«Leyli və Məcnun»un
səhnələşdirilməsindən 106 il
ötür
Üzeyir Hacıbəylinin ruhunda daim yeni-yeni
əsərlərin yaranması
zəruridir
Tarixən Azərbaycan həyatın,
yaradıcılığın demək olar, bütün sahələrində
özünü təsdiq
edib. Azərbaycanın varlığının təsdiqində bu mənada dahi Üzeyir Hacıbəylinin
müstəsna rolu
var. Onun çoxcəhətli
yaradıcılığında, xüsusən də musiqisində milli düşüncəmizin zəngin
çalarları öz
ifadəsini tapıb.
Hər bir xalq qədim
mədəniyyətini yaşatdıqca,
təsdiq etdikcə daim yeni-yeni üfüqlər yaratmağa
çalışır. Ancaq bənzərsizlik, qeyri-adilik
hər xalqın bəxtinə düşmür.
«Leyli və Məcnun»
operasının səhnələşdirilməsindən
106 il ötür.
Bu, Azərbaycan mədəniyyətinin tarixində
ayrıca bir səhifədir.
Azərbaycan professional musiqisinin yaradıcısı Üzeyir
Hacıbəylinin gördüyü
işlər son dərəcə
heyrətamizdir. Azərbaycanda
ilk milli opera olan «Leyli və Məcnun»un tarixi
maraqlı hadisələrlə
zəngindir. Üzeyir
Hacıbəylinin ev-muzeyində
vaxtilə sənələşdirilən
əsərlərinin, o cümlədən
də «Leyli və Məcnun»un
tamaşalarından nadir fotoşəkillər,
afişalar, digər sənədlər nümayiş
etdirilir. Bu soraqlar
Azərbaycan mədəniyyətinin
yaşarılığının, davamlı, bənzərsiz
inkişafının sübutudur.
«Leyli Və Məcnun»u yazanda Üzeyir Hacıbəyi 22
yaşında idi. Fitri bəstəkarlığı,
üstəlik də qələmkarlığı ona
həyatın fövqünə
qalxmaq, xəlqi taleyi ifadə etmək qüdrəti vermişdi. Yaxın tariximizdə Leyli və Məcnun rollarında tanınmış
sənətkarlar Zeynəb
Xanlarova, Arif Babayev, Baba Mahmudoğlu, Canəli Əkbərov, Səkinə İsmayılova,
Alim Qasımov, Qəndab Quliyeva, Səfa Qəhrəmanov, Rəsmiyyə Sadıqova,
Raziyə Şirinova, Aygün Bayramova, Gülyaz Məmmədova, Gülüstan Əliyeva, Nəzakət Teymurova, Mənsum İbrahimov və başqaları çıxış ediblər.
106 il qabaq Bakıda
səhnələşdirilən «Leyli və Məcnun»
operasının ikinci
tamaşasından etibarən
qadın rolunun ifaçısı kimi tamaşaçıların diqqətini
cəlb edən, az sonra «Əhməd
Ağdamski» təxəllüsü
ilə özünü
ictimaiyyətə təqdim
edən Əhməd Bədəlbəyovun oğlu,
professor Telman Ağdamskinin
xatirələrindən məlum
olur ki, Əhməd Ağdamskinin Üzeyir Hacıbəyov və onun qardaşı
ilə dostluq münasibətləri olub:
«Atam xalası oğlu Üzeyir bəydən bir yaş böyük olub. XX yüzilin
əvvəllərində tədricən
elm, mədəniyyət inkişaf
etməyə başlayırdı.
Üzeyir bəy yazırdı
ki, o dövrdə Azərbaycanda mədəniyyət
axtarmaq minlərlə
buğdanın içində
darını axtarıb
tapmaq kimi çətin bir məsələ idi.
Xalqı
düşdüyü durumdan
qurtarmaq üçün
fədakar insanlar meydana çıxdı.
Bu çabalar isə Üzeyir bəyin «Leyli və Məcnun» operası ilə müəyyən bir mərhələnin yaranmasına
və inkişaf etməsinə səbəb
oldu. Hələ XIX yüzilin axırlarında
Şuşada Ə.Haqverdiyev
«Məcnun Leylinin qəbri üstündə»
adlı bir məqamı səhnələşdirmişdi.
O zaman bu partiyanı məşhur xanəndə Cabbar Qaryağdıoğlu oxumuşdu.
Üzeyir bəy bu hadisədən
sonra «Leyli və Məcnun» operasını səhnələşdirmək
fikrinə düşür. Əslində böyük çətinliklər
operanın səhnələşdirilməsi
zamanı meydana çıxır. O zaman
camaatın opera haqqında
təsəvvürü belə
yox idi. Muğam oxuyan hər hansı bir kəsin birbaşa səhnəyə çıxarılması
mümkün deyildi.
Üzeyir bəy əsərin
məşqlərinə əvvəlcədən
tanıdığı Hüseynqulu
Sarabskini Məcnun roluna dəvət edir. Bu, o çağlar
idi ki, qadınları
nəinki səhnəyə,
ümumiyyətlə, teatra
qoymazdılar. Belə şəraitdə
qadın rollarını
oynamağa bir kəs tapılmırdı.
İmkanlı, intelligent adamların xanımları teatra gələndə onların
lojada xüsusi yeri olurdu, qabaqlarına
da pərdə çəkilirdi ki, kimsə onların sifətini görə bilməsin. Çox axtardıqdan sonra
Leyli roluna bir çayxana şagirdini tapırlar.
Qeyd edək
ki, «Leyli və Məcnun» operasında ilk dəfə
Leyli rolunu yaradan Əbdürrəhim
Fərəcov olub. Ə.Fərəcov rolun öhdəsindən gəlir, ancaq bundan sonra hədələr
başlayır. Lağ
obyekti olmaqdan usanan Ə.Fərəcov ikinci tamaşaya gəlmir, səhnədən
birdəfəlik uzaqlaşır.
İkinci tamaşanın aprel
ayının 21-də qoyulması
planlaşdırılır. Üzeyir bəyin yadına düşür ki, «Realni» məktəbdə oxuyan xalası oğlu Əhməd Bədəlbəyov məlahətli
səsi ilə onları vəziyyətdən
çıxara, Leyli rolunu ifa edə
bilər. Üzeyir bəy
Əhməd Ağdamski
ilə məsləhətləşir,
cidd-cəhdlə onu inandırır, razılığını
alır. Beləliklə, 1922-ci ilə kimi Əhməd
Ağdamski Üzeyir bəyin yazdığı
bütün opera və
operettalarda qadın rollarını ilk dəfə
və böyük məharətlə yaradır.
«Ər və arvad»da Minnət xanım, «Şeyx Sənan»da Xumar, «O olmasın, bu olsun»da Gülnaz xanım, «Rüstəm və Söhrab»da Təhminə, «Əsli və Kərəm»də Əsli, «Arşın mal alan»da Gülçöhrə,
«Leyla və Harun»da Leyla və başqa rolları yaradır. 1916-cı ildə Soltan Hacıbəyov «Aşıq Qərib» operasını yazır.
Əhməd Ağdamski
burada da rolunun öhdəsindən
məharətlə gəlir:
«Atam olmasaydı, o dövrdə «Leyli Məcnun», eləcə də digər tamaşalar bu səviyyədə qarşılanmayacaqdı».
Professor Gülnaz Abdullazadə Üzeyir Hacıbəyli fenomeninin Azərbaycan tarixində, ictimai fikrində oynadığı
əhəmiyyətli, son dərəcə
əvəzsiz rolundan danışaraq bildirir ki, Üzeyir Hacıbəyli Azərbaycan
tarixində baş verən qalmaqallı, köklü dəyişiklər
şəraitində dünyaya
gəlib və sanki millətinin taleyi onun taleyinə
çevrilib: «O zamankı
Azərbaycanın ictimai
həyatında təzadlar
üzərində qurulmuş
qeyri-sabit cəmiyyət
yaranmışdı ki,
bu da yeni
həyat tərzi ənənələrinin yaradılmasına
imkan vermirdi. Bir tərəfdən yerli əhalinin Şərq dünyasına,
islam dininə
bağlılığı, digər tərəfdən
neft sənayesi ilə bağlı Avropadan böyük axının olması Bakıda fəhlə sinfinin yaranması nəticəsində, Azərbaycanda
yeni ictimai münasibətlərin əmələ
gəlməsi ilə əlaqədar idi. Üzeyir Hacıbəyli insanların
əsrlər boyu çəkdiyi acınacaqlı
həyat və çaşqınlığın yaddaşlardan silinməsinə,
soydaşlarını bir
insan, vətəndaş
kimi dirçəltməyə
və yaşatmağa
çalışırdı, siyasi, ictimai yolla bacarmadığı addımlarını sənət
əsərləri vasitəsilə
həyata keçirirdi.
Onun dahiliyi də bunda idi. Yaratdığı obrazlar, musiqi
parçaları hər
bir insanın ürəyinə yol tapır və doğmalaşırdı. Heç də təsadüfi deyil ki, Üzeyir
bəyin zəngin yaradıcılıq dünyasına
vardıqca istər-istəməz
vahidlik və milli ruh yüksəkliyi
yaranırdı. Təbiidir
ki, bunu kənardan izləyənlər
heç də az deyildi.
Hələ sağlığında bunların arasında şüurlu şəkildə
Üzeyir bəyin bütün yaradıcılığına
təcavüz edənlər
az deyildi».
Araşdırmaçının fikrincə, Üzeyir bəy «Leyli və Məcnun»
operası ilə Azərbaycanın gələcək
musiqi dilinin istiqamətini göstərdi:
«Operettaları vasitəsilə
tipajlar yaratdı, millətimizin psixoloji özəyini açdı.
Bununla o,
kütlənin şüurunu
formalaşdırmış oldu. Heç təsadüfi deyil ki, indiyə qədər də «Məşədi İbad»,
«Arşın mal alan» kimi əsərlərdə səsləndirilən
fikirlər xalq arasında zərb-məsələ
çevrilib».
Araşdırmaçı Cəmilə Həsənovanın fikrincə,
Leyli və Məcnun» operası ilə Azərbaycan
professional bəstəkarlıq məktəbinin əsasını
qoyan Üzeyir Hacıbəyli hərtərəfli
istedadını, biliyini,
bacarığını onun
inkişafına yönəltmiş
və bununla da Azərbaycan musiqisinin yüksək zirvələr fəth etməsi, dünya miqyasında tanınması
üçün zəmin
hazırlamışdı. Onun yaratdığı
sənət incilərinin
hər biri musiqimizin şah əsərləridir desək,
yanılmarıq. Həmişə
olduğu kimi bu gün də
«Leyli və Məcnun»un tamaşasına
hamı böyük maraqla baxır. Bu, onu göstərir
ki, xəlqiliyi təsdiq edən əsərlər daim yaşayır, heç vaxt ölmür. Yaradıcılığın əsas şərti
daim təzə qalmaqdır. Bu təzəlikdə həm
də qədimliyin təsdiqi olduğundan o, heç vaxt köhnəlmir. Azərbaycan tamaşaçısı
Üzeyir bəyin heç bir əsərindən «doydum»
deməz. Bu gün Üzeyir bəyin müxtəlif mövzulu əsərlərindən
təsirlənmələr hədsiz
çoxdur. Bütün hallarda
isə Üzeyir bəy konkret Azərbaycan professional musiqisində
ölçüdür.
Teatrlarımız daim orijinal əsərlər
meydana çıxardıqları
dərəcədə tamaşaçı
ora meyl edəcək. Ancaq əgər bu
tipli əsərlər
hələ yoxdursa, o zaman mümkün qədər klassik irsdən bəhrələnmək
lazımdır. Əsas odur
ki, zəngin irsimiz var.
Ancaq yeniləri
mütləq yaranmalıdır. Bu, yaradıcılığın
qaydasıdır: bir şərtlə ki, millilik özülündən
ayrılma olmasın.
Uğur
Xalq Cəbhəsi.- 2014.- 25 yanvar.- S.14.