Ustad oğlu şəyird
olmaz...
Şirvan aşıq
mühitinin tanınmış nümayəndələrindən
biri də Aşıq Abbas Musaxanoğludur
Şirvan aşıq mühitinin tanınmış
nümayəndələrindən biri də Aşıq Abbas
Musaxanoğludur. Sənət şəcərəsinə
görə Şirvanın ustad sənətkarlarının nəslinə
mənsub olan Aşıq Abbasın sənət yolu müasir
Şirvan aşıqlığının ən mükəmməl
sənət ənənələrini davam etdirməsilə
diqqəti çəkir. Aşıq Abbas
Musaxanoğlu müasir Şirvan aşıqlarına xas olan
saz, söz və ifaçılıq ənənələrini
öz yaradıcılığında davam etdirib və bu
möhtəşəm irsi daha da zənginləşdirib.
Onun yaradıcılığında diqqəti
çəkən məqamlardan biri budur ki, şeirdə,
poeziyada ifadə olunan Şirvanın təbii gözəlliyi,
insan mənəviyyatının gözəlliyi və
bunları ən nikbin və kamil bir şəkildə tərənnüm
edən sənət gözəlliyi harmoniya yaradır. Şirvana məxsus olan yüksək mədəni-mənəvi
dəyərlər, əxlaq və davranış, mərifət
və sənət, təbiət gözəlliklərindən
insanı daxili dünyasının təqdimində optimal
istifadə olunması aşığın
yaradıcılığını səciyyələndirən
əsas göstəricilərindən sayılır. Aşığın yaradıcılığında
bir tərəfdən mənsub olduğu sənət şəcərəsindən
gələn ənənələr davam etdirilir, başqa tərəfdən
isə fərdi yaradıcılıq hesabına bu ənənə
daha da zənginləşdirilir.
Müasir Şirvan aşıqlığında
sözün bədii-estetik çəkisi daha da artır. Musiqidə
vokallaşmadan uzaqlaşma və instrumentallaşmaya meylliliyin
güclənməsi çoxaldıqca sazın simvolikləşməsi
də özünü daha çox göstərməyə
başlayır. Saz və söz nisbətinin
ikincinin xeyrinə dəyişməsi sözlə daha çox
məsuliyyətli davranmağı zəruri edir. Bu səbəbdən də Şirvan
aşığı müəyyən sənət
normasından və müəyyənləşmiş
kriteriyalardan aşağı səviyyədə
çıxış etməkdən məhrum kimi
görünür. Bəlli sənət səviyyəsinin
tələblərindən yayınma aşıq şeirinin
dinləyicinin duyğularına və qəlbinə doğru
gedən estetik məlumatın məsafəsini uzadır və
effektli təsir imkanlarını məhdudlaşdırır.
Buna görə də Şirvan aşıq
şeirində sözün forma və məzmununda estetik bir vəhdətin
və tamlığın olması tələbi də
qarşıya çıxır. Az
sözlə çox məna ifadə etmək, həm də
bunu maksimum dərəcədə xalq ruhunun dilində təqdim
etmək tələb olunur. Biz belə sənət
tələbkarlığını Şirvanın ustad sənətkarlarının
hamısının yaradıcılığında
müşahidə edə bilirik. Aşıq
Abbas Musaxanoğlu da belə sənətkarlardandır.
Aşığın poeziyası janr baxımından zəngindir. Aşıq
yaradıcılığı üçün xarakterik olan
qoşma və gəraylı kimi populyar janrlar Aşıq
Abbasın yaradıcılığında yeni məzmun
qazanır və yeni obrazlarla öz sənət ifadəsini
daha da mükəmməlləşdirir. Şeirlərin
məzmunu geniş əhatəlidir. Daha
çox mənəvi dəyərlərin tərənnümünə
diqqət verilir. Ustadnamələrdə
klassik aşıq yaradıcılığında olduğu
kimi bəşəri dəyərlərin tərənnümü
xüsusi yer tutur. Çünki belə nümunələrdə
İnsan problemi ön plandadır; insan və dünya, insan və
cəmiyyət, insanın Allah və İnsan
qarşısındakı vəzifələri,
daşıdığı məsuliyyət və başqa bu
kimi əbədi mövcud olan suallar onu da narahat edir və
onlara cavab axtarışına Aşıq Abbas Musaxanoğlu da
qoşulur. Həyat həqiqətlərinin sənət
həqiqətlərinə çevrilməsi ilə, həyatda
olan problemlərin sənətdə həlli ilə məşğul
olmağı Aşıq Abbas da özünə mənəvi
borc bilir. Bu mənada Aşıq Abbas
Musaxanoğlu üzərində olan sənət məsuliyyətini
aydın bir şəkildə dərk edir və davam etdirdiyi
irsin sənət təəssübünü də daim diqqətdə
saxlayır.
Aşıq Abbasın şeirlərində Azərbaycan
aşıq sənətinin bütün sənət əlvanlığı
özünü parlaq şəkildə göstərir. Bu
poeziyanın sənətkar obrazlarında həm mənəvi,
həm də yaradıcılıq məsələlərinin bədii
təsviri kamil şəkildədir. Aşıq Abbas
Musaxanoğlu bu gün də ustadlarımızdan miras qalan
sazlı, sözlü, ecazkar gözəlliyi ilə qəlbləri
fəth edən aşıq sənətini yaşadır,
xalqımızın bu ulu yadigarını qoruyur, yeni-yeni
şeirləri ilə mənəvi dünyamızın dərinliklərinə
nüfuz edir, ruhumuzu oxşayan sənət inciləri yaradaraq
milli-mənəvi varlığımızın sabaha, gələcəyə
və gələcək nəsillərə saf və təmiz
şəkildə, daha estetik bir mükəmməllikdə
gedib çata bilməsi üçün sənət
axtarışlarını böyük bir şövqlə
davam etdirir. Ümumtürk aşıqlığında,
eləcə də müasir Şirvan sənət məktəbində
Abbas Musaxanoğlu sanballı ifaçılığı,
şirin təhkiyəsi, nüfuzlu şəxsiyyəti ilə
seçilən, fərqlənən və öndə gedən
aşıqlardandır.
Abbas Güləliyev qara zurnanın və balabanın
mahir ifaçısı ustad Musaxan Güləliyevin
ocağında dünyaya gəlib. Musaxan Baycan oğlu
zurna-balaban ifaçısı kimi şöhrət qazansa da,
başqa alətlətin də özəl xüsusiyyətlərini
bilirdi. Eləcə də aşıq sənətinin
mükəmməl bilicilərindən idi. Dövrünün
tanınmış aşıq və sənətçiləri
ilə daima təmasda olub, onlarla sənətə gedib, el
şənliklərində və dövlət tədbirlərində
birgə iştirak edərək həm solo, həm də
müşayiətçi kimi şöhrət qazanıb.
Təəssüf ki, onun sənət irsindən
əlimizdə iki ifası istisna olmaqla (“Koroğlu” və “Tərəkəmə”)
heç nəyi qalmayıb.
Musaxan dövrünün görkəmli sənətkarı
olmaqla öz ardıcıllarını da qoyub gedib. XX əsr Azərbaycan
mədəniyyətinin inkişaf dövrü kimi səciyyəvi
olub. İncəsənətin bütün
növləri arasındakı təbəddülat apaydın
sezilirdi. Muğam sənətində,
aşıq sənətində, eləcə də digər
instrumental ifaçılıq sənətində nəhəng
simalar dünya mədəniyyətinə öz töhfələrini
verməkdə davam edirdilər. Xan və Seyid
Şuşinskilər, Mütəllim Mütəllimov,
Əbülfət Əliyev, İslam Ağayev, Ağabala
Abdullayev, İslam Rzayev, Eynulla Cəbrayılov, Qulu Əsgərov
və başqaları muğam sənətində, Aşıq
Qurbanxan, Aşıq Bəylər, Aşıq Abbas Cəyirli,
Aşıq Şamil, Aşıq Pirməmməd, Aşıq
Şakir, Aşıq Barat, Aşıq Xanmusa, Aşıq
Soltanmurad, Aşıq Şirsoltan, Aşıq Pənah,
Aşıq Xanış, Aşıq Şərbət Səfərov,
Aşıq Hacalı, Aşıq Məmmədağa,
Aşıq Şərbət Fətiyev və b. aşıq sənətində,
Əli Kərimov, Ələfsər Şəkili, İzzətalı
Zülfüqarov, Həsrət Hüseynov, Manaf Manafov kimi
zurna-balaban ustaları musiqi ifaçılığında Azərbaycan
mədəniyyət tarixinin şanlı səhifələrini
yazırdılar. Azman sənətkarların zirvələri
fəth etdiyi bir zamanda Musaxan Baycan oğlu sənət
dünyasına qədəm qoyur. Yuxarıda
adı çəkilən sənət korifeyləri
zamanında sənətə gələn ifaçıda
şirin barmaq, intəhasız nəfəs və ürək
lazım idi. Sənətə vurğunluq
Musaxanın qarşısındakı bütün baryerləri
aşmaq imkanını onun qəlbində cəmləşdirirdi.
Oğlu
Abbasın dediklərindən: “Sənət mənə
ulularımdan keçib. Bizim məlum sənət
şəcərəmiz var. Atam Musaxan tanınmış
zurna-balaban ustası idi. Onun atası, mənim babam Baycan kişi incəsənət vurğunu olub. Ana babalarım bəy olub. Səs
İskəndər babamdan atama, atamdan da mənə keçib.
Məndən də oğlum Emilə keçib.
Düzdür, atam aşıq olmayıb, ancaq
onun gözəl səsi və avazı var idi. Oxusaydı, yaxşı aşıq və ya xanəndə
olardı. Səsi eynən Mütəllimin
səsiydi. Lakin zurnanı və balabanı
o qədər sevmişdi ki, ona görə də yalnız və
yalnız bu alətin ifaçısı olmuşdur. Bəlkə də ilk dəfə gözünü
açıb bu aləti gördüyünə görə
onun sehrli səsinin cazibəsindən çıxa bilməmişdi.
Atamın dayısı Zəbişah zurna
ifaçısı olub. Lakin amansız
müharibə (II Cahan müharibəsi (1941-1945-ci illər)
onun sehrli barmaqlarını şikəst edib. Müharibədə barmaqları
yaralandığı üçün bir daha sevimli alətini
ifa edə bilmir”.
Dayısında gördüyü möcüzəli qamışla “oyanaya-oynaya” mahir ifaçıya çevrilir. Musaxan kişi sənətin ilk sirlərini daysından öyrənir, daha sonra şöhrətlənməsində İzzətalı Zülfüqarovun və Əli Kərimovun ustalığıbından bəhrələnir. Musaxan Baycanoğlu aşıq sənətinin də mükəmməl bilicisi idi. Mirzə Bilal ənənəsini sənətdə Aşıq Abbas Söhbətovdan, Aşıq Şamildən, Aşıq Şakirdən öyrənib. Bildiklərini də gənc aşıqlara öyrətməkdən həzz alırdı. Musaxan Güləliyevin sənətə gəlişi ilə bağlı bir hadisə Şirvan sənətkarları arasında hələ də danışılmaqdadır. Musaxan kişinin çalğısının yerli-yerində, ölçüsünün-biçisinin nizamda olduğunu görən İzzətalı Zülfüqarov onu Şamaxıya aparır və orada məşhur zurna-balaban ustadı Əli Kərimovla görüşürlər. Əli Dədə İzzətalıdan soruşur ki, bu oğlan nəçidir? İzzətalı kişi Musaxanı şəyirdi kimi təqdim edir. Əli Kərimov deyir ki, elə isə qoy mənim şəyirdimlə yarışsın. Əvvəl Musaxan ifa edir. Musaxanın ifasından sonra Dədə Əli məzəmmətqarışıq təbəssümlə İzzətalını süzərək: - “Bu ki, tamam-kamal ustadır. Bəs deyirsən şəyirddir? Daha mənim şəyirdimin ifasına ehtiyac yoxdur”. Bu olay gənc Musaxan üçün həm sınaq-imtahan, həm də bir ustad xeyir-duası idi.
Musaxan Güləliyev Azərbaycan ifaçılıq sənətinin bir-birindən aralı, hərəsi də orijinal, özünəxas, eyni zamanda əlçatmazlıq təşkil edən zirvələrini – Əli Kərimovu, Şəkili Ələfsəri, İzzətalı Zülfüqarovu, Həsrət Hüseynovu, Manaf Manafovu öz içində birləşdirərək milli instrumental ifaçılığımıza yeni nəfəs, yeni ifa dəsti-xətti gətirib. Qara zurnadan süzülən zümzümə kövrək qəlbinin səsi idi. Musaxan kişi zurna-balabanla “pıçıldaşanda” sanki çaylar dəryaya baş vururdu. Onun çalğısında sevinc də vardı, qəm-qüssə də, həsrət də, vüsal da. Musaxan əmi çalanda sanki dağlar yallı gedir, qayalar nərə çəkir, bülbüllər nalə edir, güllər-çiçəklər şövqə gəlirdi.
Usta Musaxan az yaşadı. Ancaq qısa ömründə çox izlər qoydu. O, çoxəsrlik sənəti özünün fenomenal ifasında mühafizə edərək günümüzə ötürüb. Musaxan əminin sənətkarlığı milli ruhumuzdan, klassik irsimizdən mayalanıb. Sənətkar şüurlu həyatında heç vaxt xalqın və dövlətin diqqətindən kənarda qalmadı. Həmişə sevildi, böyük miqyaslı tədbirlərə, festivallara, müsabiqələrə dəvət olundu. Hər tədbirin də birincisi, laureatı və diplomantı oldu. Güləliyevlər Azərbaycanda barmaqla sayılacaq ailə ansambllarından birini yaratmağa nail olub. Və həmin ailə ansamblı da dəfələrlə müsabiqələrin iştirakçısı olub və sənəti layiqli təmsil ediblər.
Musaxan Güləliyev 1976-cı ildə Moskvada keçirilən mədəniyyət dekadasından vətənə qızıl medalla dönür. 1934-cü ildə Şıxzərli kəndində anadan olub, 1983-cü ildə vəfat edib. Musaxan əminin ailə ansamblı, Aşıq Abbas Söhbətov, Aşıq Barat, Aşıq Xanmusa kimi ustad¬larla el şənliklərində və digər tədbirlərdə iştirak edib. Onun sənət şəcərəsi qırılmayıb, övladları Aşıq Abbas, Əlzaman, Ağazaman, Abuzər, nəvələri Emil, Amal, Elmin tərəfindən ləyaqətlə davam etdirilir. Biz Musaxan kişi haqqında öyrəndiklərimizi və eşitdiklərimizi yazıya aldıq.
Qalib Sayılov,
filologiya üzrə
fəlsəfə doktoru
Xalq Cəbhəsi.- 2015.- 30 aprel.-
S.14.