Silahlı münaqişələr dövründə qadın hüquqlarının müdafiəsi

 

Qadın hüquqlarının pozulması beynəlxalq hüququn insan hüquqları və humanitar hüquq sahəsində əsas prinsiplərinin pozulması deməkdir

 

II yazı

 

Ötən sayımızda “Silahlı münaqişələr dövründə qadın və uşaqların hüquqlarının müdafiəsi” mövzusunda danışmışdıq. Mövzunu davam etdiririk. Yazıda araşdırmaçı Zamiq Aslanovun fikirlərinə istinad edilir. “Silahlı münaqişələr dövründə sanitar müəssisələr və onların nəqliyyat vasitələri heç bir halda hücuma məruz qala bilməz. Belə müəssisələrin şəxsi heyəti özünü və yaralıları müdafiə etmək üçün silahlana və silahdan istifadə edə bilər. 12 avqust 1949-cu il tarixli IV Cenevrə Konvensiyasının müddəaları ilə yalnız yaralı və xəstələrin deyil, həmçinin əlillərin, ahılların, 15 yaşınadək uşaqların, hamilə və 7 yaşınadək uşağı olan qadınların müharibənin mənfi təsirlərindən qorunmasına yönələn kompleks tədbirlər təsbit edilib. Bu məqsədlə təhlükəsiz zonaların yaradılması, mühasirəyə alınmış ərazilərdən yalnız yaralı və xəstələrin deyil, həmçinin əlillərin, ahılların və uşaqların çıxarılması tövsiyə edilir, həmin şəxslərə yardım göstərilməsi üçün təşkil edilmiş mülki xəstəxanalara hücum qadağan olunur, talan, kollektiv cəzalar, dinc əhalinin işğal olunmuş ərazidən işğal edən dövlətin ərazisinə sürgün və ya deportasiya edilməsi yolverilməz hesab olunur.

Müharibə edən tərəflərdən biri müharibə vəziyyətini qəbul etmədikdə də müharibə qurbanları beynəlxalq müdafiə ilə təmin olunmalıdırlar: “Təslim olanlar və xəstəlik, yaralanma və digər səbəbə görə hərbi əməliyyatlarda daha iştirak etməyənlər də daxil olmaqla silahlı münaqişədə bilavasitə iştirak etməyən şəxslərə heç bir ayrı-seçkilik olmadan humanist münasibət göstərilməlidir. Həmin şəxslərin həyatına və fiziki toxunulmazlığına qəsd etmək (öldürmək, şikəst etmək, amansız davranmaq, işgəncə vermək), əsir götürmək, ləyaqətinə toxunmaq, məhkəmə təminatlarına əməl olunmaqla ilkin məhkəmə qərarı olmadan mühakimə etmək və cəzalandırmaq qadağandır. Münaqişə tərəfləri və onların silahlı qüvvələri müharibənin aparılmasının qeyri-məhdud metod və vasitələrindən istifadə edə bilməzlər. Məsələn, Cenevrə Konvensiyasına I Əlavə Protokola (1977) əsasən müharibənin aparılması metodu kimi mülki əhali arasında aclıqdan istifadə etmək, habelə xalqın mədəni və mənəvi irsini təşkil edən tarixi abidələrə, incəsənət əsərlərinə və ayinlərin həyata keçirilməsi yerlərinə münasibətdə düşməncəsinə hər hansı akt törətmək qadağan edilir. Münaqişə tərəfləri həmişə mülki əhali ilə hərbçilər arasında fərq qoymalı və mümkün olduğu qədər mülki əhalini və əmlakı qorumalıdırlar. Nə bütövlükdə mülki əhali, nə də ayrı-ayrı mülki şəxslər hücum obyekti ola bilməz.

Tarixən və hazırda qadınların silahlı münaqişələrdə bu və ya digər şəkildə iştirakı danılmaz faktdır. Onların həm könüllü, həm də məcburi olaraq müharibənin iştirakçısına çevrilməsi ilə bağlı çoxsaylı praktiki nümunələr mövcuddur. Belçika, İspaniya, Portuqaliya, Almaniya, Norveç, Lüksemburq kimi ölkələrdə qadınların bir sıra silahlı qüvvələrdə döyüş funksiyalarını yerinə yetirmələrinə icazə verilmir. Bəzi ölkələrdə isə, məsələn, ABŞ-da, Fransada, Böyük Britaniyada, Türkiyədə, Danimarkada, Kanadada döyüş əməliyyatlarında hərbi qulluqçu kimi qadınlardan istifadə olunması qanunla birbaşa qadağan edilir və ya məhdudlaşdırılır.

Ictimaiyyət də çox zaman qadınların silahlı münaqişələrdə və bütövlükdə silahlı qüvvələrdə iştirakını dəstəkləmir. B.Mitçelin fikrincə, hərbi qulluqçu olan qadınlar real döyüşdə ciddi vəzifələri həll etmək imkanına malik olmurlar və bu, döyüş hazırlığının səviyyəsini aşağı sala bilər.

Silahlı münaqişə dövründə qadınlara gücləndirilmiş müdafiə təqdim edilməsi adətən onların “zəifliyi, həssaslığı və kövrəkliyi” ilə izah olunur. Qadınların kövrəkliyi daha çox onların xüsusi fiziki tələbatları, zəif fiziki inkişafı, habelə qadın ləyaqəti və qadın əxlaqı ilə bağlı uzun illər ərzində formalaşmış təsəvvürlərlə şərtlənir. Qadınlar silahlı münaqişə ilə bağlı məhrumiyyətlərə, iztirablara və digər acınacaqlı hallara daha meyllidirlər. Lakin öldürməyi öyrənən qadınlar ənənəvi qadın streotipinin çərçivəsindən kənara çıxmağı və hərbi əməliyyatlarda lazımi şəkildə iştirak etməyi də bacarırlar.

Birinci dünya müharibəsi zamanı Qərbi Avropa dövlətlərinin silahlı qüvvələrinin tərkibində ilk dəfə olaraq "zərif" cinsin nümayəndələrindən ibarət olan hərbi qulluqçular çıxış etməyə başladı: “O dövrün ən məşhur belə qruplarından biri Böyük Britaniyada yaradılmış Kral Qadın Köməkçi Korpusu idi. Beynəlxalq humanitar hüquq 1929-cu ildə “Hərbi əsirlərlə rəftar haqqında” Cenevrə Konvensiyasının qəbul edilməsi yolu ilə bu dəyişikliyə əlavə müdafiə tədbiri ilə reaksiya göstərdi. Orada göstərilirdi ki, hər kəs qadınlarla onların cinsindən irəli gələrək hörmətlə rəftar etməlidir.

Qadın hüquqlarının beynəlxalq səviyyədə tanınmasında Millətlər Liqasının Nizamnaməsi də mühüm rol oynayıb. Belə ki, orada cinsindən asılı olmayaraq humanist əmək şəraiti tələb edən, habelə qadın alverini qadağan edən, qadınlara Liqanın Katibliyində təmsil olunmaq imkanı verən normalar təsbit olunmuşdu.

BMT tərəfindən qadınların konkret hüquqlarına dair bir çox mühüm beynəlxalq hüquqi sənədlər qəbul edilib. Məsələn, “Qadınların siyasi hüquqları haqqında” Konvensiya (1952), “Ərli qadının vətəndaşlığı haqqında” Konvensiya (1957), “Nikaha daxil olmağa razılıq, minimal nikah yaşı və nikahların qeydə alınması haqqında” Konvensiya (1962), fövqəladə hallarda və silahlı münaqişələr dövründə qadınların və uşaqların müdafiəsi haqqında Bəyannamə (1974) və s.

İstənilən silahlı münaqişə zamanı qadınlar daha çox əzablara və məhrumiyyətlərə məruz qalan əhali qrupuna aiddir. 1993-cü ilin yayında Vyanada keçirilən beynəlxalq konfransda qadınların insan hüquqları bütövlükdə insan hüquqları kataloqunun ayrılmaz tərkib hissəsi və günün aktual məsələsi kimi ayrıca şəkildə nəzərdən keçirildi. Həmin konfransda qəbul edilən sənədlərdə elan olunurdu ki, silahlı münaqişələr şəraitində qadın hüquqlarının pozulması beynəlxalq hüququn insan hüquqları və humanitar hüquq sahəsində əsas prinsiplərinin pozulması deməkdir. Orada həmçinin qadınlara qarşı zorakılığın qarşısının alınması üzrə işlərin aparılmasının vacibliyi vurğulanırdı.

Beynəlxalq humanitar hüquq normalarının təhlili göstərir ki, silahlı münaqişələr dövründə qadınlara xüsusi müdafiə təqdim edən əsas beynəlxalq sənədlərə aşağıdakılar aiddir:

- “Hərbi əsirlər ilə rəftar haqqında” Cenevrə Konvensiyası (1929);

- Müharibə qurbanlarının müdafiəsi haqqında 1949-cu il Cenevrə konvensiyaları;

- 1977-ci il əlavə protokolları və s.

Ümumiyyətlə, müharibə qurbanlarının ümumi müdafiəsinə dair bütün beyəlxalq humanitar hüquq normaları qadınlara da şamil olunur. 1949-cu il Cenevrə konvensiyalarının və 1977-ci il əlavə protokolların 560 maddəsindən 40-ı qadınlara qarşı konkret hərəkətlərə həsr olunub.

Silahlı münaqişələrdə iştirak edən qadınların sayının artması ilə bağlı və əsir düşdükləri zaman qadınlara əsir statusunun verilməsi məqsədi ilə Cenevrə konvensiyaları onların hüquqi vəziyyətini tənzim edir. Beynəlxalq humanitar hüquq normaları xüsusən axtarış, bir yerdən başqa yerə aparma, şəxsiyyətin müəyyən olunması, qida və paltar təminatı, əqli inkişaf və təhsil sahəsində qadınlara əlavə təminatlar verir, onlar üçün daha əlverişli şərtlər nəzərdə tutur. Silahlı münaqişə dövründə hərbi əməliyyatlarda iştirak etməyən qadınların həyatına, fiziki və psixi toxunulmazlığına qəsd, onlara qarşı cismani cəzalar, işgəncə və hədə-qorxu da beynəlxalq humanitar hüquq normaları ilə qadağan edilir. Müdafiə qadınların geniş kateqoriyasına, həm münaqişə iştirakçısı olan, həm də belə münaqişədə iştirak etməyən neytral dövlətin vətəndaşı olan qadınlara şamil olunur.

Hərbi əsir və nəzarət altına alınan qadınlar tutula, axtarışa məruz qala, onlara qarşı ittiham elan oluna bilər, lakin istənilən halda axtarışın əks cinsin nümayəndəsi tərəfindən aparılması, qadınların kişilərlə eyni yerdə saxlanılması, qadınların gigiyena və sanitariya vasitələrindən məhrum edilməsi qadağan olunur. Onlar bilavasitə qadın müşahidəçilərin nəzarəti altında olmalıdırlar.

Hamilə və azyaşlı uşağı olan qadınlar əsirlikdən növbədənkənar azad olunmalıdırlar. III Cenevrə Konvensiyasına görə yaralı və xəstə qadınlar tipik saziş əsasında öz vətəninə və ya neytral ölkəyə qaytarılmalıdırlar. Hamilə, yeni doğulmuş və azyaşlı uşağı olan qadınların sağlamlığının qorunması üçün Cenevrə konvensiyaları və Əlavə protokollar onlar üçün tutulma, həbs edilmə və nəzarət altında saxlama ilə bağlı xüsusi güzəştlər müəyyən edir. Onların işlərinə birinci növbədə baxılır. Onlar fiziki tələbatlarına uyğun olaraq əlavə qida və müalicə ilə təmin olunur. Əgər sağlamlıqlarına ziyan vurarsa, onların yerini dəyişmək olmaz”.

Beynəlxalq humanitar hüquq normaları beynəlxalq silahlı münaqişələr zamanı hamilə qadınlar və azyaşlı uşağı olan analar barəsində ölüm hökmü çıxarılmasını və icra edilməsini məqsədəmüvafiq hesab etmir: “Həmçinin beynəlxalq humanitar hüquq normaları ilə silahlı münaqişələr dövründə qadınların cinsi toxunulmazlığına, ləyaqətinə qəsd edilməsi, onlara qarşı zorakılıq tətbiq edilməsi birbaşa qadağan olunur. 1995-ci ildə Pekində keçirilən qadınların vəziyyəti ilə bağlı Dördüncü Beynəlxalq Konfransda Fəaliyyət Platforması qəbul olundu. Orada silahlı münaqişələrin qadınlara təsiri 12 mühüm məsələdən biri kimi göstərilir, hökumətlərdən və beynəlxalq birlikdən bu sahədə müvafiq tədbirlər görülməsi tələb edilir və qadınların qərarlar qəbul edilməsi səviyyəsində münaqişələrin həllində bərabər iştirakının zəruriliyi vurğulanır.

Ümumiyyətlə, silahlı münaqişələr zamanı qadınlara hörmət və onların müdafiəsi real olmalıdır. Bu problemin həlli üçün beynəlxalq və milli qanunvericilikdə qadınların fiziki və psixoloji toxunulmazlığının müdafiəsi, gender məsələlərində ədalətin müəyyən edilməsi, sülhün qorunmasında qadınların iştirakı zərurəti aydın və dəqiq şəkildə ifadə olunmalıdır.

 

Uğur

Xalq cəbhəsi.-2015.- 5 avqust.- S.13.