Bu, Əziz
Şərifdir…
“Azərbaycan və Türkiyə region ölkələrinin
yaxınlaşmasında mühüm
rol oynayır“
Tanınmış tənqidçi, ədəbiyyatşünas,
tərcüməçi Əziz
Şərifin (1895-1989) anadan
olmasından 120 il ötdü. Ə.Şərif 1895-ci il martın 28-də Azərbaycanın Naxçıvan
şəhərində anadan
olub. 1915-ci ildə
orta təhsilini Tiflisdə alıb.
"Molla Nəsrəddin"
jurnalı redaksiyasında
işlədiyi ilk gənclik
illəri Mirzə Ələkbər Sabir, Əbdürrəhim bəy
Haqverdiyev, Hüseyn Cavid və Əliqulu
Qəmküsarla yaxın
dostluq əlaqələri
onu ömürlük ədəbi fəaliyyətə
bağlayıb. Moskva Kommersiya İnstitutunda təhsilini davam etdirdiyi dövrdə
(1915-1917) rus ədəbi
mühiti ilə tanış olub. Tiflisdə mətbuat və
nəşriyyat sahəsində
çalışıb (1920-1930). Zaqafqaziya Mərkəzi İcraiyyə
Komitəsində məsləhətçi
olub. Moskvada M.Qorki adına
Ədəbiyyat İnstitutunun
tənqid bölməsini
bitirib. SSRİ Elmlər Akademiyasının
Şərqşünaslıq İnstitutunda və Dünya Ədəbiyyatı
İnstitutunda baş elmi işçi (1950-1961)
olub. M.V.Lomonosov adına Moskva
Dövlət Universitetinin
filologiya fakültəsində
SSRİ xalqları ədəbiyyatı
kafedrasının professoru
vəzifəsində (1961-1988) çalışıb. Ədəbi fəaliyyətə
1906-cı ildən "Molla
Nəsrəddin" jurnalında
dərc olunan "Naxçıvandan məktublar"ı
ilə başlayıb.
Bundan sonra tənqid, ədəbiyyatşünaslıq
və bədii tərcümə sahəsində
səmərəli fəaliyyət
göstərib, Maksim Qorkinin "Ana", "Düşmənlər",
Aleksandr Fadeyevin "Tarmar" əsərini rus dilindən, E.Ninoşvili və N.Mijsişvilinin əsərlərini
gürcü dilindən
çevirib və çap etdirib. Azərbaycan bədii ədəbiyyatından
ruscaya çoxlu tərcümələr edib,
onlara ön söz, müqəddimə,
şərhlər yazıb.
Əziz Şərif
1989-ci il iyunun 1-də Moskvada 94 yaşında vəfat edib, Naxçıvan şəhərində dəfn
olunub.
Əziz Şərifin F.Köçərlinin
arxivi ilə bağlı yazısı
o dövr ədəbi,
milli düşüncəmiz
haqqında təsəvvür
yarada bilir. Əziz
Şərif F.Köçərli
haqqında yazır:
"Azərbaycan ədəbiyyatı
və mədəniyyəti
tarixində Firudun bəy Köçərli
əhəmiyyətli yer
tutur. Müəllim, ədib, tənqidçi,
alim, ictimai xadim kimi Firudun
bəyi bütün savadlı Azərbaycan yaxşı tanıyır
və ona qarşı dərin hörmət bəsləyirdı.
Onun azərbaycanca və rusca yazıb nəşr etdiyi məqalə və kitabçalarını hamı
maraqla oxuyur və yüksək qiymətləndirirdi. Bütün
ömrü boyu bu nəcib və
fədakar mədəniyyət
fədaisi Azərbaycan
ədəbiyyatına aid material axtarır, tapır, toplayır və
tədqiq edirdi. Firudun bəyin vaxtsiz və faciəli ölümündən sonra
"Azərnəşr" 1925 və 1926-ci illərdə
onun tərtib etdiyi iki qalın
cilddən ibarət olan və bu
gün də əhəmiyyətini saxlayan
ədəbi materiallarını
çap etdirib".
Onun xatirələrindən məlum
olur ki, Firudun bəy Köçərli Qurbanəli
Şərifzadə ilə
səmimi dost imiş:
"1917-ci il 4 (17) iyunda
Şərifzadə vəfat
edəndə Qoridən
Bakıya "Açıq
söz" qəzetinin
redaksiyasına göndərdiyi
"İzhari təəssüf"
sərlövhəli məktubunu
bu sözlərlə başlamışdı: "Əziz
və hörmətli Qurbanəli Şərifzadənin
gözləmədiyimiz bir
hal və zamanda vəfatı xəbəri bizi böyük yasa düçar elədi". "Açıq söz" qəzetinin
1917-ci il 15 iyun tarixli 498-ci nömrəsində çap
edilmiş bu məktubun ictimai və tarixi cəhətdən müəyyən
əhəmiyyətinə görə
və ədibimizin qələmindən çıxmış
son əsəri olduğu
üçün onu bütünlükdə bura
köçürməyi lazım
bildim. Yuxarıda göstərilən ilk cümlədən
sonra Firidun bəy yazırdı:
"Mərhum hürriyyət
və ədalətin ən səmimi dostlarından biri olduğu üçün
onun bu hürriyət
əsərində tərki-həyat
şayani təəssüfdür.
Azadi kəlam və əfkar onun müqəddəs arzularından
birisi idi. O, heç bir vaxt da azadə
danışıb rəy
və fikirlərini açıq və aydın söyləməkdən
çəkinməzdi. Millətimizin ruhu, həyatı, səadəti və mənəvi varlığı
Şərifzadənin şərif
vücudunda müşahidə
olunmaqda idi. Şərifzadənin məntiq üzrə
söylədiyi şirin
söhbəti hər kəsi maraqlandırırdı.
Mərhumun gözəl süfətlərindən
birisi də onun ədəbiyyatımızın
tərəqqisi yolunda
hümmət etməsi
idi. Harda bir ədib və şair sədası eşitsəydi,
onu arayıb ziyarət etməyi və onunla dostluq və yoldaşlıq əlaqəsini
bağlamağı özünə
borc bilərdi. Məşədi Qurbanəli kimi
vücudların fovt ölüb getməsi millət üçün
böyük bir yasdır. Vay o millətlərin halına ki, onların içindən M.Qurbanəlilər rəhmət
edirlər və yerlərinə başqaları
ərsəyə yetişmirlər.
F.Köçərli, 12 iyun 1917 Qori".
Ə.Şərif: “... 1937-ci il, 12 yanvar.
Axşam
saat 7-də Həmidə
xanımın yanına
getdim ki, onunla birlikdə Firidun bəy Köçərlinin evinə
gedək. Onun arxivinə
baxmaq üçün
Firidun bəyin xanımı bunu Həmidə xanımdan xüsusi xahiş eləmişdi. Getdik. Həmidə xanım məni Badsəba xanıma təqdim etdi. Bu, mədəni xanımdır.
Firidunbəy kimi adamın
təsiri dərhal duyulur. Mənimlə çox mehriban
və eyni zamanda ciddi danışırdı.
Tanış olan kimi Mirzə Fətəlinin təzə tapılmış
arxivindən söhbət
açdı və bu arxivi üzə
çıxardığım üçün məndən
razılıq etdi.
Sonra öz ərinin arxivindən danışmağa
başladı. Otağın
bir küncündə
duran iri sandığı nişan verərək
Badsəba xanıma dedi: "Şübhə etmirəm ki, bu sandıqda olan yazılar da xalqımıza gərək olar. Firidun bəy bütün ömrü boyu axtarıb tapdığı
yazıları, kitab-dəftəri
burdadır. Bu sandığı bu günə kimi saxlamışam. İndi sizin
vasitənizlə mən
bu sandığı hökumətə vermək
istəyirəm".
Badsəba xanım sandığı açıb ordan sapla bağlanmış bir dəstə məktub çıxartdı, mənə uzatdı. Üzərində Firidun bəyin xətti ilə ərəb əlifbasında yazılmışdı: "Məktubati Qurbanəli Şərifzadə". Sandığın içindəki yazıları bir-bir gözdən keçirməyə başladıq. "Molla Nəsrəddin", Sabir, Səhhət, İsmayıl bəy Qasprinski, Ömər Faiq, Əlimərdanbəy Topçubaşov, Salman Mümtaz və daha kimlərin yüzlərlə məktubları səliqə ilə dəstələnmişdi. Məktublardan başqa müxtəlif əlyazmaları - şeir, tərcümə, atalar sözü, tapmaca, nağıl, dastan, ədəbi parça, saysız-hesabsız bu kimi əsərlər! Firidun bəyin bu arxivi XX əsr ictimai həyatımızın güzgüsüdür. Bu dövrdə yaşayan bir nəfər də ictimai və mədəni xadim yoxdur ki, bu sandıqda onun izi olmasın. Hələ 18-ci və daha qədim əsrlərə aid materiallar öz yerində! Burada Vaqif haqqında Mirzə Fətəli Axundovun əlyazması var idi.
Deməklə başa gələsi deyil! Adamın gözləri qamaşır! Qərara gəldim ki, ölsəm də gərək bu qiymətsiz xəzinəni gün işığına çıxarım. Mərkəzi Komitədə məsələ qoymaq və lazım olsa lap yuxarıya qədər getmək lazımdır. Gedərkən mən Badsəba xanıma öz sonsuz təşəkkürümü bildirdim və arxivi üzə çıxarmaq üçün var qüvvəmlə çalışacağıma söz verdim. O zaman Firidun bəy Köçərlinin arxivi haqqında bəzi inandığım yoldaşlara xəbər vermişdim, ancaq nədənsə heç kəs bu məsələyə yaxın durmaq istəməmişdi. Nəhayət, götürüb yuxarı orqana aşağıdakı məzmunda bir məktub yazdım. Məktubun rusca əlyazması və makinada çap olunmuş nüxsəsi məndə durur. Budur onun tərcüməsi: "Sizə məlum olduğu kimi Firidunbəy Köçərli uzun illər boyu Azərbaycan ədəbiyyatı tarixinə aid material toplamaqla məşğul olub və görkəmli yazıçı və ictimai xadimlərlə müntəzəm məktublaşıb. Azərbaycan ədəbiyyatının tarixinə aid onun hazırladığı materiallar sonra sovet hakimiyyəti dövründə, dörd cilddən ibarət olaraq nəşr edilib və bu günə kimi ən qiymətli yoxlama materialı kimi durur. F.Köçərlinin ədəbiyyat məsələlərinə olan canlı həvəsi tanışlarının geniş dairəsi, özünün isə Azərbaycan ziyalıları arasında güclü nüfuzu və şöhrəti onun qoyub getdiyi ədəbi irsin nə qədər əhəmiyyətli olduğunu göstərir. Mən Firidunbəy Köçərlinin arvadı Badsəba xanımın saxladığı arxivin bir hissəsini ötəri gözdən keçirə bildim və bu qərara gəldim ki, bu arxivdə ədəbiyyatımızın yalnız uzaq keçmiş tarixini deyil, Köçərlinin müasiri olan və müntəzəm surətdə onunla məktublaşan yazıçı, şair jurnalistlərimizin ədəbi-ictimai fəaliyyətini də yüksək dərəcədə işıqlandıra biləcək son dərəcə qiymətli materiallar tapmaq olar. Köçərlinin irsi bir çox Azərbaycan təşkilatlarına məlum idi. Elmlər Akademiyası Azərbaycan filialının xüsusi komisyası ilə bir neçə ay bundan qabaq bu irslə müfəssəl tanış olmuşdu, lakin nə Akademiyanın Azərbaycan filialı, nə də Dil və Ədəbiyyat İnstitutu bu arxivi almaq və ondan istifadə etmək üçün bir tədbir görüb... Sizdən rica edirəm ki, göstərilən arxivlə yaxından tanış olmaq və nəticəni şəxsən sizə bildirmək üçün xüsusi komisyanın təşkil edilməsi haqqında göstəriş verəsiniz".
Ərizənin nəticəsini gözləməyə başladım. Mən güman edirdim ki, Mirzə Fətəli Axundovun arxivini almaq üçün təyin edilmiş komissiya kimi bu iş üçün də komissya təyin ediləcək. Lakin çox təəssüf olsun ki, belə olmadı. Aradan günlər keçdi. Azərnəşrdə işlərkən mən yuxarı orqanda mədəniyyət şöbəsinin müdiri ilə tez-tez görüşməli və öz bilavasitə vəzifələrimə aid məsələlər ətrafında onunla məsləhətləşməli olurdum. Fevralın 27-də mənə xəbər verildi ki, rəis məsələnin həllini maarif xalq komissarı Məmməd Sadıq Əfəndiyevə həvalə edib, mənə isə çatdırmağı tapşırıb ki, artıq belə işlərə qarışmayın.
Bu ikinci göstərişin mənasını və səbəbini anlamasam da tabe olmağa məcbur idim və artıq Köçərlinin arxivi ətrafında bir tədbir görməyi mümkün bilmirdim. Maarif xalq komissarına tapşırılmış məsələ həll edilməmiş qaldı, çünki komisarın biri getdi, biri gəldi, mən isə Bakıdan Tiflisə qayıtmalı oldum. Bir az sonra Böyük Vətən müharibəsi başlandı. Badsəba xanım Bakıdan rayona getdi. Sandığın başına nə gəldiyini bilmədim.
İndi təxminən 35 il keçəndən sonra bu əhvalatı xatırlatmaqda yeganə məqsəd budur ki, gənc alimlərimiz - ədəbiyyatşünas və tarixçilərimiz axtarış aparsınlar, bəlkə birinin bəxti gətirdi, bu zəngin xəzinənin tapıb üzə çıxardı. Belə bir tapıntı demək olar ki, müasir mədəniyyətimizin tarixində inqilab olar, indi bilmədiyimiz çox şeyi bilər, şübhələrimizi rədd edər, məlumatımızı artırar, mədəniyyətimizi və elmimizi zənginləşdərdi.
Bu xatirəni yazıb hazırladıqdan sonra Bakıya gələndə öyrəndim ki, haqqında yazdığım arxivin özü əldə yoxdursa da ondakı materialların müfəssəl siyahısı Akademiyanin Əlyazmaları İnstitutunda var. Bu fonda müraciət etməli oldum. Fondun əməkdaşlarından hörmətli Əzizə xanım Cəfərzadə siyahını mənə göstərdi. Siyahi iki məktəbli dəftərində yazılmışdı, bunların birində müxtəlif əsərlərin əlyazmaları, ikincisində isə məktublar qeyd edilmişdi. Bu siyahıda 200-ə qədər tanınan, ya tanınmayan adamın adı çəkilirdi ki, bunların hər birinin hər məktubu, heç şübhəsiz, yazıldığı vaxtın əhəmiyyətli mədəni-ictimai hadisələrinə həsr edilmişdi, bu hadisələrdən xəbər verirdi. Bakıda vərəqlədiyim bu siyahı Firidun bəy Köçərlidən qalan arxivin nə qədər zəngin və mədəniyyətimizin tarixi üçün nə qədər əhəmiyyətli olduğunu sübut edir. 2 may 1971. Moskıva-Bakı".
Uğur
Xalq Cəbhəsi.- 2015.- 9 aprel.-
S.14.