Ey Araz boyunca bölünən Vətən…
“Can” deyib canımdan can
verdim sənə...
Ən yeni dövr Azərbaycan ədəbiyyatında
yazılan əsərlər həm daha əvvəlki dövrlərdən
başlanan ənənənin davamıdır, həm də
müasir dövrün gerçəkliliklərindən irəli
gələn novator xüsusiyyətlərlə zəngindir. Ən yeni
dövr Azərbaycan ədəbiyyatında poetik
dünyamızın ifadəsinin müxtəlif formalarına
rast gəlirik. Bu dövr özünün
bir sıra xüsusiyyətləri, yanaşma, əks etdirmə,
tematik əlvanlıq, təbiətlə bağlılıq,
folklor motivləriindən istifadə və s cəhətləri
ilə səciyyələnir.
Belə səciyyəvi cəhətləri öz əsərlərində
geniş şəkildə əks etdirən şairlərdən
biri də Nizami Muradoğludur. Onun
yaradıcılığı, janr, mövzu və problematika
baxımından əhatəlidir. Burada
milli varlığımızı duyğuların və bədii
düşüncənin imkanları ilə əks etdirən
mövzular geniş yer tutur, əlvan və rəngarəng Azərbaycan
dünyası özündə milli-mənəvi dəyərlərin
bütün çalarlarını, koloritini cəmləşdirir
və onları ədəbiyyatımızın mənəvi
resurslarına nikbinlik qaynağı kimi daxil edir. Bu zaman ədəbi əsərin effekti daha yüksək,
təsirliliyi daha artıq olur. O, insanları çətinliklərdən
qorxmamağa, Vətənə və xalqa sədaqət ruhunda
tərbiyə etməyə, böyüklərinə sayğı
kimi ülvi və nəcib hisslərə sövq edir. Çünki burada yaradılan poetk dünya
xalqın özünə məxsus xəyal
dünyasının ifadəsidir. Onun
bütün obraz, süjet və motivləri ənənəvi
düşüncənin məhsuludur.
Şeir dünyası sadə, təmiz və səmimi
bir dünyadır. Bu daxili dünya ətraf aləmlə təmas
və ünsiyyətdə genişlənir, zənginləşir,
pozitiv və neqativ dəyişikliklərə uğrayır.
Ətrafdan gələn neqativ təsirlərə daxili
dünyanın davamlı ola bilməsi
üçün mütləq sağlam təməllər
üzərində qurulmalı və özünü
mühafizə edə bilməlidir. Belə bir
dünyanın qurulmasında ədəbiyyatın da iştirak
imkanları məhdud deyil. İnsan
çox zaman oxuduğu ədəbiyyatdan dünyaya baxır və
dünyanı ədəbiyyatdan aldığı əxlaq və
tərbiyə ilə qavrayır. Bu mənada
ədəbiyyatın yaratdığı insan obrazı gənc
nəsil üçün örnək olur. Uşaq yaşlarında qurulan dünya modeli sabit və
mühafizəkar olması ilə xarakterizə olunur. Burada ədəbiyyatın üzərinə ciddi məsuliyyət
düşür. Məsuliyyət
“uşaqlar cəmiyyətin gələcəyidir” formulunda ifadə
olunan sadə həqiqətədən ibarətdir.
Bugünkü uşağın sabah
sağlam mənəvi dünyaya malik olan bir insan olması
üçün şübhəsiz, ədəbiyyat öz
imkanlarını səfərbər etməli və insan tərbiyəsinə
töhfələrini verməlidir. Uşağın
mənəvi dünyasının bütövlüyü və
tamlığı üçün onda milli və bəşəri
dəyərlərin nikbin vəhdətini formalaşdırmaq
lazımdır.
Humanist, ədalətli,
dürüst və optimist insanın cəmiyyət
quruculuğunda daha çox faydası ola
bilər və belə insanların qurduğu cəmiyyət də
daha mükəmməl olar. Şairin şeir
dünyası nikbin baxışlar, arzular və inamlarla dolu
dünyadır. Burada insan da, Vətən də
öz gözəlliyi ilə öz yerini tutur. Onun şeir dünyası vətənpərvərlik
və vətəndaşlıq üçün hər zaman və
hər yerdə açıq olur, ora daxil olan insan milli-mənəvi
dəyərlərlə yaxından təmas qurmaq imkanı
qazanır, haqq-ədalət hisslərini daha da möhkəmləndirir.
Bu poeziyada vətəndaşlıq müxtəlif
şəkildə ifadə oluna bilər. Ancaq
onun bir əsas ifadə forması var. Bu, xalqın tarixi taleyinə
münasibətlə şərtlənən formadır. Nizaminin bir sıra şerlərində ümumilikdə
doğma torpağa, ocağa bağlılığın təsvir
və tərənnümü geniş yer tutur. Nizami təkcə Vətənin gözəlliyini tərənnüm
etmir, o, daha çox dərdləri dilə gətirir. O,
Vətənin dərdindən və insanın mərdindən
yazır. Bu Nizamin poeziyasının əsas
prinsipini və ya ana xəttini təşkil edir. Nizami mərdi mərd, namərdi namərd kimi
yazır. Bu zaman şeirin içindəki
dərd, qəm bədbin bir motiv yaratmır, onun emosional
gözəlliyini pozmur, ilk növbədə ona görə ki,
o, bütün hallarda həqiqəti öz adı və öz
dadı ilə ifadə edir. Bu şəraitdə
şeirin dəyəri onda ifadə olunan həqiqətlə və
həqiqətdə daşınan ruhla müəyyənləşmiş
olur. Nizaminin lirik qəhrəmanı
faktlara, həyat hadisəsinin mühüm detallarına
ayrı-ayrılıqda daha çox nəzər yetirir. Ümumi mühakimə, pisixoloji təhlilə nisbətən
müəyyən əhvalatın təsviri və təsvirin məntiqi
nəticəsi şeirdə əsas poetik üslub kimi
seçilir.
Bu şair qəlbinin zamanla həmahəng döyünməsidir,
onun əhval-ruhiyyəsinə, dəyişməsinə
qarşı həssaslığıdır. Dünyanın
ən müxtəlif hadisə və faktları şairin qəlbində
dərhal əks-səda tapır.Belə həssaslıq və
fəallıq həmişə onun şeirlərində əsas
xətti təşkil edir. Şairin əsərlərində
işlənən motivlərin bütün ünsürləri
oxucu üçün doğmadır:
Ey Araz
boyunca bölünən Vətən,
Bölünə-bölünə kiçilən Vətən.
Sənin
bölünməyin mənim günahım,
Özümün-özümə xəyanətimdir.
Şair Vətəni
bütün rəngləri və gözəllikləri ilə
olduğu kimi, eyni zamanda onu bütün dərdləri və
problemləri ilə birlikdə çox sadə və aydın
dillə, özünə xas səmimiyyəti ilə təqdim
edir:
Qarabağda
talan var,
Gözü
yolda qalan var,
Nə onu
yada salan,
Nə də
geri alan var.
Vətənin gerçəkləri belə aydın və
sadə şəkildə, eyni zamanda şairin qəlbinin
ağrıları ilə birlikdə ədəbiyyata gəlir
və şeirdə Vətənin sevgisi ilə birlikdə onun
dərdləri də canlanır. Buradakı sevgi və
səmimiyyət o qədər güclüdür ki, o insanın
mənəvi dünyasına daxil olanda onu zədələmir,
əksinə, emosional effekti gücləndirir.
Bundan sonra hər kəs Vətənin dərdinə
şərik olur və dərd bölünə-bölünə
ağrısını azaldır, sevgini isə artırır. Şair
uşaqlar üçün yazdığı şeirlərdə
güclü fərdiləşdirmə və ümumiləşdirmə
aparıb.
Nizaminin uşaqlar üçün və uşaq
mövzusunda yazdığı əsərlər həm lirik, həm
də epik nümunələrdən ibarətdir. Lirik nümunələrin
içində epik təhkiyə və süjet elementləri
müşahidə olunduğu kimi, epik əsərlərində
də lirik ricətlər müşahidə olunur. Bu xüsusiyyət onun bədii üslubunu forma
baxımından daha da zənginləşdirir. Belə xüsusiyyətlərə şairin “Bu
dünyanın məzarları ağlamaz” poemasında rast gəlirik.
“1937”- represiyasının faciələri məlumdur.
Bu faciə və dəhşət Rəsizadə
ailəsinin həyatında da yaşanıb. Bu ağır və çətin həyatın əzabını
Rəsizadə Hüseyn Molla Abdulla oğlu Cavidin soyunu
yaşadan övladlarının ikisi də bu və ya digər
şəkildə çəkib. Dövrün və
dövranın girdabını, fələyin rəhmsizliyini, mənəvi
azadlığı azaldaraq yoxa doğru qovan ictimai-siyasi xofun, cəmiyyəti
qorxu içində saxlayan vahimənin dəhşətini ən
yaxından və ən çox hiss edən ailələrdən
biri də Cavid Əfəndinin ailəsi olub. Fələk
çəkə bilmədiyni ona və ailəsinə çəkdirib.
Böyük dram yazarının faciəli həyatı
dövrün, dövranın və amansız zamanın həqiqi
həyat dramını əks etdirir. Bu “xəyal
içində səadət arayan” romantik şairin ailəsinin
əzab-əziyyətlərlə dolu həyat dramı Nizami
Muradoğlunun “Bu dünyanın məzarları ağlamaz”
poemasında bütün duyğulu anları, hiss və həyəcanları
ilə birlikdə canlandırılıb. Poema
XX əsr Azərbaycan ədəbiyyatının görkəmli
nümayəndəsi Hüseyn Cavidin həyatdan vaxtsız və
nakam getmiş oğlu Ərtoğrol Cavidin anadan
olmasının 90 illiyinə həsr edilib. Poemada Ərtoğrolun doğulması, uşaqlıq
illəri, təhsil aldığı dövr, əsgərliyi,
xəstəliyi və çəkdiyi iztirablar,
ayrılığın və ağır həyat tərzinin
doğurduğu ağrılar və acılar qələmə
alınıb. Əsərdə verilən
bütün hadisələrin mərkəzində Cavidlər
ailəsinə qarşı aparılan repressiyanın gətirdiyi
faciə durur. “Bu dünyanın məzarları
ağlamaz” əsəri janrına görə lirik poema olsa da məzmununda
ardıcılıl bir süjeti və epik təhkiyəni izləməkdədir.
Burada qəhrəmanın doğulmasından
dünyasını dəyişməsinədək olan
ömür yolundan bəhs edilir. Əsərin
təhkiyə tərzində həm klassik divan ədəbiyyatının
məsnəvi tipindən, həm də xalq
yaradıcılığından gələn ənənəvi
şeir formalarından istifadə olunub. Poemada
gənc və istedadlı Ərtoğrol Cavidin həyatının
demək olar ki, bütün məqamları öz əksini
tapıb. Burada həyatın duyğulu
anları, emosional aspektləri poetik şəkildə tərənnüm
edilir. Lirik emosional ovqat əsərdə
başlanğıcdan sonadək izlənilir. Yazıçı poemada haqqında bəhs etdiyi
gerçəkliyi, tarixi hadisələri xronoloji prinsiplə
izləyir, amma onları sadəcə təsvir etmir,
canlandırır, yarımçıq qalmış, axıradək
yaşanmamış həyatın davamını duyğularda,
düşüncələrdə və hisslərdə bərpa
edir, həqiqi sənət səviyyəssində yenidən mənalandırır.
Əsərin əsas qəhrəmanı
Ərtoğrolun dünyaya gəlməsindən əbədiyyətə
qovuşmasınadək olan bütün mümkün
duyğulu anlar şairin könül dünyasının hərarəti
ilə yeni bir nəfəs və ruh qazanır və beləcə
yenidən yaşamağa davam edir. Şair
qəhrəmanına belə bir əbədi ömür
qazandırmaq üçün bütün imkanlarını,
istedad və təcrübəsi ilə yanaşı qəlbinin
ən kövrək və emosional ehtiyatlarını səfərbər
edir.
Şairin yaratdığı Ərtoğrol obrazı
tarixi bir şəxsiyyət kimi aydın və parlaq
göründüyü kimi, bədii baxımdan da bütöv
və kamildir.
Kamran Əliyevin də müşahidə etdiyi
kimi “Ərtoğrol Hüseyn Cavidin övladı olmaqla
yanaşı, həmçinin əsl bədii qəhrəmana
çevrilir, yəni bioqrafiyası məlum olan və
bioqrafiyası ilə şöhrətlənən bir obrazdan bədii
düşüncənin yaratdığı başqa bir obraz səviyyəsinə
yüksəlir”.
Bu obraz hər hansı nadir rəsm əsəri ilə
müqayisə olunmaz dərəcədə üstün, real və
canlı görünür. Çünki onun
bütün xarakteri, lirik-emosional incəlikləri, obrazın
çalarları o qədər mükəmməl təqdim
olunur ki, bu təsvirdən çox fərqli bir səviyyəyə
yüksəlir və canlı, həyati effekt yaradır. Həssas oxucu özünü bu hadisələrin
seyriçisi deyil, iştirakçısı hiss edir və
faciənin ağrılarını öz həyatının
yaşanmış duyğuları kimi həm müəlliflə,
həm də qəhrəmanla bölüşür və bu kədərin
ağır yükünü onların hər ikisinin
çiyninə qoyduğu ağırlığı
azaltmağa çalışır. Burada
obraz yaxın keçmişimizi, milli
varlığımızın ağrılı anlarını
canlandıraraq təkcə bizi keçmişə dəvət
etmir, eyni zamanda bizim müasirimizə çevrilir və bizimlə
ən məhrəm və ən munis duyğularını
paylaşır. Nizami Muradoğlu hadisələri
canlandırarkən incə və həssas məqamları diqqətlə
seçir. Bu seçimdə bütün
hallarda üstün mövqe milli mənası olan motivlərə
verilir. Ərtoğrolun dünyaya gəlməsi
1919-cu ilin oktyabrına təsadüf edir. Amma
şairə görə bu təsadüf deyil, zərurətdir.
Şair Azərbaycan Xalq Cümhuriyyətinin gətirdiyi
hürriyət günəşinin müqəddəs enerjisini
Cavidlər ailəsinə isti və hərarət gətirən
bir motiv kimi dəyərləndirir. Bu anların sevincini
şair oxucusuna Cavid Əfəndinin, Müşkünaz
xanımın və onları təbrik edən görkəmli
Azərbaycan ziyalılarının sevinci ilə birlikdə
bütün dolğunluğu ilə yaşadır...
Ağaverdi Xəlil,
filologiya üzrə
fəsəfə doktoru
Xalq Cəbhəsi.- 2015.- 30 aprel.-
S13.