Ermənilər
Şuşa qalasının alınmasında ruslara necə
kömək ediblər?
Mir Möhsün Nəvvab: “Ermənilər zahirən
özlərini dost kimi göstərsələr də, batinləri
ədavətlidir”
Ermənilərin hiyləgərliyi, fürsətcilliyi,
insanlıqdan xali olması haqqında başqa xalqlar da
çox yazıblar. Məlumdur ki, bu ay ermənilər qondarma
“erməni soyqırı”mının 100 illiyini qeyd etməyə
hazırlaşırlar. Mir Möhsün Nəvvabın
“1905-1906-cı illərdə erməni-müsəlman
davası” kitabında ermənilərin türklərə
qarşı son yüzillikdə tərətdiyi vəhşiliklərin
xronologiyası təqdim olunur. Bildirək ki, əsəri
əski əlifbadan çevirən və işləyənlər
filologiya elmləri doktoru Kamandar Şərifli, Arif Ramazanzadə,
elmi redaktoru filologiya elmləri doktoru, professor
Möhsün Nağısoyludur.
M.M.Nəvvab
əsərin girişində yazır: “İzzətli və
mehriban qardaşlarım, hüzuruna böyük ehtiramla, Nəvvab
Mir Möhsün Hacı Seyid Əhməd Ağamirzədə
Qarabaği oğlu ərzi-əhval edir ki, bu vaxtlar, yəni
hicri 1323-cü (miladi 1905) ildə Qafqaz vilayətində və
bir para xarici ölkələrdə ermənilərlə
müsəlmanlar arasında baş vermiş
iğtişaşların və qırğınların bir
parasını müxtəsər şəkildə yadigar
qalmaq üçün Azərbaycan türkcəsində qələmə
aldım. Əvvəla, bunu bilmək lazımdır
ki, Qafqaz vilayətləri müsəlman padşahlarına, ələlxüsus,
İran şahlarına tabe olub. Qafqaz vilayətlərində,
o cümlədən Azərbaycanda ayrı-ayrı xanlıqlar
yaranaraq, İran tabeliyindən çıxdılar, bu zaman yəni
hicri 1161-ci (miladi 1748)-ci ildə Pənah xan Bayatda bir qala
tikdirdi. Bir az müddətdən sonra həmin
qalanı tərk edib, hicri 1165-ci (miladi 1751) ildə Tərnəkütdə
başqa bir qala bina etdi. 5 il istər-istəməz
o qalada qaldı. Əyanlar Pənah xanın bu qalaya meyilsiz
olduğunu hiss edib ona müraciət etdilər ki, əgər
məsləhətdirsə, gözəl havası olan səfalı,
hündür bir yer var ki, orada yeni bir qala tikdirəsiniz. Ora müdafiə baxımdan da münasib bir mövqedə
yerləşir. Pənah xan öz əyanları
ilə gəlib həmin yerə baxarkən gördü ki, ora
hündür yerdir, dörd ətrafı uca qayalar və
dağlarla əhatə olunub. Uçan
quşlardan başqa insan və heyvan həmin qayalarla
qalxıb-enməyə qadir deyil. Bura
yalnız iki tərəfdən – şərqdən və qərbdən
gediş-gəliş yolları var. Pənah xan həmin yeri bəyənib
bildirdi ki, çox yaxşı möhkəm şəhər yeridir.
Lakin nə fayda ki, kifayət qədər axar
suyu və çayları yoxdur. Sonra
xanın əmri ilə kankanlar gəlib orada bir neçə
yerdə quyular qazdılar. Quyulardan
yaxşı su çıxdı, lakin şor idi. Hicri 1170-ci (miladi 1756) ildə Pənah xanın əmrinə
əsasən həmin yerdə bir qala tikildi və həmin qala
Pənahabad qalası adlandırıldı. İndi həmin
qalaya Şuşa qalası deyirlər. Get-gedə həmin qala abadılaşdırılaraq
şəhərə çevrildi. Burada zərbxana
tikdirilərək pul kəsilməyə başladı”.
Müəllif
yazır ki, burada sikkələr kəsilirdi: “Qarabağda Pənah
xanın hakimiyyəti İran padşahı onu İrana aparana
qədər davam etmişdi (Xan İrana aparılanda orada vəfat
etmişdi. Ancaq deyilənə görə, Pənah
xan İranda vəfat etməsinə baxmayaraq, vəsiyyətinə
görə onu gətirib Ağdamda İmarətdə dəfn
etmişlər). Pənah xandan sonra
İbrahim Xəlil xan hökmranlıq etmişdi. İbrahim Xəlil xan Qalanın (xalq arasında Pənahabad
şəhəri Qala adı ilə də məhşur idi)
abadlığına böyük əhəmiyyət verərək
onun ətrafında çoxlu kəndlər
salmışdı. Bununla da onun
xanlığı get-gedə qüvvətlənmiş və
özü böyük şöhrət tapmışdı.
İran padşahı Ağa Məhəmməd
şah Qacar saysız qoşunla Qarabağa hücum etdikdən
sonra Qalaya daxil olarkən İbrahim Xəlil xan Dağıstan
tərəfə qaçmışdı. Ağa
Məhəmməd şah Qacar isə xanın oğlu Məhəmməd
Həsən ağanın evini özünə iqamətgah
seçmişdi. Ağa Məhəmməd şah Qacar
bir gün Səfərəli adlı bir nökərini cinayət
etdiyinə görə hədələyib buyurur ki, sabah müqəssirlərin hamısının
başını kəsdirib bir minarə tikdirəcək və
Səfərəlinin başını lap yuxarıda qoyduracaq. Həmin Səfərəli şahın
qapısında keşikçi durardı. O gecə bir
yoldaşı ilə gecədən xeyli keçdikdən sonra
şahın yatdığı evə daxil olub, xəncər ilə
şahın qarnını yırtıb öldürürlər.
Bu hadisə hicri 1211-ci (miladi 1796) ildə baş
vermişdi. Şah öldürüldükdən sonra qoşun
dağılıb İrana qayıtdı və İbrahim Xəlil
xan gəlib öz yerində qərar tutdu. Ağa
Məhəmməd şahın vəliəhdi Fətəli
şah hadisədən xəbərdar olduqdan sonra oğlu Abbas
Mirzənin sərkərdəliyi ilə yenidən Qarabağa
qoşun yeritdi. Bu əhvalatdan xəbər
tutan İbrahim xan qorxuya düşdü. Dərhal
öz oğlu Məhəmməd Həsən ağanı Gəncəyə
rus sərdarının yanına göndərib ondan kömək
istədi. Rus sərdarı on min qoşun
götürüb Məhəmməd Həsən ağa ilə
birlikdə Qarabağa gəldi. İbrahim Xəlil xan əmirlilərdən
və cəbrayıllılardan bir qədər atlı
götürüb rus sərdarının qabağına gəldi.
Görüşdən sonra onlar Araz
çayı tərəfə İran qoşununun
qarşısına hərəkət etdilər.
Aslandüz deyilən yerdə İran qoşunu ilə
qarşı-qarşıya gəlib bir az
döyüşəndən sonra azsaylı İran qoşunu
geri çəkilib İrana qayıtdı. Vuruşdan
sonra İbrahimxəlil xan öz atlıları və rus
qoşunu ilə birlikdə geri dönüb qalaya tərəf
üz qoydular. Gəncə-Qarabağ yol ayrıcına
çatarkən rus sərdarı irəli çıxıb
xana əl tutduqdan sonra dedi ki, cənabınızın
Qalasını çox tərifləyirlər. Amma
təəssüflər olsun ki, mən sizin Qalaya tamaşa edə
bilmədim”.
Buradaca
alınmaz qala olan Şuşa
qalasının ələ keçməsinin səbəbi
aydın olur: “Yazıq xan safürəkliliyindən rus sərdarının
bu hiyləsini anlamayıb buyurdu ki, nə eybi var, Gəncəyə
bir neçə gün gec gedərsiniz. Buyurun
gedək bir-iki gün bizə qonaq olun, Qalaya tamaşa edin.
Sərdar bir az fikirləşdikdən sonra
dedi ki, “bir gecə-gündüz hüzurunuzda qonaq olmaq
asandır”. Bu söhbətdən sonra onlar
qoşunla Qalaya tərəf üz tutdular. Xan
bağı deyilən yerə çatarkən sərdar
qoşuna əmr etdi ki, bu qədər adamın şəhərə
girməyinə ehtiyac yoxdur. Bir neçə
yüz nəfər mənimlə Qalaya gəlsin, qalan qoşun
biz geri qayıdanacan burada gözləsin. Rus
sərdarı neçə yüz əsgər
götürüb, Qalaya xanın hüzuruna gəldi. Qalaya daxil olan kimi sərdar dönüb rusca öz əsgərlərinə
əmr edərək sıraya düzdürdü. Xan soruşdu ki, nə üçün əsgərləri
sıraya düzdürdünüz. Sərdar
buyurdu ki, əsgərləri sizin şərəfinizə
sıraya düzdürdüm. Bundan sonra sərdar rusca əsgərlərə
nə dedisə, onlar tələsik yüyürüb bürc və
barı üstünə çıxaraq
şeypur çalmağa başlamışlar. Həmin
saat Xan bağı tərəfdən Kəhrab deyilən yerdən
də şeypur çalındı. Xanı
təəccüb götürdü. Çox
keçmədi ki, arxada qalan əsgərlər də gəlib
Qalaya daxil oldular.
Sərdar
xanın qabağına gəlib dedi ki, biz artıq bu Qalanı
zəbt etdik. Əgər sən rus
padşahına bu qala və bütün dövlətinlə
tabe olursansa, hakimiyyət sənin əlində olacaq. Yox əgər tabe olmaq fikrində deyilsənsə, sənə
üç saat möhlət veririk, imarətindən nə
ehtiyac duyursan, götürüb istədiyin yerə gedə bilərsən.
Xan bu xəyanətdən
çox təsirlənib rus sərdarına təhqiramiz
sözlər dedi. Rus sərdarı buyurdu ki,
artıq danışmaq lazım deyil. Bu
şəhəri biz tutmuşuq və sənə üç
saat möhlət vermişik. İstədiyini
edə bilərsən.
Yazıq xan əlacsız qalıb öz imarətinə
gəldi. Bacardığı qədər lazım olan əşyaları,
övrət-uşağını götürüb
bütün atlı-piyada nökər və qoşunları ilə
qaladan çıxdılar. Qalanın
yaxınlığında üstü hamar olan qayalıq yerdə
çadırlar qurub məskən saldılar. Çadırlarda və alaçıqlarda yaşayan
xanın və onun adamlarının əmin-amanlığını
təmin etmək üçün ətrafda səngərlər
qazdılar. Dərhal xanın əmrilə
münşilər İran şahı Fətəli şaha bir
ərizə yazdılar. Ərizədə
xan yazırdı ki, rus sərdarı hiylə ilə mənim
başıma belə işlər gətirdi. Mən indi bütün adamlarımla
çıxıb qaladan kənar bir dağın üstündə
məskən salmışam. Sədaqətlə
bu ərizəni hüzurunuza göndərirəm ki, mənə
kömək əlinizi uzadasınız. Bundan
sonra cənabınıza tabe oluram. Xan həmin
ərizəni bir Qurani-Şərifin arasına qoyub, onu da
möhürləyib, şaha göndərdi. Bunun da mənası o idi ki, and olsun bu Qurani-Şərifə
ki, cənabınıza tabe olacağam.
Şahənşah ərizəni alan kimi dərhal 12 minlik qoşun toplayıb, topxanası ilə birlikdə İbrahimxəlil xanın oğlu Əbülfət ağanın sərkərdəliyi ilə xanın köməyinə göndərdi. Bu tərəfdən rus sərdarını bu əhvalatdan xəbərdar etdilər. Sərdarın əmri ilə həmin saat gecə vaxtı bir neçə yüz əsgər toplanıb, xəbər gətirən adamın sərəncamına verildi. Qoşun aşağı bürcün altında yerləşən lağımdan keçərək Şuşakəndə gəldi”.
Tarixən olduğu kimi, bu hadisə zamanı da ermənilərin fürcətcilliyi, xəyanətkarlığı özünü göstərir: “Qoşun başçısı Şuşakənddən bir neçə erməni bələdçisi götürüb, dağların ətəkləri ilə gizlincə İbrahimxəlil xanın məskən saldığı yerə tərəf hərəkət etdilər. Qoşun xanın səngərlərinə çatarkən İbrahimxəlil xan çadırında öz dövlət əyanlarının əhatəsində əyləşib, söhbət edə-edə qızıl qəlyan çəkirdi. Bu məclisdə mənim, yəni bəndeyi-həqir Nəvvab Mir Möhsünün ana babası mərhum Əmiraslan bəy də iştirak edirdi. Birdən xana xəbər verdilər ki, rus qoşunu sənin üstünə gəlir. Xan qalxıb neçə dəfə təkrarən dedi:
- Ey kafir, ey kafir!..
Dərhal əmirli atlılarından birisi bir güllə atıb əsgərin birini öldürdü. Bu zaman rus əsgərləri dərhal birlikdə onların üzərinə atəş açdılar. Güllələrin bir neçəsi İbrahim xana dəydi və kürsüdən yıxıldı. Xanın övrət-uşağı tökülüb onun bədənini qucaqlamağa başladılar. Atılan güllələrdən bir neçəsi onlara, əyanlara və nökərlərə dəydi. Qalanlar isə hərə bir şey götürüb, müxtəlif tərəflərə qaçdılar. Əmiraslan bəy dərhal mərhumə Gövhər ağanı və qızıl qəlyanı götürüb qaçdı. Məzlum xanın ev əhli və uşaqlarından salamat qalanlarını onun adamları götürüb qırğından xilas etdilər. Əmiraslan bəy isə Gövhər ağanı möhkəm və təhlükəsiz bir yerdə gizlədi. Sonra isə gəlib bir az yemək əldə edib, Gövhər ağaya gətirdi. Gövhər ağa gözü yaşlı istər-istəməz bir neçə loğma yedi. Əmiraslan bəy Gövhər ağanı birtəhər sakitləşdirib, sonra öz evinə gətirdi. Digər tərəfdən İbrahim xan öldürüldükdən sonra onun atlı dəstələri də dağılıb hərəsi bir tərəfə getdi. Hadisə yerindən uzaqlaşan xan atlıları Nabatxan deyilən yerdə Əbülfət ağanın qoşununa rast gəldilər. Əbülfət ağa gördü ki, bir neçə atlı sürətlə hərəkət edir. O, nökərlərinə buyurdu ki, o atlıları qaytarıb, onun hüzuruna gətirsinlər. Atlılar İbrahim xanın başına gələn əhvalatı eşitcək hönkür-hönkür ağladıqdan sonra qoşunla oradan geri, İrana qayıtdı ki, şahdan yeni fərman sadir olsun. Xülasə, bu əhvalat ətraflı şəkildə “Tarixi-Qacariyyə”də və “Qarabağ tarixi”ndə şərh edilir. Oxumaq istəyənlər həmin tarix kitablarına müraciət edə bilərlər. Bizim məqsədimiz isə bu illərdə erməni tayfası ilə müsəlmanlar arasında baş vermiş əhvalatları (iğtişaş və qırğınları) bəyan etməkdir...
(ardı var)
Uğur
Xalq Cəbhəsi.- 2015.- 14 aprel.-
S13.