Qara Qarayev VI Müasir Musiqi Festivalı
Azərbaycan paytaxtı daha bir beynəlxalq sənət bayramına ev sahibliyi
edir. Aprelin 20-də Müslüm Maqomayev adına Azərbaycan
Dövlət Filarmoniyasında
Mədəniyyət və
Turizm Nazirliyinin təşkilatçılığı ilə Qara Qarayev
VI Müasir Musiqi Festivalının təntənəli
açılış mərasimi
keçirildi. Müasir
musiqi sənətinin canlı klassikləri sayılan bəstəkar və ifaçıları,
dirijor və solistləri, yerli və xarici musiqi kollektivlərini bir araya gətirən
tədbirin açılışında
mədəniyyət və
turizm naziri Əbülfəs Qarayev, nazirin birinci müavini Vaqif Əliyev, nazir müavinləri Ədalət
Vəliyev, Sevda Məmmədəliyeva, tanınmış
incəsənət xadimləri
iştirak edirdi. Mərasimin iştirakçıları
arasında dahi bəstəkarın oğlu,
Azərbaycanın Əməkdar
incəsənət xadimi,
P.Çaykovski adına Moskva Dövlət Konservatoriyasının
professoru Fərəc Qarayev də var idi.
Musiqi gecəsi Qara Qarayevin dünyaca məşhur "İldırımlı
yollarla" baletindən
"İntroduksiya"nın
səslənməsi ilə
başladı. Mərasimdə
açılış nitqi
ilə çıxış
edən mədəniyyət
və turizm nazirinin müavini
Ədalət Vəliyev ənənəvi
olaraq iki ildən bir keçirilən və böyük bəstəkarın
adını daşıyan
beynəlxalq musiqi festivalının iştirakçılarını
salamladı. Qara Qarayevin XX əsrin ortalardan başlayaraq Azərbaycan mədəniyyətinə
musiqi dili ilə gətirdiyi yeniliklərdən danışan
nazir müavini bəstəkarın əsərlərinin
bəşəriyyətin musiqi
xəzinəsi inciləri
sırasına daxil olduğunu vurğuladı:
"Gənc yaşlarından
istedadının gücünə
güvənərək dünya
səviyyəli bəstəkarlarla
tərəfdaşlıq edən,
Üzeyir Hacıbəyli
və Dmitri Şostakoviç
kimi dahilərdən dərs almış Qara Qarayev böyük
bir musiqi məktəbi ənənəsinin
əsasını qoyub".
Azərbaycan musiqisinin son onilliklərdə
xüsusi yüksəliş
dövrünü yaşadığını
deyən Ədalət
Vəliyev bir müddət öncə paytaxtımızda dördüncü
dəfə beynəlxalq
muğam festivalının
gerçəkləşdiyini, il ərzində Mstislav Rostropoviç, İpək Yolu, Qəbələ, Üzeyir
Hacıbəyli və
caz festivallarının
keçiriləcəyini bildirdi.
Qeyd olundu ki, bütün
bu tədbirlər sayəsində ölkəmiz
dünya musiqiçilərinin
görüş və
ünsiyyət yerinə
çevrilib. Nazir
müavini Qara Qarayev VI Müasir Musiqi Festivalı çərçivəsində sənətsevərlərin beş gün ərzində dünyanın,
o cümlədən Azərbaycanın
böyük bəstəkarlarının
əsərlərini dinləyəcəklərini
diqqətə çatdırdı.
Sona söz musiqiyə verildi. "Kədərli axşam"
adı verilən həzin musiqilərdən,
məşhur musiqi nümunələrindən ibarət
konsert proqramı təqdim olundu. Üzeyir Hacıbəyli adına Azərbaycan Dövlət Simfonik Orkestrinin (bədii rəhbər və baş dirijor Rauf Abdullayev) müşayiəti ilə
Viktor Lütoslavski, Kaya
Saariaxo, Edison Denisov, Fridrix Tserxa, Vladislav Soyfer, Alban Berq kimi bəstəkarların
əsərlərindən parçalar
səsləndirildi. Yekaterina
Kiçigina, Fəridə
Məmmədova, Andrey
Kaplanov, Nadiya Zelyankova, Sergey Malinin kimi solistlərin ifasında səslənən
əsərlər tamaşaçılar
tərəfindən sürəkli
alqışlarla qarşılandı.
Tərlan
Xalq Cəbhəsi.- 2015.- 22 aprel.- S.15.