Ermənistanın Dağlıq Qarabağı işğal planı

 

IV yazı

 

AMEA-nın Tarix İnstitutunun mövzu ilə bağlı tarixi faktlara istinadən araşdırmasını təqdim edirik.

1939-cu il avqustun 17-də Ceraberd Mardakert, Dizaq isə Hadrut adlandırılır. Başqa sözlə, Azərbaycan dövləti olan Qafqaz Albaniyası dövrünə aid olan Dizaq, Vərəndə, Xaçın, Ceraberd kimi tarixi-coğrafi adlar unutdurulur və xüsusi məqsədlə Rusiya işğalları dövründə bura köçürülüb gətirilmiş ermənilərə məxsus adlarla əvəz olunur. 1960-cı illərin əvvəllərində rayonların iriləşdirilməsi siyasəti həyata keçirilərkən əsas zərbə Şuşaya vurulur. 1963-cü il yanvarın 4-də Şuşa rayonu ləğv edilir, onun ərazisi Stepanakert rayonuna verilir. Lakin N.S.Xruşşovun hakimiyyətdən uzaqlaşdırılmasından sonra inzibati ərazi bölgüsündə yeni dəyişiklik baş verir. 1965-ci il yanvarın 6-da Şuşa rayonu yenidən təşkil olunur. 1978-ci ildə Stepanakert rayonu əsasında Əsgəran rayonu təşkil edilir. SSRİ-nin dağılmasınadək Dağlıq Qarabağ Muxtar Vilayətinin inzibati ərazi bölgüsü belə idi.

Beləliklə, yuxarıdakı faktlardan Azərbaycanın Qarabağ torpağına köçürülüb gətirilmiş ermənilərin özgə torpaqlarında özlərinə dövlət yaratmaq hiyləsinin anatomiyası çox aydın görünür. Ermənilər vaxtı ilə Qərbi Azərbaycanda - köç saldıqları İrəvan xanlığının ərazisində də belə etmişdilər, indi Qarabağda da bu hiyləni işlətmək niyyətindədirlər. Dağlıq Qarabağ Muxtar Vilayətinin tarixində ermənilər tərəfindən ən çox saxtalaşdırılan məsələlərdən biri onun əhalisinin say dinamikası və etnik tərkibi ilə bağlı olan məsələdir.

Y.Barseqov oxucunu çaşdırmaq üçün yalnız mütləq rəqəmləri verir, şərhin daha aydın olması üçün isə nisbi rəqəmlərə ehtiyac vardır. Cədvələ belə hesablamaları əlavə etdikdə onun nə dərəcədə absurd olduğu aşkara çıxır. Bu hansı məntiqə uyğundur ki, 1921-1939-cu illər arasında ermənilərin faktik artımı 3,6% olduğu halda, hesablamalarla 38,5%-ə qaldırılsın, azərbaycanlılarda isə faktik artım 46,1% olduğu halda, hesablamalarla 23,1%-ə endirilsin. Belə yanaşma həqiqətin qəsdən təhrifinə yönəlib və elə kobud şəkildə həyata keçirilib ki, bu oxucunu ələ salmaqdan başqa bir şey deyildir! Biz isə problemi elmi məcraya yönəltmək üçün belə bir hesablamaya müraciət edək.

Y.Barseqovun hesablamalarının qeyri-elmiliyi elə bir dərəcəyə çatır ki, adından da məlum olduğu kimi 4,4 min kv. km-lik dağlıq ərazidə, yəni Dağlıq Qarabağ Muxtar Vilayətinin ərazisində ermənilərin orta sıxlığı üçün astronomik rəqəmlər irəli sürür! Beləliklə, erməni müəllifləri (daha doğrusu millətçiləri!) tarixi o dərəcədə təhrif edirlər ki, həqiqəti aşkar etmək müşkül bir işə çevrilir.

Rəsmi sovet əhali siyahıya almalarının (1989-cu il istisna olmaqla) nəticələrinə əsaslanan yuxarıdakı cədvəl real vəziyyəti daha doğru əks etdirir və erməni müəlliflərinin xüsusi məqsədlə uydurduqları (daha doğrusu şişirtdikləri!) qondarma rəqəmlər onları təkzib edə bilməz.

İndi də Dağlıq Qarabağ Muxtar Vilayəti əhalisinin etnik tərkibinə keçək. SSRİ-nin dağılması ərəfəsində keçirilən 1989-cu il əhali siyahıyaalması dövrün təsirinə məruz qalsa da, Azərbaycan Respublikası Xarici İşlər Nazirliyi həmin siyahıyaalmanın materialları əsasında Dağlıq Qarabağ Muxtar Vilayətinin etnik xəritəsini çap etdirmişdir. Həmin xəritədən aydın olduğu kimi 1989-cu il sovet əhali siyahıyaalmasının yekunlarına görə Dağlıq Qarabağ Muxtar Vilayətinin 187,8 min nəfərlik əhalisinin 145,4 mini (77%) erməni, 40,3 mini (21,5%) azərbaycanlı olmuşdur.

Göründüyü kimi, 1939-1979-cu il əhali siyahıya almalarına görə Dağlıq Qarabağ Muxtar Vilayəti əhalisi içərisində azərbaycanlıların sayı müəyyən dərəcədə artmışdır. Bu erməni separatçılarının təqiblərinə baxmayaraq, azərbaycanlıların öz doğma torpaqlarına bağlılığı və onların içərisində təbii artımın üstün olması ilə əlaqədar olmuşdur. Ermənilərin isə, əksinə, miqrasiyaya meylli olmaqları ilə bərabər, təbii artımları da aşağı olmuşdur. 1989-cu il əhali siyahıyaalması ərəfəsində Mərkəzdən bütün vasitələrlə himayə olunan erməni separatçılarının vilayətin etnik tərkibində azərbaycanlıların sayını süni şəkildə azaltmaq cəhdləri isə azərbaycanlıların nisbi sayının 23%-dən 21,5%-ə endirilməsinə səbəb olmuşdur.

Dağlıq Qarabağın bir tərəfdən Azərbaycanın tarixi torpaqları kimi onun tərkibində saxlanması və bununla da digər Azərbayan torpaqları ilə tarixi bağlılıq ənənələrini davam etdirməsi, digər tərəfdən Dağlıq Qarabağ Muxtar Vilayətinə Azərbaycanın göstərdiyi xüsusi qayğı bu diyarın sovet hakimiyyəti illərində sosial-siyasi və iqtisadi inkişafı üçün müstəsna şərait yaratdı. Lakin 1980-ci illərin sonlarında Dağlıq Qarabağı Azərbaycandan ayırmağı qarşılarına məqsəd qoymuş erməni "ideoloqları" və onların himayəçiləri bunu açıq-aşkar inkar etməyə başladılar. Lakin faktlar faktlığında qalır. Dağlıq Qarabağ Muxtar Vilayətinin Azərbaycanın tərkibində nə qədər yüksək inkişafa nail olması Vilayət Statistika idarəsinin Stepanakertdə nəşr etdirdiyi statistik məcmuələrdə əksini tapmışdır. Sonralar məhz həmin Stepanakert bu nəşrlərə göz yummağa çalışmışdır. Halbuki onlara göz yummaq deyil, daha diqqətlə yanaşmağa böyük ehtiyac vardır. Statistik məcmuələrdən biri muxtar vilayətin yaranmasından keçən 40 il ərzində (1923-1963) mədəniyyət, iqtisadiyyat, səhiyyə və s. sahələrdəki vəziyyət barədə yazmışdır: İnqilaba qədər (yəni 1917-i il Oktyabr çevrilişinədək) Dağlıq Qarabağda orta ixtisas təhsilli müəssisələr, kütləvi kitabxanalar, teatrlar yox idi. Şuşa şəhərində yalnız üç xüsusi mədəni-maarif müəssisəsi və bir xüsusi kinoteatr var idi. Hazırda Dağlıq Qarabağ Muxtar Vilayətində min nəfər şagirdin təhsil aldığı beş xüsusi orta təhsil müəssisəsi vardır. 930 min nüsxədən çox kitab fondu olan 164 kitabxana fəaliyyət göstərir. Kütləvi kitabxanalardan 150-si kənd yerlərindədir, onların kitab fondu 630 min nüsxəyə çatır. Stepanakert şəhərində M.Qorki adına Erməni Dövlət dram teatrı, Dövlət mahnı və rəqs ansamblı vardır. Vilayətdə 176 klub müəssisəsi vardır… Dağlıq Qarabağ elmi müəssisələrə də malikdir… Dağlıq Qarabağ Muxtar Vilayətinin yaranmasının ilk günündən ana dilində (erməni dilində) "Sovetakan Karabax" qəzeti çap olunur. Kənd təsərrüfatından bəhs olunarkən Dağlıq Qarabağın xış diyarından traktor və kombayn diyarına çevrildiyi təsdiq olunur. 1963-cü ilin əvvəllərində Dağlıq Qarabağın kənd təsərrüfatında 1,4 min ədəd traktor, 224 kombayn, 670 yük avtomobili və minlərlə digər müasir kənd təsərrüfat maşını olduğu göstərilir. 40 il ərzində Dağlıq Qarabağ Muxtar Vilayətinin sənaye potensialının reallaşdırılmasında da xeyli iş görülmüşdü. 1940-cı ilə nisbətən 1962-ci ildə bütün sənayenin ümumi məhsulu 341%, elektrik enerjisi 945 % və sairə artmışdı. 1960-cı illərin ortalarından sonra da vilayətin sosial-iqtisadi həyatı dinamik inkişaf etmişdi.

1965-1987-ci illərdə bütövlükdə Azərbaycan SSR, o cümlədən onun Naxçıvan MSSR və Dağlıq Qarabağ Muxtar Vilayəti üzrə iqtisadi və sosial inkişafa dair göstəricilərin müqayisəsi həmin dövrdə muxtar vilayətin nə qədər yüksək templə tərəqqi etdiyini çox aydın göstərir. Buradan aydın olur ki, 1987-ci ildə hər 10 min nəfərdən sənayedə çalışanların sayı respublika üzrə 686, Naxçıvan MSSR üzrə 387 olduğu halda, Dağlıq Qarabağ Muxtar Vilayətində 657 olmuşdu. Adambaşına düşən ümumi kənd təsərrüfatı məhsulları müvafiq olaraq 588, 501 və 692 (!) idi və i.a. Sosial inkişafa dair göstəricilərə gəldikdə isə bu rəqəmlər nəinki Azərbaycan SSR, hətta Ermənistan SSR və bütövlükdə SSRİ üzrə rəqəmlərdən də xeyli yüksək idi. Hər 10 min nəfərə xəstəxana çarpayısı ilə təminat Ermənistan SSR-də 86,2, Azərbaycan SSR-də 97,7 olduğu halda Dağlıq Qarabağ Muxtar Vilayətində 101,7 idi və s. Hətta, erməni separatçılarının Mərkəzdəki himayəçilərinin xüsusi cidd-cəhdləri nəticəsində Sovet İttifaqı Kommunist Partiyası Mərkəzi Komitəsi və SSRİ Nazirlər Sovetinin Dağlıq Qarabağ Muxtar Vilayətinin sosial-iqtisadi inkişafına dair qəbul etdiyi 1988-ci il 24 mart tarixli qərarının preambulasında da vilayətdə sosial və iqtisadi inkişaf sahəsində əldə edilmiş nailiyyətlər xüsusi qeyd edilirdi.

Separatçıların uydurduqları saxta məlumatların baş alıb getdiyi dövrdə də Azərbaycan onun tərkib hissəsi olan Dağlıq Qarabağ Muxtar Vilayətinin sosial-iqtisadi vəziyyətinə dair faktları olduğu kimi geniş ictimaiyyətin müzakirəsinə çıxarmaqdan çəkinməmiş, əksinə mövcud vəziyyətin daha da aydınlaşdırılmasında maraqlı olmuşdu. Buna görə də 1988-ci ilin gərgin mart günlərində Azərbaycan SSR Nazirlər Soveti yanında Xalq Təsərrüfatını İdarəetmə institutunda Dağlıq Qarabağ Muxtar Vilayətinin iqtisadiyyatı: problemlər və perspektivlər mövzusunda "dəyirmi stol" təşkil edilmiş, onun materialları çap olunub geniş ictimaiyyətə çatdırılmışdı. Buna görə də həmin faktları burada sadalamağa ehtiyac görmürük. Yalnız həmin "dəyirmi stol"da SSRİ Elmlər Akademiyasının akademiki, "Əsas fondlar, kapital qoyuluşu və yeni texnikanın iqtisadi səmərəliliyi" problemi üzrə elmi şuranın milliyyətcə erməni olan sədri T.S.Xaçaturovun müzakirələrin sonundakı çıxışına diqqəti yönəltmək istəyirik. O, real vəziyyəti təsdiq edərək demişdir: “Dağlıq Qarabağın məhsuldar qüvvələrinin daha da inkişafına dair məsələlər üzrə həmkarlarımla fikir mübadiləsi etmək mənim üçün çox xoş oldu. Etiraf edim ki, mən bu məsələ üzrə kifayət qədər tam informasiyaya malik deyildim və bizim söhbətimiz bu boşluğu müəyyən qədər doldurmağa imkan verdi”. Göründüyü kimi, iqtisadçı (!) akademik T.S.Xaçaturov belə mühüm məsələdə kifayət qədər informasiyası "olmadığını" etiraf edir. Belə olduğu halda, digərlərindən bəhs etməyə dəyərmi?! Əslində isə Dağlıq Qarabağın Azərbaycandan qoparılması uğrunda mübarizədə erməni separatçılarına real vəziyyəti əks etdirən informasiya deyil, əksinə informasiyasızlıq lazım idi.

 

Cavid

Xalq Cəbhəsi.- 2015.- 10 aprel.- S13.