Multikulturalizm birgəyaşayışda
stimul kimi...
Bu
günlərdə Bakı Beynəlxalq Multikulturalizm Mərkəzi
tərəfindən nəşr olunan “Müasir dövrdə
Azərbaycanda sosial-iqtisadi və mənəvi inkişafın
harmoniyası” mövzusunda I Virtual Dəyirmi masanın
materialları ilə tanış oldum.
Bildiyimiz kimi, Virtual Dəyirmi masa ötən ilin oktyabr
ayında keçirilən IV Bakı Beynəlxalq Humanitar Forumu
ərəfəsində Azərbaycan Respublikası millətlərarası,
multikulturalizm və dini məsələlər üzrə
Dövlət müşavirliyi xidməti tərəfindən təşkil
edilmişdi. Virtual masanın ana xəttini isə
Azərbaycanın multikultural bir cəmiyyət olduğu və
multikulturalizmin azərbaycanlıların həyat tərzinə
çevrilməsinin gerçəkliyi təşkil etmişdi.
Əslində bu və ya buna bənzər
ideyalar Azərbaycan multikulturalizmin təbliği nöqteyi-nəzərdən
uğurludur, amma yetərli deyil.
Azərbaycan bu ölkəni özünün doğma evi
hesab edən xalqların təhlükəsiz yaşamaları və
adət-ənənələrini qorumaları üçün
dövlət səviyyəsində bütün imkanlardan
istifadə etməkdədir. Bu gün dünya
üçün multikultural dəyərlər nə qədər
yeni olsa da, Azərbaycan bu dəyərlər sisteminə – yəni,
eyni bir ölkədə yaşayan müxtəlif xalqların mədəni
hüquqlarını tanıyan humanist
dünyagörüşü və ona uyğun siyasəti ilə
min illərdir bəşəriyyətə nümunə
göstərir.
Prezident İlham Əliyev multikulturalizmi dövlət
siyasəti elan edərək, bu prosesi ardıcıl olaraq davam
etdirəcəyini, təkcə, ölkə daxilində deyil,
bir sıra mötəbər tribunalarda da əminliklə
vurğulayıb. Bu cür yanaşma həm multikulturalizmin ən
yaxşı modeli olan ölkəmizin inkişafının
tarixi reallıqları, müasir dünya sivilizasiyası məkanı
və zamanı daxilində davamlı inkişaf tələbatları
ilə elmi cəhətdən əsaslandırılıb.
Prezident Bakıda “XXI əsr: ümidlər və
çağırışlar” devizi ilə keçirilən
Beynəlxalq Humanitar Forumda demişdi: “Multikulturalizm
ayrı-seçkiliyə yol vermir, əksinə bütün
xalqları birləşdirir. Eyni zamanda, hər
bir ölkənin öz qaydaları, öz ənənələri
var”.
Əlbəttə,
bu fikirləri ilə Prezident İlham Əliyev də leksikonumuzda
nisbətən yeni olan multikulturalizm ənənələrinin
Azərbaycanda əsrlər boyu mövcud olduğunu təsdiq
etmişdir: “Sadəcə, müxtəlif cür adlanıb,
lakin mahiyyəti dəyişməyib. Zənnimcə,
əsrlər ərzində, o cümlədən, Sovet
dövründə yaranan müsbət meyllər müasir Azərbaycanda
möhkəmlənir. Bu da ölkəmizdə
milli həmrəyliyin əsası, müasir dinamik
inkişafın təməlidir. Təəssüf
ki, biz müasir dünyada çox vaxt başqa mənzərə
- qarşıdurma, təcridolunma, ayrı-seçkilik
görürük. Bəzi ölkələrdə
ümumiyyətlə, yüksək səviyyədə bəyan
edirlər ki, multikulturalizm siyasəti fiaskoya uğrayıb.
Bu, çox təhlükəli meyldir. Düşünürəm ki, Azərbaycanın
nümunəsi bunun tam əksini göstərir”.
Prezident
İlham Əliyevin 4 noyabr 2008-ci il tarixli Sərəncamına
uyğun olaraq, həmin il dekabrın 2-3-də Bakıda
keçirilən Avropa Şurasına üzv dövlətlərin
mədəniyyət nazirlərinin konfransında
çıxışı zamanı irəli sürdüyü
təkliflər tədbirin beynəlxalq əhəmiyyətini
daha da artırmışdır. Konfransda Prezident İlham
Əliyev tərəfindən sivilizasiyalar arasında dialoqun
inkişafını nəzərdə tutan “Bakı prosesi”nin əsası qoyulmuş və bu təşəbbüsün
qlobal bir prosesə çevrilməsinə səbəb
olmuşdur.
Ölkədə multikulturalizmin təmin olunmasında
siyasi hakimiyyətlə yanaşı, Heydər Əliyev
Fondunun Prezidenti Mehriban xanım Əliyevanın da fəaliyyəti
təqdirəlayiqdir. Çünki etnik qrupların milli mənsubiyyətlərini
qoruyub saxlanmasında, onlar üçün yeni məktəblərin
istifadəyə verilməsində, mədəni, dini abidələrin
bərpasında və qorunub saxlanmasında Heydər Əliyev
Fondunun böyük xidmətləri var.
Qloballaşma
və multikulturalizm
Bu gün “azlıq” anlayışının mahiyyətinə
qloballaşma prosesləri və dün¬yada baş verən dəyişikliklər
kontekstində yenidən nəzər salmaqla, onun zənginləşdirilməsinə,
dolğun və əhatəli şərh edilməsinə
ehtiyac yaranmışdır. Qloballaşma prosesləri həm də
ölkələrin hüdudlarından kənarda yaşayan
insan qruplarının say və məzmunca artmasını
şərtləndirir.
Beynəlxalq hüquqda “azlıq” anlayışı
1560-1648-ci illər arasında Av¬ropada yaşanan protestant-katolik
qarşıdurması ilə ortaya çıxmışdır. 1598-ci ildə Fransa kralı
IV Henri tərəfindən qəbul edilən Nant Fərmanında
və 1648-ci il Vestfal sülh sazişində
protestant vətəndaşlarını əhatə edən
hökmlərdə azlıq hüquqlarına da yer
verilmişdir.
“Multikulturalizm” termini isə siyasi leksikona ilk dəfə
1970-ci ildə Avstraliyada immiqrasiya naziri vəzifəsində
çalışmış Al Kresbi tərəfindən daxil
edilib. Amma Avstraliyadan da əvvəl Kanadada multikultural cəmiyyətin
formalaşması prosesi 1960-cı illərə təsadüf
edir.
Azərbaycanda isə multikulturalizmin tarixi burda yaşayan
xalqların yaşı qədərdir. Yəni
Avropadan da çox-çox əvvəl. Termin
olaraq multikulturalizm Azərbaycanın ictimai-siyasi fikir tarixinə
yeni daxil olsa da, ona qədər biz bu anlayışa mədəni
müxtəliflik kimi yanaşmış və cəmiyyətdə
uğurlu tətbiqinə nail olmuşuq.
Bəziləri iddia edir ki, multikulturalizm daha çox
inkişaf etmiş demokratik ölkələr üçün
xarakterikdir. Təcrübə göstərir ki, əksinə, belə
ölkələrdə mültikulturalizm heç də
uğur qazanmayıb. Almaniya, Fransa və
Böyük Britaniya kimi demokratik ölkələrin liderləri
dəfələrlə bəyan ediblər ki, onların ölkələrində
multikulturalizm tənəzzülə uğrayıb və bu
ideya milli identikliyin zəifləməsinə gətirib
çıxarır.
Rusiya təcrübəsində də bu və buna
oxşar yanaşmalarla qarşılaşırıq. Tanınmış
hüquqşünas Valeriy Zorkin bildirir ki, multikulturalizm vahid
olanı, yüz illər boyu qurulmuş milli dövlətin
hüquq sferasını parçalayır. Problemə daha çox siyasi mövqedən qiymət
verən siyasi elmlər doktoru Andrey Savelyev isə
multikulturalizmi “dövlətin altına qoyulmuş saatlı
partlayıcı” adlandırır.
Azərbaycanda isə bütün bunların tam əksini
düşünürlər. Azərbaycan Respublikasının millətlərarası,
multikulturalizm və dini məsələlər üzrə
Dövlət müşaviri, akademik Kamal Abdullayevin qənaətinə
görə, multikultural təhlükəsizliyini qoruya bilməyən
ölkələrin bugünkü mənəvi durumu göz
qabağındadır: “Bu ölkələrdə faşizm
neofaşizm şəklində yenidən baş
qaldırır, antisemitizm tüğyan edir, qatı millətçilik
şovinizmə çevrilir. Təkmillətli
olmağın fəsadları gizlində alışaraq gələcəkdə
gur yanğına dönəcəkləri vaxtı gözləyir.
Bütün bunların fonunda isə belə cəmiyyətləri
dözümlülük, ədalət, mərhəmət,
hörmət, məhəbbət hissləri gözə
görünmədən, bəzən də açıq şəkildə
tərk edir. Həqiqətən də Prezident İlham
Əliyevin dediyi kimi, "dünyada multikulturalizmin alternativi
yox imiş...”
Muktikulturalizm
və azərbaycançılıq
Müstəqil Azərbaycanda multikultural dəyərlərin
formalaşmasında azərbaycançılıq
ideologiyası əvəzsiz rol oynayıb. 1993-cü ildə
Azərbaycan dövlətini parçalanmadan qurtarmış
Ümummilli lider Heydər Əliyevin uğurlarının
kökündə, məhz, azərbaycançılıq
ideyası dayanırdı. Müstəqilliyin
ilk illərində Azərbaycanın düşdüyü dərin
böhran, təkcə, Ermənistanın ölkəmizə
qarşı hərbi təcavüzü, Qarabağdakı
aqressiv erməni separatçılığı ilə
bağlı deyildi. Həmin dövrdə
bütövlükdə respublikada milli-etnik ixtilaf,
bölücülük tendensiyası ayrı-ayrı bölgələrdə
özünü göstərirdi. Belə
bir zamanda xalq Heydər Əliyevin azərbaycançılıq
ideyası ətrafında birləşdi və ölkəni
parçalamaq istəyən qüvvələr zərərsizləşdirildi.
Məna və məzmunca bir-birini tamamlayan bu
ideyanı, zamanın və ölkə ərazisində
yaşayan bütün xalqların arzularına rəğmən
birlik tələbi kimi də dəyərləndirmək olar.
Bu, elə bir zamanda irəli sürüldü
ki, həqiqətən, Vətənin də buna dərdinə
məlhəm kimi ehtiyacı yaranmışdı.
Akademik
Ramiz Mehdiyev 9 noyabr 2007-ci il tarixdə, “Azərbaycan” qəzetində
çap olunan “Azərbaycançılıq – milli
ideologiyanın kamil nümunəsi” adlı məqaləsində
yazır ki, "azərbaycançılıq"
anlayışı milli siyasi diskursda, nisbətən, yaxın
vaxtlardan işlədilir: “O, ölkədə yaşayan
bütün etnik qrupları və millətləri
ümumdövlət mənafeləri və dəyərləri
əsasında real surətdə birləşdirmək
ideyasının verballaşdırılması kimi,
1992-1993-cü illərdə, xüsusilə, geniş
yayılan şovinist və separatçılıq əhval-ruhiyyəsinə
qarşı mübarizə ideyası kimi meydana gəlmişdir.
Yeni anlayış ictimaiyyət tərəfindən
kifayət qədər tez dəstəklənmiş, təzə,
məzmunlu elementlərlə dolğunlaşmışdır.
Düşünürük ki, indi "azərbaycançılıq"
artıq milli ideologiyanın ilk nümunəsi hesab edilə bilər”.
Bu baxımdan, Ulu öndər Heydər Əliyevin azərbaycançılığı
ümummilli ideologiya olaraq irəli sürməsi onun Azərbaycan
dövlətçiliyi naminə göstərdiyi ən
böyük tarixi xidmətlərindən biridir. Məhz, azərbaycançılıq
Azərbaycana qarşı bir çox istiqamətlərdən
yönələn təhdidlərin, ölkəmizi etnik
bölücülük əsasında parçalamaq cəhdlərinin,
multikulturalizmi iflasa uğratmaq siyasətinin
qarşısında güclü ideoloji sipər oldu. Çünki azərbaycançılıq bizim
keçmişimizdən gələn dəyər olaraq vahid Azərbaycanın
ideya əsası, ölkədə bütün konfessiya və
etnosların həmrəylik və anlaşma içində birgəyaşayışının
tarixi təcrübəsidir.
Tarix elmləri
doktoru, professor Əli Həsənov “Heydər Əliyev və
milli dövlətçilik təlimi – azərbaycançılıq”
məqaləsində yazır ki, 1993-cü ildən Ulu öndərin
siyasi rəhbərliyə gəlişi ilə bütün Azərbaycan
vətəndaşlarının - dilindən, dinindən, etnik
mənsubiyyətindən asılı olmayaraq, ölkənin
istiqlaliyyətini dəstəkləyən insanların vahid
dövlətçilik ətrafında birləşdirilməsi
üçün ciddi iş aparıldı: “Cəmiyyətdə
hakim olan istiqlal arzusu, azərbaycançılığın
müstəqil dövlətin bütün əhalisinin ali
ideologiyasına çevrilməsi, ümummilli birliyin təmin
olunması zərurəti tezliklə ictimai-siyasi və mənəvi
dairələrin gündəliyinə
çıxarıldı. Heydər Əliyev azərbaycançılıq
ideyasına tamamilə yeni bir məzmun verərək, onu Azərbaycanın
milli-etnik xüsusiyyətlərinə, dövrün tələblərinə
və dünyanın müasir şəraitinə
uyğunlaşdırdı. Odur ki, Heydər Əliyevi
müasir azərbaycançılıq ideologiyasının -
dövrün, zamanın tələblərini, dövlətçiliyin
əsaslarını, milli-etnik şəraiti nəzərə alan milli təlimin banisi hesab etmək olar. Azərbaycançılıq ideologiyası, məhz,
Heydər Əliyevin dövründə mükəmməl bir
ideoloji təlim kimi ölkənin dövlət siyasətinə
çevrildi”.
Göründüyü kimi, Ümummilli lider milli
birliyimizin əsrlərin sına¬ğın¬dan
çıxmış təməl daşı olan azərbaycançılığı
multikulturalizmlə vəhdət halında siyasi gündəliyə
çıxardı və hakimiyyətin əsas ideoloji prinsipinə
çevirdi.
Bu gün də Prezident İlham Əliyevin uğurlu
daxili siyasəti nəticəsində azərbaycançılıq
ideyası ölkədə yaşayan bütün etnik
qrupların vahid ideyası kimi çıxış edir. Məlum ideya
həm də bütün sahələrdə - daxili və
xarici siyasətdə, ictimai-mədəni əlaqələrdə
özünün yeni inkişaf dinamikasını müəyyənləşdirir.
Bundan sonra nə etməli?
2014-cü il 28 fevral tarixdə Prezident İlham Əliyevin Sərəncamı ilə millətlərarası, multikulturalizm və dini məsələlər üzrə Dövlət müşavirliyinin yaradılmasını sıradan bir sərəncam kimi deyil, dinlərarası, millətlərarası, mədəniyyətlərarası dialoqun gücləndirilməsinə yönəlmiş tədbirlərin davamı, Azərbaycanın əsl tolerant ölkə olması, tolerantlığa xüsusi önəm verməsi kimi dəyərləndirmək daha düzgün olardı. Başqa bir Sərəncamla Kamal Abdullayevin Dövlət müşaviri vəzifəsinə təyin edilməsi daha geniş hədəflərin nəzərdə tutulduğundan - bu sahədə hərtərəfli işlərin görülməsindən xəbər verir. Bu gün baş verənləri təhlil etsək, görərik ki, istər millətlərarası münasibətlərin inkişafında, istər dini tolerantlıq sahəsində ciddi araşdırmalara, elmi yanaşma ortaya qoymağa ehtiyac yaranıb. Bu baxımdan, atılan addım çox uğurludur.
Bu gün Bakı Beynəlxalq Multikulturalizm Mərkəzi müxtəlif vasitələrlə Azərbaycanın multikultural dəyərlərini ÖYRƏNmək və ÖYRƏTməklə məşğuldur. İstər Azərbaycanda, istərsə də digər ölkələrin universitetlərində başlanılan “Azərbaycan multikulturalizmi” fənnin tədrisində problemlər olduğunu düşünürəm. Bu da təbiidir, Mərkəz yeni yaradılıb, kadr və dərs vəsaiti çatışmazlığı var.
Əlbəttə, tədrisinə başlanan fənlər yeni olduğundan onları tələbələrə çatdıracaq müəllimlərin hazırlığını da Mərkəz öz üzərinə götürüb və tanınmış alimləri və xaricdən dəvət etdiyi mütəxəssislərlə birgə problemləri aradan qaldırmağa çalışır. Müəllim hazırlığı kurslarında iştirak edən biri kimi deyə bilərəm ki, treninq iştirakçılarının yaş senzi, “elmi dərəcə” çərçivəsi, mühazirə oxuyan alimlərin isə seçimi perspektivdə gözlənilən effekti verməyə də bilər.
İlk növbədə Mərkəz auditoriya yığımı zamanı yaş senzinə diqqət etməli, daha gənc və bu sahəyə MARAĞI olan kadrların (dinləyicilərin yox) iştirakına şərait yaratmalıdır. Fikrimcə, mühazirə oxuyan alimlər yalnız elmi dərəcəsinə görə deyil, daha çox etnopolitoloji və multikultural biliklərinə görə seçilməlidirlər. Bildiyimiz kimi, multikulturalizm milli azlıqların öyrəniləsi tərəflərindən yalnız biri - yəni mədəni tərəfidir. İllərdir mədəni müxtəliflik və yaxud da çoxmədəniyyətlilik adı altında Mədəniyyət və Turizm Nazirliyi bu işi həyata keçirir. Multikulturalizm Mərkəzi isə problemə KOMPLEKS yanaşmalıdır. Mərkəz çalışmalıdır ki, bu sahəni tədris edən kadr heyəti ilk növbədə ölkədə yaşayan milli azlıq, azsaylı xalq və etnik azlıqlar - onların tarixi, təsərrüfatı, məşğuliyyəti, məişəti, yaşadıqları coğrafi ərazi, təhsili, mediası, ölkənin ictimai-siyasi həyatındakı rolları və ən nəhayət beynəlxalq sənədlər və təcrübə barədə məlumatlı olsunlar.
Digər mühüm bir məqam isə “mən ingilis və yaxud da firəng dilini bilirəm” iddiası ilə yerli və xarici universitetlərin auditoriyasını zəbt etmək istəyənlərin qarşısını almaqdır. Əlbəttə, dil bilikləri üstünlükdür, amma fənnin tədrisində ƏSAS deyil, dil yalnız ünsiyyət vasitəsidir. Çox hörmətli və bütün enerjisini bu işin ölkəmizdə daha da irəli getməsinə sərf edən akademik Kamal Abdullayev və Mərkəzin icraçı direktoru, professor Azad Məmmədovun bu kimi nüanslara diqqət edəcəyi şübhəsizdir.
Niyaz
NİFTİYEV
Xalq Cəbhəsi.- 2015.- 10 aprel.-
S7.