“1905-1906-cı illərdə erməni-müsəlman davası”

 

Erməni hakiminin ermənilərə sözü: “İddianız çox böyükdür, sizin dediyiniz sözlər xəyal və mənasızdır...”

 

V yazı

 

“Vəziyyəti belə görən ermənilər yavaş-yavaş müsəlman bazarlarından köçməyə başladılar. Lakin onların bir parası müxtəlif səbəblər gətirərək köçməsə də, dükanlarında olan malların hamısını erməni məhəlləsinə köçürürdülər, amma erməni məhəlləsindəki bazarda dükanları olan müsəlmanlara deyəndə ki, müsəlman məhəlləsinə köçün, onlar “ermənilər bizim dostumuzdur, onlardan bizə və bizim malımıza heç bir xətər dəyə bilməz”, - deyə cavab verirdilər. İrəlidə özlərinə dost hesab etdikləri bu tayfanın erməni məhəlləsindəki dükan sahiblərinin başlarına hansı müsibətləri gətirdiklərini yazacağıq. Müsəlmanlarla dava etmək və qırğın salmaq fikrində olan qımdatlar bütün yığıncaqlarda erməniləri müsəlmanlara qarşı təhrik məqsədi ilə deyirdilər: “Ah-ah, Bakıda Lalayevin qanı yerdə qaldı, İrəvanda filan qardaşımıza zülm oldu, Naxçıvanda bir o qədər qardaşlarımızı öldürdülər, filan qədər övrət və kişiləri müsəlman etdilər. Onsuz da əvvəl-axır hamımız öləcəyik. Odur ki, yaxşı olardı xalqımız yolunda ölək və qardaşlarımızın qanını alaq””.

Mir Möhsün Nəvvab ermənilərin Azərbaycanda vəhşiliklərindən bəhs edən əsərində - “1905-1906-cı illərdə erməni-müsəlman davası” kitabında daha sonra yazır: “Onlar belə fitnə-fəsadlara təhrik etmək məqsədi güdən söhbətlərlə ermənilərin qulaqlarını doldurub hər gün müsəlmanlara qarşı bir fitnə törədirdilər. Bu günlərdə padşahlıq postundan üç nəfər rus bir çamadanda padşahlıq xəzinəsinə qırx üç min manat nəqd pul, nə qədər veksel aparan zaman divarın arxasından çıxan erməni qımdatları həmin rus xadimlərini öldürüb pulu çamadanla götürüb qaçmışlar. Bu məbləğdə böyük pul erməni qımdatlarının əlinə keçdikdən sonra onların müsəlmanlara qarşı düşmənçilikləri və fitnə-fəsadları daha da artmağa başladı. Sonra öz aralarında müsəlmanlara qarşı bir hücum planı hazırladılar. Bu planda hücumun tarixi və vaxtı saatlara qədər hesablanmışdı. Plana əsasən Qalada olan müsəlmanların hamısı böyükdən kiçiyə qədər qırılmalı, malları talan edilməli, ev-eşikləri isə yandırılıb xarabaya döndərilməli idi. Bu məzmunda planı müzakirə etmək üçün bir erməni hakiminin yanına apardılar. Həmin şəxs planla tanış olduqdan sonra onlara dedi: “Bu yazdığınız hünərlər sizdə vardırmı?” Onlar cavab verdilər: “Görərsən ki, dörd saat ərzində bütün müsəlmanları qırıb məhəllələrini tar-mar etdikdən və Qalanı ələ aldıqdan sonra rusların başına nə gətirəcəyik”.

Hakim buyurur ki, iddianız çox böyükdür, amma vaxtınız çox azdır. Qımdatlar söylədilər ki, səkkiz saat olmasın, on iki saat olsun. Axır ki, bu sutkada yəni bir gecə-gündüz ərzində görəcəksən ki, 12 saatdan sonra müsəlmanların böyük məscidində nahar edəcəyik, 24 saatdan sonra isə xan sarayı üzərində öz bayrağımızı qaldırıb, Qalanı tamamilə öz əlimizə alacağıq.

Həmin hakim buyurdu ki, “bunu mənim ağlım kəsmir, sizin dediyiniz sözlər xəyal və mənasızdır”. Bu sözləri eşidən kimi qımdatlardan birisi təkəbbür və qəzəblə planı onun əlindən alıb yoldaşları ilə birlikdə öz evlərinə qayıtdılar. Ermənilər öz tayfasını mənəvi baxımdan bu iğtişaşa hazırlamaqla, bütün küçələrdə və səngərlərdə hazırlıq görməklə bərabər, başladılar müsəlmanlara sataşmağa. Bu işlərdən xəbərdar olan bir erməni övrəti deyir ki, bizim qımdatların bu tədbirdə böyük səhvləri var. Bundan ötrü ki, mən bir kasıb övrətəm, dörd uşağım var. Bir toyuğum neçə gündür azıb, orda-burda yumurtlayır. Artıq üç gündür ki, mən və dörd uşağım o bircə toyuğun öhdəsindən gəlib onu tuta bilmirik. Bir halda ki, beş nəfər bir toyuğun öhdəsindən gələ bilmir, bəs bizim bu qımdatlarımız bu qədər yığılmış erməni ilə milyon-milyon müsəlmanların öhdəsindən necə gələcək?”

Ancaq ermənilər vəhşilik törətmək istəklərindən əl çəkmirlər: “Xülasə, ermənilər öz fitnə-fəsadlarını davam etdirirdilər. Bir gün küçələrin çırağını yandıran Kərbəlayi Məhəmmədhüseyn adlı bir nəfər səhər tezdən çıraqları söndürərkən üç nəfər erməni Şahlıq körpüsünün yanında bu yazığı nərdivandan yerə salıb neçə yerdən doğradılar. Onun dad-fəryadını eşidənlər yüyürüb hadisə yerinə gəldilər. Məmmədhüseyn qan içində çapalayırdı, o hələ ölməmişdi. Ondan soruşanda ki, səni bu hala kim salıb? Dedi ki, üç erməni məni xəncərlə beləcə doğradı. Yazıq bu sözləri deyib öldü. Bu əhvalat müsəlmanlara çox təsir etdi. Müsəlman komissiyaları dum divanına toplaşıb ermənilərdən o yazığın qanını istədilər. Bu əhvalatdan sonra erməni qımdatları müsəlmanlara poçta ilə göndərilən bağlama və əmanətlərin içərisində silah və sursat olmasından ehtiyat edərək onları gizlincə yoxlayırlarmış”.

Mir Möhsün Nəvvab “1905-1906-cı illərdə erməni-müsəlman davası” kitabında – “Qarabağın Şuşa şəhəri və ətrafında baş verən erməni-müsəlman iğtişaşları və ermənilərin məğlub olması” bölümündə yazır: “Ermənilər öz qarşılarına qoyduğu məqsədə çatmaq üçün durmadan səngərlər tikir, müxtəlif tədarüklər görür, vilayətlərdən və kəndlərdən Şuşaya köçmək istəyirdilər. Odur ki, şəhər erməni tayfası ilə dolmuşdu. Mən, Mir Möhsün Nəvvab evim erməni məhəlləsinə qonşu olduğuna görə qarşıdan gələn təhlükəni nəzərə alaraq, şəhərin bir neçə izzətli şəxsləri evimi dəyişməyi mənə məsləhət bildilər. Həmin xahişə binaən bir gecə əyləşib diqqətlə sual etdim ki, bu davada fəth, nüsrət və qələbə biz müsəlmanlarla olacaq, yoxsa erməni tayfası ilə? İstixarə etdikdən sonra bu növ cavab zühura gəldi: “Qələbə yaxın günlərdə sizinlədir, bütün düşmənlər sizin ayağınızın altındadır...”

...Xülasə, seşənbə günü (çərşənbə axşamı) günortadan sonra cumada as-sani ayının 23-də 1323-cü ildə (16 avqust 1905-ci il) ermənilər hücuma başladılar. Erməni qımdatları dəstə-dəstə olub bir dəstə Köçərli məhəlləsinə, bir dəstə Yuxarı Xəlifəli qapısına, başqa bir dəstə isə meydana tərəf getdilər. Qalan ermənilər isə səngərlərə doldular. Köçərli məhəlləsində qədim bir tayfaya mənsub, gözəl ev-eşiyi olan doxsan yaşlı Abbas bəy adlı bir nəfər yaşayırdı. Köçərli məhəlləsinə gedən dəstənin içərisində olan Çopur bəyin oğlu və Kolya adlı iki erməni Abbas bəyi çağırdılar. Abbas bəy evdən çıxanda ona dedidlər ki, sən bizim qonşumuzsan, səninlə bizim işimiz yoxdur. Sonra isə Abbas bəyi sözə tutub tüfənglə öldürdülər. O biçarə güllədən al qana boyanıb yıxıldı. Ermənilər bir neçə güllə də Abbas bəyin yeganə oğluna və qardaşı oğluna vurub hər üçünü öldürdülər. Bundan sonra onlar evə benzin və neft töküb odladılar. Vurulanların da meyidlərinə öd vurdular. Bundan sonra ermənilər üç gün idi ki, gəlin gətirmiş Nuşirəvan adlı bir yazığı da güllə ilə vurub öldürdülər. Sonra isə gəlinin cehizinə və evə, eləcə də meyitlərə neft töküb evlə bərabər yandırdılar. Beləliklə, onlar on beşə qədər evi mal-dövləti ilə yandırıb külə döndərdilər. Ev sahibləri övrət-üçaqla çıxıb qaçsalar da, onlardan iki-üç nəfəri şəhid oldu.

Xəlifəli qapısına gedən erməni dəstəsi isə on evə hücum etdi. Ev sahibləri xəbərsiz olduqlarından onların arasında çaşqınlıq düşdü. Ermənilər bu evləri gülləbaran etdilər. Bu evlərin sakinləri qaçıb yaxındakı rus kazarmasına doldular. Buna baxmayaraq, üç nəfər erməni gülləsinin qurbanı oldu. Ermənilər isə müsəlmanların mal-dövlətini talan edib evlərinə od vurub yandırdılar. Meydandakı qımdat dəstəsi isə bazara gəlib əlləri ilə bütün dükanlara işarə etdikdən sonra ermənilər şaraqqaşaraq dükanları bağlayıb əllərində tüfəng və tapança ilə meydana töküldülər və böyük hay-küy qalxdı. Onlar əvvəlcə iki nəfər Zarıslı müsəlmanı şəhid etdilər.

Ermənilərin bazarında on beşə qədər müsəlman dükanları var idi. Ermənilər hücum edənə kimi bu dükanların hər birində bir və ya iki müsəlman var idi. Hücum başlayan kimi onların bir parası qaçdı, bir parası isə dükanları bağlayıb içərisində qaldılar. Bir parası isə yaxın dostluq etdikləri erməni dükan sahiblərinin dükanına və evlərinə pənah gətirdilər. Ermənilər isə onları güllə ilə qarşılayıb hamısını öldürdülər. Ermənilər müsəlman dükanlarının qapılarını açıb içəridəkiləri öldürüb, mal-dövlətlərini qarət və talan etdilər. Quru meyvələri yemək üçün səngərlərdə vuruşan qımdatlara göndərdilər.

Həmin günü erməni bazarına alış-verişə gəlmiş müsəlmanlardan bir parası qaçıb canını qurtarsalar da, yaşlıları güllələyib öldürdülər. Ermənilər yara alanlara da rəhm etməyib tutduqları yerdə çox əzabla öldürdülər. Bu qırğında ermənilər əllərinə kəçən müsəlmanları böyük işgəncə ilə öldürərək, onların burun-qulağını, cinsi üzvlərini kəsərək, başlarına mıx və mismar çalmışdılar. Meyidləri ip ilə sürüyüb dərələrə, xəndəklərə ataraq gizləyir, üstlərində olan pulları isə götürürdülər. Ələ keçən cəsədlərin çoxunda beş-on yerindən yara aldığını görürdülər. Bəzi cəsədləri isə ermənilər od vurub yandırırdılar. Müsəlmanlar isə öldürdükləri adama bir yaradan artıq güllə vurmazdılar. Cəsədlərə isə toxunmayaraq düşdüyü yerdə də qoyub gedərdilər. Dəxi namərdlik edib ermənilər kimi ölənə və cəsədə işgəncə verməzdilər”.

Ermənilərin növbəti vəhşiliyi belə başlayır: “Ermənilərin hücum etdiyi həmin gün müsəlmanlar heç nədən xəbərsiz öz işlərində və alverlərində idilər. Müsəlmanların əyan-əşrəfləri isə Cümə məscidində təziyə məclisində əyləşmişlər. Mərhum olmuş lənbəranlı Mehrəli əfəndinin cənazəsini bir neçə molla ilə Lənbərana göndərdikdən sonra onlar məsciddə təziyə saxlayırdılar. Bu zaman bir neçə nəfər gəlib xəbər verdi ki, nə oturmusunuz? Ermənilər dünyanı qarışdırıb, yuxarıda ələ düşəni öldürürlər. Oranın hakimi Xosrov bəy atla gedərkən nökəri ilə birlikdə onu gülləbaran ediblər. Xalq bu xəbəri eşidən kimi qalxıb məscid və dükan-bazarı bağlayıb hər yana səs saldılar. On beş dəqiqə ərzində igidlər və cavanlar silahlanıb, əllərində tüfəng, tapança, qılınc, balta və bel, külüng və ling bazar və küçələrə çıxıb dəstə-dəstə hazır oldular. Onların “ura” sədası hər yana yayıldı. Bu qovğa qalxarkən müsəlman bazarında olan erməni sövdəgər və sənətkarları qorxuya düşüb dükanları bağladılar. Onların bəzisi dükanların içərisində gizləndilər, bəziləri isə müsəlmanların evlərinə pənah gətirdilər. Müsəlmanlar onlara pənah gətirən erməniləri hörmətlə qarşılayaraq evlərində gizlədib müdafiə etdilər. Elə ki, gecə oldu, bazar darğası (polisi) İsmayıl bəy müsəlman bazarındakı dükanlarda gizlənmiş erməniləri oradan çıxarıb, dükanları bağladı, onları isə evlərinə aparıb orada saxladı. Beləliklə, müsəlmanlar dəstələrə bölündükdən sonra əllərində silah nərə çəkə-çəkə erməni məhəllələrinə tərəf üz qoydular”...

 

Uğur

Xalq Cəbhəsi.- 2015.- 18 aprel.- S13.