Ermənistanın Dağlıq
Qarabağı işğal planı
III yazı
AMEA-nın Tarix İnstitutunun mövzu ilə bağlı tarixi faktlara istinadən araşdırmasını
təqdim edirik.
Azərbaycanın ayrılmaz tərkib
hissəsi olan Qarabağın dağlıq
hissəsinə muxtariyyət
verilməsi və onun ətrafında yaranan məsələlərə
münasibət Kirovun
AK(b) P-nın VI qurultayında (1924, 5 may) yekunlaşdırılır.
Onun Dağlıq Qarabağa muxtariyyət verilməsinə
olan şübhə və inamsızlığı,
hər cümlədə
hiss olunur. O, həmin
qurultayda demişdir:
“Bu məsələni biz, nəhayət
(!) həll etdik və şübhəsiz
(!) tamamilə düzgün
iş gördük. Bu məsələni, əsasən, yenidən həll etməyə qayıtmayacağımıza heç
bir şübhə
(?!) yoxdur”. Əslində isə, yuxarıda göstərildiyi kimi, Kirovun bu məsələnin
düzgün həll olunduğuna şübhəsi
vardı və bu tamamilə əsaslı şübhə
idi.
Yuxarıda göstərilənlərdən aydın olduğu kimi Azərbaycan Xalq Cümhuriyyəti hökuməti Azərbaycanın
tarixi-coğrafi ərazi
bölgüsü ənənələrinə
sadiq qalaraq Şuşa, Cavanşir, Cəbrayıl
və Zəngəzur qəzalarını Qarabağ
general-qubernatorluğunda birləşdirmişdi
və bu regiona vahid inzibati
ərazi kimi baxırdı. Azərbaycan
SSR hökuməti də,
artıq yuxarıda qeyd edildiyi kimi,
1920-ci il 30 aprel tarixli notasında
Ermənistandan Zəngəzur
və Qarabağı öz qoşunlarından təmizləməsini tələb
etmişdi. Lakin sonralar, sovet
dövründə, müəyyən
məqsədlər əsas
götürülərək Zəngəzurun Qarabağdan
ayrı olması təsəvvürünün yaradılmasına
başlandı. Bu həmin torpaqların taleyinin həllində Azərbaycana təzyiqi gücləndirmək məqsədi
güdürdü. Hadisələrin sonrakı gedişi göstərdi ki, Sovet Rusiyasının təzyiqi nəticəsində
1920-ci ilin aprelindən
noyabrın 29-da Ermənistanda
sovet hakimiyyəti qurulmasınadək olan dövrdə Zəngəzura
münasibətdə mövqe
dəyişdi. Azərbaycan
İnqilab Komitəsinin
Ermənistan Sovet Respublikasına 30 noyabr tarixli teleqramı və 1 dekabr bəyannaməsində ("Nərimanov
Bəyannaməsi"), artıq
Zəngəzurun Ermənistana
verilməsindən bəhs
olunur. Lakin həqiqətdə Zəngəzur
qəzasının 6.742 kvadrat
verstlik ərazisindən
3.105 kv.versti Azərbaycan
SSR tərkibində qalmış,
3.637 kv.verstlik hissəsi
isə Ermənistana verilmişdi. Azərbaycanın tarix ədəbiyyatında
bu problem kifayət qədər həllini tapmamışdır. Bu məsələ hələlik
A.M.Skubitskinin yuxarıda
adı çəkilən
məqaləsində müəyyən
dərəcədə əks
olunmuşdur. O yazırdı:
"N.Nərimanovun Zəngəzur
qəzasını "Sovet
Ermənistanının ayrılmaz
hissəsi elan edən Bəyannaməsi"
ilə bağlı əsaslı bir düzəliş də bu gün diqqətimizdən
yayınır. Bu "Dağlıq Qarabağın
əməkçi kəndlilərinə
öz müqəddaratlarını
təyin etmək üçün tam hüquq
verilməsi" haqqında
Azərbaycan hökumətinin
bəyanatıdır. Bu gün həmin Bəyanat ancaq Muxtar Dağlıq Qarabağ Vilayətinə
aid edilir. O vaxtlar isə bütövlükdə
Dağlıq Qarabağa
və özü də təkcə Azərbaycan sərhədləri
daxilində yaşayan
ermənilərə yox,
həmçinin Ermənistana
təklif edilən Zəngəzur qəzasının
daxilində kürdlərə
muxtariyyət verilməsini
nəzərdə tuturdu…
Ermənistan İnqilab Komitəsinin
sədri Ş.İ.Kasyan…
qəzanın kürdlər
yaşayan şərq
hissəsinin Azərbaycanda
qalmasını daha ağıllı və məqsədəuyğun hərəkət
saymışdır". Bu baxış Rusiya
Kommunist (bolşeviklər)
Partiyası Mərkəzi
Komitəsi Qafqaz Bürosu tərəfindən
qəbul edilmişdi.
Ermənistana verilmiş hissə
Zəngəzur adını
saxlamış, Azərbaycan
SSR inzibati bölgüsündə
isə dəyişiklik
baş vermişdi.
Azərbaycana vurulan ən ağır zərbə, həyata keçirilən
ən böyük düşmənçilik aktı
isə bu idi ki, Zəngəzurun
Ermənistana verilməsi
ilə Naxçıvanla
Azərbaycanın digər
torpaqları arasında
əlaqələr kəsildi,
Naxçıvan Azərbaycandan
ayrı salındı.
Digər
tərəfdən, bu
ermənilərin Naxçıvanla
bağlı gələcək
məkirli niyyətlərinin
həyata keçirilməsi
üçün bir hazırlıq xarakteri daşıyırdı.
1920-1923-ci illərdə məqsədyönlü surətdə
həyata keçirilən
proseslər nəticəsində
keçmiş Qarabağ
xanlığının tərkibinə
daxil olan Azərbaycan torpaqları ənənəvi tarixi-coğrafi
vahidliyini və ya bütövlüyünü
itirdi. Azərbaycanın
1917 və 1921-ci il kənd təsərrüfat siyahıya
almalarının materialları
əsasında nəşr
edilmiş yaşayış
məskənləri siyahısında
ölkə ərazisi
15 qəzaya ayrılır.
Qarabağ ərazisində
Cəbrayıl (Karyagin),
Cavanşir, Qubadlı
(keçmiş Zəngəzur
qəzasının bir
hissəsi), Şuşa
qəzalarının olduğu
göstərilir. Göründüyü kimi, bu mərhələdə
artıq Zəngəzur
qəzasının bölünməsi
öz əksini tapır, digər qəzaların əraziləri
isə hələlik əvvəlki sərhədləri
daxilində qalır.
Dağlıq Qarabağ
Muxtar Vilayətinin təşkili nəticəsində
Cavanşir, Şuşa
və Qubadlı qəzalarının bəzi
yaşayış məskənləri
ənənəvi inzibati
bölgüsündən qoparılaraq
onun tərkibinə verildi. Nəticədə yeni inzibati bölgü aparmaq tələbi meydana gəldi. Bu məsələ
Dağlıq Qarabağ
Muxtar Vilayəti Əsasnaməsini hazırlayan
komissiyanın iclasında
müzakirə edildi.
Aran (düzən) Qarabağın idarə forması və inzibati bölgüsünə
dair 3-cü məsələ
üzrə belə bir qərar çıxarıldı: Tərkibinə
Cavanşir qəzasının
aran hissəsi, Şuşa, Qubadlı və Karyagin (Cəbrayıl) qəzalarının
daxil olduğu Aşağı Qarabağ
Vilayət İcraiyyə
Komitəsi yaratmaq, ona RSFSR-in quberniya icrakomları haqqında
1923-ci il əsasnaməsini
tətbiq etmək, Aran Qarabağ vilayətinin rayonlaşdırılmasını
Azərbaycan Mərkəzi
İcraiyyə Komitəsi
yanında xüsusi komissiyaya həvalə etmək. Bu iclasda
Kürdüstanın idarə
forması və inzibati bölgüsi haqqında 4-cü məsələ
də müzakirə olundu. Buradan aydın olduğu
kimi, Dağlıq Qarabağ Muxtar Vilayəti yaradıldığı
dövrdə Aran Qarabağın da xüsusi bir inzibati-ərazi vahidində
birləşdirilməsi fikri
olmuşdu. Lakin az bir vaxt keçdikdən sonra bu fikir
dəyişmişdi. Azərbaycan
Mərkəzi İcraiyyə
Komitəsi sədri Qasımov, Xalq Komissarları Soveti sədrinin müavini M.Quliyev və daxili işlər naziri İ.Sviridovun imzaladığı Azərbaycan
Mərkəzi İcraiyyə
Komitəsinin 1923-cü il 6 avqust tarixli əmrinə əsasən Dağlıq
Qarabağ Muxtar Vilayəti yaradıldıqdan
sonra Qarabağın qalan hissəsindən Ağdam, Cəbrayıl və Kürdüstan qəzaları yaradılmışdı.
Həmin
sənədə görə
Ağdam, Cəbrayıl
və Kürdüstan
qəzalarının ərazilərinin
tərkibi, mərkəzləri,
qəza icrakom sədrləri və b. məsələlər müəyyənləşdirilmişdi,
Qubadlı qəzası
isə ləğv edilmişdi.
Azərbaycan Mərkəzi Statistika idarəsi Azərbaycan SSR-də həyata keçirilən bu və digər inzibati-ərazi bölgülərini nəzərə alaraq 1921-ci il kənd təsərrüfatı siyahıya almasının materialları əsasında onların ərazisinin sahəsi, əhalisinin milli tərkibi və b. məsələlər üzrə hesablamalar aparmışdı. Həmin hesablamalara görə Qarabağın tarixi ərazisindən (xanlığın sərhədləri üzrə) Azərbaycan SSR tərkibində Dağlıq Qarabağ Muxtar Vilayəti - 4.160,5 kv.km., Cəbrayıl qəzası - 4.268,5 kv.km., Ağdam qəzası - 4.135,4 kv.km., Kürdüstan qəzası - 3.432,4 kv.km. (cəmi 15.996,9 kv.km.) qalmışdı. Qarabağın tarixi ərazilərindən bir hissə isə Azərbaycandan qoparılaraq Ermənistana verilmişdir. Sonrakı inzibati-ərazi bölgüləri prosesində Zəngəzur qəzasının Azərbaycan SSR tərkibində qalan hissəsində Zəngilan (0,7 min kv.km.), Qubadlı (0,8 min kv.km.), Laçın (1,8 min. kv.km.) rayonları yaradıldı. Ağdam və Cəbrayıl qəzalarının ərazisində isə Ağdam (1, 1 min. kv.km.), Bərdə (1,0 min.kv.km.), Ağcabədi (1,8 min. kv.km.), Tərtər (0, 4 min.kv.km.), Cəbrayıl (1,0 min.kv.km.) rayonları yaradıldı. Beləliklə, Azərbaycanın dövlətçilik tarixində xüsusi yeri olan Qarabağ xanlığının ərazisi parçalanaraq bir hissəsi Ermənistana verildi, Azərbaycanda qalan hissəsində isə Dağlıq Qarabağ Muxtar Vilayəti yaradıldı.
İndiyədək Dağlıq Qarabağa muxtariyyət verilməsi məsələsindən bəhs edilərkən demək olar ki, onun ərazisinin inzibati bölgüsü tarixinin ən mühüm hadisələrinə lazımi diqqət yetirilməmişdir. Təhlil göstərir ki, Dağlıq Qarabağ Muxtar Vilayətinin ərazisi real tarixi əks etdirən elmi-coğrafi prinsiplər əsasında deyil, xüsusi məqsəd güdən volyuntarist yanaşma əsasında formalaşdırılıb, yəni o, erməni yaşayış məskənlərinin üstün olduğu lokal əraziləri muxtar qurum adı altında birləşdirilmək yolu ilə təşkil olunub. (Yeri gəlmişkən qeyd edək ki, bu "prinsip" əsasında ermənilər kompakt yaşadıqları başqa ölkələrin ərazisində də özlərinə "muxtariyyət" tələb edə bilərlər!). İş o yerə çatmışdı ki, Kəlbəcərə məxsus Ağdaban, Füzuliyə məxsus Yuxarı Veysəlli kəndləri Dağlıq Qarabağ Muxtar Vilayətinin sərhədləri daxilində qalmış, inzibati tabeçilik dəyişdirilmişdi. Dağlıq Qarabağ muxtariyyətinin əsasnaməsini hazırlayan komissiyanın qərarına əsasən onun tərkibinə 170-dən çox yaşayış məskəni verilmişdi. Azərbaycan Mərkəzi Statistika İdarəsinin 1924-cü ilə aid məlumatında isə artıq həmin məskənlərin sayının 200-dən çox olduğu göstərilir. Q.Koçaryan familiyalı erməni isə 1925-ci ildə nəşr edilmiş kitabçada bu məskənlərin sayının 215 olduğunu bildirir. Bu faktlar Dağlıq Qarabağ muxtar vilayətinin ərazisinin rəsmi sənədlərin əksinə olaraq genişləndirildiyini və yeni yaşayış məskənləri hesabına əhalisinin sayı və etnik tərkibinin ermənilərin xeyrinə dəyişdirildiyini sübut edir.
Dağlıq Qarabağ Muxtar Vilayəti yaradıldıqdan sonra onun tərkibinə verilmiş yaşayış məskənləri rayon-volost-kənd pillələri əsasında inzibati baxımdan aşağıdaki kimi bölünmüşdü: 1. Dizaq rayonu. Bu rayonun tərkibində 5 volost (Hadrut, Tuğ, Xozabyurd, Arakül, Edilli) və 48 kənd var idi; 2. Vərəndə rayonu. Bu rayonun tərkibində 5 volost (Tağavert, Sus, Çartaz, Noraşen) və 46 kənd var idi. 3. Şuşa rayonu. Şuşa şəhəri və Malıbəyli volostundan (12 kənd) ibarət idi; 4. Xaçın rayonu. Bu rayonun tərkibində 4 volost (Daşbulaq, Əsgəran, Krasnoselsk, Qala dərəsi) və 53 kənd var idi. 5. Ceraberd rayonu. Bu rayonun tərkibində 4 volost (Marquşevan, Orataq, Dovşanlı, Aterk) və 53 kənd var idi. Yeni inzibati-ərazi bölgüsi həyata keçirilərkən DQMV-də dəyişiklik baş verir. 1930-cu ilin avqustunda DQMV ərazisi yenə də 5 rayona bölünür: 1. Ceraberd, 2. Martuni, 3. Stepanakert, 4. Dizaq. 5. Şuşa.
Göründüyü kimi Vərəndə Martuni adlandırılır, Xaçının ərazisi isə Stepanakertə aid edilir.
Cavid
Xalq Cəbhəsi.- 2015.- 9 aprel.-
S13.