«Azərbaycan, Azərbaycan, Azərbaycan»
deyərək, əbədiyyətə qovuşan şəxsiyyət
Üçüncü
yazı
1920-ci ildə aprel hadisələrindən sonra Rəsulzadə
Lahıcda həbsə alınır. Onun tutulması xəbəri
həmin ilin noyabrın əvvəllərində Vladiqafqaz
(indiki Orconikidze) şəhərində olan Stalinə
çatdırılır. Stalin heç kəsə
xəbər vermədən Bakıya gələrək, XII
ordunun xüsusi şöbəsinin rəisi V.Pankratova RSFSR-i Millətlər
Komissarlığı adından göstəriş verir və
özü şəxsən həbsxanaya gedib Rəsulzadəni
azad edir. Bununla Stalin 1905-ci ildə onu
ölümdən qurtaran keçmiş inqilabçı dostu
Rəsulzadənin qarşısında öz tarixi vicdan borcunu
yerinə yetirir. O, Rəsulzadəni özü ilə
birlikdə Moskvaya aparır və RSFSR Millətlər
Komissarlığında mətbuat müvəkkili vəzifəsinə
təyin edir. Rəsulzadə RSFSR Millətlər
Komissarlığına tabe olan Moskva Şərqşünaslıq
(keçmiş Lazarev) institutunda da fars
dilində dərs deyir. Rəsulzadənin xaricə getməsinin
düzgün təfsilatı onun vəfatı münasibəti
ilə məşhur Azərbaycan ədəbiyyatşünası,
Türkiyədə vəfat etmiş Əbdülvahab Yurdsevərin
xatirə yazısında öz əksini tapır: «Müsavat
Partiyasının gizli mərkəzi komitəsinin ən
mühüm təşəbbüslərindən biri Rəsulzadəni
Moskvadan qaçırmaq olur. Əvvəlcə bir yoldaş
vasitəsilə, sonra isə sabiq parlament üzvü, mərhum
Rəhimbəy Vəkilovu və Bakı əsgəri təşkilatının
rəisi, şəhid yoldaşımız doktor Dadaş Həsənzadəni
bir qədər pul ilə Moskvaya göndərmək surətilə
Rəsulzadə ilə təmasda olmuşlar. Rəsulzadəyə
təklif olunmuşdur ki, elmi-tədqiqat adı ilə Leninqrada
getsin. Onun oradan rəhmətlik tatar
maarifçilərindən Musa Cərurullah Bigiyevin müyəssər
yardımı ilə və qayıqla Fin körfəzi üzərindən
üzərək Finlandiyaya qaçırılması təmin
edilir. Sonralar SSRİ-də baş
vermiş faciəli hadisələr göstərdi ki, bu, yeganə
düzgün yol idi. Heç şübhəsiz,
Rəsulzadə 1925-ci ildən sonra sağ qalmayacaqdı».
xxx
Beləliklə, Rəsulzadənin mühacirət
dövrü başlanır. 1928-ci ildə İstambulda Rəsulzadənin
«Azərbaycan Respublikasının keçmişi, təşəkkülü
və indiki vəziyyəti», «Əsrimizin səyavuşu»,
«İstiqlal məfkurəsi və gənclik» kitabları
çap edilir. 1923-cü ildən onun
redaktorluğu ilə İstambulda «Yeni Qafqaziya» jurnalı nəşrə
başlayır. Rəsulzadə 1928-ci ildə
İstambulda «İnqilabçı Sosializmin iflası və
demokratiyanın gələcəyi», «Millət və
Bolşevizm» və «Qafqasya türkləri» kimi əsərlərini
çap etdirir. Həmin ildə onun redaktorluğu ilə «Azəri
türkü» , sonra isə «Odlu yurd» jurnalları və həftəlik
«Bildiriş» (1929-1931) qəzeti də nəşr edilməkdə
idi. 1930-cu ildə Rəsulzadənin Parisdə fransız dilində
«Azərbaycan və istiqlaliyyəti» və rus dilində «Qafqaz
problemi ilə əlaqədar olaraq panturanizm» kitabları
çap olunur. 1931-ci ildən Rəsulzadənin
mühacirət dövrü Avropa ölkələrində
davam edir. Onun redaktorluğu ilə Berlində
ayda üç dəfə nəşr olunan «İstiqlal» qəzeti
və «Qurtuluş» jurnalı çap edilir.
xxx
1933-cü ildə Rəsulzadənin Berlində çap
olunan «Azərbaycan Respublikası haqqında bəzi qeydlər»
adlı kitabı da böyük maraq doğurur. Rəsulzadə
həm də görkəmli ədəbiyyatşünas idi,
onun 1936-cı ildə Berlində «Çağdaş Azərbaycan
ədəbiyyatı» məqaləsi çap edilir. 1938-ci
ildə Belində alman dilində «Azərbaycan problemi» və
1939-cu ildə Varşavada polyak dilində
çıxmış «Azərbaycanın hürriyyət
savaşı» kitablarının adlarını çəkməmək
olmaz. O, 1938-ci ildən Polşa hökumətində məsləhətçi
işləyir, 1940-cı ildən Rumıniyada yaşayır. Onun 1943-cü ildə İstambulda nəşr
olunmuş «İslam-türk ensiklopediyasının» 1-ci cildində
«Azərbaycan ləhcəsi» adlı məqaləsi çap edilir.
1947-ci ildən Ankaraya köçən Rəsulzadənin
1949-cu ildə «Azərbaycanın kultur kələnkləri»
adlı kitabı işıq üzü görür. «Çağdaş Azərbaycan ədəbiyyatı»
və «Çağdaş Azərbaycan tarixi» kitabları həmin
illərdə Rəsulzadənin məhsuldar işlədiyini
göstərir. O, 1951-ci ildə Ankarada «Azərbaycan
şairi Nizami» adlı sanballı monoqrafiyasını çap
etdirməklə dünya nizamişünaslığına bir
çox yeniliklər gətirir.
Həmin
ildə Rəsulzadənin Nyu-Yorkda ingilis dilində nəşr
olunan «Ukrayna» toplusunun 1951-ci il 3-cü
nömrəsinin 7-ci cildində «Azərbaycan Respublikası» məqaləsi
çap edilir. Londonda ingilis dilində nəşr olunan
«Britaniya ensiklopediyası»nda «Müsavat Partiyasının
yaranması tarixi və Azərbaycan Demokratik
Respublikasının təşəkkülünə aid» məqalə
də onun qələmindən çıxır. İkinci dünya müharibəsindən sonra
Türkiyədə nəşr edilməkdə olan «Türk
ensiklopediyası»nda Azərbaycana aid məqalələrin bir
çoxu Rəsulzadə tərəfindən yazılır.
Ankarada yaşadığı dövrdə o,
«Türk tarix qurumu» və «Türk dili qurumu» ilə yaxından
əməkdaşlıq edir. 1952-ci ildən
Ankarada nəşr olunan «Azərbaycan» jurnalında
xalqımızın tarixi və ədəbiyyatı
haqqında bir silsilə məqaləsini də bura əlavə
etsək, Rəsulzadənin heyrətamiz
yaradıcılığı haqqında təsəvvür
daha da aydınlaşar. O, ikinci dünya müharibəsinə
qədər Parisdə rusca nəşr olunan «Qafqaz» və
fransızca buraxılan «Prometey» jurnallarında öz məqalələri
ilə çıxış edir. Ankara universitetinin tibb
fakültəsinin klinikasında şəkər xəstəliyindən
yatan Məhəmməd Əmin 1955-ci il
martın 6-da gecə saat on birə on dəqiqə
qalmış üç dəfə «Azərbaycan, Azərbaycan,
Azərbaycan» deyərək, əbədiyyətə
qovuşur. Ankara radiosu martın 7-də saat 22-45
dəqiqədə sabiq Azərbaycan Milli Şurasının sədri
Rəsulzadənin vəfat etdiyini təəssüflə
bildirir.
Və
son…
…Bir
neçə gün bundan öncə yolum təsadüfən
Hovxanı kəndindən düşdü. Azərbaycan
Xalq Cümhuriyyətinin banisi Məhəmməd Əmin Rəsulzadənin
doğulduğu kənddən. Avtobus Rəsulzadənin
heykəli ucalan kiçik parkdan keçəndə gözlərim
heykəlin önünə səpələnmiş solmuş və
qurumuş güllərə sataşdı. Bu güllər
bəlkə də may ayından buranı «bəzəyirdi». Təəssüflə seyr etdiyim bu mənzərə
yanımda əyləşən yol yoldaşımın da diqqətindən
qaçmamışdı. Dərindən
köksünü ötürüb dilləndi:»Atalarımızın
bir deyimi var-»Millət üçün ağlayanın gözləri
kor olar». Məhəmməd Əmin Rəsulzadə
və onun silahdaşları hər bir xalqın
arzuladığı istəyi gerçəkləşdirdilər.
Özlərini, ailələrini fəda etdilər.
Sonları da belə». Heç
nə deyə bilmədim. Sadəcə başımla onun
söylədiyi həqiqətləri təsdiqlədim…
Birinci
yazımın girişində də qeyd etdiyim kimi, Məhəmməd
Əmin Rəsulzadənin anadan olmasının 130 illik yubleyi
ərəfəsində dövlət
başçısının sərancamı oldu. Və bu sərancamda Azərbaycan Xalq Cümhuriyyətinin
qurucusunun yubleyinin keçirilməsi əlaqədar təşkilatlara
həvalə edirlirdi və görüləsi işlər dəqiqliyi
ilə göstərilirdi. Məsələ
burasındadır ki, həmin əlaqədar təşkilatlardan
biri olan Mədəniyyət və Turizm Hazirliyi bu məqsədlə
tədbirlər planı hazırlandığını qeyd etsə
də, Rəsulzadənin ev muzeyinin
yaradılmasının plana daxil olmadığı bilindi. Tədbirlər
planında daha nələrin nəzərdə tutulduğu
açıqlanmasa da, güman olunur ki, nəhayət
Cümhuriyyət qurucusunun doğum günü dövlət səviyyəsində
qeyd olunacaq, Bakı Dövlət Universitetində heykəli
ucaldılacaq və s. Ancaq bir çox gümanlar kimi bu
gümanın da reallaşmayacağı qorxusu hələ də
qalır. Məsələn, qorxu var ki, bəzi hakimiyyət
strukturları sıradan bir tədbir keçirəcəklər,
parçalanmış müxalifət də Hovxanıya gedib
heykəli önünə gül qoymaq və bu tarixi şəxsiyyəti
yad etməklə işlərini bitmiş hesab edəcəklər…
…Cümhuriyyət
qurucusunun 125 illik yubleyi ərəfəsində BAXCP sədri,
millət vəkili Qüdrət Həsənquliyev Məhəmməd
Əmin Rəsulzadənin qəbrini Bakıya, Fəxri Xiyabana
köçürülməsini təklif etmişdi. Eyni zamanda, Qüdrət Həsənquliyev Bakı
Dövlət Universitetinə Məhəmməd Əmin Rəsulzadənin
adının verilməsini, Bakıda heykəlinin
qoyulmasını, mərkəzi küçə və
parklardan birinə onun adının verilməsi məsələlərinin
həllini tapmasını da istəmişdi.
O zaman bir
çoxları bu təklifləri dəstəkləmişdilər.
Ancaq onu da vurğulamışdılar ki, bundan əvvəl
Xalq Cümhuriyyətinin banisinə hakimiyyətin münasibəti
köklü surətdə dəyişməlidir. Yəni, illərdir ki, Eldar Ömərovun
emalatxanasında Məhəmməd Əmin Rəsulzadənin
hazır heykəli var və o, bir kənara atılıb.
Əvvəlcə həmin heykəl Bakının gözəl
yerlərindən birinə qoyulmalı, adına
park, küçə verilməlidir. Söhbət
heç də parkdan, küçədən getmir. Bu hakimiyyətin Xalq Cümhuriyyətinin
qurucularına olan laqeyd, saymazyana münasibəti aradan
qalxmalıdır. Sonrakı məhələdə
Məhəmməd Əmin Rəsulzadənin qəbri də
Bakıya köçürülməlidir. Çünki Rəsulzadə bundan
artığına layiqdir.
Bu nəhəng şəxsiyyətin siyasi fəaliyyətinin
geniş tədqiqinə ehtiyac var. Düzdür professor
Şirməmməd Hüseynov və Həsiman Yaqublunun tədqiqatlarında
bunun qismən də olsa şahidi oluruq. Ancaq bu yetərli
deyil.
Məhəmməd Əmin Rəsulzadənin həyatı
hər bir azərbaycanlı üçün örnək
olmalıdır. Amma çox təəssüf ki, indiyə
qədər onun seçilmiş əsərləri dövlət
səviyyəsində çap olunmayıb. Məhəmməd Əmin Rəsulzadənin anadan
olduğu gün əslində xalqımız üçün
böyük bir bayram olmalıdır. Çünki
bu böyük şəxsiyyət Azərbaycanı canından
qat-qat artıq istəyib, onun müstəqilliyi, dövlətçiliyi,
torpağı uğrunda mübarizə aparıb. Amma indiyə qədər o, lazımınca qiymətləndirilməyib.
Yalnız Hovxanıda bir heykəli var…
…Yanvarın
31-də Məhəmməd Əmin Rəzulzadənin
doğumundan 130 il keçəcək…
Hazırladı: Arzu Şirinova
Xalq Cəbhəsi.- 2014.- 25
yanvar.- S.10.