üzvü olduğu və ya iştirak etdiyi kommersiya birlikləri
— dövlət büdcəsindən verilmiş vəsaitdən
və ya onlara ayrılmış əmlakdan istifadəyə
aid informasiyalar üzrə.
İnformasiya
əldə olunmasının təşkili ilə bağlı
qanunda ayrıca danışılır, informasiya sahibinin vəzifələri
göstərilir. Bildirilir ki, informasiya sahibi öz
informasiya ehtiyatlarından hər kəsin sərbəst, maneəsiz
və hamı üçün bərabər şərtlərlə
informasiya əldə etmək hüququnu bu qanunla müəyyənləşdirilmiş
qaydada təmin etməyə borcludur.
İnformasiya sahibi bu məqsədlə informasiya məsələləri
üzrə vəzifəli şəxs təyin edir, yaxud
struktur bölmə yaradır, informasiya xidmətləri
göstərir. İnformasiya məsələləri üzrə vəzifəli
şəxsin təyin olunmaması və ya struktur bölmənin
yaradılmaması informasiya xidmətləri göstərməkdən
imtina üçün əsas ola bilməz.
Bəs informasiya sahibinin vəzifələri nədən
ibarətdir?
İnformasiya
sorğusunu ən qısa zamanda və sorğuçu
üçün ən münasib üsulla təmin etməlidir;
sənədlərin reyestrini aparmalıdır; ictimai vəzifələrin
yerinə yetirilməsi haqqında ictimaiyyətə müntəzəm
məlumat verməlidir; açıqlamalı olduğu ictimai
informasiyanı bu qanunla müəyyənləşdirilmiş
qaydada və müddətdə açıqlamalıdır;
sorğuçuya kömək göstərməlidir;
informasiyanın əldə olunmasına qoyulan məhdudiyyətlər
barədə sorğuçuya məlumat verməlidir; əldə
olunması qanunla məhdudlaşdırılan informasiyaları
qorumalıdır; həqiqətə uyğun olmayan, natamam və
ya qeyri-dəqiq informasiya verməməli, şübhə
yarandığı hallarda informasiyanın
düzgünlüyünü və mötəbərliyini
yoxlamalıdır.
İnformasiya məsələləri üzrə vəzifəli
şəxs və ya struktur bölmənin funksiyalarına gəlincə,
qanunda göstərilir ki, o sorğuları diqqətlə
araşdırıb qərarlar qəbul edir. Habelə
sorğuları bu qanunla nəzərdə tutulmuş qaydada təmin
edir; informasiya xidmətlərinin göstərilməsinə nəzarət
edir; informasiya əldə edilməsi ilə bağlı
informasiya sahibinə göndərilən şikayətləri
araşdırıb qərar qəbul edir; informasiya xidmətləri
göstərilməsi ilə bağlı digər vəzifələri
yerinə yetirir; informasiya sahibləri informasiyanın əldə
olunmasının təşkilinə görə qanunvericiliklə
müəyyənləşdirilmiş qaydada məsuliyyət
daşıyır.
Sənədlərin reyestri informasiya sahibinə daxil olan,
ictimai vəzifələrin yerinə yetirilməsi nəticəsində
yaradılan və ya əldə edilən informasiyaların qeydə
alındığı və hər kəsin istifadə edə
biləcəyi elektron məlumat toplusudur. Qanunda göstərilir
ki, reyestrin yaradılması, saxlanması və
vaxtaşırı yeniləşdirilməsi qaydaları
müvafiq icra hakimiyyəti orqanı tərəfindən
müəyyənləşdirilir. İnformasiya sahibi
reyestrdə aşağıda göstərilən sənədləri
bu maddədə göstərilən müddətdə qeydə
almalıdır: daxil olan, göndərilən və ya idarə
daxilində hazırlanan sənədlər — daxil olduğu,
göndərildiyi və ya idarə daxilində
hazırlandığı gün; hüquqi aktlar —
imzalandığı gün; müqavilələr — qüvvəyə
mindiyi gün.
Mühasibat sənədləri, təbrik məktubları, bildirişlər, memorandumlar, zəmanətlər, habelə iclaslar, müşavirələr, konfranslar və digər kütləvi tədbirlərin proqramları və ya belə tədbirlər haqqında məlumatlar, müxtəlif statistik hesabatlar sənədlərin reyestrində qeydə alınmır.
İnformasiyanın əldə olunmasının sorğu əsasında təmin edilməsi ilə bağlı qanunda ayrıca fəsil mövcuddur. Maddə 13-də «İnformasiya sorğusunun təqdim edilmə üsulu» ilə bağlı aşağıdakı hüquqi prosedur göstərilir: informasiya sahibinin vəzifəli şəxsinə bilavasitə və ya telefonla müraciət etmək yolu ilə şifahi; sorğunu şəxsən təqdim etmək və ya informasiya sahibinə poçt, telefaks, yaxud elektron poçtla göndərmək yolu ilə yazılı.
İnformasiya əldə etmənin formaları isə bunlardır: sorğuçu yazılı sorğunun aşağıdakı formalardan birində və ya mövcud olan digər formalarda təmin edilməsini tələb edə bilər: sənədlə tanış olmaq üçün ayrılmış yerə daxil olma; sənədin üzünün köçürülməsi; informasiya sahibinin texniki imkanlarından istifadə etməklə sənədin surətinin çıxarılması və ya sənədin təsdiqlənmiş surətinin verilməsi; sorğuçunun öz texniki imkanlarından istifadə etməklə sənədin surətinin çıxarılması; stenoqramların və ya digər formada kodlaşdırılmış sənədlərin oxunmaq üçün yararlı vəziyyətdə təqdim edilməsi; sənədin tərcümə olunması; sənədin surətinin elektron daşıyıcılara köçürülməsi və s.
Uğur
Xalq Cəbhəsi.- 2014.- 24 yanvar.-
S.11.