“Dünyanın inkişaf etmiş ölkələrində dövlətlə vətəndaş cəmiyyəti institutları arasında xüsusi münasibətlər mövcuddur”

 

“Bu münasibətlər ilk növbədə dövlətçilik ənənələrinə, prinsiplərinə söykənir”

 

 

Vətəndaş cəmiyyətinin inkişafını səciyyələndirən amillərdən biri də dövlət və vətəndaş cəmiyyəti institutları arasında münasibətlərin tənzimlənməsidir. Azərbaycanda dövlət və vətəndaş cəmiyyəti institutları arasında münasibətlər hansı prinsiplərlə, necə tənzimlənir?

Bu barədə danışan Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının katibliyinin icraçı direktoru Fərasət Qurbanov bildirib ki, vətəndaş cəmiyyəti institutlarının iştirakı olmadan hər hansı inkişafı təsəvvür etmək mümkün deyil: “Dünyanın inkişaf etmiş ölkələrində dövlətlə vətəndaş cəmiyyəti institutları arasında xüsusi münasibətlər mövcuddur. Bu münasibətlər ilk növbədə dövlətçilik ənənələrinə, prinsiplərinə söykənir. Təcrübəyə görə, dövlət qurumlarının QHT sektoru ilə əməkdaşlıgı dövlət və cəmiyyət üçün problemlərin həllinin gerçəkləşməsidir.

Avropada olan təcrübəyə nəzər yetirir və görürük ki, vətəndaş cəmiyyəti quruluşları ilə dövlət qurumları arasında sıx münasibət əsasən iri ölkələrdə müşahidə edilir. Burada əsas amil odur ki, dövlətin, onun rəhbərinin vətəndaş cəmiyyəti institutları istiqamətində siyasi iradəsi olsun. Sözsüz ki, Azərbaycanda bu siyasi iradə var. Azərbaycan Prezidenti vətəndaş cəmiyyəti quruluşlarının inkişafı üçün yüksək siyasi iradə nümayiş etdirir. QHT-lərin fəaliyyətinə bütün mümkün şərait yaradılıb. Bu gün qeyri-hökumət-dövlət münasibətləri yeni bir əməkdaşlıq müstəvisindədir.

"Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Konsepsiyası"nda dövlət vətəndaş münasibətləri aydın şəkildə əks olunub, dövlətin vətəndaş cəmiyyəti institutlarını dəstəklədiyi prioritet sahələr, əsas istiqamətlər göstərilib. Azərbaycan Prezidenti yanında Qeyri-Hökumət təşkilatlarına Dövlət Dəstəyi Şurasının modeli isə əksər Avropa ölkələri üçün də nümunə ola bilər. Biz Avropa ölkələrində Azərbaycanda vətəndaş cəmiyyətinin inkişafının hazırkı durumunu təqdim etdiyimiz zaman yaxşı mənada təəccüblə qarşılanırıq. Bu, dövlətimizin, Prezident İlham Əliyevin vətəndaş cəmiyyəti institutlarına, QHT sektoruna verdiyi önəmin uğurlu nəticəsidir”.

Hazırda QHT-lərin təşəbbüskarlıq və fəallıq meyarlarının nə yerdə olduğu barədə danışan Fərasət Qurbanov deyib ki, QHT sektorunun kimliyinə nəzər yetirək: “QHT-lərdə təmsil olunan şəxslər kimlərdir? Əlbəttə, bunlar cəmiyyətin içində ictimai fəallığı ilə seçilən, könüllü şəkildə öz enerjisini ictimai işə sərf edən, cəmiyyət üzvləri, müxtəlif peşə sahələrində seçkin insanlardır. Çalışırlar ki, cəmiyyətin mövcud olan problemlərinin həllinə könüllü olaraq ictimai töhfə versinlər. Bu, QHT-lərin fəlsəfi təsviridir və hər zaman praktikayla uzlaşmaya, ayrı-ayrı fərdlərin də marağı ola bilər. Bəzən QHT-nin fəlsəfi mənadan kənara çıxaraq bir qədər siyasətə meyl etməsinə rast gəlinir. Bu cür yanaşmaları başqa dövlətlərdə də görmək mümkündür.

QHT sektoru dövrün tələbləri ilə ayaqlaşmalıdır. Bu günün ictimai tələbi, dəstəyi nəyi diqtə edirsə, QHT sektoru da layihə və proqramlarını həmin istiqamətə yönəldir. Burda Şuranın üzərinə məsul vəzifələr düşür. Qeyri-hökumət təşkilatlarının potensialını, imkanlarını düzgün istiqamətləndirmək üçün qrant müsabiqələrinə elə mövzular təqdim edirik ki, cəmiyyətimiz üçün aktual olsun.

Şura ölkədə yaranmış ilk donor olaraq 14 fəaliyyət istiqamətini dəstəkləyir. Buna sosial məsələlər, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinə ictimai dəstək, müdaxilə tələb edən problemlər təsbit olunub. Buna uyğun da qrant və müsabiqələr elan edilir. QHT-lərin təklifləri heç də hər zaman müsabiqə mövzuları ilə uzlaşmır. Təbii ki, bunların içərisindən ən yaxşılarını, faydalı olanları seçirik”.

Azərbaycan QHT-lərinin cəmiyyətin inkişafındakı rolunun səviyyəsinə gəlincə isə o, deyib ki, Azərbaycanda QHT-lərin səviyyəsini belə təsnifatlaşdırmaq olar: inkişaf etmiş təşkilatlar, inkişafa keçid mərhələsində olanlar və yeni yarananlar: “Cəmiyyətdə tanınan təşkilatlarımız var. Dövlətimiz belə QHT-lərlə əməkdaşlıq edir. Şura təsnifatlaşdırma üzrə xüsusi proqram həyata keçirməyi nəzərdə tutur. İnkişaf etmiş ölkələrdə ictimai faydalı təşkilatların faizi ayrıca təsnifatlaşdırılıb. Bəzi ölkələrdə QHT Standarları deyilən bir sənəd var. İnkişaf etmiş, inkişafa keçid mərhələsində olan və həmçinin yeni yaranmış təşkilatlara sertifikatlar verilir. Dövlət də, beynəlxalq təşkilatlar da QHT-lərə münasibətdə sertifikat amilini əsas götürür. Nüfuzlu təşkilatlara böyük qrant müsabiqələrində üstünlük verir.

Ölkəmizdə də QHT işinin böyük tarixi olmasına baxmayaraq, bu sektora dövlət dəstəyi 2008-ci ildən başlayır. Ötən 7 ildə dünya səviyyəsində tanınan bir QHT fəaliyyəti ortaya qoymaq çətin olsa da, Avropa ölkələrinin keçdiyi yolun çox hissəsini qət etmişik. Dünyada mövcud olan elə bir praktika yoxdur ki, bizdə o tətbiq olunmasın”.

Şuranın türk dünyası ölkələri ilə əlaqələrinə də toxunan Fərasət Qurbanov diqqətə çatdırıb ki, türk dünyasının bir hissəsi olaraq qardaş ölkələrlə əməkdaşlığa can atırıq: “Türkiyənin Daxili İşlər Nazirliyinin nəzdindəki Dərnəklər Dairə Başkanlığı ilə işgüzar təmaslarımız var. Qeyri-hökumət təşkilatlarına dövlətin verdiyi dəstəyin prinsip və mexanizmlərində oxşar cəhətlərimiz var. Türkiyədə müxtəlif dərnəklər, Sivil Toplum Kuruluşları (STK), fondlar var ki bunların hamısı humanitar fəaliyyətlə məşğuldur. Vaqfların forması və fəaliyyət dairəsi xüsusilə fərqlidir. Vaqflar əldə etdiyi gəliri məhz xidmət etdiyi sahəyə yönəldirlər. Fikrimcə, cəmiyyətin inkişafı üçün olduqca faydalı model olan bu vaqfların təcrübəsini öyrənməliyik. TİKA ilə yaxından əməkdaşlıq edirik. Təşkilat Bakıda QHT-lər üçün bir təlim-resurs mərkəzinin yaradılmasında Şuraya dəstək olub. Yaxınlarda isə Şura TİKA ilə əməkdaşlıq haqqında Memorandum imzalayıb.

Dost ölkənin bir neçə STK-na ümumi maraqlarımızla, xüsusilə də Dağlıq Qarabağ problemi ilə bağlı layihələrin maliyyələşməsinə dəstək veririk. Türkiyənin iri şəhərlərində və Avropada Xocalı soyqırımının dünyaya tanıdılması istiqamətində, həmçinin Dağlıq Qarabağ münaqişəsinə dair bir sıra tədbirlər, sərgilər təşkil olunub.

Digər türk ölkələri ilə əməkdaşlıq sahəsində də müəyyən işlər görülüb. Azərbaycan-Türkiyə qeyri-hökumət təşkilatları Forumunun keçirilməsi ideyasını irəli sürmüşük. Bu Forumu təsis etməklə, digər türk respublikalarını da quruma cəlb etmək nəzərimizdədi. Forumun ictimai əlaqələrin vasitəsi ilə regionda sülhə və sabitliyə töhfə verəcəyini düşünürük”.

Xarici donorlara üz tutan QHT-lərə gəlincə isə o, deyib ki, qanunvericilikdə xarici donorlara əməkdaşlığı məhdudlaşdıran heç bir müddəa yoxdur: “Hökumət QHT-lərin xarici partnyorlarla əlaqələrinə qanunla hər cür şərait yaradıb. QHT və ictimai birliklərin rəhbərlərinin əsas qayəsi millətinə, Vətənə xidmət olmalıdır. Əgər bir QHT rəhbəri xarici donorun maliyyəsinə görə ölkənin milli maraqlarına zərər vurursa, deməli, o, xəstə təxəyyüllü bir insandır. İnsan heç bir maddi yardıma, qranta öz milli kimliyini, milli dövlətçilik maraqlarını qurban verməməlidir. Hansısa yerli təşkilat xarici donorla əməkdaşlıq edərək ölkəmizdə sosial vəziyyətin yaxşılaşması, uşaqlarla, ətraf mühitlə, xəstəliklərlə bağlı məsələlərə dair layihələr həyata keçirirsə, bunu alqışlayır, dəstək oluruq. Amma məqsədli şəkildə Azərbaycanın fondlarına deyil, xarici donorlara üz tutanların niyyətinin saf və xoş olmadığı ortaya çıxır. Niyyətin də xoş olmaması dövlətçiliyə, milli maraqlara zərbədir.

Xarici donorla əməkdaşlıq edən QHT onun barəsində bütün məlumatları bilməlidir: bu donorun maliyyəsi hardandır, vəsaiti hansı niyyətlə verir və s. Bu əməkdaşlığa gedən hər bir şəxs milli dövlətçilik maraqlarına sadiqlik nümayiş etdirməlidir”.

O, əlavə edib ki, yeni proqramlar üzərində çalışırlar: “Bunlardan biri ictimai-faydalı təşkilatların müəyyən edilməsi ilə bağlı konsepsiya sənədinin hazırlanmasıdır. Bu sənəd imkan verəcək ki, gələcəkdə QHT-lər arasında bir təsnifatlaşma aparılsın. Eyni zamanda, biznes qurumları arasında korporativ sosial məsuliyyət mədəniyyətinin formalaşması istiqamətində müəyyən işlərə başlamışıq. Hazırda biznes qurumlarının QHT sektoruna yardımı heç bir qanunla tənzimlənmir. Biznes qurumları ilə QHT-lər arasında vətənpərvərliyə əsaslanan əməkdaşlıq ideyasını təbliğ etmək fikrindəyik. QHT-lərə müxtəlif pulsuz xidmətlərin təşkili reallaşıb, Bakı Təlim-resurs mərkəzində ofis və texniki imkanı olmayan qurumlar pulsuz xidmətlərdən istifadə edə bilərlər.

Perspektivdə elektron TV yaratmağı da nəzərdə tutmuşuq. Bu, QHT-lər üçün yeni bir tribuna olacaq. QHT-lərlə dövlət qurumlarının əməkdaşlığını işgüzar münasibətlər səviyyəsinə qaldırmaq üçün sosial sifarişlərdə QHT-lərin iştirakını təmin etmək yönündə araşdırma aparırıq. Dövlətimiz QHT sektoru ilə əməkdaşlıqda olduqca maraqlıdır, vətəndaş təşəbbüskarlığını yüksək qiymətləndirir. Cəmiyyətimiz, dövlətimiz də QHT-lərin faydasını hiss etməlidir”.

 

Əli

Xalq Cəbhəsi.- 2015.- 18 avqust.- S.13.