Dillərin mənzərəsi
Bu gün dünyanın dil mənzərəsi rəngarəng
və zəngin olsa da, hərtərəfli qloballaşma bu mənzərəyə
çox ciddi təsir göstərir. Planetimizdə mütəxəssislərin
2001-ci ildə qeydə aldığı 200 BMT üzvü -
dövlətin ərazilərində mövcud olan 6417 dildən
hər il bir çoxu ölüb aradan
çıxır. Alman alimi H.Haarmanın fikrincə,
XXI əsrdə hazırkı dünya dillərinin 40% aradan
çıxacaq. 2008-ci ildə Alman Dili Cəmiyyəti
“Almanlar öz dilləri və xarici dillər haqqında nə
düşünürlər?” mövzusunda sorğu
keçirib. Söhbət Avropa
İttifaqında işlənən dillərdən gedir. Sorğunun nəticələri çox
maraqlıdır. Sorğuda iştirak edənlərin 13%
-i Avropada vahid dil olmasına səs verib, ondan 11%-i ingilis, 2 %-i
isə alman dilini seçib. Resipientlərin 9 %-i
seçim edə bilməyib. Deməli,
sorğuda iştirak edənlərin 78%-i Avropada dillərin
saxlanılmasına səs verib. Sorğuda
iştirak edənlərin təxminən ¼ -i Avropada vahid
dilin – ingilis dilinin xeyrinə səs verib.
Bu meyil günü-gündən güclənməkdədir. Sorğunu
keçirən cəmiyyət həyəcan təbili
çalır ki, alman dili bu gün Avropada
sıxışdırılaraq bir dialektə çevrilir, ya
da ölüb getmək yolundadır. Qeyd
etmək yerinə düşər ki, dillərlə
bağlı gələcək haqqında dəqiq öncəgörmə
vermək o qədər də asan deyil. Uzun
müddətdir ki, dünyada təkdilliliyə meyil güclənməkdədir.
Bu gün Azərbaycan dililə bağlı belə
bir sorğu keçirtmək maraqlı olardı. Təbii ki, müstəqillik əldə etdikdən
sonra dilimizin mövqeyi xeyli möhkəmlənib. İndi
radio dalğalarında, televiziya kanallarında, Beynəlxalq tədbirlərdə
dilimiz daha möhtəşəm görünür və daha
geniş auditoriyanı əhatə edir…
Ancaq bizdə geniş sorğuları və kitab
çapının miqdarını göstərən konkret rəqəmlər
olmadığı üçün dilimizin işlənməsi
və gələcəyilə bağlı sualları cavablandırmaq
çətindir. Bu gün saysız media nümunələrinə,
kiçik və böyük nəşriyyatların sayına
nəzər yetirəndə və dünyada bizim dildə
danışan əhalini təhlil edəndə Azərbaycan
dilinin təxminən 20-22-ci yerləri bölüşdürməsi
bizi sevindirməyə bilməz.
Dillərin mənzərəsi haqqında tam təsəvvür
yaratmaq üçün vaxtilə planetimizdə vahid vaxt
ölçüsünə keçmənin tarixinə baxsaq,
maraqlı nəticələrə gələrik. Azərbaycanla
Nyu York arasında vaxt fərqi 9 saatdır. 1884-cü ildə
Vaşinqtonda Beynəlxalq Meridian Konfransı dünyada 24
müxtəlif vaxt zonasını 15 uzunluq dərəcəsilə
Qrinviç sıfır meridian əsasında qəbul etdi. Almaniya bundestaqı bu ölçünü hərbi
mülahizələrə görə ləngitmədən qəbul
etdi. Fransa isə bunu yalnız 1911-ci ildə
Paris rəsədxanasının müqavimətinə baxmayaraq
qəbul etməyə məcbur oldu. Hindistan
da yeni vaxt ölçüsünü – Qrinviç
ölçüsünü qəbul etməli oldu,
çünki gəmiçilikdə və dəmir yolunda
artıq Beynəlxalq vaxt ölçüsü qəbul
edilmişdi. Eyni sözləri təqvimin
unifikasiyası barədə demək olar. Y.Sezarın
vaxtından qalmış yulian təqvimi o qədər də
münasib deyildi, çünki bu təqvimə görə il 11 dəqiqə uzanırdı. Yalnız XIII Qriqor uzun dartışmalardan sonra 1582-ci
ildə təzə ilin başlanğıcını
yanvarın 1-nə keçirtdi. Katolik
ölkələr o saat bunu qəbul etdilər. O cümlədən
protestant Almaniya 1700-cü ildə həmin sazişə
qoşuldu. Ondan sonra Danimarka, Fərör
adaları, İslandiya və Niderland da bu təqvimə
qoşuldu. 1752-ci ildə Britaniya
koloniyaları ilə birgə, 1753-cü ildə Finlandiya,
İsveç, sonra Florensiya və Pisa yeni təqvimi qəbul
etdi. Fransa (1793-1806) və İtaliya
(1922-1943) aralardakı məsafəni çıxmaq şərtilə,
Yaponiya 1872-ci ildə, Çin 1912-də, Rusiya 1918-də vahid
unifikasiyalı poçt və dəmiryolu nəqliyyatı cədvəli
ilə işləyir (buna görə də oktyabr
inqilabının bayramı 8 noyabra düşür). Yuqaslaviya 1919, Rumıniya 1920, Yunanıstan 1923,
Türkiyə 1927, Misir 1928-də bu təqvimə
qoşulublar. O vaxtdan dünya xalqları vaxtı
qarışıq salmadan öz işlərini görə
bilirlər. Ölkə və ölkədən
kənar hərəkətlər vahidlik prinsipinə əsaslanır.
Eləcə də vahiddillilik dünyada və
xalqların həyatında mühüm rol oynayır.
İndi dünyada vahid dilə qarşı çıxan
ölkələrdə çoxlu tədbirlər
görülür, simpozium və konfranslar keçirilir,
qalaq-qalaq tezislər və məruzələr çap olunur,
hamı bir ağızdan milli dilin təmizliyindən,
qorunmasından danışır. Bu kontekstdə
konservativ və liberal mövqelər toqquşur, ingilis dilinin
dilləri sıxışdırmasından qorunmaq
üçün tədbirlər planı hazırlanır.
Ancaq bütün bunların fonunda ingilis dilinin
bir addım da geri çəkilmək niyyəti
görünmür. Dilin yox olması ilə
ölkənin, xalqın yox olması gündəmə gəlir.
Yuxarıda göstərdiyimiz kimi, Almaniyada təkdillilik
xoşbəxtliyinə inananlar isə hələlik 13 % təşkil
edir. Başqa ölkələrdə vəziyyətin
necə olmasını araşdıran sorğular
aparılmadığından ümumi nəticə
çıxartmaq çətindir.
XIX əsrdə başlanan qloballaşma (dəmir yolunda,
poçtda, gəmiçilikdə, təqvimdə və s.) həm
də nasionalizmin çiçəklənməsi
üçün yol açdı. Millətin bir kökdən
törəməsi doktrinası hakim ideologiyaya çevrilsə
də, onun reallaşması dil müxtəlifliyi ucbatından
uğur qazanmadı. Dünya nəinki vahid
oldu, həm də narsis sayağı özünə
vurulanların əlində parçalandı. Latın və fransız dillərinə söykənən
humanizm və kosmopolitizmlə səciyyələnən
maarifçilik əvəzinə hər xalqın özünəməxsus
qüvvəsi ilə birliyə çağıran romantika gəldi.
Bu da hər xalqın dilinin çiçəklənməsi
üçün geniş yollar açırdı. Kim xalqın dilinin böyüklüyünə
qarşı çıxış edirdisə, o həmin
xalqın qəzəbinə düçar olurdu. “Dili məhv olan xalq məhvə doğru gedir”
şüarı o vaxt çoxlarının əqlinə hakim
kəsilmişdi. Təbii ki, ünsiyyət olmayan yerdə
ölkə müstəqil ola bilməz. Ancaq müasir dövrdə bu prinsip işləmir.
Dünyada o qədər insanlar var ki, onlar öz
soyköklərindən ayrı düşüblər. Bugünkü milli dövlət anlayışı
daha çox respublika layihəsinə oxşayır. Son illərdə ABŞ-da gedən proseslər bunu
açıq-aydın göstərir. Orada,
elə dünyanın bir çox yerlərində də,
yalnız ana dilindən istifadə edən milli dövlət
tapmaq çətindir. Azərbaycanda bu
gün ən azından 10-15 dildə danışılır,
Almaniyada bu, 100-ə bərabərdir.
Çoxdillilik bu gün normaya çevrilib. Bu gün milli
eynilikdən daha çox Avropa eyniliyindən danışmaq
düzgün olardı. Avropa Birliyi bir və
ya ikidilliliklə (ingilis və fransız dilləri) vahid şəkildə
nə vaxta qədər dözə biləcək? İngilislər bu mənada qayğısız görünürlər.
Onsuz da onların dili dominantlıq təşkil
edir.
Almaniya 100 milyonluq alman dilində danışanların
hüququnu qorumağa çalışır. Almanlar tez-tez
müxtəlif yollarla AŞPA-da məsələ
qaldırmağa çalışırlar ki, alman dili bu qurumda
işlək dil olsun. 23 fevral 2013-cü ildə “Avropa:
etimadı yeniləməli” adlı
çıxışında AFR prezidenti Y.Qauk Avropada dil siyasətinə
də toxunaraq demişdi: “Düzdür, gənc nəsil onsuz
da ingilis dililə Lingua franca kimi böyüyür. Amma mən düşünürəm ki, dildə
inteqrasiyanı hadisələrin gedişinin ixtiyarına buraxa
bilmərik. Daha çox Avropa sadəcə
elita üçün çoxdillilik olmamalı, daha çox əhali
qrupları, daha çox insanlar üçün, nəhayət,
hamı üçün olmalıdır. Mən
inanıram ki, Avropada hər ikisi yanbayan gedə bilər: ana
dilində vətəndə və poeziyada olmaq və
bütün həyatda və bütün yaşlar
üçün praktik ingilis dili”.
Bu çıxış ciddi mübahisələrə səbəb oldu, çünki Avropada dil siyasəti düzgün aparılmır, ingilis və fransız dilləri dominantlıq təşkil edir ki, bu da almanları razı sala bilməz. İngilis alimi D.Kristal “İngilis dili qlobal dil kimi” əsərində yazır ki, dünyanın 70-dən çox ölkəsində ingilis dili rəsmi dil statusu qazanıb. Həmin müəllifə görə dünya əhalisinin 2 milyarddan çoxu ingilis dilindən ünsiyyət vasitəsi kimi istifadə edir. Onlardan 1,4 milyardı bu dildən birinci dil kimi, 735 milyona qədəri isə ikinci dil kimi istifadə edir. İngilis dilindən xarici dil kimi istifadə edənləri də buraya əlavə etsək görərik ki, dünya əhalisinin yarısı ingilis dilində danışır.
Biz “Dil” kitabımızda planetimizin dil mənzərəsini açıb göstərməyə cəhd göstərmişik. YUNESKO-nun “Dünya dilləri təhlükədə” atlasında təxminən 2500 dildən danışılır. Yuxarıda verdiyimiz rəqəmlə bu rəqəm arasında fərq bəzən bu və ya digər dilin müstəqil olması və ya hansısa dilin dialekti olması ilə izah oluna bilər. Hindistanda 1971-ci il məlumatına görə 1652 dil qeydə alınmışdısa, 20 il sonra bu 418 dil oldu. Burada adlandırma da mühüm rol oynayır. 6000-dən artıq dilin bu gün 4000 adı var. Avropada ingilis, fransız, ispan, alman və s. dillər çoxmilyonlu xalqların dilləridir. Ancaq dünyada əksər dillərdə minlərlə adam danışır. Dünyada yalnız 300 dili milyonluq dil adlandıra bilərik. Papua Nigeriyasında 1996-cı ildə 4 milyon əhali 3 rəsmi dildən istifadə edirdi (ingilis, Tok Pisin və Motu). Ancaq bu ölkədə ümumilikdə 826 kiçik və xırda dil var. Onlardan bəzisində 900-1000, 800-900 adam danışır, bəzən 10 və bir qədər də az (alman alimi H.Haarman 5 belə dil adı çəkir) adam danışır. Dillərdən 9-u ölüb getmiş dildir. Dillər qəbiristanlığı adlandırılan Avstraliyada 10 və daha az adamın danışdığı 105 dil qeydə alınıb. 32 dildə isə bircə nəfər danışan qalıb. H.Haarmana görə XXI əsrdə dillərin 40 %-i öləcək.Bunların da arasında hərəsində bir və ya 10 nəfərin danışdığı dil olacaq ki, bu dillərdə həmin insanlar öz nənə-babaları ilə ünsiyyətə girə bilirlər. Bəzi dillər, məsələn, sanskrit və həbəş (İzraildəki ivrit dilinin əcdadı) yalnız filmlərdə qalıb.
İmperiyaların çökməsi dil siyasətinə güclü təsir göstərir. Keçmiş sovetlər birliyində 1971-ci ildə ölkə əhalisinin 42%-i, 61,2 milyon rus dilini ikinci ana dili hesab edirdi. Hətta rus dilinin birinci rəsmi dil olduğu Qazaxstan kimi ölkələrdə indi vəziyyət tamam dəyişib. Qloballaşma vahidlik üçün mühüm amildir. Bu qloballaşma ingilis dilini dünya dili statusuna qaldırdı. Ancaq qloballaşma əks təsir də göstərir. Xırda xalqlar heysiyyət məsələsini ortalığa ataraq milli məhdudiyyəti hər cür əsaslandırmağa, dili milli kimliyin simvoluna çevirirlər. Bu, hətta yeni dillərin meydana gəlməsinə səbəb olur. Yuqoslaviya dağılanda uzun müddət müvafiq olaraq kiril və latın əlifbasında yazmış serblər və xorvatlar tam ayrılaraq iki dil əmələ gətirdilər. XIX əsrdə olduğu kimi, indi də dil vətənlə ana dilini vəhdətdə götürür.
Fəxrəddin Veysəlli, professor
Xalq Cəbhəsi.- 2015.- 11 aprel.-
S14.