«Bir kərə
yüksələn bayraq, bir
daha enməz!»
Məhəmməd Əmin Rəsulzadə:»Dünya müharibəsi
və Rusiya inqilabının təsiri
ilə yeni doğulmuş və həyat siyasətinə
ilk qədəm basmış
olan Azərbaycan qayəsi əhatə olunmaz mühüm dəqiqələr keçirir»
İkinci
yazı
Türkiyə Cümhuriyyətinin qurucusu
Mustafa Kamal Atatürkün
Azərbaycan Xalq Cümhuriyyətinin qurucusu
Məhəmməd Əmin
Rəsulzadə haqqında
dedikləri:»Mən dünyaya səndən üç il erkən göz
açmışam. Ancaq bütün
Türk aləmində
Türkin istiqlal bayrağını sən
qaldırmısan və
bayraq enməsin deyə, mən sənin əlindən alıb Türkiyə üzərində dalğalandırmışam.
Enməz demisən bu bayraq, enməyəcəkdir!»
…1917-ci ildə fevral burjua inqilabı baş verdi.
Silah və zor gücünə
kiçik xalqların
torpaqlarını işğal
edib, dünyanın altıda bir hissəsinə çevrilmiş
Böyük Rusiya imperiyası dağılmağa
başladı. Həmin ildə
Gəncədə Nəsifbəy
Yusifbəylinin rəhbərliyi
altında Türk Ədəm Mərkəziyyət
Partiyası fəaliyyətə
başladı. Partiya
öz proqramı ilə xalqı tanış etmək üçün Gəncənin Şah Abbas məscidinin həyətində böyük
mitinq keçirdi.
1917-ci ilin aprelində
Bakıda Qafqaz müsəlmanlarının qurultayı
çağırılır. Qurultay Rəsulzadənin
təklifi ilə Rusiyanı federativ şəkildə təşkil
etmək haqqında qərar çıxarır.
Bu qurulutayda «Azərbaycan
qayəsi» məsələsi
yenidən ortalığa
atılır. Həmin ilin
mayında maarifpərvər
Azərbaycan varlılarından
Şəmsi Əsədullayevin
(1840-1913) Moskva müsəlman
xeyriyyə cəmiyyətinə
bağışladığı əzəmətli binada Rusiya müsəlmanlarının
qurultayı açılır.
Rəsulzadə Rusiyanı federativ
şəkildə qurmaq
haqqında məruzə
ilə çıxış
edir. Qurultay səs çoxluğu
ilə Rəsulzadənin
«Türk-tatarlığı, Türküstan, Qazaxıstan,
Başqırdıstan və
Azərbaycan-Dağıstan kimi bir neçə
muxtariyyətlərdən ibarət
olacaq gələcək
Rusiyanı federativ şəkildə qurmaq» barəsində təklifini
qəbul edir. O, həmin dövrdə özünün «Cəmaət
idarəsi» və «Bizə hansı hökumət faydalıdır?» kitablarını çap etdirir. Rəsulzadənin Moskva müsəlman
qurulutayında söylədiyi
məruzə Əhməd
Salikovun çıxışı
ilə birlikdə «Şəkli idarə haqqında iki baxış» adı altında həmin dövrdə çap olunur.
1917-ci il iyunun ikinci yarısında Müsəlman Demokratik Müsavat Partiyası» ilə Türk Ədəm Mərkəziyyət
Partiyası birləşib,
«Türk Ədəm Mərkəziyyət partiyası
«Müsavat» adı altında çıxış
etməyə başlayır. Onun şöbələri nəinki
Azərbaycanın bütün
qəzalarında və
hətta Rusiyanın Həştərxan, Stavropol şəhərlərində,
Ukraynanın, Gürcüstanın
və Ermənistanın
paytaxtlarında, Türküstanın
mərkəzi Daşkənddə,
Cənubi Azərbaycanın
mərkəzi Təbrizdə,
İranın Gilan vilayətinin mərkəzi
Rəştdə və
Türkiyənin paytaxtı
İstambulda təşkil
olunur. O, burjua xadimi kimi onu
damlamağa çalışanlara
cavab olaraq yazırdı: «Mən kasıbçılığın üzündən ali təhsil də ala bilməmişəm,
öz pulu ilə Rusiyada və Qərbi Avropada təhsil alıb və bu gün özünü
bolşevik kimi qələmə verən sizləri nə adlandırmaq olar». 1917-ci il oktayabrın
26-dan 31-ə qədər 500 nümayəndənin iştirakı
ilə Bakıda təntənəli surətdə
keçirilən «Türk
Ədəmi Mərkəziyyət
partiyası «Müsavat»ın
birinci qurulutayında Məhəmməd Əmin
Rəsulzadə Mərkəzi
Komitənin sədri seçilir. Bu qurultaydan
sonra Bakıda və Azərbaycanın bütün qəzalarında
«Azərbaycana muxtariyyət»
şüarı altında
xalqımızın milli
hərəkatı başlanır.
xxx
Həmin dövr xalqımızın
tarixinə Milli Azərbaycan Hərəkatı
kimi daxil olur. 1917-ci ilin payızında Rəsulzadə
Rusiya parlamentinə Azərbaycan və Türküstandan millət
vəkili seçilir.
1918-ci il mayın 26-da Zaqafqaziya seymi daxili fraksiyaların
çəkişmələri nəticəsində ləğv
olunur. Həmin ayın 27-də seymin
müsəlman fraksiyasına
daxil olan müxtəlif partiyaların
üzvlərindən ibarət
Azərbaycan Milli Şurası yaranır.
Səs çoxluğu ilə Rəsulzadə Milli Şuranın sədri seçilir. 1918-ci il mayın 28-də bütün ölkələrin
radiostansiyaları və
qəzetləri Azərbaycan
istiqlaliyyətinin elan
olunmasını dünyaya
yayırlar. Bu o demək
idi ki, xalqımız
öz varlığını,
bir xalq kimi mövcudluğunu bütün bəşəriyyətə
çatdırır, onun
da dünyada müstəqil surətdə
yaşayan xalqlar kimi öz etnoqrafik
sərhədləri daxilində
azad yaşamağa hüququ var. Bitərəf
Fətəlixan Xoyskinin
başçılığı ilə Azərbaycan Demokratik Respublikası hökuməti təşkil
olunur. Beləliklə,
Azərbaycan xalqı nəinki türkdilli xalqlar arasında, həmçinin, bütün
islam aləmində
ilk dəfə olaraq respublika üsul-idarəsinə
qədəm qoyur. İyunun 17-də Azərbaycan
Milli Şurasının
iclasında Rəsulzadə
öz nitqində deyir: «Dünya müharibəsi və Rusiya inqilabının təsiri ilə yeni doğulmuş və həyat siyasətinə ilk qədəm
basmış olan Azərbaycan qayəsi əhatə olunmaz mühüm dəqiqələr
keçirir. Bu yeni türk nüzad siyasəti rişə və buluğ bulub da millətlər zümrəsinə vəsail-həyat
olaraq girə biləcək, yoxsa sısqa cocuq kimi südəmər halında tərki-həyat
edəcəkdir? İştə
bütün zehinləri
işğal edən bir məsələ! İştə bir zaman ki, müqəddərat milliliyi əllərinə
alanlar üçün
Azərbaycan nüzadini
tələf etdirməmək
kimi müşkül,
fəqət müşküllüyü
ilə bərabər şərəfli bir vəzifə və məsuliyyət tərtib ediyor».
xxx
Gördüyümüz kimi, Rəsulzadə özünün bu alovlu nitqində hələ birinci dünya müharibəsi ərəfəsində «Dirilik»
jurnalı səhifələrində
qaldırdığı və
sonralar isə 1917-ci ilin aprelində Bakıda keçirilən
Qafqaz müsəlmanlarının
qurultayında yenidən
ortalığa atılan
«Azərbaycan qayəsi»ndən
söhbət açır. Təəssüf
ki, bir sıra
görkəmli inqilabçıların
əsərlərində 1918-ci il mayın 28-nə kimi, yəni Azərbaycan istiqlaliyyəti
elan olunana qədər, bu torpağın Azərbaycan
adlandırılması barədə,
bu xalqın Azərbaycan xalqı olduğu barədə bir kəlmə də yoxdur. Onlar əsas bir məsələni
unutmuşlar ki, rus xalqı müstəmləkə xalq
deyildi. Onlar yalnız sinfi
zidiyyətləri aradan
qaldırmaq uğrunda
mübarizə aparırdılar.
Amma Azərbaycan müstəmləkə
idi və hətta ölkənin adı belə xəritələrdən silinmişdi.
Müstəmləkə olan bir ölkədə isə, ancaq Milli Azadlıq
Hərəkatından söhbət
gedə bilərdi.
Azərbaycan xalqı qarşısında,
ancaq müstəmləkədən
azad olub, öz müstəqil milli dövlətini yaratmaq məsələsi dayanırdı. Bu çətin vəzifəni
Rəsulzadənin rəhbərliyi
altında Azərbaycan
ziyalıları o dövrdə
öz üzərlərinə
götürdülər. 1918-ci il dekabrın
7-də Azərbaycan parlamentinin
təntənəli açılışında
Rəsulzadə deyir:
«Biz o zaman ki, bizim üçün ən yaxşı məsələni — «Azərbaycan
muxariyyəti»ni müdafiə
edirdik, biz onda sağ və sol tərəfdən amansız
tənqidə məruz
qalmışdıq.
Sağdan bizə deyirdilər ki, azərbaycançılıq
şüarı ilə
siz müsəlmanları
parçalayırsınız, türkçülük bayrağı
qaldırmaqla — Allah yıxsın
— siz İslamın əsasını sarsıdırsınız. Soldan isə
bizi məzəmmət
edidilər ki, Azərbaycan muxtariyyətini
tələb edərək
biz vahid demokratik cəbhəni yarırıq.
Müsavat Partiyası birinci
olaraq Azərbaycanın
müstəqilliyi bayrağını
yüksəyə qaldırmışdır.
Beləliklə, müsəlman partiyaları
arasında Azərbaycan
ideyasında fikir ayrılığı yoxdur.
Xalqın şüurunda
Azərbaycan ideyası
artıq möhkəmlənmişdir:
Bir kərə yüksələn bayraq, bir daha enməz!»
Bakı Dövlət Universitetinin yaranması da Rəsulzadənin adı ilə bağlıdır. Bu məsələ ətrafında o, bir neçə dəfə Azərbaycan parlamentində çıxış edir və universitetin açılması tələbini qoyur. Universitetin ilk rektoru olan professor V.İ.Razumovski 1922-ci ildə çap etdirdiyi «Bakı şəhərində universitetin əsasının qoyulması» adlı xatirə oçerkində yazır: «Rəsulzadənin sayəsində, onun gücü, maarifçilik köməyi ilə Müsavat Partiyasında universitetin açıq və gizli düşmənləri partiyanın qərarına tabe olmağa məcbur olmuşlar, biz öz tərəfimizdə artıq iki partiyaya malik idik, «Müsavat» və sosialistlər, bu da parlamentdə çoxluğu təmin edirdi». 1920-ci ilin mart ayında Bakıda rus dilində çapdan çıxmış, «1920-ci il üçün Azərbaycan respublikasının təqvim-ünvanı»nda oxuyuruq ki, Rəsulzadə «Tarixi-filologiya fakültəsində «Osmanlı ədəbiyyatı tarixi»ndən dərs deyir. Azərbaycan istiqlalının ildönümü ilə əlaqədar olaraq 1919-cu ildə Bakıda bircə nömrəsi çap olunmuş, lakin geniş oxucu kütləsinə çatdırılmamış «İstiqlal» jurnalında Rəsulzadənin «Azərbaycan Respublikası» adlı əsəri çap olunur.
Hazırladı: Arzu Şirinova
Xalq Cəbhəsi.- 2014.- 24 yanvar.-
S.8.