Hüquqi dövlətdə siyasi
partiyaların hüquqi tənzimlənməsi və
funksiyaları
Bir çox hallarda avtoritar partiya sistemi faşist partiya
sistemi ilə eyniləşdirilir. Əslində isə, onların arasında müəyyən
oxşarlığın olmasına baxmayaraq, bu sistemlər
bir-birindən ciddi surətdə fərqlənirlər. Belə
ki, avtoritar partiya sistemində həm doktrinada, həm də
siyasi praktikada hakim amil kimi dövlət əsas
götürülür; burada hakim partiya, bir qayda olaraq, rəhbər
dövlət orqanlarının siyasətinin kütləvi
müdafiəsini təşkil edən geniş ictimai hərəkat
formasında mövcud olur; partiya sonradan yaradılır,
dövlət onu öz rəhbərliyinin idarəetmə
bazasını genişləndirmək məqsədi ilə
yaradır, o, hakimiyyətin həyata keçirilməsində
ikinci dərəcəli rol oynayır. Burada partiya elitası
siyasi hakimiyyət elitası deyildir; burada başqa partiyalar da
mövcud ola bilir. Lakin həmin partiyalar məhdud
dairədə fəaliyyət göstərir və dövlət
hakimiyyətini ələ almaq uğrunda partiyalararası mübarizədə
iştirak edə bilmirlər.
"Politologiya" kitabında göstərilir ki,
sosialist partiya sistemi çox vaxt hegemon partiya sistemi adlandırılır. SSRİ
dünyada birinci və ən qüdrətli sosialist dövləti
olsa da, sosialist partiya sistemi burada təşəkkül
tapmadı. Oktyabr çevrilişindən sonrakı ilk aylarda Sovet Rusiyasında sol eserlərlə partiya bloku fəaliyyət
göstərsə də, bu, uzun sürmədi; bolşeviklər
bütün müxalifətçi partiyaları qadağan etdilər.
Yalnız İkinci Dünya müharibəsindən sonra
sosialist partiya sistemi formalaşdı. Onun səciyyəvi əlaməti
ondan ibarət idi ki, burada mövcud olan digər partiyalar, bir
qayda olaraq, Kommunist Partiyasının siyasi sistemdəki
aparıcı rolunu qəbul edir, sosializm qurmağı ali məqsəd kimi
qarşıya qoyur və beləliklə də ikinci dərəcəli
rol oynayırdılar. Bu mənada sosialist partiya
sistemi əslində real çoxpartiyalılıqdan kənar
olmuş, burjua-demokratik partiya sisteminə xas olan demokratik
prinsiplər burada olmamışdır.
Partiyaların
və partiya sistemlərinin fəaliyyəti ilə
bağlı mühüm məsələlərdən biri siyasi sistemdə
onların yerinin qanunvericilik yolu ilə müəyyən edilməsidir.
"Politologiya" kitabında qeyd edilir ki,
partiyaların fəaliyyətinin hüquqi tənzimetmə
(başqa sözlə, partiyaların hüquqi təsisatlandırılması)
müasir siyasi sistemlərdə onların oynadığı
mühüm roldan irəli gəlir. Təsadüfi
deyildir ki,
partiyaların mövcud olduqları uzun illər ərzində
onların fəaliyyətini hüquqi tənzimetmə mexanizmi
olmamış, sözün əsl mənasında, bu proses
yalnız İkinci Dünya müharibəsindən sonra
başlanmışdır. Əvvəllər isə
hüquq sistemləri siyasi sistemdə hər bir vətəndaşın
fərdi yolla iştirakını nəzərdə tutan liberal
prinsipə üstünlük verirdilər. Keçən əsrin sonu və əsrimizin əvvəllərində
ilk dəfə ABŞ-da bu prinsipdən geri çəkilmə
müşahidə olunur. Məhz orada ilk dəfə
partiyaların fəaliyyəti çoxsaylı qanunlarla tənzim
olunmuşdur. Sonralar İtaliyada və
Almaniyada faşist rejimləri partiyaların fəaliyyətinin
hüquqi yolla tənzim etməyə başladılar. Onların qəbul etdikləri qanunlar faşist
partiyasından başqa yerdə qalan bütün partiyaları
qadağan etdilər. Həmin qanunlarda
dövlət orqanları funksiyalarının partiya
orqanlarına verilməsini nəzərdə tutan normalar öz
əksini tapmışdı.
Hazırda dünyanın əksər ölkələrində
konstitusiyalar ictimai və siyasi həyatda partiyanın yerini
müəyyən edir, siyasi sistemdə onun fəaliyyətinin
şərtlərini aydınlaşdırır, dövlət
hakimiyyəti orqanlarında partiyanın təmsil olunması
qaydasını, seçkilərdə partiyanın iştirak
mexanizmini, partiyaların dövlət tərəfindən
maliyyələşdirilməsini rəsmiləşdirir və
s.
Siyasi proseslərdə partiyaların iştirakı
onların yerinə yetirdikləri funksiyalarında öz əksini
tapır.
Siyasi partiyalar cəmiyyətdə aşağıdakı
funksiyaları yerinə yetirirlər:
- siniflərin, sosial qrupların,
bütövlükdə cəmiyyətin mənafelərinin
üzə çıxarılması, bəyan edilməsi və
əsaslandırılması;
- böyük ictimai qrupların fəallaşdırılması
və birləşdirilməsi;
- ideologiyanın və siyasi doktrinaların
formalaşdırılması;
- siyasi sistemlərin, onların ümumi prinsiplərinin,
komponentlərinin və i.a. formalaşdırılmasında
iştirak etmək;
- dövlət hakimiyyətinin həyata
keçirilməsində iştirak etmək;
- ictimai rəyin formalaşdırılması;
- bütövlükdə cəmiyyətin, yaxud
onun müəyyən bir hissəsinin siyasi cəhətdən
tərbiyə edilməsi;
- dövlət aparatı, həmkarlar
ittifaqları və i.a. üçün kadrların
hazırlanması və irəli sürülməsi.
Politoloqların
müşahidələrinə görə, XX əsrinə sonlarında bir
çox inkişaf etmiş ölkələrdə ənənəvi
siyasi partiyalardan müəyyən bir narazılıq
özünü göstərməkdədir. Bu
onda ifadə olunur ki, qeyri-mütəşəkkil siyasət
mütəşəkkil siyasəti (partiya siyasətini) getdikcə
daha çox sıxışdırır (başqa sözlə
desək, onu tamamlayır). Cəmiyyətin
sosial strukturunun mürəkkəbləşməsi, vətəndaşların
təhsil səviyyəsinin yüksəlməsi və ictimai
inkişafın digər mütərəqqi meyilləri nəticəsində
iri partiyalar ictimai həyatda oynadıqları mühüm rolu
tədricən itirməyə başlayırlar.Ayrı-ayrı
ölkələrdə müntəzəm keçirilən
seçkilər zamanı bu və ya başqa partiyanın namizədlərinə
səs verənlərin sayının azalması bunu bir daha
sübut edir.
Təsvir olunan vəziyyət bir çox cəhətdən
partiyaların öz daxilində baş verən proseslərlə
də əlaqədardır. Bununla əlaqədar
olaraq, siyasi partiyaların klassik tədqiqatçısı
olan Robert Mixelsin (1876-1936) fikirləri diqqəti cəlb edir.
Almaniyada partiya quruculuğu təcrübəsini öyrənmək
əsasında o, "oliqarxiyanın dəmir qanunu"nu işləyib
hazırlamışdır. Bu qanuna görə, partiya vəzifəsində
olan şəxs bu zaman texniki inzibati vərdişlər əldə
edir, təşkilatın təcrübəsini mənimsəyir,
komitələrin fəaliyyətinə, onların iş
prosesinə bələd olur. Tədricən o,
partiya aparatının bir hissəsi, həyati cəhətdən
mühüm əlaqələr zəncirinin əvəzedilməz
vəsiləsi, qərarların qəbul edilməsi sisteminin
bir komponenti olur. O, hakimiyyət əldə edir. Çətinliklə əldə edilmiş fəaliyyət
qabiliyyəti həmin aparat olmadıqda unudulur, onun hərəkətlərində
ardıcıllıq və varislik itir. Belə
bir insan partiyanın daimi mənsubiyyətinə çevrilir.
Nominal cəhətdən o, hətta yenidən
öz yerinə seçilirsə də, bununla belə
yaxşı müdafiə olunur. Onun nəinki
vəzifədən getmək qorrxusu yoxdur, əksinə, o
öz təsirini gücləndirmək məqsədilə
istefaya getməklə hədələyə bilir (hakimiyyətinin
son dövrlərində M.Qorbaçovun və A.Mütəllibovun
hərəkətlərini xatırlayın!). Partiyanın maliyyə vəsaiti üzərində nəzarət,
aşağı rütbəli məmurları təyin etmək
hüququ onun əlinə keçir. Bütün
bunlar çoxsaylı yaltaqlar və vəzifəbazlar tərəfindən
onun müdafiə olunacağına təminat verir. Nəticədə, hətta ilk öncə demokratik
yolla təşkil olunmuş partiyalarda oliqarxiya nəzarəti
hökm sürməyə başlayır. Fəal
azlığın işləyib hazırladığı siyasət, getdikcə daha
çox nəzərdə tutulduğunun əksinə olaraq, əksəriyyətin
deyil, azlığın mənafeyini əks etdirir. Bütün
bunlara baxmayaraq, siyasi partiyalar müasir dünyanın siyasi həyatında
mühüm rol oynamaqda davam edirlər. Tədqiqatçıların əksəriyyəti
güman edir ki, uzaq gələcəkdə də onlar siyasi
sistemin ayrılmaz komponenti kimi mövcud olacaqlar.
Totalitar
rejimin dağılması və müstəqil Azərbaycan
dövlətinin yaranması respublikamızda yeni-yeni siyasi
partiyaların təşəkkül tapması və
onların gündəlik siyasi həyatımızın
ayrılmaz bir hissəsinə çevrilməsinə gətirib
çıxarmışdır. Respublika Ədliyyə
Nazirliyində artıq 20-yə yaxın siyasi partiya rəsmi
qeydiyyatdan keçmişdir. Bununla belə,
respublikamızda mövcud olan partiyaların yaranması və
onların fəaliyyəti ilə bağlı bəzi
mülahizələrimizi oxucularla bölüşməyi məqsədəuyğun
hesab edirik.
Hər şeydən əvvəl, dünya təcrübəsi
sübut edir ki, siyasi partiyaların yaranması obyektiv tələbatın
ifadəsi olmalı və onlar siyasi sistemin bir hissəsi kimi
yaranmalıdırlar. Lakin respublikamızın gerçəkliyi göstərir
ki, burada yaranan partiyalar heç də həmişə obyektiv
tələbata cavab vermir, onlar dövlət və xalq
qarşısında öz məsuliyyətini çox vaxt
aydın dərk
etmirlər. Buradan da partiyaların fəaliyyəti
dövlət quruluşumuzun möhkəmləndirilməsinə
deyil, bəzi hallarda onun zəiflədilməsinə xidmət
edir. Daha sonra bir qayda olaraq,
respublikamızda siyasi partiyalar demokratik yolla deyil, bu və ya
başqa bir liderin ətrafında yaranır və onlar bu və
ya başqa bir qrupun deyil, ayrı-ayrı liderlərin mənafeyinə
xidmət edirlər.
Partiyalar həm kəmiyyət və həm də keyfiyyətcə hələ çox zəifdirlər. Buna görə də onların bir çoxu hakimiyyət uğrunda real mübarizəyə qoşula bilmir. Nəhayət, respublikanın Milli Məclisi müvafiq seçki qanununu qəbul etmədiyindən, burada hansı partiya sisteminin formalaşacağı hələlik sual altındadır. "Siyasi partiyalar haqqında" qəbul olunan qanun isə partiyaların fəaliyyətinin ümumi müddəalarını müəyyən edir və onu hüquqi yolla tənzim edir.
Ulu Öndər Heydər Əliyev kimi görkəmli şəxsiyyətin adı ilə bağlı olan Yeni Azərbaycan Partiyasının yaranması Azərbaycan cəmiyyətində böyük siyasi-tarixi hadisə idi. Heydər Əliyevin siyasi təcrübəsi, şəxsi nüfuzu və müstəqil demokratik dövlətçilik yönündə gərgin fəaliyyəti milli istiqlalını yenicə qazanmış xalqımızın bugünkü və gələcək taleyi üçün mühüm faktora çevrildi. Eyni zamanda, YAP-ın ümumxalq partıyası kimi yaranması onun sosial bazasının və intellektual potensialının möhtəşəmliyini ifadə edirdi.
Heydər Əliyevin siyasi xəttinin məzmun-mahiyyəti YAP-ın Proqramında və onun çıxışlarında açıq və dolğun şəkildə ifadə olunurdu. Ruhən demokrat olan Prezident Heydər Əliyev vaxtilə müxalifətçilikdə də "milli demokratlara" böyük dərs keçməli oldu. Prezident Heydər Əliyev deyirdi: "Yeni Azərbaycan Partiyası o vaxtkı iqtidara müxalif partiya kimi yaranmamışdı. Bu həqiqət məlumdur. Partiyanın nə proqramında, nə qarşıya qoyduğu məsələlərdə hakimiyyətə, o vaxtkı iqtidara müxalif fikirləri olmamışdır. Bu partiyanı yaradan adamlar müxalifət olmaq yox, sadəcə, Azərbaycandakı çoxpartiyalılıq şəraitində respublikamızın ictimai-siyasi həyatında partiya tərkibində iştirak etmək istəyirdilər".
Yeni Azərbaycan Partiyasının Proqram sənədlərində əsas prinsiplərin müəyyənləşməsinə çox məsuliyyətlə yanaşırdı. YAP təsis olunan zaman AXC-Müsavat hakimiyyətinə konkret münasibətini müəyyənləşdirərək həmin dövrdə siyasi hakimiyyətə gəlməyi heç də əsas məqsədi hesab etmirdi. Partiyanın ən böyük amalı Azərbaycanın müstəqil dövlətçiliyini qoruyub saxlamaq, cəmiyyətdə demokratik prinsiplərin bərqərar olmasını təmin etməkdən ibarət idi. Əslində bu fikir yalnız partiya sənədlərində deyil, kütləvi tədbirlərdə də dəfələrlə səsləndirilirdi. Məsələn, partiyanın təsis olunmasından bir qədər sonra Heydər Əliyev deyirdi: "YAP-a belə böyük maraq göstəriləcəyini əvvəlcədən təsəvvürümə gətirmirdim. Görünür, partiyanın Nizamnamə və Proqramı xalqın ürəyindəndir və xalq YAP-da öz gələcəyini görür".
YAP-ın əsas məqsədi Azərbaycanı düşdüyü ağır vəziyyətdən çıxartmaqdır... Azərbaycanın müstəqil dövlət olması böyük tarixi hadisədir.
VAHİD
ÖMƏROV,
fəlsəfə
üzrə fəlsəfə doktoru
Səs.- 2015.- 22 aprel.- S15.