Şəkinin Bakıda təqdimatı…
Mədəniyyət və Turizm Nazirliyinin "Bölgələrdən paytaxta" layihəsi paytaxt sakinlərini regionların mədəniyyəti, el sənətkarlığı, sosial-iqtisadi inkişafı ilə tanış etməkdə davam edir. Layihənin növbəti ünvanı Şəki idi. Aprelin 21-də Bakı Şəhər Mədəniyyət və Turizm İdarəsi və Şəki Şəhər Mədəniyyət və Turizm Şöbəsinin təşkilatçılığı ilə Azərbaycan Dövlət Akademik Milli Dram Teatrında keçirilən tədbirin iştirakçıları əvvəlcə bölgənin tarixi-mədəni irsini, müasir inkişafını, mətbəx nümunələrini, dekorativ-tətbiqi sənət ustalarının əl işlərini, turizm imkanlarını əks etdirən sərgi ilə tanış oldular. Sərgidə Şəkinin bar-bərəkəti, rayonda istehsal olunan ərzaq və kənd təsərrüfatı məhsulları, Şəkinin tarixi, mədəniyyəti haqqında nəşrlər, rəsm əsərləri də yer almışdı.
Mərasimdə çıxış edən mədəniyyət və turizm nazirinin birinci müavini Vaqif Əliyev "Bölgələrdən paytaxta" layihəsinin uğurla davam etdiyini bildirdi. Qeyd etdi ki, Prezident İlham Əliyev tərəfindən təsdiq edilmiş regionların sosial-iqtisadi inkişafına dair dövlət proqramlarının icrası bölgələrdə mədəniyyət və turizmin inkişafına da böyük zəmin yaradıb. Vurğulandı ki, bu layihə vasitəsilə bölgələrimizin mədəni irsini, müasir gözəlliklərini paytaxtda nümayiş etdirib, bu zənginliyi təbliğ edirik.
Vaqif Əliyev Şəkinin tarixindən, görkəmli şəxsiyyətlərindən də danışdı. Bildirdi ki, Şəki şəhəri qədim zamanlardan Azərbaycanın mədəni və iqtisadi mərkəzlərindən biri olub: "Şəki öz toxuculuq sənəti, xüsusilə də ipəyi ilə Şərq ölkələrində, Avropada geniş tanınıb. Bu gün isə Şəki yeni inkişaf dövrünü yaşayır. Şəhərin siması dəyişir. Şəki artıq ənənə halını alan "İpək yolu" beynəlxalq musiqi festivalına, digər mədəniyyət tədbirlərinə ev sahibliyi edir, yenidən dünyanın diqqət mərkəzinə çevrilir".
Şəkinin turizm imkanlarından da söz açıldı: "Füsunkar təbiəti, tarixi abidələri olan Şəkinin turizm potensialı genişdir. Zəngin folkloru, gözəl mətbəxi, mehriban və qonaqpərvər insanları bu şəhərin imicini formalaşdırıb. Burada keçirilən beynəlxalq tədbirlər həm şəhərin mədəni həyatına müsbət təsir göstərir, həm də turizmin inkişafına şərait yaradır".
Şəki Şəhər İcra Hakimiyyətinin başçısı Elxan Usubov çıxış edərək son illər şəhərdə aparılan tikinti, quruculuq işlərindən, sosial layihələrdən danışdı. Vurğuladı ki, ölkə başçısının Şəkiyə göstərdiyi diqqət və qayğı nəticəsində bölgədə yenidənqurma işləri aparılır və bu zaman milli memarlıq üslubu qorunub saxlanılır. Eyni zamanda, şəhərin mədəniyyət və turizm infrastrukturu genişlənir.
Sonra Şəkinin tarixini, bugünkü sosial-iqtisadi və mədəni inkişafını əks etdirən videoçarx nümayiş olundu.
Tədbir incəsənət ustalarının
konserti ilə davam etdi. Şəki
Şəhər Mədəniyyət
və Turizm İdarəsinin "Zirvə"
xalq instrumental ansamblının
müşayiət etdiyi
konsertdə şəhər
uşaq incəsənət
məktəbinin "Fidanlar"
rəqs qrupunun ifasında "Vals", Səməd Vurğun adına şəhər folklor evinin işçisi Məlahət
Mahmudova "Güllərim",
Oxud kənd folklor evinin müdiri Baxşəli Abdurahmanov "Heyratı",
M.F.Axundzadə adına
Mədəniyyət mərkəzinin
işçisi Vüqar
Hüseynov "Bağışla"
mahnılarını ifa
etdilər. Şəki
Musiqi Kollecinin müəllimi Mobil Əhmədov
"Yağma, yağış",
Azər İsgəndərov
"Ala gözlüm", Aysel
İlyasova "Sevin Azərbaycanı", Seymur
Qasımzadə "Xalq
Heydər söyləyəcək"
mahnılarını səsləndirdilər.
Konsert proqramı alqışlarla
qarşılandı.
Tərlan
Xalq Cəbhəsi.- 2015.- 23 aprel.-
S15.