Mətbuatda plüralizim və söz azadlığı

 

«Ölkəmiz azad mətbuatın inkişafı sahəsində beynəlxalq təşkilatlarla, o cümlədən Avropa Şurası və ATƏT-lə sıx əməkdaşlıq edir»

Ölkəmizin artan imkanları, demokratiya təcrübəsinin digər ölkələrə nümunə göstərilməsi müstəqil mətbuatın inkişafına, jurnalistlərin yaradıcılıq imkanlarının genişlənməsinə stimul verir.

Söz azadlığı hər bir ölkənin inkişafı üçün ən vacib olan məsələlərdən biridir. «İki sahil» qəzetinin rəhbəri Vüqar Rəhimzadənin fikrincə, bu sahədə ölkəmiz çox böyük və uğurlu yol keçib: «Bunu təsdiq edən çoxsaylı faktlar da mövcuddur. İnkaredilməz faktdır ki, müstəqilliyimizin ilk illərində hakimiyyətdə olan qüvvələrin siyasi savadsızlığı, səriştəsizliyi, şəxsi maraqlarını dövlətin, xalqın mənafeyindən, milli maraqlardan üstün tutmaları ucbatından ölkədə xaos, anarxiya, özbaşınalıqlar höküm sürürdü. İctimai-siyasi durumun gərgin olduğu bir dövrdə digər sahələrin inkişafından danışmaq mümkünsüz idi. Mətbuat azadlığı hər addımda boğulur, azad sözün müdafiəsində dayanan jurnalistlər mənəvi və fiziki təzyiqlərə məruz qalırdılar. 1993-cü ildən sonrakı dövr Azərbaycan mətbuatının inkişafında yeni mərhələnin başlanğıcı oldu. Ölkədə ictimai-siyasi sabitliyin yaradılması, insan hüquqlarının qorunmasının dövlətin siyasətinin prioritet istiqamətinə çevrilməsi, qanunun aliliyinin təmin edilməsi, ölkəmizin sürətli sosial-iqtisadi inkişafı, ictimai həyatın bütün sahələrinin yeniləşməsi fikir, söz və məlumat azadlığının, plüralizmin daha geniş təmin olunması üçün əlavə tədbirlər görülməsini zəruri etdi».

Mətbuatımıza daim qayğı ilə yanaşan ümummilli lider Heydər Əliyev medianın inkişafını Azərbaycan dövlətinin əsas prioritetlərindən biri hesab edirdi. Mətbuatı cəmiyyətin güzgüsü adlandıran, bu sahədə çalışan qələm sahiblərinə yüksək peşə prinsiplərindən irəli gələn tələblərin layiqli daşıyıcıları olmağı təlqin edən Heydər Əliyev həmin təməl prinsiplərinin elmi şərhini verməklə kifayətlənməmiş, bunun hüquqi, iqtisadi bazasının yaradılması qayğısına da qalmışdır: «Bizim dövlət siyasətimizin əsas məqsədlərindən biri Azərbaycanın mütərəqqi mətbuat ənənələrinin davam etdirilməsi və müasir beynəlxalq təcrübə ilə zənginləşdirilməsi, KİV-in maddi-texniki vəziyyətinin yaxşılaşdırılması, onların imkanlarından respublikada hüquqi dövlət quruculuğu, vətəndaş cəmiyyətinin formalaşdırılması və inkişafı, demokratik islahatların həyata keçirilməsində səmərəli istifadə edilməsindən ibarətdir.»

Vüqar Rəhimzadənin qənaətinə görə, Prezidentin fərmanları ilə «2000-2001-ci illərdə kütləvi informasiya vasitələrinin maddi-texniki şəraitinin yaxşılaşdırılması üçün tədbirlər proqramı», «Məlumat azadlığı haqqında», «Vətəndaşların müraciətlərinə baxılması qaydası haqqında», «İnformasiya, informasiyalaşdırma və informasiyanın mühafizəsi haqqında», «Ətraf mühitə dair informasiya almaq haqqında» Azərbaycan Respublikasının qanunlarının qəbulu da mühüm addımlardandır.

«Kütləvi informasiya vasitələri haqqında» qanuna əsasən, KİV-in təsis olunması, ondan istifadə, onun idarə edilməsi qanunvericilikdə nəzərdə tutulan hallardan əlavə məhdudlaşdırıla bilməz. Mətbuat azadlığı vətəndaşların qanuni yolla informasiya əldə etmək, hazırlamaq, ötürmək və yaymaq hüququna dövlət tərəfindən təminat verilməsinə əsaslanır. 11 may 2002-ci il tarixli «Kütləvi informasiya vasitələri haqqında» Azərbaycan Respublikası Qanununa əlavələr və dəyişikliklər edilməsi barədə» fərman yazılı mətbuatın təsis edilməsini və ondan istifadə imkanlarını asanlaşdırmaqla, mətbu nəşrlərin dövlət qeydiyyatı ilə bağlı icazə sistemini aradan götürüb. Bu isə digər inkişaf etmiş dünya ölkələrinin mətbuata dair qanunvericilik təcrübəsinə əsaslanır.

Vüqar Rəhimzadə bildirib ki, mətbuata dövlət nəzarətini həyata keçirən Mətbuat və İnformasiya Nazirliyinin ləğv edilməsi mətbuatın özünütənzimləməsi mexanizminin tətbiqinə şərait yaradıb. 2003-cü ilin martında Azərbaycan jurnalistlərinin qurultayında ölkənin müntəzəm yayımlanan, ictimai fikrə təsir imkanları daha böyük olan 180 kütləvi informasiya vasitəsi- qəzet, jurnal, informasiya agentliyi, jurnalist təşkilatı bir araya gələrək media-ictimaiyyət, media-hakimiyyət münasibətlərini tənzimləyən qurumu — Azərbaycan Mətbuat Şurasını yaratdı. Mətbuat Şurasının qarşısında dayanan əsas məqsədlərdən biri jurnalistlərin peşə etikası Kodeksinin tələblərinə əməl etməsinə ictimai nəzarətin həyata keçirilməsi, «reket jurnalistika»sına qarşı mübarizədir. Qurum fəaliyyətə başladığı gündən KİV-lərin saflaşdırılması istiqamətində mühüm addımlar atmış, jurnalistlərin peşəkarlığının artırılması üçün müsbət nəticələr əldə edib: «MDB məkanında belə bir qurum ilk dəfə Azərbaycanda yaradılıb. Azərbaycan Mətbuat Şurasının MDB ölkələri üçün vahid model kimi götürülməsi də əldə etdiyi uğurlara əsaslanır. Ölkəmiz azad mətbuatın inkişafı sahəsində beynəlxalq təşkilatlarla, o cümlədən Avropa Şurası və ATƏT-lə sıx əməkdaşlıq edir. Hüquqi dövlət və vətəndaş cəmiyyəti quruculuğunun dərinləşməsi, Azərbaycanın dünya informasiya məkanına daxil olması və informasiya cəmiyyətinə keçid şəxsiyyətin, cəmiyyətin və dövlətin informasiyaya olan tələbatının daha dolğun ödənilməsinə, kütləvi informasiya vasitələrinin fəaliyyətinin təkmilləşməsinə və müasir dövrün tələblərinə uyğunlaşmasına ehtiyac yaradır».

O da qeyd edilib ki, 1995-ci il noyabrın 12-də ümumxalq səsverməsi əsasında qəbul olunan Milli Konstitusiyamızda da demokratiyanın əsas prinsiplərindən olan söz və fikir azadlığı təsbit olunub. «Məlumat azadlığı» maddəsində qeyd olunur ki, hər kəsin istədiyi məlumatı qanuni yolla axtarmaq, əldə etmək, ötürmək, hazırlamaq və yaymaq azadlığı vardır. Kütləvi informasiyanın azadlığına təminat verilir. Kütləvi informasiya vasitələrində, o cümlədən mətbuatda dövlət senzurası qadağandır: «Bu gün Azərbaycanda söz və mətbuat azadlığı sahəsindəki mövcud vəziyyət qabaqcıl demokratik ölkələrlə müqayisə edilə bilər. Belə ki, Azərbaycan KİV-lərin sayına görə MDB və Şərqi Avropa ölkələri arasında lider mövqedə dayanır. Ölkədə 5 minə yaxın kütləvi informasiya vasitəsi dövlət qeydiyyatına alınıb. Onların əksəriyyəti qəzet və jurnal, informasiya agentliyi, elektron kütləvi informasiya vasitələridir. Respublikmızda xeyli sayda jurnalist təşkilatları və ictimai birlikləri mövcuddur. Sürətlə inkişaf edən internet resursları vətəndaş cəmiyyəti quruculuğunun fəal iştirakçısına çevrilərək cəmiyyətimizin informasiyaya olan ehtiyacının ödənilməsində əhəmiyyətli rol oynayırlar. Bu fakt da xüsusi qeyd edilməlidir ki, ölkəmizdə internet azadddır, heç bir məhdudiyyət yoxdur. İnternet istifadəçilərinin sayı 65 faizdən yuxarıdır. Dövlət başçısı İlham Əliyevin qeyd etdiyi kimi, bu da onu göstərir ki, mətbuat azadlığına çox böyük diqqət göstərilir. 2005-ci ildə «Azərbaycan mətbuat işçilərinin təltif edilməsi haqqında», «Azərbaycan mətbuat işçilərinə fəxri adların verilməsi haqqında», habelə «Kütləvi informasiya vasitələrinə maliyyə yardımı göstərilməsi haqqında» sərəncamların imzalanması jurnalistlərin əməyinə yüksək qiymət verildiyini, azad mətbuatın inkişafının dövlətin siyasətində prioritet məsələ olduğunun təsdiqidir. Həmin ildə milli mətbuatımızın ənənələrini yarandığı gündən yazıları ilə bəyan edən «Əkinçi» qəzetinin 130 illik yubileyinin respublikanın bütün bölgələrində yüksək səviyyədə qeyd olunması, jurnalistlərin fəxri adlarla mükafatlandırılması, bir neçə peşəkar jurnalistin Prezident təqaüdünə layiq görülməsi dövlətin mətbuata qayğısının bariz təcəssümü kimi xatırlanır.

Prezident İlham Əliyevin 2008-ci il 31 iyul tarixli «Azərbaycan Respublikasında kütləvi informasiya vasitələrinə birdəfəlik maliyyə yardımı göstərilməsi haqqında», eləcə də «Azərbaycan Respublikasında kütləvi informasiya vasitələrinin inkişafına dövlət dəstəyi Konsepsiyası»nın təsdiq edilməsi də deyilənlərin bariz nümunələrindəndir. Konsepsiyanın təsdiqlənməsi milli mətbuatın problemlərinin həllində keyfiyyətcə yeni mərhələnin əsasını qoydu. Sərəncamda da bu gerçəkliklər öz əksini tapıb ki, Azərbaycanın sürətli sosial-iqtisadi inkişafı, ictimai həyatın bütün sahələrinin yeniləşməsi fikir, söz və məlumat azadlığının, plüralizmin daha geniş təmin olunması üçün əlavə tədbirlər görülməsini zəruri edir.

Dövlət orqanları ilə kütləvi informasiya vasitələri arasında səmərəli əməkdaşlıq münasibətlərinin inkişaf etdirilməsi, KİV-lərin iqtisadi müstəqilliyinin və jurnalistlərin peşəkarlığının artırılması, vətəndaş cəmiyyəti quruculuğunda mətbuatın rolunun gücləndirilməsi məqsədilə təsdiqlənən «Azərbaycan Respublikasında kütləvi informasiya vasitələrinin inkişafına dövlət dəstəyi Konsepsiyası»nda qeyd edildiyi kimi dövlətin informasiya siyasətinin başlıca vəzifələrindən biri kütləvi informasiya vasitələrinin fəaliyyətində şəxsiyyət, cəmiyyət və dövlət maraqlarının tarazlaşdırılmasına yönəlmiş hüquqi, iqtisadi, təşkilati və texnoloji tədbirlərin müəyyən edilməsidir. Milli mətbuatın mütərəqqi ənənələrinin qorunub saxlanılması, müasir dövrün tələblərinə uyğunlaşdırılması, beynəlxalq təcrübənin öyrənilməsi və tətbiqi prioritet məsələdir. Azərbaycanda kütləvi informasiya vasitələrinin inkişafına dövlət dəstəyi şəffaflıq, əməkdaşlıq, qarşılıqlı məsuliyyət prinsipləri əsasında həyata keçirilir. Eyni zamanda, sənəd mətbuata dövlət dəstəyi kütləvi informasiya vasitələrinin müstəqilliyinin qorunması, onların fəaliyyətinə hər hansı müdaxilənin istisna edilməsi, yayılması qanunla qadağan olunmuş informasiyadan cəmiyyətin qorunması, kütləvi informasiya vasitələrinin inhisarlaşmasının qarşısının alınması, ictimai maraqları əks etdirən layihələrə üstünlük verilməsi, regional kütləvi informasiya vasitələrinin inkişafının dəstəklənməsi kimi prinsipləri özündə ehtiva edir».

 

Cavid

Xalq Cəbhəsi.- 2014.- 24 yanvar.- S.10.