XIX əsr Şamaxı ədəbi
mühiti
Murad Mirzəli oğlu,
Mustafa Tağı oğlu, Həsən Çəp,
Əbbürrəhman Əfəndi, Kərbəlayi Əli
Əkbərin yaradıcılığı haqqında
XIX əsrin 50-ci illərindən sonra Şamaxıda həm
poeziya, həm maarif, həm aşıq sənəti, həm də
musiqi sahəsində yeniyeni istedadlar yetişib üzə
çıxaraq şöhrət qazanıb, musiqi tarixində
silinməyən iz qoyublar. Bizə belə gəlir ki, həmin
dövrdə Şamaxı və onun kəndlərində yaşayan
elə bir sənətkar tapılmazdı ki, onun az və ya
çox dərəcədə Mahmud Ağa məclisi, «Beytüs-Səfa»
məclisilə əlaqəsi olmasın. Sadəcə
olaraq, bu sahə ilə bağlı ciddi təqdiqat
aparılmadığı üçün XIX əsrin II
yarısında Şamaxıda yaşamış sənətkarların
ömür yolu, sənət uğurları haqqında
yalnız seyrək məlumatlara rast gəlmək
mümkündür. Eləcə də Mahmud Ağanın
muğam məktəbi, məktəbdə keçirilən
müsabiqələr, qaliblərdən bəhs
edən
yazılı sənədlər axtarılsa da, hələlik
ciddi nəticələr əldə edilmədiyini etiraf etmək
lazımdır. Mahmud Ağa məclisinin
yerli-daimi iştirakçları haqqında məlumatlar ya
xatirələr, ya onların uzaq qohumlarının dedikləri,
bəzən də məntiqi və intuitiv qənaətlər əsasında
formalaşıb. Mahmud Ağa məclisinin
daimi iştirakçıları əsasən, Şamaxı və
ətraf oba, kəndlərdə yaşayan ziyalı, sənətkar,
tacir və bəy-bəyzadələr olub. Xatirələrdə qeyd olunduğu kimi, bəzən
məclisdə iştirak edənləri Mahmud Ağa
sarayının «Qızılı salonu» güclə tuturdu.
Bir müddət keçəndən sonra məclisə,
muğam müsabiqəsinə qatılan sənətkarların
sayı yüzü keçərdi. Ona
görə müsabiqə hətta bir həftə - on gün
davam edirdi. Bu müddət ərzində həmin
insanlara sarayda xüsusi qayğı göstərilirdi. Qaliblər də həmişə olduğu kimi
mükafatlandırılırdı.
Bu iştirakçıların çoxu barədə
bilgilər əldə etsək də, kitabda bu muğam, poeziya
sərraflarının yalnız bir qismi barədə məlumat
verə bildik.
Kimlər olmuşdu o insanlar – muğam təşnələri?
Murad Mirzəli
oğlu
O, XIX əsrin
30-cu illərində Şamaxıda İmamlı məhəlləsində
doğulub. Mollaxanada oxuyub. Uşaqlıqda
qarğıdan düzəltdiyi tütəklə aşıq və
oyun havalarını öyrənməyə
başlayıb. Sonra şirvanlı Aşıq İbrahim, Aşıq Xəlillə
tanış olub. Sənəti
öyrənib və onlarla yoldaşlıq edib. Özü də Mahmud Ağanın qonşuları
idi. Amma həmin məclisə ilk dəfə
Aşıq İbrahimlə ayaq açıb. Mahmud
Ağa Aşıq İbrahimin onunla ifa etdiyi «Zarıncı»nın məftunu idi. Murad ustad şair
S.Ə.Şirvani və görkəmli pedaqoq M.Mahmudbəyovla
da dost olub. O, təxminən XIX əsrin 90-cı illərində
vəfat edib. Salam Məşədi Bağı
oğlu (XlX əsr) Aşıq Şamilin dediynə görə,
balabançı Salam Aşıq Vəlicanın dayısı
olub. O, balaban çalmağı qonşuları Solaxay Mədətdən
öyrənib. Mədət tərəkəmələrlə
savaşda çomağı sol əli ilə vurduğundan
“Solaxay” ayaması verilibmiş ona. O da
Aşıq İbrahimlə sənətə ayaq açaraq
bacısı oğlu Vəlicanı da arxasınca aparıb.
Sonra ustad sənətkar bir çox havalar bəstələyib.
Qocaman sənətkarların dediyinə görə,
Aşıq Vəlicanın oxuduğu «Vəlicanı şikəstəsi»ni Salam bəstələyib. Mahmud
Ağa məclisinə aşıqları dəvət edəndə
Salamı da çağırtdırar, onun tütək
çalğısını çox xoşlayardı. Çox zaman Ağa Salama tütək
çaldırıb doyunca qulaq asar, mükafatlandırardı.
Salam Məşədi Bağı oğlu XIX əsrin
sonunda vəfat edib. Udulu Musa (1802-1875) Udulu Musa Məhərrəm
oğlu 1802-ci ildə Şirvan mahalının Baba-Bozum
adlı köçəri obasında doğulub. Sonralar Udulu kəndinə köçüblər.
İlk təhsilini evdə atasından alıb,
ardını isə Şamaxıda oxuyub. Həm
xalq şeiri, həm də klassik üslubda əsərlər
yazıb. O, XIX əsrin görkəmli şairi X.Natəvanla
da məktublaşıb. Şamaxının ziyalıları,
xüsusən S.Ə.Şirvani ilə dost olub. Ona
görə də «Beytüs-Səfa» məclisinə yaxın
idi. Udulu Musa 1875-ci ildə vəfat edib.
Onun haqqında ilk dəfə professor Ə.Cəfərzadə
tədqiqat aparıb. Sonralar bir çox alimlər -
F.Qasımzadə, N.Qarayev, Əhməd Cəfərzadə, S.Qəniyev
və b. onun yaradıcılığını tədqiq edərək
şairin yeni şeirlərini üzə çıxarıb
çap etdiriblər.
Ey gözəl,
səbr et, dayan, bir ləhzə mehman ol mənə,
Taqəti-canım, gedirsən? Getmə, bir can ol mənə!
Eylə
bir zillətliyəm, hər kəs məni tərk eyləmiş,
Rəhmə gəl, ad eyləyib, qüdrətli sultan ol
mənə.
Xəstəyəm,
biçarəyəm, yoxdur təbibi-malicim,
Bari insaf eləyib şəfqəti-dərman ol mənə.
Görmədim
dünyada mən zövqü səfadan bir nişan,
Bəxt yox, imdad yox, bir özgə dövran ol mənə.
Gün
ötür, ömür keçir, cismin solur bir gül kimi,
Binəsib
Musa ölür, sən ki, mehman ol mənə!
***
Yetişdi
xoş namən bizə, Xan qızı,
Sən ağlarsan, mən gülmərəm, sızdaram.
Dərdlidən
dərdliyə salam eylərəm,
Sən
ağlarsan, mən gülmərəm ,
sızdaram.
Kim bilir işini çərxi-fələyin?
Qoymaz bir
hasilə yetə diləyin, Dərdin bəyan etdin, yandı
ürəyim,
Sən ağlarsan, mən gülmərəm, sızdaram.
Mənim
də bəxtimin olmadı ağı,
Dostlar əldən
getdi, çoxaldı yağı,
Qocalıban
ömrün qurtaran çağı,
Sən ağlarsan, mən gülmərəm, sızdaram.
Abamı
götürüb biyaban gəzdim,
Şirvandan
tapdayıb dağ, aran gəzdim,
Qolum
gücdən düşdü, canımdan bezdim,
Sən ağlarsan, mən gülmərəm, sızdaram.
Şirvan
eli Qarabağdan uzaqdır,
Bir il yağmır olsa, bir il quraqdır,
Yazıq
Musa alacıqda dustaqdır,
Sən ağlarsan, mən gülmərəm, sızdaram.
Mustafa
Tağı oğlu
Mənbələrdə Mustafanın XIX əsrin əvvəllərində
Şamaxının İmamlı məhəlləsində
anadan olduğu göstərilir. Atası Tağı kişi
çarıqçı imiş. Mustafa məhəllə
məktəbində təhsil alıb. O, həm də
«Çarıqçı oğlu» təxəllüsü ilə
yazan şair imiş. Gənclik illərində
balaban sənətini öyrənir. İlk dəfə
Aşıq İbrahim, sonra Aşıq Nürəddinlə tanış olur, yoldaşlıq edirdi. O,
S.Ə.Şirvaninin «Beytüs-Səfa» məclisinə yaxın
olub. Uzun illər Aşıq İbrahimi
müşayiət edib. Onun şeirləri
həm də Aşıq İbrahimin repertuarını təşkil
edirdi. Mahmud Ağa məclisinə də
Aşıq İbrahimlə gedib. «Şirvanın
yolları» mahnısı Mahmud Ağanın sevdiyi havalardan idi.
Aşıq İbrahim onu ustalıqla ifa etdiyi
kimi, Mustafa da yastı balabanda xüsusi füsunkar bir ritmlə
çalardı. Məclisdə əyləşən hər
kəsin qəlbi belə qənirsiz ifadan riqqətə gələr,
coşar, kövrələrdi. Mustafa
Çarıqçı oğlunun şeirlərindən
parçaları və nümunələri
Ə.Cəfərzadənin şəxsi arxivindən əldə
etmişik.
Səni
gördüm əqlim çaşdı,
Belə baxma, zalım qızı.
Alma yanaq,
süzgün baxış,
Canım yaxma, zalım qızı.
Səni xəlq
edənə qurban,
Unudarammı bircə an?
Eşqimə
sən də alış, yan,
Canım yaxma, zalım qızı.
Çarıqçı oğlu neyləsin?
Dərdini kimə söyləsin?
Kimə təmənna eyləsin?
Belə
baxma, zalım qızı,
Canım yaxma, zalım qızı.
O, XIX əsrin
sonlarında vəfat edib.
Həsən
Çəp
Bu sənətkar haqqında mənbələrdə o qədər
də geniş məlumat yoxdur. Bəlli odur ki, uzun illər
Şamaxı mədrəsəsində dərs deyib. Həsən
gənclikdən zil səsi ilə bəyənilib və Mustafa
xanın sarayına yaxın olub, saray xanəndələri ilə
dost idi. Çopur Nəcəfqulu ilə mötəbər
məclislərə qatılıb. Əhməd
Sultan və oğlu Mahmud Ağa məclisində ustad xanəndə
kimi şöhrətlənib, uğurlar qazanıb. O, gənclərə
muğamın sirlərini öyrədib, musiqiyə aid risalələr
yazıb. Ustad xanəndə təxminən XIX əsrin
80-ci illərində vəfat edib. Həsən
də S.Ə.Şirvaninin şair dostlarından idi.
Ə.Cəfərzadənin şəxsi arxivindən
şairin bir qəzəli əldə edilib.
Sariban,
çək ovsarı «Rast» məqamı haray salır,
Ürəkdən bir də duyum «Zənguşüturun» səsini.
An
keçir, dövran dönür - deyək, gülək
xürrəm olaq,
Dolansın
çox sözümüz şövq ilə ərşi əlanı...
Saqi, mey gəzir
bizə unudaq qəmü-kədəri,
Yığışıb dust-aşınalar, xub qurublar məclisini.
Şükür
olsun xüdaya, nəsib edib bizlərə xürrəm
günü,
Dilərəm çox gəzməsin lütfunü, həm
çarəsini.
Həsən
Çəp, ver sözü Mirzə Məhəmməd Həsənə,
Sizlərə peşkəs edib Mahmud Ağa xanəsini.
Haşiyə:
O, klassik muğamlardan «Mahur»u, «Rahab»ı, «Şur»u, «Nəva»nı və həmin muğamların
«Əşiran» şöbəsini özünəməxsus tərzdə
bənzərsiz ifa edərmiş. Mahmud Ağa da
bu şöbəyə valeh olardı. Bu cəhəti vaxtilə
S.Ə.Şirvani da belə qələmə
Alıb:
Təsiri-bahar
ilə olur şimdi tənavür,
Səma ilə hər nəxl ki, dönmüşdü
ufalə.
Durnalar
oxur gah «Əşiran», gah Əbdülçəpə,
Gah şəkli-müsəlləs, gah uçar cümləsi
nalə.
Əbbürrəhman
Əfəndi
(1808-1890)
Əbdürrəhman Şamaxı şəhərində
doğulub, mədrəsə təhsili alıb. «Ünsi» təxəllüsü
ilə şeirlər yazıb. O, oğlanlarının hər
üçünə - Səid, Cəlal, Kamala mükəmməl
təhsil verib. Əbdürrəhman Əfəndi
XIX əsrdə Şamaxıda yaşayıb-yaradan
ziyalıların, sənətkarların yaxın dostu olub.
O, Əhməd Sultanın da yaxın dostu və həmtayı
idi. Onun sarayında təşkil olunan musiqi məclisində
iştirak edərdi. Sonralar isə Mahmud Ağanın təşkil
etdiyi muğam məclisinin də daimi
iştirakçısı
oldu. Əfəndinin hər üç oğlu şair
olduğu kimi, Şamaxının mədəni, pedaqoji həyatında
da yaxından iştirak etmişdilər. O, Mahmud Ağa məclisinə
yaxın olduğu qədər də «Beytüs-Səfa» məclisinin
fəal üzvü olub. Onun şeirləri hələlik
əldə edilməyib. Vaxtilə
şairin yaxın qohumu, xanəndə Ağakərim Nafizin
şəxsi arxivindən bir qəzəlini əldə
etmişik.
Bu yadigar
şairin gözəl istedadından, əruza bələdliyindən
böyük söz deyir:
Nə adətdir
gözəllərdə, məni gördükdə neştərlər,
Çəkərlər tiği əbrudən nəzər
əhlin qilişdərlər.
Vurarlar
tiği tiğ üstən, tökərlər aşiqin
qanın,
Dönüb bir xənddə ilən vurduğu zəxmin
kirişdərlər.
Qarə
xalə məni qoymaz baxım ol mərdümi-çeşmim,
Misaldır, danəyə qəsd eyləyən quşlan
kişdərlər.
Əgər
ləli-ləbin öpdümsə, qəhr etmə bu rəsm
olmuş,
Ələ
bir alma düşdükdə
qızarmış olsa, dişdərlər.
Dedim,
çaki-giribandı və ya sübhün dəmidi bu,
Nə kim hər qədri-pürqiymət, dedi olsa,
gümüşdərlər.
Şikayət
eyləmə, Ünsi, gözəllər
cövrü-zülmündən,
Fitad altun
ola hərçənd genə axir çəkişdərlər.
Kərbəlayi
Əli Əkbər
Şamaxıda
zəmanəsinin muğam ustadı sayılan Kərbəlayi
Əli Əkbərdən bəhs edən f.e.d. Əhməd Cəfərzadə
yazır: «Mirzə Əli Əkbər XIX əsrin əvvəlində
Şamaxı şəhərində doğulub. Mollaxana
və mədrəsə təhsili almış, ərəb-fars
dillərini mükəmməl öyrənib. Ona görə
klassik poeziyaya,
həm
də ərəb-fars dillərində olan musiqi ədəbiyyatlarına
bələd idi».
O, Mahmud Ağadan çox əvvəl Əhməd Sultanla dost olub. Mahmud Ağanın muğam məclisi yarandıqdan sonra birdəfəlik saraya köçür. Muğam məclisinə maraq göstərən gənclərə sənətin sirlərini öyrədir. Gənc xanəndə Mirzə Məhəmməd Həsən muğam dərsini Kərbəlayi Əli Əkbərdən alıb. Ümumiyyətlə, gənc xanəndələr onun təlimini öyrənəndən sonra musiqişünas, tarzən Mahmud Ağaya imtahan verməli olurlar.
Çox mənbələrdə o da vurğulanır ki, Mirzə Məhəmməd Həsənin də ustadı «Sirvanın məşhur xanəndəsi Kərbəlayi Əli Əkbər olub. Onlar qonşu idilər».
Ustad xanəndə Əli Əkbər Şamaxıda səsi-avazı olan gəncləri bir yerə toplayıb təlim keçər, proqram «sona çatandan sonra Mahmud Ağanın ayrıca imtahanı» başlayardı. Mahmud Ağa imtahanda gənclərin birinci növbədə səsini, muğam və təsnifə bələdliyini, ən başlıcası, seçdiyi qəzəlin, təsniflərin sözünün aydın tələffüzünü, bir də səsinin kökdə olmasını əsas şərt hesab edirdi. İmtahandan qalib çıxan gənclər başqa bir gün yarışa qatılırdı. Yarışda qaliblər xüsusi mükafata - hədiyyələrə layiq görülürdü.
Ustad Əli Əkbər illərlə gənclərə muğamların qayda-qanunlarını öyrətməklə yanaşı, Mahmud Ağa sarayında yerləşən məktəbə, sarayda keçirilən muğam müsabiqə və yarışlarına da rəhbərlik edib. Ustad xanəndə müsabiqələr və muğam dərsləri üçün xüsusi risalələr də hazırlamışdı. Muğam bilicisi XIX əsrin sonunda Şamaxı şəhərində vəfat edib.
Seyfəddin Qəniyev
Professor
Xalq Cəbhəsi.- 2015.- 18 avqust.-
S.14.