“Xürrəmilər hərəkatı, Babək haqqında ağızlarına gələni danışırlar”

 

Akademik Nailə Vəlixanlı: “20-ci ilin sonlarında muzeyin direktoru erməni olub, ilk bayrağımız, gerbimiz aparılıb“

 

 

Milli Azərbaycan Tarixi Muzeyinin direktoru, akademik Nailə Vəlixanlının APA-ya müsahibəsi

 

- Nailə xanım, muzeyin işləri necədir, hansı yeniliklər var?

 

- Azərbaycan tarixinin öyrənilməsində muzeylərin rolu mövzusunda ənənəvi konfrans keçiririk. Bu ilki konfransı Azərbaycanın ilk peşəkar arxeoloq və muzeyşünası Davud bəy Şərifova həsr etdik. Muzeyin funksiyaları çoxdur. Onlardan biri də maarifləndirmə funksiyasıdır. İndiki dövrdə bir qədər artıq maariflənmək lazımdır. Çünki bizim müxtəlif sahələrdə problemlərimiz var – mənəvi, maddi, siyasi və s. Biz də cəmiyyətin üzvü kimi hər hansı problemin həll olunmasında köməklik etmək istəyirik.

 

- Muzeyin fəaliyyətində hansı çətinlik və qayğılarla üzləşirsiniz? Maddi qayğılardan tutmuş, digər məsələlərə qədər...

 

- Maddi problemlər kiçik miqyasda olanda özümüz həll etməyə çalışırıq. Milli Elmlər Akademiyası bizim baş idarəmizdir, dövlət səviyyəsində həmişə yardımlar olur. Muzey çox gözəl binada yerləşir. Ümummilli liderimiz demişdi ki, bu binanın özü bir muzeydir. Amma tariximizin daha yaxşı öyrənilməsi üçün binamızın sahəsi çox kiçikdir. Hazırda biz 1920-ci ilədək olan dövrü əhatə edə bilmişik. Fondlarımız arxeoloji və etnoqrafik materiallarla çox zəngindir, ancaq onu tam şəkildə nümayiş etdirə bilmirik. Ekspozisiyadakı eksponatları tez-tez dəyişdiririk, çalışırıq bəzi eksponatlar üç-beş aydan artıq qalmasın. II Dünya müharibəsi ilə bağlı zəngin materialları ekspozisiyada nümayiş etdirə bilmirik. Müharibəyə 600 mindən artıq oğlumuz-qızımız gedib, onların yarısı qayıtmayıb. Biz bu qələbəni ona görə qeyd etmirik ki, SSRİ-nin tərkibində olmuşuq, həm də faşizmdən vətənimizi qoruyurduq. Hitlerin əsas məramlarından biri Bakı neftini ələ keçirmək idi. Sonrakı taleyimiz nə olacaqdı, hələ bilinmirdi. Əlbəttə, yaxşı şey gözləmək qeyri-mümkün idi. Bəziləri deyir, qələbənin bizə dəxli yoxdur, SSRİ-nin, Rusiyanın müharibəsi idi. Yox, qətiyyən belə deyil.

 

- Bəzən bu cür fikirlər də səslənir ki, almanlar Bakıya gəlsəydilər, faşizmin süqutundan sonra Avropanın, Almaniyanın tərkib hissəsi kimi rusdan canımız qurtarardı...

 

- Bəlanın birindən qurtarıb o birinə düşərdik. Mən belə düşünürəm. Biz indi müstəqilik və müstəqilliyin nə qədər böyük nemət olduğunu dadırıq.

 

- Söhbət 70 ildən gedir...

 

- Son iki min ili götürsək, Azərbaycan bir işğalçının əlindən çıxıb, o birinin əlinə düşüb. Bizim 70 il də, ondan artıq da işğal altında olduğumuz dövrlər olub. Faşizm üzərində qələbə xeyrin şər üzərində qələbəsi idi. Xeyrin içində kimlər olub, qələbəni necə əldə edib, bu, başqa məsələdir, amma ümumilikdə, böyük şər məğlub edilib.

 

- Nailə xanım, siz ərəb istilaları, Xürrəmilər hərəkatı haqqında kitabların müəllifisiniz və istinadlarınız ərəb mənbələri olub. Məsələn, Azərbaycan tarixşünaslığını əl-İdrisi, əl-Biruni, əl-Qərnati kimi orta əsr ərəbdilli müəllifləri ilə tanış etmisiniz...

 

- Bu ifadəmə görə məni bağışlayın, ərəb mənbələri ilə tanış olmayan adamlar Xilafət, Xürrəmilər hərəkatı haqqında ağızlarına gələni danışırlar...

 

- Nə danışırlar? Ərəb istilaları böyük mənada Azərbaycana nə verdi?

 

- O istilalardan 1300-1400 il keçib və o dövrə bu günün reallığı ilə münasibət bildirməməliyik. Hətta 100 il əvvəl olan hadisələri təhlil edəndə də reallığı nəzərə almalıyıq. Ərəb xilafəti dövründə baş verən hadisələri təhlil etmək üçün o dövrün insanlarının cildinə girməli, onların taleyini yaşamalıyıq. Tarixin dərinliyinə baş vurmaq istəmirəm, amma bilənlər bilir ki, o dövrdə Azərbaycan adlı dövlət yox olmuşdu. Ərəblərin hansı niyyətlə, hansı bayraq altında hücum etmələrindən asılı olmayaraq, bu işğal idi. Ola bilər, dünyaya İslam ideologiyası ilə ədalət gətirmək istəyirdilər, amma yerli əhali üçün bunun heç bir əhəmiyyəti yox idi. Sadə insanın torpağı, evi, ailəsi var idi və hücum edən hansı əqidə ilə gəlir-gəlsin, o, işğalçı idi. Amma məlumdur ki, İslamı bütpərəstlərdən başqa heç kimə zorla qəbul etdirmirdilər.

 

- Millət vəkili Fazil Mustafa Babəki tariximiz üçün utancverici şəxs adlandırıb...

 

- Babək öz dövrünün oğlu idi. Fazil Mustafa kimdirsə, nəyə görə 1400 il əvvəl olan insanı öz dövrü ilə müqayisə edir? Xürrəmilər hərəkatı təxminən VIII əsrin axırlarında başlayıb. Ondan əvvəl ərəblərə qarşı mübarizə, hərəkat çox güclü idi. Babək hərəkatı məğlub ediləndən sonra bütün xilafət ərazisində, o cümlədən Azərbaycanda ayrı-ayrı dövlətlər yarandı. Babək yeni din yaratmaq istəyirdi. O, nə islam idi, nə atəşpərəstlik, nə də xristianlıq idi. Bəziləri deyir, Babək İslam uğrunda vuruşub, ona qarşı çıxmayıb. Babək ərəblərə qarşı çıxıbsa, onun ideologiyasına da qarşı çıxıb. Onun ərəblərə qarşı çıxıb, İslama qarşı çıxmaması mümkün deyildi. Babək yeni din yaratmağına insanları inandırmışdı və 20 ildən artıq mübarizə aparmışdı. Çox maraqlıdır, o özü Bizansla əlaqə saxlayırdı. Təbəridə Babəkin Bizans imperatoruna məktubu var. Orda deyilir ki, mən yeni din yaratmışam, bu din uğrunda mübarizə aparıram. Bu, ideologiya idi. Babəkin əsas məramı Azərbaycanı ərəblərdən qurtarmaq və sözsüz ki, hakimiyyəti ələ almaq idi. Ərəb mənbələri ilə işləyə bilməyənlər, heç olmasa o mənbələrlə tanış olanların işlərinə baxsınlar. Mən televizorda Fazil Mustafanın çıxışına qulaq asandan sonra çalışıram ki, o cür verilişlərə baxmayım. Çünki bildilər, bilmədilər, danışırlar. İndiki vətən anlayışı ilə o vaxtkı vətən anlayışı tamam fərqli idi. O vaxt vətən anlayışı ev, torpaq və ailədən ibarət idi. Yəni çəpərinin içi onun vətəni idi.

 

- Ərəb mənbələrində Babəkin və ətrafının əxlaqsızlıqla məşğul olduğu haqda məlumatlar var?

 

- Siz atəşpərəstlərin bəzi görüşlərinə baxsanız, görərsiniz ki, müxtəlif gecələrin keçirilməsi, zikr məclisləri onlarda da olub. Xürrəmilərdə də gecə mərasimləri, əyləncələr olub. Amma bunu həddən artıq şişirdirlər. Belə şeylər əxlaqsızlıq kimi yox, dini ayin kimi qəbul olunmalıdır. Yəni onların dinində, dünya görüşlərində belə ayinlər olub. Bu ayinləri biz bugünkü əqidəmiz və dünyagörüşümüzlə qəbul edə bilmirik. Ərəb mənbələri bu faktı bir az da şişirdib, ikrahla yazıblar.

 

- Şişirdib nə şəkildə yazıblar?

 

- Məsələn, qadınların ümumi olması haqqında yazıblar. Amma Babəkin özünün ailəsi, arvadı, övladı olub. İslamda 4 qadınla evlənmək mümkündür. Elə ölkələr və dünyagörüşlər var ki, dörd ərin olmasını qəbul edib. Biz əlbəttə, İslama görə, ənənəvi olaraq, dörd qadını, siğələri düzgün qəbul edirik, amma dörd kişini qəbul etmirik. Bu, təxminən eyni mənanı ifadə edir. Mənbələrin Babək hərəkatı və onun ətrafı ilə bağlı yazdığı o faktları ədəbsizlik və əxlaqsızlıq kimi qəbul etmirəm. Bu, onların dini görüşləri və ənənələrindən gəlib. Mənbələrdə təfərrüat yoxdur ki, onlar bunu nəyə görə ediblər.

 

- Nailə xanım, muzeyin binası Tağıyevin mülkü olub. Bir dəfə oxumuşdum ki, 40-cı illərdə bu bina hərbi hospital kimi istifadə olunub. Sara xanımın qalmağa yeri olmayanda gəlib bura, qapıdan buraxmayıblar. Deyib, getməyə yerim yoxdur, heç olmasa imkan verin, evimizin qapısının ağzında yatım...

 

- Mən Şərqşünaslıq İnstitutunda işləyəndə elmi rəhbərim Ziya Bünyadov idi. Sara xanım Ziya Bünyadovun yanına gəlirdi, söhbət edirdi. Həddən artıq miskin görkəmi var idi. Biz fikirləşirdik ki, Sara xanım yəqin ki, cəmiyyətə etiraz əlaməti olaraq belə geyinir. Sonradan gördük ki, doğrudan da belədir. Bacısının gəlini bizə danışırdı ki, Sara xanım bizə gəlib çimirdi, paltarını dəyişirdik, sonra görürdük yenə ayağında kişi botinkası, əyninə nimdaş palto geyib, başına köhnə yun yaylıq bağlayıb. Əlində böyük portfel olardı, atasının bütün sənədini orda gəzdirirdi. İstəyirdi ki, Tağıyevə bəraət qazandırsın. O ki qaldı siz dediyiniz hadisəyə, bu bina heç vaxt hospital olmayıb. 1920-ci ildə qərar çıxıb ki, bina muzey olsun. Hətta bir hissəsində uşaq evi, arxiv fəaliyyət göstərib. 40-cı ildə binanı muzeydən alıb veriblər Xalq Komissarlar Sovetinə. 40-cı ildən 53-cü ilə qədər bu binada həmin idarə yerləşib. İndiki Hökumət Evi tikiləndən sonra 53-cü ildə bina yenidən muzey olub. Sara xanımın bu evə buraxılmadığını mən də eşitmişəm. Ola bilər, əlbəttə, gəlib, qorxub onu binaya buraxmayıblar. Dövr başqa dövr idi, onu ancaq Ziya Bünyadov kimi insan qəbul edib, söhbət edə bilərdi. O vaxt Sara xanıma indiki Statistika Komitəsinin yanında ev vermişdilər. Sara xanımın qızı rəhmətə gedib, amma nəvələri sağdır. Tağıyevin nəticəsi indi “BP”də çalışır, bizim sıx əlaqəmiz var, yaxşı insandır. Biz muzeyin 90 illiyini keçirəndə bütün ailəni dəvət etdik, iştirak etdilər. Repressiyalar dövrünə düşsəydi, Sara xanımı çoxdan aradan götürərdilər. Tağıyevlə yoldaşı Sona xanım dünyasını dəyişəndən sonra Sara xanım Leninqrada gedib Nikolay Sarayev adlı bir nəfərlə ailə qurub. İki oğlu var, onlar da Leninqraddan muzeyin 90 illiyinə gəlmişdilər. Son məqamda haqq gəlib yerini tapdı, Tağıyevin xidmətləri xalqa olduğu kimi çatdırıldı. Biz səkkiz otaqdan ibarət Tağıyevin ev muzeyini yaratmışıq. Ona görə də muzeyin sahəsi kiçikdir.

 

- Muzeyin sahəsinin genişləndirilməsi, yaxud başqa tədbir görülməsi ilə bağlı müraciət etmisiniz?

 

- Bəli, təkliflərimiz olub, xahiş etmişik. Bu muzey qalmaqla, biz təzə bina lazımdır. Bu, vacibdir. Moskvada tarix muzeyi 1917-ci ilə qədər olan dövrü əhatə edir. Köhnə inqilab muzeyini isə Rusiya Müasir Tarix Muzeyi ediblər. Mən də təklif etmişdim ki, bura olsun Azərbaycan tarixi muzeyi, 1918-ci ildən sonrakı dövr üçün isə ayrıca bina tikilsin. Bu bina Tarix Muzeyi üçün tamamilə uyğun deyil. Çünki muzeyin eksponatlarını saxlamaq üçün müəyyən temperatur şəraiti, yer, ölçü lazımdır. Muzeyin özünün ekspozisiyasında 18 dərəcədən yuxarı temperatur olmaz. Elə yer var ki, orda ümumiyyətlə, temperatur 5 dərəcə olmalıdır. Hər halda, 18 dərəcədən yuxarı icazə yoxdur. Bizim o imkanımız yoxdur, çünki bu bina ev kimi tikilib. Cənab prezident çox sağ olsun, bizim binaya böyük diqqət yetirdi, təmir və bərpa işləri aparıldı. Muzeyin əvvəlki vəziyyəti ilə indiki vəziyyəti arasında yerlə göy qədər fərq var. Hətta o vaxt oturmağa stulumuz yox idi. Binada siqnalizasiya yox idi, ona görə də oğurluqlar, itkilər olurdu.

 

- Muzeydən indiyə qədər nə itib?

 

- Çox olub. Vaxtilə xalçalar, silahlar, başqa şeylər itib. Çox şükür indi siqnalizasiya var, mühafizə çox güclüdür. Bərpa laboratoriyamız pis vəziyyətdə idi, Elmin İnkişaf Fondu kömək etdi, laboratoriya avadanlığı verdilər. Çalışırıq, dünya səviyyəsinə çataq. Praqada çox gözəl sərgi keçirdik, böyük maraqla qarşılandı. Hazırda yenə sərgiyə və konfransa hazırlaşırıq.

 

- Dünya muzeylərində bizim tarixi əşyalarımız saxlanılır. Onların gətirilməsi ilə bağlı danışıqlar aparılırmı, yoxsa bu haqda heç danışmağa dəyməz?

 

- Bu, qeyri-mümkündür. Azərbaycanda muzey işi 1919-1920-ci illərdən başlanılıb. 95 il müddətində əlbəttə, biz çox şeyə nail olmuşuq. Amma 20-ci illərə qədər arxeoloji qazıntılar, tədqiqatlar aparılıb. Hansısa dünya muzeyinin tarixi əşyanı bizə qaytarması çox çətin məsələdir. Türkiyənin Topqapı və başqa muzeylərində Səfəvilərə, Ağqoyunlulara aid əşyalar var. Baxmayaraq ki, qardaşıq, amma muzey çalışır ki, eksponatını qorusun. Bir müddət əvvəl Vladimir Putin Bakı ətrafında aparılan qazıntılar zamanı tapılan kuzəni cənab prezidentə hədiyyə etmişdi, prezident də onu bizə bağışladı. Dövlət başçısı səviyyəsində olsa, əlbəttə, mümkün olar. 20-ci ilin sonlarında muzeyin direktoru erməni olub. O zaman yaradılan İstiqlal muzeyində olan materiallarımız hamısı aparılıb. İlk bayrağımız, gerbimiz, ayrı-ayrı əşyalar, protokollar... təxminən 40-a yaxın əşya aparılıb, indi əlimizdə yoxdur. Kitabda yazılıb ki, həmin əşyalar İnqilab Muzeyinə göndərilib. O vaxt İnqilab Muzeyi Moskvada və Leninqradda olub. Moskvaya dəfələrlə müraciət etdik, özümüz də getdik, amma dedilər, bizdə yoxdur. Ola bilər, fondda atılıb qalıb, heç fikir də vermirlər. Belə şeylər çoxdur, qaytarmaq fikrində də deyillər.

 

Xalq Cəbhəsi.- 2015.- 25 aprel.- S9.