İnkişaf etmiş dövlətlərdə
vətəndaş cəmiyyətləri
Vətəndaş cəmiyyəti açıq,
demokratik, antitotalitar, müstəqil inkşaf edən cəmiyyətdir
ki, burada mərkəzi yeri insan, vətəndaş, şəxsiyyət
tutur. Vətəndaş cəmiyyəti insanların siyasi
yox, başlıca olaraq iqtisadi və şəxsi həyat fəaliyyəti
sferasıdır. Burada avtoritar hakimiyyətə,
sinfi düşmənçiliyə, totalitarizmə, insanlara
qarşı zorakılığa yer yoxdur. Burada
əxlaq və humanizim prinsiplrinə, qanunlara və əxlaqa
hörmət edilir. Bu cəmiyyət
demokratik rejimdə dövlətlə sıx
qarşılıqlı əlaqədə olur, totalitar və
avtoritar rejimlərdə isə dövlətə qarşı
ya aktiv ya da passiv müxalifətdə olur. Vətəndaş cəmiyyətinin
formalaşması onun həyatının və fəaliyyətinin
bir çox tərəflərini dövlətsizləşdirməyi
nəzərdə tutur. Lakin bu o demək
deyil ki, onun dövlətə ehtiyacı yoxdur. Sadəcə olaraq burada dövlət necə deyərlər
öz yerini tapmalı və tutmalı, bütün problemlərin
həllində totalitar nəzarətdən və cavabdehlikdən
əl çəkməli və yalnız o istiqamətə
yönəlməlidir ki, orada onun iştrakı
qaçılmaz olsun. Xüsusən
müdafiə, qanunvericilik, ekologiya, xarici siyasət, büdcə,
rabitə, nəqliyyat, vətəndaşların
hüquqlarının müdafiəsi sahəsində. Yəni burada dövlət cəmiyyətin xidmətcisi,
onun inamlı nümayəndəsi kimi çıxış
edir. Qısa desək cəmiyyət
dövlət üçün yox, dövlət cəmiyyət
üçündür. İnkşaf
etmiş vətəndaş cəmiyyətində dövlətin
funksiyaları ümumi inkşaf strategiyasının işlənməsinə
yönəlmiş olur. Yəni cəmiyyətin sosial və
iqtisadi inkişafının prioritetlərinin müəyyən
edilməsi və əsaslandırılması; vətəndaşların
ictimai faydalı fəaliyyətlərinin
stimullaşdırılması və onların
hüquqlarının, əmlaklarının və şəxsi
ləyaqətlərinin qorunması; cəmiyyətin
bütün sferalarının demokratikləşdirilməsi;sərhədlərin qorunması və daxili
qayda-qanunun təmin olunması. Sonda vətəndaş
cəmiyyəti haqqında deyilənlərə yekun vuraraq demək
lazımdır ki, bu cəmiyyətin mahiyyəti odur ki, o, hakim
elitanın, hakimiyyətin, dövlətin iradəsinin ifadəçisi
yox, hər şeydən əvvəl vətəndaşların
maraqlarını, tələbatlarını,
azadlığını, istəklərini birləşdirir və
ifadə edir. Vətəndaş Cəmiyyəti – dövlət
hakimiyyəti tərəfindən fəaliyyətlərinə
birbaşa müdaxiləyə qanunla yol verilməyən azad fərdlərin
və onların birliklərinin ümumi maraq, məqsəd və
dəyərlər naminə könüllü kollektiv fəaliyyət
sferasıdır. Vətəndaş Cəmiyyəti
(VC) dövlət, bazar və ailə ilə yanaşı sosial
strukturun dörd əsas komponentindən biridir. Uğurlu
vətəndaş cəmiyyətinin əsas keyfiyyətləri
bunlardır: dövlətdən və kommersiya sektorundan
ayrı olmaq; ümumi ehtiyac, maraq və dəyərləri
olan insanlar tərəfindən formalaşdırılmaq; kənar
təsirlərdən və nəzarətdən azad, müstəqil
inkişaf imkanlarına malik olmaq. Vətəndaş
cəmiyyəti özütəşkil olunan və
öz-özünə inkişaf edən bir sistemdir. Bununla yanaşı, yüksək inkişaf etmiş
ölkələrin təcrübəsi göstərir ki, vətəndaş
cəmiyyəti yalnız onun üçün müəyyən
əlverişli şərait yaradıldığı təqdirdə
daha uğurlu və səmərəli şəkildə fəaliyyət
göstərir və inkişaf edir. Belə
bir şərait isə dövlət tərəfindən və
ya onun əksinə olaraq xeyli dərəcədə cəmiyyətin
özü tərəfindən yaradılır. Dövlət
lazımi qanunların qəbulu, demokratik strukturların
formalaşdırılması, hamılıqla qəbul
olunmuş norma və prosedurlara ciddi riayət
etməsi və hüquqlara təminat yaradılması yolu ilə
VC-nin inkişafına və müstəqil fəaliyyətinə
şərait yaradır. Vətəndaş cəmiyyətini,
eyni zamanda, dövlətdaxili münasibətlərin
inkişafına təsir göstərən insan
qruplarının təşkilatlanmış fəaliyyəti,
sosial şəbəkələşmə kimi də müəyyən
etmək olar. İctimai rifah naminə
şüurlu və aktiv fəaliyyət kimi vətəndaş
təşəbbüsləri, vətəndaş cəmiyyətinin
əsas dinamik xüsusiyyətini təşkil edir.
Vətəndaşların birləşmək və
dövlətin və cəmiyyətin idarə olunmasında
iştirak hüquqları, insan hüquq və
azadlıqlarının mühüm tərkib hissəsi olmaqla,
ölkə qanunları ilə müəyyən edilir. Bu və digər
hüquqlardan istifadə etməklə, vətəndaşların
müxtəlif formalarda cəmiyyətin həyatına
qatılmaq, ona təsir etmək və təşəbbüslər
göstərmək imkanları vardır. Vətəndaş
cəmiyyəti dövlət və özəl sektordan kənarda
vətəndaşların ən müxtəlif səviyyəli
müstəqil birliklərinin kompleksini təşkil edir.
İnkişaf etmiş ölkələrin təcrübəsi
gəstərir ki, belə birliklər sırasına ənənəvi
olaraq dini birliklər, siyasi partiyalar, vətəndaş hərəkatları,
ticarət və peşə assosiasiyaları, qeyri-hökumət
təşkilatları, icma əsaslı təşkilatlar və
bütün digər vətəndaş birlikləri aid edilir.
Cəmiyyətin dövlət və biznes
sektoruna daxil olmayan bütün belə birliklərinin məcmusu
beynəlxalq təcrübədə Vətəndaş Cəmiyyəti
Təşkilatları (VCT) adlandırılır. Bu birliklərin ən səciyyəvi xüsusiyyəti
budur ki, onlar dövlətdən və yerli özünüidarəetmədən
fərqli olaraq kütləvi hakimiyyətə və ya rəsmi
səlahiyyətlərə malik deyillər, bir qayda olaraq
öz daxili qaydaları əsasında təşkil olunur və
fəaliyyət göstərirlər. Bu
birliklər hakimiyyətin həyata keçirilməsində
bilavasitə iştirak etməsələr də, hakimiyyətə
müxtəlif vasitələrlə təsir imkanına
malikdirlər.
Azərbaycanda
vətəndaş cəmiyyəti: o nə qədər siyasi
olmalıdır?
Vətəndaş
cəmiyyəti dedikdə Azərbaycanda siyasi proseslərdən
kənarda yer alan və daha çox
qeyri-hökumət təşkilatları, daha doğrusu, ictimai
birliklər və bu tip qurumlarda təmsil olunan şəxslərin
olduğu toplum başa düşülür. Belə
çıxır ki, əgər fərd fəaldırsa və
siyasi mövqeyə malik deyilsə, o, vətəndaş cəmiyyətinin
yaradıcısıdır. Bəs əslində
necə olmalıdır, əsl vətəndaş cəmiyyətini
təşkil edənlər kimlərdir, siyasilər buraya nə
qədər aiddir?
İlkin olaraq qeyd etmək lazımdır ki, vətəndaş
cəmiyyətinin ən kiçik və sadə elementi fərdlərdir. Lakin bütün fərdlər
vətəndaş cəmiyyətinin həqiqi üzvü ola bilmirlər. Vətəndaş
yalnız öz istəyi ilə müəyyən mərhələlərdən
keçərək sosiallaşmış şəxsiyyətə
çevrilir və ancaq bundan sonra o, vətəndaş cəmiyyətinin
sosial bazasına daxil olur. Sosiallaşma -
insanın cəmiyyətə adaptasiyası, yəni cəmiyyətin
fəal bir üzvünə çevrilməsi deməkdir.
Başqa sözlə, sosiallaşma insanın fəal
vətəndaş, bir şəxsiyyət kimi formalaşma
prosesidir. Liderlik isə şəxsiyyət
kimi formalaşmanın ən yuxarı pilləsidir. Z.Freyd bunu “super ego” adlandırırdı. Hazırda qeyri-hökumət təşkilatlarının
rəhbərlərini, üzvlərini, təbii ki, fəal
olanlarını bu kateqoriyaya aid etmək olar. Çünki şəxsiyyət kimi formalaşmada
bioloji və psixoloji amillərlə yanaşı, sosial təsir
amili də mövcuddur. Sosial amil dedikdə
ictimai-siyasi fəaliyyət nəzərdə tutulur ki, nəticədə
fəal vətəndaşı məhz bu yaradır.
Göründüyü kimi, sosial təsir amili
ictimai-siyasi fəaliyyəti də nəzərədə tutur. Ona görə
sosiallaşma ilə yanaşı siyasi sosiallaşma
anlayışı da mövcuddur. Siyasi sosiallaşma
- insanların siyasi münasibət və
davranışlarında əks olunan bir prosesdir. Prosesin yüksək nöqtəsi də siyasətdə
birbaşa iştirak və ya siyasi qərarlara təsiretmə
gücüdür.
Siyasi sosiallaşma üçün vacib olan ilk amil siyasəti
anlamaq, maraqlanmaq, fikir yürütmək və məsələlərə
münasibət bildirməkdir. Cəmiyyətin siyasi
həyatı da məhz insanlar arasındakı siyasi əlaqələrin
ifadəsi və cəmidir.
Beləliklə, proses vətəndaşda siyasi fikri, cəmiyyətdə
isə ictimai-siyasi rəyi formalaşdırır. Deməli,
siyasi düşüncə daşıyıcıları da
birmənalı olaraq vətəndaş cəmiyyəti
institutlarına daxildirlər. Həm də
onun ən yüksək pilləsində qərarlaşan, cəmiyyətin
daha dərinliklərinə nüfuz edən, ona təsir
imkanları yüksək olan hissəsidir. Bunu
sosiallaşma ilə siyasi sosiallaşmanın müqayisəsindən
də açıq-aydın görmək mümkündür.
Belə ki, insan ilk növbədə
sosiallaşma prosesini seçir. Artıq bu
zaman vətəndaş cəmiyyətinin həqiqi
üzvünə çevrilir. Növbəti
mərhələdə siyasi sosiallaşma prosesinə
qoşulur ki, bu da onun siyasi fəal vətəndaş
olub-olmamasından, bunu istəyib-istəməməsindən
asılıdır. Vətəndaş cəmiyyətinin
qeyri-siyasi üzvünün siyasi sosiallaşma prosesinə
qoşulması mütləq deyil. Bu, şəxsiyyətin
dünyagörüşündən, xarakterindən
asılıdır. Həm də nəzərə
almaq lazımdır ki, hər bir cəmiyyət özünə
uyğun sosiallaşmış vətəndaş yetişdirir.
Vətəndaş cəmiyyətinin siyasi sosiallaşma
prosesini keçən üzvləri öz funksiyalarını
ya fərdi qaydada, ya ictimai birliklər, ya da siyasi partiyalarda
birləşərək yerinə yetirirlər. Hazırda
çox yanlış olaraq belə bir düşüncə
formalaşmaqdadır ki, siyasi fəaliyyət yalnız
partiyalarda həyata keçirilə bilər. Halbuki araşdırmalar da göstərir ki, bir
çox ictimai birliklər də siyasi proseslərin analizi və
proqnozlaşdırılması ilə məşğul olurlar.
Onların siyasi partiyalardan fərqi var və ən
qabarıq görünəni də hakimiyyət uğrunda
mübarizə aparmamalarıdır.
Vətəndaş cəmiyyəti quruculuğunda siyasi
plüralizmin, çoxpartiyalı sistemin daha da inkişafı
xüsusi rol oynayır. Azərbaycanın müstəqil
inkişaf tarixi siyasi plüralizmin getdikcə daha geniş təşəkkül
tapması, yeni-yeni siyasi partiyaların
formalaşdırılması və ölkəmizin
ictimai-siyasi həyatında daha fəal rol oynamağa səy
göstərməsi ilə səciyyələnir. Hazırda Azərbaycan Respublikasında dövlət
qeydiyyatına alınmış 50-dən artıq siyasi partiya
fəaliyyət göstərir. Siyasi
partiyaların mövcudluğu ölkə daxilində vətəndaş
cəmiyyətinin varlığının yüksək mərhələsindən
xəbər verir. Çünki formal şəkildə
olsa da, totalitar rejimlərdə ictimai birliklər fəaliyyət
göstərirlər. Demokratik quruluşun,
vətəndaş cəmiyyətinin formalaşması
prosesinin ayrılmaz tərkib hissələrindən biri söz
və vicdan azadlığının təmin olunmasından
ibarətdir. Təbii ki, bunlar olmadan ictimai
birliklərin və siyasi partiyaların varlığı formal
xarakter daşıyardı. Deməli, vətəndaşın
sosiallaşması üçün azadlıqlar tələb
olunursa, siyasi sosiallaşması üçün daha artıq
azadlıqlar təmin edilməlidir.
Cavid
(davamı var)
Xalq Cəbhəsi.-
2015.- 14 avqust.- S.13.