Yurdumuzun şöhrətidir dilimiz

 

Ataların, babaların gəldiyindən, keçdiyindən...

 

Şair burda xalq adət-ənənələrinə böyük bir sevgi göstərməklə oxucusunu çırağa, ocağa hörmət göstərməyə, onları yeddi arxa dönənlərimiz kimi müqəddəs saymağa, ocağın, çırağın nurunda öz soykökünü yaxından tanımağa, hansı milli dəyərlərlə yaşadqlarını yaxşıca öyrənməyə çağırır.

Səhənd “Sazımın sözü” poemasında əcdadı türk oğlu türk olan Azərbaycan xalqının qorxmaz, mərd, alicənab, xeyirxah, acizin zalımı deyil, zalımın zalımı olmasından, bütün varlıqlarıyla haqqa bağlılıqlarından, təmiz və gözəl əxlaqa, yüksək mənəvi keyfiyyətlərə malik olmasından söhbət açır:

 

 

Dişi aslan, qoç igidlər,

Qulluğuna söyləyim mən.

Bu ellərin, obaların,

Ataların, babaların,

Gəldiyindən, keçdiyindən,

Haqq badəsin içdiyindən.

Bu torpaqda, bu diyarda,

Əsrlərdən əsrlərə

Əlsizləri talamayan,

Tüpürdüyün yalamayan,

Dillərinə yalan gəlməz,

Haqq yolundan üz çevirməz,

Zülmkara boyun əyməz

Arxasını düşmən görməz.

(“Cənubi Azərbaycan ədəbiyyatı antologiyası” 4-cü dild. Bakı-Elm-1994. səhifə 195).

 

 

Ana məhəbbəti, ana sevgisi Şimali Azərbaycan şairlərində olduğu kimi heç bir zaman Cənubi Azərbaycan şairlərinin də yaradıcılığından yan ötməyib:

 

 

Əzəldən bu el, bu oba,

Analığa dərin hörmət bəsləmiş.

Ana qarşısında Topal Teymur da,

Ayaq geri qoymuş, bağış diləmiş.

 

Bu haqqı tanıyan, haqqı sevən el,

Mərifətdə incə yerlərə çatmış.

“Ana haqqı Tanrı haqqıdır”-deyə,

Belə bir bədii məsəl yaratmış.

(Sabir Nəbioğlu “Səhənd” Bakı-2006. səh.67).

 

 

Səhəndin şeirlərində işıqlı, nikbin, mənəvi hisslərin tərənnümü, milli dəyərlərimizin mənalandırılması yaradıcılıq səyinin təzahürüdür. Mənəvi saflıq və təmizlik, həyata və insana tükənməz sevgi, əcdada bağlılıq, xalqın nəcib əxlaqi ənənələrinə sədaqət, insan haqqında yaddaşı qoruyub saxlamaq əsas ideya xüsusiyyətləri meydana çıxır. Xalq adət-ənənələrinə geniş və canlı münasibəti onun şeirlərinin bariz xüsusiyyətlərindəndir. Biz şairin xəfif qüssəsini, vətəndaşlıq düşüncələrini hiss edir, yaşayır və bundan təsirlənirik.

Qədim zamanlardan xalqımız sazı və sözü xalqın həyatını yaxşılaşdıran, insanlar arasında həqiqəti, işıqlı fikirləri, həyat və mübarizə eşqini yayan, insanları pis əməllərə, riyakarlığa, ədalətsizliyə qarşı səfərbər edən təmiz, kəsərli, müqəddəs bir silah kimi qiymətləndiriblər. Səhənd “Sazımın sözü” poemasını Azərbaycanın əcdad səlnaməsi olan Dədə Qorqud dastanının motivləri əsasında yaratmaqla yanaşı, doğma Azərbaycan dilinin incəliklərindən, məna dəyərindən, gözəlliyindən məharətlə istifadə edərək, eyni zamanda bu əsərlə Azərbaycan dilini susdurmağa çalışan, ona hucum edən şovinistlərə qarşı çıxış edib və Azərbaycan dilinin heç bir dildən əskik olmadığını, bütün ruhunun və ifadə vasitələrinin nə qədər yüksəkdə durduğunu canlı lövhələrlə göstərib.

“İllər boyu İranın farsdilli elm və təhsil sisteminin təlqin etdiyi, beyinlərə yeritdiyi “Azərbaycan türkcəsi dil deyil, ləhcədir” ideyasını onun yaratdığı “Sazımın sözü” əsəri alt-üst edir. O, bu əsəri yazarkən kamil bir söz ustası kimi mədəni irsə yaradıcılıqla yanaşıb, ona həm fəlsəfi məzmun, həm də yeni çalar və nəfəs verir. O, Dədənin sazını əlinə alıb onun diliylə yaşadığı dövrdə xalqının düçar olduğu dərdlərindən böyük cəsarətlə bəhs edir. O, eposu yenidən işləyərək dastanın əvvəlinə və sonuna əlavə etdiyi poetik parçaları xalqının çağdaş ictimai-siyasi durumu, vəziy¬yətilə bağlayıb, öz baxışlarını, fikirlərini söyləyir”. (“Güney Azərbaycan” “Orxan-Bakı” 2000. səh.426-427. Şövkət Tağıyeva, Əkrəm Rəhimli, Səməd Bayramzadə).

1946-cı ildə Milli Hökumətin məğlubiyyətindən sonra Cənubi Azərbaycanda insanlarda bir ruhi düşkünlük, pərişanlıq, məyusluq hökm sürməkdə idi. Şübhəsiz ki, bu ədəbi prosesə də öz təsirini göstərməkdə idi. 1941-1946-cı illərdə Milli Hökumətin fəaliyyəti zamanı böyük şövqlə, həvəslə əlinə qələm alıb ümumazərbaycan ədəbiyyatı sərgisinə ətirli güllər-çiçəklər bəxş edən şairlərin, yazıçıların böyük bir qisminə qarşı amansız təqiblər, haqsız ittihamlar başlamış, Cənubi Azərbaycan şeirinin ən görkəmli simaları günahsız və səbəbsiz olaraq həbsxanalara salınmış, işgəncələrə məruz qalmışdılar.

Şairin “Dədə Qorqud”a müraciəti təsadüfi deyil. Tarixə marağı Səhəndin məhz xalq adət-ənənələrinə marağının qanunauyğun davamı kimi onu “Dədə Qorqud”la görüşdürür və bunu qəhrəmanlıq dastanının motivləri zəminində davam etdirməyə ən gözəl imkan tapa bilir. Bu əsərdə hər şey əzəmət və vüsət duyğusu oyadır. Səhənd poemada əsl ülvi eşqin intəhasızlığını bəyan edir:

 

 

Eşqin, məhəbbətin, mənəviyyatı,

Bir də nişan verdi öz qüvvəsini!

Ürək birliyinin ölməz qüdrəti

Dəyişdi tanrının iradəsini...

(“Cənubi Azərbaycan ədəbiyyatı antologiyası” 4-cü dild. Bakı-Elm-1994. səh. 209).

 

 

Bu bəndi həm hərfi, həm də simvolik mənada əsərin leytmotivi hesab etmək olar. “Dədə Qorqud” eposunun ruhu, musiqisi, ritmi, ifadə tərkibləri ilə poemanın ideya, dil və üslubu arasında əla vəhdət tapılıb ki, Səhəndin belə bir gözəl əsər yaratmasına səbəb onun yuxarıda qeyd olunduğu kimi şifahi xalq ədəbiyyatına sıx surətdə bağlı olmasından doğub.

Mənəviyyat hər şeydən irəlidir ki, bizim əxlaq idealllarımızdan ucada dayanan heç bir məhdud və konyuktur istehlakçı mənafeyi mövcud deyil. Maraqlıdır ki, bu ideya poemada doğruluq və şərəf haqqında ənənəvi xəlqi təsəvvürlərin, halallıq, qeyrət və namus anlayışlarının işığında öz bədii ifadəsini və təsdiqini tapıb. Xalqın ən yaxşı ənənələrini axıra qədər izləməyə Səhənd poemada sazının sözü ilə nail olur.

Haşım Tərlanın yaradıcılığını izləsək, şairin xalq adət-ənənələrinə bütün varlığı ilə bağlı olduğunu necə deyərlər, hər misranın başında görərik. Şair məntiqli təşbihlərlə öz lirik mənində daim Azərbaycan xalqının yüksək mənəvi keyfiyyətlərini, milli istiqlal arzusunu, vətənpərvərliyini, mərdliyini nümayiş etdirir:

 

 

Əziz Vətən, sənin doğma elində

Bitən lalə, açan güllər mənimdir.

Bu şövkətli, əzəmətli torpağın

Qoynundakı igid ellər mənimdir.

 

Aslan kimi xalqımdakı çox hünər,

Tarix bilir vüqarlıdır dağ qədər.

Bülbül kimi nəğmə deyən hər səhər,

Sazındakı səsli tellər mənimdir.

 

Səadətdən ilham aldı elimiz,

Günəş çıxdı işıqlandı günümüz,

Yurdumuzun şöhrətidir dilimiz,

Bu şöhrətli şirin dillər mənimdir.

 

İndi doğma diyar geyinir əlvan,

Vətən göylərindən çəkilir duman.

Fəxridir könlümə bu nur hər zaman,

Azərbaycan adlı elölər mənimdir.

(“Mənimdir”.“Cənubi Azərbaycan Ədəbiyyatı Antologiyası” 3-cü cild. Səhifə 192. Bakı-Elm-1988).

 

 

Haşım Tərlan ustad şairdir, yüksək zövq sahibidir. O, gözlənilməz fikir, məna dönüşləri, daxili təzadlar yaratmaqda mahirdir. Onun “Azərbaycan Əncüməninə” şeiri qoşma vəznində heyrətamiz ifadələrlə olduqca zəngindir:

 

 

Ey könül, fəxr elə, bizim əncümən

Günəş karvanının sırasındadır.

Dostların məqamı, dostların yeri,

Qaşımla gözümün arasındadır.

 

Gəlin alqış edək bu ülviyyəti,

Elə təqdim edək şeiri, sənəti,

Bizim əncümənin zəfər hikməti

Onun vəhdətində, şurasındadır.

(“Cənubi Azərbaycan Ədəbiyyatı Antologiyası” 4-cü cild, səh. 130. Bakı-Elm, 1994).

 

 

Haşım Tərlanın qoşmalarında incə ruh, gözəllik duyğusu, məlahət və məhəbbət hakimdir. Onun dilində adi sözlər füsunkar bir gözəllik kəsb etməklə yanaşı iddiomlara çevrilir. Haşım Tərlan şeirdə hissiyat genişliyini, fikir dərinliyini sevir, hər şeyin ən gözəlini, kamilini axtarır. Sağlam həyat eşqi, nikbin ruh, insana inam və vətənə olan intəhasız sevgi Haşım Tərlan qoşmalarının xalq ədəbiyyatı bulağından, xalqın həyatından götürdüyü şirin, billur damcılardır ki, misralara çevrilib:

 

 

Əzəl gündən aşıq kimi yar oldum,

Sənə bu dünyada mehriban vətən.

Sevdim səni min eşqlə vuruldum,

Analıq haqqına hər zaman vətən.

 

İlham aldım sənin şən qucağından,

Mehriban ana tək süd verdin mənə.

Boy atdım içdikcə hər bulağından

Odur qəlbimdə var məhəbbət sənə.

(“Vətən”.“Cənubi Azərbaycan Ədəbiyyatı Antologiyası” 3-cü cild. səh. 191. Bakı-Elm, 1988).

 

 

Dünyanın bir çox xalqlarına bəllidir ki, xalçaçılıq sənəti, xalça toxumaq Azərbaycan xalqının həyatı, məişəti, mədəniyyəti, mənəviyyatı, eyni zamanda adət-ənənəsi ilə bağlı olduqca möhtəşəm bir sənətdir. Əsrlər boyu Azərbaycanda belə bir adət var olub ki, xalça toxumağı bacarmayan bir qız üçün elçi düşməz və həmin qızı heç kim öz evində gəlin kimi görmək istəməzmiş. Çünki əgər bir qız uşağı xalça toxumağı bacarırdısa, deməli, bacarıqlı, səriştəli, istedadlı, çalışqan və zəhmətkeşdir. Məlum məsələdir ki, xalça toxumaq insandan böyük səbr, dözüm, möhkəm iradə, çalışqanlıq, eyni zamanda ağır zəhmət tələb edir. Xalça toxumağı bacaran bir qız da bütün bu müsbət keyfiyyətlər olurdusa, deməli, ondan qədəm basdığı evə gözəl gəlin, ərinə sədaqətli həyat yoldaşı, qaynatasına, qaynanasına arxa, dayaq, qaynına, baldızına arxadaş, gələcəkdə dünyaya gətirəcəyi övladlarına əsl ana olacaqdı. Bundan əlavə, xalça toxumaq Azərbaycan xalqında artıq bir ənənə şəklini almışdı. Belə ki, demək olar, hər bir evdə xalça toxuyan dəzgah var idi. Bu da hamıya bəllidir ki, Təbriz, Ərdəbil xalçaları dünya sərgilərini bəzəyən ən gözəl xalçalardır.

Haşım Tərlan “Toxucu qız və Savalan” şeirinə dərin fəlsəfi məna verməklə toxucu qızın və ümumiləşdirilmiş obrazı və Savalan dağının xalqın tarixini özündə yaşadan əzəmətli surəti ilə xalqın ağrı-acısını göstərməklə yanaşı, xalçaçılıq sənətinin bütün incəliklərini nümayiş etdirib:

 

 

Ərişlərə dolaşdıqca qızcığazın barmaqları,

Min kədəri andırırdı, onun solğun yanaqları,

O, min xəyal aləmində bir xalçanı toxuyurdu,

Dodaqları arasında həzin-həzin oxuyurdu:

“Əndaz-ərişin pambıq pulum gəlir sandıq-sandıq,

Əndazə oduna yandı, ona görə xırda qaldı”.

 

Vüqar Əhməd,

Professor

Xalq Cəbhəsi.- 2015.- 25 aprel.- S14.