Almas İldırımın qəmli həyat dastanı

 

 “Gözlər yaşlı, boynu bükük Vətənsizmi öləcəyəm?”

 

I yazı

 

Azərbaycan ədəbiyyatı tarixinə Almas İldırım kimi daxil olmuş şairin əsil adı Əbdülhəsəndir. Lakin uşaqlıqdan onu babasının adı ilə Almas çağırarmışlar. Şeirlərini Almas İldırım imzasıyla dərc etdirdiyindən bu adla da tanınıb və məşhurlaşıb. Almas İldırım 1907-ci il mart ayının 24-də Bakı yaxınlığındakı Qala kəndində anadan olub. Əkinçi olan atası Hacı Əbdülməhəmməd kişinin Qala kəndində kiçik torpaq sahəsi, ləpədöyəndə isə bir-iki balıqçı qayığı vardı ki, bunlardan əldə etdiyi qazancla ailəsinin dolanacağını çətinliklə də olsa təmin edə bilirdi. Anası Nisə xanım evdarlıqla məşğul olub. 1913-cü ildə Almas 6 yaşında ikən ailələri Şüvəlana, 1920-ci ildə isə Çəmbərəkəndə köçür. Kiçik Almas 1914-1915-ci tədris ilindən başlayaraq, Cənubi Azərbaycandan Bakı Neft mədənlərində işləməyə gəlmiş fəhlələrin uşaqları üçün İran hökuməti tərəfindən açılmış “İttihad” məktəbində təhsil almağa başlayır. Bu məktəbdə dərslər Azərbaycan dilində tədris edilirdi, eyni zamanda fars dili fənninə də geniş yer verilirdi. Odur ki, A.İldırım “İttihad” məktəbini bitirərkən fars dilində mükəmməl yazı və danışıq təcrübəsi qazanmışdı.

1925-ci ildə “İttihad” məktəbini bitirən 18 yaşlı Almas təhsilini Abdulla Şaiqin nümunə məktəbində davam etdirməyə başlayır. Bu məktəbdə dərs deyən A.Şaiq, S.Hüseyn, Q.Əfəndiyev (Qantəmir) kimi görkəmli ziyalılarla ünsiyyət, gənc Almasın intellektual inkişafında, bədii yaradıcılıq istedadının parlamasında önəmli rol oynayır. A.Şaiqin nümunə məktəbində Almas İldırımla birgə oxumuş və dostluq etmiş buzovnalı Abbasqulu Əlihüseyn oğlu Abdullayev (Nafi) (1905-1993) xatirələrində göstərir ki, tələbələrimiz arasındakı dostluq, səmimiyyət və mehribanlıqdan bəhs etmək lazım gəlsə, Almas İldırımın adı xüsusi qeyd olunmalıdır. O, ağır təbiətli, təvazökar bir şəxsiyyət idi. Müəllimlərindən S.Hüseyn və A.Şaiqlə daha çox ünsiyyətdə olardı. Təbii ki, A.İldırımın məktəb müəllimlərindən bu iki tanınmış yazıçı ilə daha çox ünsiyyətdə olması özünün də ədəbi fəaliyyətə başlaması ilə əlaqədar idi. Gənc A.İldırım “İttihad” məktəbinin son siniflərində artıq şeir yazır və hələ o zaman ciddi mövzular seçə bilir və bu mövzuların bədii ifadəsində şerin texnikasına yaxşı bələd olduğunu nümayiş etdirirdi.

A.Şaiqin nümunə məktəbində oxuduğu illərdə A.İldırım H.Cavid, Ə.Cavad, C.Cabbarlı kimi görkəmli ədiblərlə də tanış olur, onların əsərlərini mütaliə edir. Bu sənətkarlar içərisində gənc Almasın ruhunu ən çox oxşayan və ona yaxın olanı Əhməd Cavad idi. Ə.Cavadın incə ruhu, həssas qəlbi, alicənab davranışı gənc şairin diqqətini daha çox cəlb edirdi. Elə buna görə də özündə şairlik yanğısı hiss etdiyi gündən Ə.Cavadı özünə ustad bilmişdi. Əslində o illərdə təkcə A.İldırım deyil, bütün milliyyətçi Azərbaycan gəncliyi “Göy göl” müəllifinə heyran idi.

Ə.Cavad o zaman yenicə təşkil olunmuş “Ədəbiyyat cəmiyyəti”-nin məsul katibi idi. Azərbaycan ədəbiyyatının yeni quruluşun tələblərinə uyğun inkişafını təmin etməyi qarşısına başlıca məqsəd qoyan bu cəmiyyətin əsas fəaliyyət istiqamətlərindən biri də gənc ədəbi qüvvələrə kömək etmək idi. Cəmiyyətin fəaliyyətində tanınmış sənətkarlarla yanaşı, gənc şair və yazıçılar da yaxından iştirak edir, yeni əsərlərini oxuyur, müzakirələrdə çıxış edirdilər. Gənc A.İldırımın Ə.Cavad sənətinə və şəxsiyyətinə böyük rəğbət və məhəbbəti onu bu cəmiyyətin sıralarına gətirir.

1926-cı ildə “Ədəbiyyat cəmiyyəti” fəaliyyətini dayandırır. Buna səbəb, cəmiyyətdə yeni quruluşla ayaqlaşa bilməyən (əslində bunu heç arzulamayan) C.Məmmədquluzadə, Ə.Haqverdiyev, S.S.Axundov və s. “qocaman” yazıçıların nüfuzunun artması idi. “Ədəbiyyat cəmiyyəti” öz işini “Qızıl qələmlər ittifaqı”na təhvil verir. “Ədəbiyyat cəmiyyəti” ndə açıq-saçıq milli fikirli gənc şair A.İldırım yeni quruluşun (sovet quruluşunun) “ayıq-sayıq” keşikçilərini dərhal duyuq salır. Az sonra Azərbaycan Proletar Yazıçıları Cəmiyyətinin sədri Mustafa Quliyev yazırdı: “Yazıçılar arasında musavatçılara aşiq və Türkiyə çavuşlarının həqiqi şagirdi bulunan Almas İldırım yer almış olduğu meydana çıxmaqdadır. Bunlar Əhməd Cavad və Hüseyn Cavidlərin yolçusudurlar. Milli ədəbiyyat yaratmaq məqsədilə qəmli mərsiyələr yazan bu kimi gənc şairlərdən ədəbiyyatımızı təmizləməliyik”.

1926-cı ildə fəaliyyətə başlayan “Qızıl qələmlər ittifaqı”nın bünövrəsi qoyulur. A.İldırım ədəbi fəaliyyətini bu ittifaqın üzvü kimi də davam etdirməyə başlayır. 1926-cı ildə həmin ittifaqın nəşr etdirdiyi “Gənc qızıl qələmlər” məcmuəsində onun altı şeri (“Hindli qız”, “Şərqə”, “Yarın”, “Ey Hindistan”, “Nəriman”, “Qərbə”) dərc edilir. 1927-ci ildə indiki Bakı Dövlət Universitetinin şərqşünaslıq fakültəsinə daxil olan A.İldırım az sonra bu təhsil ocağından xaric olunur. Səbəb kimi guya onun tacir ailəsinin övladı olması göstərilir. Əslində isə Almasın atası Əbdülməhəmməd kişi Çəmbərəkənddə xırda alış-verişlə məşğul olurdu ki, bundan da əldə olunan qazanc onun ailəsinin ən zəruri ehtiyaclarını zorla ödəyirdi.

A.İldırımın universitetdən xaric olunduğu dövr artıq milli düşüncəli ziyalıların təqiblərinin gücləndiyi, milli mənlik şüurunun izləndiyi illər idi. Bolşevik rejiminin özünə düşmən saydığı sosial zümrələri – tacirləri, sənayeçiləri, keçmiş dövlət məmurlarını, milli ordu zabitlərini, kənd mülkədarlarını, habelə onların ailə üzvlərini izləməyə, birinci məqamdaca məhv etməyə başlamışdı. Yenicə müstəqil həyata qədəm qoyan, elm, təhsil təşnəli A.İldırım universitetdən xaric edilməsindən həddən ziyadə mütəəssir olur, bir müddət güclü ruh düşkünlüyü vəziyyətində yaşayır. Bir qədər qəddini düzəltdikdən sonra ədəbi istedadını, bilik və bacarığını gerçəkləşdirmək üçün münasib mühit axtarmağa başlayır. Adını “etibarsız adamlar” siyahısından sildirmək üçün, könülsüz də olsa yeni həyatı tərənnüm edən şeirlər yazmağa başlayır. Yenə də daxili yanğısını büruzə vermədən şeirə həsr olunmuş yığıncaqlarda, müzakirələrdə çıxış edirdi.

Bu ovqat A.İldırımı 1928-ci ildə yeni təsis olunmuş Azərbaycan Proletar Yazıçıları cəmiyyətinə gətirib çıxarır. Azərbaycan mühacirət ədəbiyyatşünaslığının görkəmli nümayəndəsi Əbdülvahab Yurdsevər (1898-1976) Proletar Yazıçıları Cəmiyyətinin mahiyyətini belə açıqlayır: “Kommunist Partiyası tərəfindən qurulan bu cəmiyyətin qayəsi - sovet rejiminə kor-koranə xidmət edəcək, sözdə “ədiblər” yetişdirməkdi. Kommunist sıralarında qüvvətli və istedadlı sənət ərbabı pək bulunmadığı üçün bu kimilər əksərən partiyasızlar arasında aranmaqdadır.

Bu məqsədlə, əsil kommunist ədiblərin yanı-başında bir də “cığırdaş” yazarlar zümrəsi ihdas edilmişdir. Cığırdaş yazar, kommunist görüşünə görə, sovet rejiminə prinsip etibarilə müxalif olmayıb onunla ədəbi sahədə işbirliyi yapmağa amadə bulunan qələm sahibi deməkdir. Böylə bir partiyasız ədəbi zümrənin ihdası həm kommunistlərin, həm də milliyyətçilərin işinə gəliyordu. Kommunistlər bu sürətlə qu rulan müştərək çalışma mühitində bəzi istedadlı gəncləri partiya lehinə qazana biləcəklərinə ümid edirdilər. Milliyyətçi şairlər isə başqa heç bir aləmi çalışma sahəsi bulamadıqları üçün bu cəmiyyətə girmək surətiylə fikirlərini bir parça yürütmək və şeirlərini xalqa duyurmaq fürsətini əldə edə biləcəklərini uluyarlardı. Böyləcə, cəmiyyət içində iki müxtəlif və hətta bir-birinə düşmən zümrə qarşı-qarşıya gəlmiş olurdu”.

Almas İldırım da məhz “cığırdaş” yazarlardan sayılırdı. Akademik Bəkir Nəbiyevin belə bir mülahizəsi ilə biz də tamamilə razıyıq ki, “20 yaşı təzə tamam olan bir gənc istedadın C.Məmmədquluzadə, H.Cavid, A.Şaiq kimi “qocaman”, “köhnə” sənətkarlarla birlikdə “cığırdaş” kateqoriyasına salınması bir tərəfdən onun ictimai mənşəyi ilə (“tacir oğlu”) əlaqədar idisə, o biri tərəfdən A.İldırımın İstanbulda çap olunmuş şeirlərinin hələ də unudulmaması ilə bağlı idi”. Burada izahat üçün qeyd edək ki, 1926-cı ildə İstanbulda çıxan “Həyat” dərgisində A.İldırımın “A dağlar”, “Sevdiyim” və s. şeirləri çap olunmuşdu. Gənc şairin “cığırdaş”lar siyahısına salınmasının digər bir səbəbi isə müxtəlif ədəbi-mədəni tədbirlərdə, yığıncaqlarda dövrün, cəmiyyətdəki hakim ideologiyanın tələblərinə uyğun gəlməyən çıxışlar etməsi idi.

Almas İldırımın Azərbaycan Proletar Yazıçıları Cəmiyyətindəki fəaliyyəti barədə o zamanın dövri mətbuatında məlumat çox azdır. Artıq şəxsiyyət kimi kəskin, milli və dünyəvi mövzularda yazan A.İldırımı açıqcasına təqib edilir, düşüncələrini zorla “sovet ideologiyası” baxımından günahlandırırdılar. Həm də A.İldırım gənc, yeniyetmə olsa da, Azərbaycan Xalq Cümhuriyyətinin yaranışını duymuş və onun süqutunun acısını ömrü boyu unutmamışdı.

S.Mümtaz adına Azərbaycan Respublikası Dövlət Ədəbiyyat və İncəsənət Arxivində mühafizə olunan sənəd və materiallarda da A.İldırımın həmin cəmiyyətdəki fəaliyyətinə dair əhəmiyyətli mənbələrə rast gəlmədik. Yalnız 1980-ci illərin sonu, 1990-cı illərin əvvəllərində respublika mətbuatında dərc olunmuş bəzi yazılarda 1920-1930-cu illərin ədəbi-mədəni mühiti, həmçinin Azərbaycan Proletar Yazıçıları Cəmiyyətindəki ab-havanın həqiqi mənzərəsini canlandırmağa yönəldilmiş cəhdlərin şahidi oluruq. Bu baxımdan vaxtilə həmin cəmiyyətin rəhbərlərindən olmuş (məsul katib) xalq şairi Süleyman Rüstəmin “Ədəbiyyat və incəsənət” qəzetinin 22 yanvar 1988-ci il tarixli sayında “Zamanın əsas meyarı” sərlövhəsi altında dərc olunmuş xatirə-müsahibəsində verilmiş fikirlər maraq doğurur.

S.Rüstəm bu müsahibəsində Azərbaycan Proletar Yazıçıları Cəmiyyətinin bir çox gənc üzvlərinin əhval-ruhiyyəsi haqqında məlumat verməklə yanaşı, dostu A.İldırımın da bu cəmiyyətdəki mövqeyindən söhbət açır: “Biz, Azərbaycan Proletar Yazıçıları Cəmiyyətinin gənc üzvləri istəyirdi ki, hamı bizim kimi yazsın, bizim kimi düşünsün, inqilabı təlimi qavrasın… Biz yaşlı nəsil o zaman gənc sənətkarların yaradıcılığını bəzən düzgün qiymətləndirmirdik. Zaman qarışıq idi.

Bəziləri gizli fəaliyyət göstərən Müsavat Partiyasının təsiri altına düşdü. Bəziləri isə haqsız tənqidlərə davam gətirmədi. Bunun nəticəsində bir neçə şair ölkəmizi tərk etdi. Onların heç biri, o dövrün tələbi ilə desək, nə burjua yazıçısı idi, nə də bəy-xan övladları. Aralarında A.İldırım kimi çox güclü və istedadlı şairlər də vardı…”

 

Maarif Teymur

 

Xalq cəbhəsi.- 2015.- 2 aprel.- S. 14.