Bir təkan ver özünə, qalx ayağa gözlərin aç...

 

Təxminən iki əsr öncə Azərbaycan iki yerə parçalanandan sonra Cənubi Azərbaycan şairlərinin yaradıcılığında əsasən iki aparıcı xətt mövcud olub: biri vətən həsrəti, Cənubi Azərbaycanın Şimali Azərbaycana qovuşması arzusu, ikincisi isə xalq adət-ənənələrinin lirik lövhələri. Cənublu şairlərin hər hansı birinin yaradıcılığına nəzər salsaq, ədəbi fikrin bu iki xəttdən yan keçmədiyini görərik. Seyid Məmmədhüseyn Şəhriyar haqqında yüzlərlə monoqrafiyalar, elmi-tədqiqat əsərləri yazılıb. Onun elə təkcə “Heydərbabaya salam” poeması ətrafında saysız-hesabsız elmi əsərlər mövcuddur.

Bunun əsas səbəblərindən biri dahi şairin folklora, eyni zamanda xalq adət-ənənələrinə bağlılığı, öz poeziyasının şirəsini məhz bunlardan çəkməsidir. Hamıya məlumdur ki, bütün türk dünyasına səs salmış, uzun illərdir ki, türk dünyasında hər bir poeziya həvəskarının stolüstü kitabına çevrilmiş “Heydərbabaya salam” bilavasitə xalq adət-ənənələrinin nəhəng bir aynasıdır. Lakin dahi şairin xalq adət-ənənələrinə müraciəti təkcə “Heydərbabaya salam”la bitmir. Onun yaradıcılığında xalq adət-ənənələri ilə bağlı misralara tez-tez təsadüf olunur.

Ana haqqında demək olar ki, bütün şairlər qələm sınayıblar. Həm Şimali, həm də Cənubi Azərbaycan şairləri arasında yəqin ki, ana haqqında yazmayan bir şairə rast gəlmək mümkün deyil. Lakin Şəhriyarın “ana”sında şairin mənəvi dünyası xatirə-xatirə, duyum-duyum çözələnir, açılır. Şəhriyar anasının portretini yaratmaqla özünün sular şəlaləsində təmizlənən əksini göstərir. Daim öz yaradıcılıq kredosuna sadiq qalan ustad şair ananı layiq olduğu müqəddəsliyə qaldırır:

 

Beşiyimin başında gah gülmüş, gah ağlamış,

Qundağımın bağını nəğmələrlə bağlamış.

Mənim eşqim, ilhamım, hər nəyim var, onundur,

Bu qəmlər, bu ələmlər, bu misralar onundur.

 

Mən yazmıram bəlkə də yazır indi bu şeiri,

Onun qızıl şüa tək könül titrəyişləri.

Mən onun sayəsində boya-başa çatmışam,

Anam məni yaratmış, mən aləm yaratmışam.

 

Göründüyü kimi ustad şair burda anaya sadəcə olaraq tərif demir, ananın övladının yolunda çəkdiyi dözülməz əziyyətləri, ürək yanğısını, kədərini poetik tablolarla göz önündə canlandırır, eyni zamanda ananın müqəddəs obrazını yaradır.

Burda şair həm də şair anasının ölüm xəbərini alarkən keçirdiyi pərişanlığı poetik hiss və duyğularla oxucusuna aşılayır. Bütün bunlardan başqa ustad şair bu əsərində eyni zamanda xalq adət-ənənələrinin də poetik mənzərəsini göz önünə gətirir:

 

Onun nağıllarıyla qanadlanmış xəyalım,

Bayatılar, laylalar, təranələr demiş o.

 

Məlumdur ki, bayatılar, laylalar, oxşamalar ananın intəhasız məhəbbətindən yaranan kövrək və həzin zümzümələr olsa da, xalq adət-ənənələri sırasında misilsiz ləllər, gövhərlər kimi özünəməxsus yer tutub. Çünki körpəsinin beşiyi başında layla çalmayan bir ananı Azərbaycanla, Azərbaycan məişəti, Azərbaycan təbiəti, Azərbaycan milli dəyərləri ilə şübhəsiz ki, bağlı hesab etmək olmaz. Çünki azərbaycanlı analar ta qədim zamanlardan bəri körpələrinin beşiyi başında və yaxud çağasını qucağına götürərək layla çalmışlar. Laylalar, oxşamalar xalq mahnılarımızın, xalq nəğmələrimizin bünövrəsini təşkil edib.

Ustad Şəhriyar bu əsərdə eyni zamanda özünün irfani, təqvalı bir şair olduğunu olduqca kövrək boyalarla büruzə verir.

Təndirə çörək yapmaq xalqımızın adət-ənənələri içərisində əhəmiyyət kəsb edib. Belə ki, dahi Şəhriyar özünün misilsiz “Heydərbabaya salam” əsərində buna da biganə qalmayıb:

 

Səhər tezdən naxırçılar gələrdi,

Qoyun-quzu dam-bacadan mələrdi.

Əmməcanım körpələrin bələrdi,

Təndirlərin qovzanardı tüstüsü,

Çörəklərin gözəl iyi, istisi.

 

Havalar istiləşməyə başlayanda elin yaylağa köçməsi hələ çox qədim zamanlardan Azərbaycan xalqında adət şəklini alıb. Azərbaycan xalqı bir xalq kimi formalaşan zamandan oturaq həyat sürsə də, qış vaxtı qışlağa, yay vaxtı yaylağa köçmək onun həyatında böyük əhəmiyyət kəsb edib. Yaylaqlar dağ ətəklərində, qışlaqlar isə aran yerlərində olduğu üçün yaylağa köçən ərəfədə şairin dediyi kimi dağ-dərələr çiçəklənib gülür.

İstər Cənubi, istərsə də Şimali Azərbaycanın bir çox, əsasən təbiət etibarı ilə füsunkar olan bölgələrdə bahar çağı novruzgülü yetişən zaman gənc qızlar xoş arzularla novruzgülü dərib səbətə yığırlar.

Təbrizdə doğulub boya-başa çatmış, yaradıcılığına da bu əfsanəvi diyarda başlamış, sonralar Şimali Azərbaycanın Quba şəhərinə köçmüş Mir Mehdi Çavuşi istər Güney Azərbaycanda, istər də Quzey Azərbaycanda yaradıcılığında əsasən azadlığı, istiqlaliyyəti, vətəni, xalqı tərənnüm etsə də, xalq adət-ənənələrini şərbətə gül şirəsi qatılan kimi yaradıcılığına qatıb. Məlum məsələdir ki, ağsaqqal, ağbirçək sözü, valideynin övladına öyüd-nəsihəti, tövsiyəsi Azərbaycan xalqının həyatında, məişətində böyük əhəmiyyət kəsb edir. Ümumiyyətlə, valideynin övladını tərbiyə etməsi milli dəyərləmizdən sayıldığı üçün milli dəyərlərimiz də adət-ənənələrimizin içində önəmli yer tutmaqdadır. Mir Mehdi Çavuşu “Tənbəl oğluna atanın nəsihəti” şeirində tənbəlliyin insan həyatı üçün nə qədər bəlalı, təhlükəli olduğunu göstərməklə yanaşı qədim zərbi-məsəllərdən qaynaqlanan dərin hikmətanə sözlərlə, tək bir tənbəl oğlana deyil, minlərlə işləmək istəməyən, gününü yatmaqla keçirən gənclərə olduqca ibrətamiz dərslər keçir:

 

Xoş səmər verməz oğul, insanə yatmaq bu qədər,

Bil ki, ömrün bu gözəl saətinin qiyməti var.

Bir təkan ver özünə, qalx ayağa gözlərin aç,

Gör ki, tənbəllərə əsrin nə ağır töhməti var.

Xabi-qəflətdə yatanlar ayılır indi bütün,

Çünki vaxtın olara verdiyi bir fürsəti var.

Gərçi, dünyada yatıb ədlilə zülmün ələmi,

Nuri-Haqq qalib olub, yer üzünə nüsrəti var.

Leyk səndən də gərək, oğlum, ola bir hümmət,

Çün yaşar dəhrdə ol kəs ki, onun hümməti var.

Müftə bir loğma çörək heç kəsə verməzlər inan,

Gərək insan özünə iş görə, kim qeyrəti var.

Kişidən istənilən-himmət ilə qeyrətdir,

Olsa hər kəsdə yəqin et ki, onun qüdrəti var.

 

İndi dünya dəyişir sürət ilə öz vəzin,

Dur ki, insanlara hər yerdə onun diqqəti var.

Daha bəsdir bu qədər nikbət ilə əmr eləmək,

Ya ölüm, ya ki, zəfər-bu məsəlin şöhrəti var.

Açılıb sübhi-səadət, qurulub bəzmi-nişat,

Qafil olma, çağır ol kəsləri kim zinəti var.

Bil ki, zinət deyilən elm və ədəbdir bəşərə,

Hər kəsin varsa, onun xalqa böyük minnəti var.

Talib olmaz pula dünyadə olan əhli-kamal,

Çünki dünyada onun elm kimi sərvəti var.

 

1946-cı ildə Milli Hökumətin məğlubiyyətindən sonra Cənubi Azərbaycanda insanlarda bir ruhi düşkünlük, pərişanlıq, məyusluq hökm sürməkdə idi. Şübhəsiz ki, bu ədəbi prosesə də öz təsirini göstərməkdə idi. 1941-1946-cı illərdə Milli Hökumətin fəaliyyəti zamanı böyük şövqlə, həvəslə əlinə qələm alıb ümumazərbaycan ədəbiyyatı sərgisinə ətirli güllər-çiçəklər bəxş edən şairlərin, yazıçıların böyük bir qisminə qarşı amansız təqiblər, haqsız ittihamlar başlamış, Cənubi Azərbaycan şeirinin ən görkəmli simaları günahsız və səbəbsiz olaraq həbsxanalara salınmış, işgəncələrə məruz qalmışdılar. Cəfər Kaşif Rza şahın cəlladları tərəfindən vəhşicəsinə qətlə yetirilmiş, Səməd Behrəngi insanlığa sığmayan bir tərzdə fars şovinistləri tərəfindən Araz çayında batırılmış, Səhənd, Əlirza Nabdil Oxtay və bir çox başqaları isə zindana atılmışdılar.

Lakin Milli Hökumətin süqutu Cənubi Azərbaycan şairlərinə nə qədər ağır təsir göstərsə də, onlar həbsxana divarları arasında, işgəncələrə məruz qaldıqları anda belə əvvəlkindən də mükəmməl və dəyərli əsərlər yaradırdılar.

“Səhəndin həbsxanada olduğu illərdə (1951-1953) yaradıcılığında dərin izlər buraxan “Araz” və “Xatirə” kimi ağır çəkili, ədəbi-bədii dəyərli poemaları onun yüksək qiymətləndirilən qələm məhsulları sıralarına daxil oldular. Bizə elə gəlir ki, bu marağın izahını ən azı iki özül üzərində aparmaq mübahisəyə səbəb olmazdı. Bizcə həmin poemaların yaranmasında şairin həbsxana şəraitində belə özünün siyasi və ədəbi-bədii baxışlarına sədaqəti, sənətkar qətiyyəti başlıca rol oynayıb. Səhəndin köksündə səngimək bilməyən Vətən eşqi və yaradıcılıq ehtirası, hətta həbsxananın dörd divarı arasında onun gözlərinə işıq, zəkasına aydınlıq bəxş edib”.

Səhənd Azərbaycan poeziyasının çoxəsrlik parlaq ənənələri zəminində yetişmiş və öz qiymətli əsərləri ilə onu daha da zənginləşdirmiş sənətkarlardan idi. Səhənd bütün əsərlərində əsl Azərbaycan şairi kimi çıxış edib. Onun şeirlərinə xas olan bir cəhət var. Bu şairin təsvir obyektinə hədsiz məhəbbətidir. Səhəndin şəxsiyyəti ilə yaradıcılıq amalı, fərdi keyfiyyətləri ilə sənət aləmi arasında mənalı bir ahəngdarlıq duyulmaqdadır. Səhənd həssas qəlbli lirik şair, insan qəlbinin incəliklərini dərindən duyan zövqlü sənətkardır. Bunun əsas səbəbi isə şair yaradıcı ilhamını bütün varlığı ilə bağlı olduğu xalqdan, onun mənalı keçmişindən almasından irəli gəlir.

Səhəndin yaradıcı keyfiyyətlərindən biri də onun folklora yaradıcı münasibəti idi. Şairin “Sazımın sözü” poeması hər şeydən əvvəl məqsəd aydınlığı baxımından səciyyəvidir. Səhənd “Dədə Qorqud” eposunun motivləri əsasında yaratdığı bu əsərdə incə yaradıcılıq işini elə həssaslıqla həll edib ki, dastanın ümumi ruhuna, ideya mahiyyətinə, obrazlar aləminə qətiyyən xələl gəlməyib, surətlərin dünya baxışındakı, təfəkkür tərzindəki ilkinlik təmin edilib, dastanın monimentallığı qorunub. Odur ki, xalqın haqqın, ədalətin təntənəsinə inamı, əmin-amanlıq, vətən yolunda təmənnasız xidmət, lazım gələndə ölümü əsl kişi kimi qəbul etmək qənaəti əsərdə açıq-aşkar özünü göstərir. Bütün bunlardan başqa isə Səhənd peşəkarlıqla bu əsərdə poetik mətləbi şəxsi, subyektiv məqamdan xalqın olduqca zəngin adət-ənənlərinə doğru yönəldib:

 

Şeytan yaranmışı tanıtdıraraq

Əzəldən qarğımış gecəni insan.

Ocaqlar, məşəllər yazmaqla ancaq,

Qaçmışdır gecədən, qaranlıqlardan.

 

Hələ də, hələ də bizim yerlərdə

Sadə insanların andı “çıraq”dır.

Xalqın arasında kənddə, şəhərdə

Müqəddəs yerlərin adı “ocaq”dır.

 

İşıqdan doğursa istilik, istək,

Qaranlıqdan doğur soyuq, aldanış.

Məhəbbət axtaran insanlıq demək,

Ona baş endirmiş, bunu qarğımış.

 

Vüqar Əhməd,

professor

Xalq Cəbhəsi.- 2015.- 23 aprel.- S14.