Gözəllik, sevgi, təbiət aşiqi - Qaracaoğlan…

 

O, dərin hikmətli fikirləri aydın dillə təqdim edib

 

Qaracaoğlan türk xalq ədəbiyyatının ən tanınmış təmsilçilərindən biridir. Onun dünyagörüşü, bədii-estetik anlayışı xalq və aşıq şeirinin, divan ədəbiyyatının, dini-təsəvvüfü dəyərlərin təsiri ilə formalaşıb. Qaracaoğlanın başlıca hədəfi milli və dini dəyərlərə inanan, fiziki və mənəvi gücünü insanların xoşbəxtliyinə yönəldən kamil şəxsiyyətlər yetişdirmək, sağlam cəmiyyət tərbiyə etməkdir. Qaracaoğlanın şeirlərində insan, həyat, ölüm, sevgi, aşiqlik, dostluq, igidlik, iman, təbiət kimi mövzular önəmli yer tutur. Şairin düşüncəsinə görə, insanın, kainatın yaradılışı sevgiyə bağlıdır, hər şey sevgiyə möhtacdır, bütün dərdlərin dərmanı da sevgidir.

Qaracaoğlan şeirlərində ayrılıq anlayışının mahiyyətini, onun aşiqlik, sevgi, vəfa, sədaqət kimi dəyərlərlə bağlılığını gözəl bədii dillə təqdim edib. Onun düşüncəsinə görə, ayrılıq aşiq üçün bir sınaqdır, sevgilisinə qovuşacağına inanaraq bütün əzablara, çətinliklərə dözməkdir, iradə və səbirdir. Ayrılıq atəşində yanmayan aşiq gerçək aşiq ola bilməz. Qaracaoğlan şeirlərində ayrılıq anlayışını bu motivlərlə təqdim edib: göz yaşları, durna, qərib bülbül, badi-səba, ölüm, qürbət, qərib, dağ, qəmli güllər, könül quşu, müraciət üslubu, yalvarış, dua, qərib yollar, Əzrail, yuxu, kədər, yol... Təbii ki, bu motivlərin sayı arta da bilər.

Qaracaoğlanın şeirləri türk bədii dilini zənginləşdirib. O, şeirlərində qoşma, gəraylı, varsağı, səmai kimi şeir şəkillərindən istifadə edib. Onun şeirlərində xalq deyimlərinin özəl yeri var. Bu şeirlərdə divan ədəbiyyatının təsiri də hiss olunur. Qaracaoğlan türk xalq ədəbiyyatının ən görkəmli nümayəndələrindən biridir. Onun həyatı, şeirləri ilə bağlı çoxsaylı araşdırmalar yazılsa da, bu xalq ozanının həyatı ilə bağlı əldə dəqiq bilgilər yoxdur. Bu gün onun bütün şeirlərinin toplandığını, sistemləşdirildiyini, çap edildiyini söyləmək çətindir. Onun həyatı bir əfsanə mövzusuna çevrilib, haqqında olan və olmayan şeylər danışılıb, nəticədə «Qaracaoğlan və xallı qız», «Qaracaoğlan ilə yayla gözəli», «Qaracaoğlanla Əlif gəlin», «Qaracaoğlan ilə Qaraca qız» kimi hekayə və dastanlar ortaya çıxıb.

Qaracaoğlanla bağlı yazılmış araşdırmalarda onun dövrü, doğulduğu və öldüyü yerlə əlaqəli çeşidli iddialar irəli sürülüb. Alimlərin ortaq görüşünə görə, XV, XVI, XVII və XIX yüzillərdə yaşadığı iddia edilsə də, son araşdırmalarda əsərlərinin dil, üslub xüsusiyyətləri, əsərlərindəki tarixi faktlar əsas götürülərək onun XVI əsrdə yaşadığı fikri daha çox tərəfdar toplayır: «… Qaracaoğlan şeirlərindəki dil və üslub onun XVII yüzildən öncə yaşamadığının başlıca dəlilidir. Belə ki, şairin şeirlərinin çoxuna XVII yüzil tarixli cüng və məcmuələrdə təsadüf olunur…»

Qaracaoğlanın doğulduğu əsr və il dəqiq bilinmədiyi kimi, doğulduğu yer də bəlli deyil. Onun doğum yeri olaraq bu yerlər göstərilir: Kozan dağı yaxınlığındakı Bağça ilçəsinin Varsaq kəndi, bu bölgəyə bağlı Göyçə kəndi, Qazıantep, Akpınar kəndi, Çarpınlı, Zobular kəndi, Silifkə, Gülnar, Mut, Belqrad və s.

Qaracaoğlanın soyu, ailəsi ilə bağlı da dəqiq bilgi yoxdur. Şairin öldüyü tarix və yerlə bağlı çoxsaylı fikirlər var. Qaracaoğlan türk ədəbiyyatına təsir göstərmiş sənətkarlardan biridir. O, gözəllik, sevgi, təbiət aşiqidir. Onun şeirləri etnoqrafik cizgilərlə zəngindir, yurdun gözəl təbiəti naxış-naxış, çiçək-çiçək, rəng-rəng onun şeirlərində əks olunub. Qaracaoğlanın şeirlərində divan ədəbiyyatının, dini-təsəvvüfi motivlərin də yeri var. Şeirlərinin dili çox sadədir, o, dərin hikmətli fikirləri aydın bir dillə təqdim edib. O, şeirlərində gözəllik, aşiqlik, igidlik, əxlaq, dünyanın mahiyyəti, həyat və ölüm kimi anlayışlarla bağlı ölçülər verib, həyatı insanlara doğru tanıtmaq istəyib.

Qaracaoğlanın şeirlərində önəmli yer tutan motivlərdən biri də ayrılıqdır. Onun elə şeirləri var ki, ayrılıq anlayışının mahiyyəti, çeşidləri, sevgi və aşiqliklə bağlılığı, səbir, iradə, fədakarlıqla əlaqəsi önə çəkilib. Bu şeirlər şairin «ayrılıq proqramıdır». Bu proqrama görə, ayrılıq qürbət eldir, bağırın odlanmasıdır, dilin yanmasıdır, ölümdən daha çətin və acıdır, ayrılıq eşq atəşinin alovlanmasıdır, o, sönməyən atəşdir, ahdır, dosta, sevgiliyə qovuşmaq həsrətidir. Ayrılıq aşiqin sınaq yüküdür, o, sevgilisindən ayrı yaşasa da, bülbüllərin vüsal nəğməsi oxuyacağına, güllərin sevgi çiçəyi açacağına inanır:

 

Şu aşkın ataşı sönmüyor serde,

Ah çeker, ağlarım gezdiğim yerde.

Ben burda kalmışım, dost gurbet ilde,

Beni ilden ile atar ayrılık…

 

Qaracaoğlana görə, ayrılıq aşiqliyin simvoludur, gerçək aşiqin ölçüsüdür, ayrılıq gerçək sevgini artırar, yalançı sevgini söndürər. Ayrılıq ölümdən daha acıdır. Çünki ölüm sondur, bitişdir, dərddən qurtuluşdur, ayrılıq isə davamlı, bitməyən əzabdır.

Qaracaoğlana görə, ayrılıq göz yaşıdır. O, şeirlərində ayrılıq odu ilə yanan aşiqin halını, əlamətlərini təsvir edib: «Yardan ayrılanın gözlərindən axan sel ümmana tökülər», «göydən durnalar çəkilər», «on beş yaşında beli bükülər», «günü ah-vahla keçər», «əli işə yatmaz», «ürəyi yanar», «ürəyi qan ağlar»… Qaracaoğlana görə, yara qovuşmaq həsrəti ilə yanan aşiqin tabutu yanında olmalıdır. Şairə görə, ayrılıq sevdiyinə qovuşacağına inanaraq gözləməkdir, ayrılıq həsrəti ilə yanan aşiq qovuşmaq ümidini itirməz. Bu sevən aşiq «qəbrindən çıxıb ağlayacağına» inanacaq qədər iradə və ümid sahibidir:

 

… Meded senden, hey Allahım,

Teslimdir sana şol canım,

Mahşer yerinde kefenim,

Boynuma takar ağlarım.

Karacoğlan düşüp derde,

Gece-gündüz yanar narda,

Hak kadı olduğu yerde,

Kabrimden çıkar ağlarım…

 

Qaracaoğlana görə, ayrılıq həsrəti ilə yanan aşiq tənhadır, eşq xəstəsidir, dağlar belə onun halını bilməz. O, Məcnun olub, yaraları qan verir, ayrılıq çəkən aşiqə görə, o, sevdiyinə qovuşanadək olan ömür onun üçün qış fəslidir, onun gördüyü dağlar «dumanlı, dumanlı»dır. Şairə görə, ayrılıq gerçək aşiqin qəlbini təmizləyər, ayrılıq odu onun ürəyinin nəfs pasını yandırar, ona sevgilisindən başqasına yer olmayan könül bəxş edər. Bu sevgi odu ilə yanan aşıq yarına qovuşmaq istəyir.

Qaracaoğlanın şeirlərində ayrılığın ifadə biçimlərindən biri ağlamaqdır, göz yaşlarıdır. Ona görə, göz yaşları aşiqin qəm ortağıdır, aşiqliyin əlamətidir, uca Allahın sevənlərə bəxş etdiyi nemətdir, aşiqin tanınma nişanıdır, əzəldən yazılmış qismətin yol yoldaşıdır. Çünki sevmək, aşiq olmaq ilahi nemətdir, hər kəsin bacarmadığı ərdəmdir. Ona görə də sevən dünyaya gələndən ağlayır, göz yaşları sel olub axır, sellərə qarışır. Sevən deyir ki, aşiqin halı rüsvay olmaqdır, ancaq o «bizi söyləşən dillərdən» qorxmaz. Sevən barlı ağac kimidir, sevən igiddir, onun göz yaşları sevgisinin dəlilidir. O ağlaya-ağlaya yollara düşər, boz bulanıq sellərə qovuşar, tanımadığı ellərə gedər, Əzrail canını almağa gəlsə də, hətta ölü yuyan onu dönə-dönə yusa da, könlü yardan ayrılmaz. Onun sevgilisi ayrılanda bulaq da ağlayar:

 

… Karacoğlan gene coştu, bulandı,

İnip aşkın deryasını dolandı;

Güzel gitti, diye pınar ağladı,

Acıdı yüreğim, yandı pınara…

 

Türk ədəbiyyatında ayrılıq motivinin ən çox istifadə olunan ifadə biçimlərindən biri durnadır. Durna ayrılıq həsrəti ilə yanan aşiqin üz tutduğu ünvandır. Qaracaoğlan da durna obrazını bir neçə yöndən dəyərləndirib. O, durna ilə dərdləşir, halını ona bildirir, «ağarmış saçlarını» ona göstərir, özünü qanadına ox vurulmuş, uçmaq imkanını itirmiş durnaya bənzədir, dərdini ona açır, ona deyir ki, qürbət eldəyəm, geri dönmək imkanım yoxdur, dost elində kimin ölüb, kimin yaşadığından xəbərim yoxdur, bu qürbət eldə ölsəm, gözüm yumulmaz, məni ağlayan olmaz, anasız, atasız yetiməm. O, durnaya inanır, onu dərd ortağı sayır, sirrini onunla paylaşır. Durna ayrılıq çəkən aşiqin xəbər qaynağıdır, aşiq durnadan xəbər alır: Şam elinin xurmasını, ala gözlərin sürməsini, yarın salamını, dost elinin güllərini, çiçək açan ağaclarını, bar verən ağacın almalarını…

Qaracaoğlanın «qərib bülbül» obrazı ayrılığın bədii ifadəsində önəmli yer tutur. Bülbülün gözəlliyi, səsi, gülə sevgisi, gül həsrəti ilə oxuması, onun gülündən ayrılaraq qəfəsə salınması, aşiqliyi təmsil etmək imkanları şairə ayrılıq anlayışını təqdim üçün geniş yollar açır. O, özünü fəğan edən bülbülə bənzədir, bülbülün qəmli oxumasının səbəbi onun qəribliyidir, onun yanğılı səsi aşiqin qəlbini yandırır, ciyərini dağlayır, göz yaşlarını ümmana çevirir, ona elə gəlir ki, bülbül onun halını oxuyur, ona «ağlayır», onunla danışır: «Ötmə qərib bülbül, mən də qəribəm», - deyir, halını onun halı ilə eyniləşdirir, «… Bülbül kimi budaqda ötməz oldum…», - deyərək dərdini bölüşür. Aşiqə görə, o, gülsüz bülbüldür:

 

…Cüda bulbul, garib-garib ötüyor,

Yar, gözüme hayal hayal tütüyor,

Safa, cünbüş vakti gelip bitiyor,

Yetişti goncalar, derilmez oldu…

 

Bu ayrılıq həsrətini oxuyan bülbülün səsi dünyanı aşiqə zindan edir, o deyir ki, karvan onun dərdini çəkə bilməz. Qərib bülbülün fəryadı dağı yandırdığı kimi, qəlbinə od düşmüş aşiqin ahı da dəryanı yandırar. Axı onun yarı çox gözəldir, sevgilinin nurlu üzünün şöləsi bağı yandırır, o, elə gözəldir ki, öləni də, sağı da yandırır. O, sevgilisindən ayrı düşdüyünə görə, budağa qonaraq oxuyan bülbül kimi ağlamaqdan başqa bir şeyə gücü çatmır. Qaracaoğlan deyir ki, sevən aşiqin, həsrətlə göz yaşı tökən aşiqin ən çox bənzədiyi varlıq qərib bülbüldür:

 

İller yaylasına göçtüğü zaman,

Bülbül gülden, ben yarimden ayrıldım.

Dilim söyler amma, gözlerim ağlar,

Bülbül gülden, ben yarimden ayrıldım.

Şol görünen dağın karı söküldü,

Gözüm yaşı yeryüzüne döküldü.

İller kalktı yaylasına çekildi,

Bülbül gülden, ben yarimden ayrıldım.

Karacoğlan eydür: Ben de çağlarım,

Gazel oldu mor sünbüllü bağlarım.

Vadem yetti, yaşın yaşın ağlarım,

Bülbül gülden, ben yarimden ayrıldım.

 

Burada bülbül aşiqdir, gül də gözəl sevgilidir. Qoşmadakı bütün detallar ayrılığı yada salır: «köçən ellər» ayrılan aşiqin halını anlamağa yol açır, dil ayrılıqdan deyir, gözlər ağlayır, görünən dağın başı qarlıdır, bu qar ayrılıq çəkən aşiqi üşüdür, onun yara gedən yolunu bağlayır, dağların əriyən qarının seli ağlayan aşiqin göz yaşları kimi axır, xəzəl olan yarpaqlar, solan çiçəklər, bitən ömür, tükənən zaman, yaşın-yaşın ağlayan göz aşiqin ayrılıq həsrətini, onun qərib bülbül kimi tənhalığını bizə ilmə-ilmə çatdırır.

 

Siracəddin Hacı,

Araşdırmaçı

Xalq Cəbhəsi.- 2015.- 22 aprel.- S14.