Azərbaycanın dövlətçilik ənənələri
çox zəngindir
Qədim dövlətçilik
mədəniyyətimizin əks
olunduğu yazılı
abidələr
Türk dövlətçiliyinin tarixi
çox qədim zamanlardan başlanır. Dövlətçilik ənənəsi qədim
olduğundan xalq yaradıcılığında, xalq düşüncə və davranışında,
ictimai-siyasi əxlaqda
sabit mənəvi dəyərlər yaranıb,
müxtəlif folklor janrlarında ifadə olunub. Folklor bir tərəfdən
dövlətçiliyin mənəvi
əsaslarını möhkəmləndirməyə
xidmət edib, onu müxtəlif obraz, süjet və motivlərdə xalq yaddaşına köçürüb, digər
tərəfdən onun
fəlsəfəsini və
estetikasını hazırlayıb.
Dövlət gerçək olmazdan
öncə o, xalqın
arzu və istəklərində, düşüncə
və xəyallarında
yaranır və uyğun tarixi şəraitdə geçəkləşir.
İcma,
ailə və tayfa mədəniyyətinin
və bu mədəniyyəti xalq hafizəsində yaşadan
folklorun dövlətçilikdə
xüsusi rolu olur. Çünki etnik-milli özünütəşkilin
ən nikbin yolu folklorda mövcud olan mənəvi dəyərlərdən
keçir. Başqa sözlə,
folklorunda dövlətçilik
ideyası olan xalqın dövlət qurması da asanlıqla baş verir. Çünki folklor dövlətçiliyin
mənəvi əsasıdır.
Folklor irsini yaddaşında və davranışında
yaşadan xalq dövlətçilik təcrübəsində
sosial harmoniyanı təmin etmək üçün çətinlik
çəkmir. Onu da qeyd edək ki, folklor ayrı-ayrı
janrlarda gerçəkləşən
mətnlər olmaqla yanaşı xalq düşüncəsinin və
həyatının bütün
sahələrini əhatə
edən sabit mənəvi dəyərlər
sistemidir. Milli folklor
milli düşüncənin
və davranışın
təkcə təzahür
forması deyil, həm də onun modelləşdirici sistemi, başqa sözlə, düşüncə
və davranış tərzidir. Dövlətçilik də bu düşüncə və
davranış çərçivəsində
gerçəkləşir.
Dövlətçilik tarixi-ictimai mədəniyyətin
ən yüksək formasıdır. Bu mədəniyyətə
sahib olmayan xalqlar milli varlıqlarını
qoruya bilməmişlər.
Bu mədəniyyətin və ənənənin qorunmasını isə folklor, yaddaş, xalqın mənəvi bütövlüyünü təşkil
edən ehtiyatlar təmin edir. Bu mənada folklor
və dövlətçilik
bir-birinə sıx surətdə bağlı,
üzvi vəhdət təşkil edən məsələlərdir. Əgər məsələyə geniş
prizmadan baxılsa dövlətçilik də
xalq yaradıcılığının
bir forması götürülə bilər.
Cəmiyyət dünyəvi qanunlara
zaman-zaman uyğunlaşır,
amma milli əxlaqa, milli ənənəyə və
milli davranışa zidd olmayan qanunlar
ictimai münasibətlərdə
dərhal öz təsdiqini tapır.
Bəzən “yazılmamış qanunlar” ifadəsi
işlədilir. Bu əslində etnik
ictimai davranış və milli əxlaq normasının
müasir qanunlarda öz əksini tapmayan hissəsidir. Bu həm də ənənədə
formalaşmış xalq demokratiyasının müasir
hüquqdan və qanundan genişliyi və
üstünlüyüdür.
Xalqımız milli müstəqil, hüquqi, demokratik
dövlət quruculuğu prosesini yaşayır. Dövlətimizin
və dövlətçiliyimizin möhkəmləndirilməsi
üçün milli dövlətçilik ənənəmizin
tarixinə və onun folklorda gerçəkləşən mənəvi
məsələlərinin təsvirinə və təhlilinə
də diqqət artırılmalıdır. Tarixdən türklərin qurduğu böyük Hun
imperatorluğu, Xəzər xaqanlığı, Göytürk
imperatorluğu, Oğuz-Səlcuq imperatorluğu, Osmanlı
imperatorluğu, Qaraxanlı dövləti, Bulqar dövləti,
Uyğur dövləti və b. məlumdur. Türk xalqlarından biri kimi, biz bu dövlətlərin,
onların yaratdığı zəngin dövlətçilik
mədəniyyətinin varisləriyik. Bununla
yanaşı Şirvanşahlar dövləti, Ağqoyunlu
dövləti, Qaraqoyunlu dövləti, Səfəvi dövləti
kimi Azərbaycan dövlətləri mövcud olub. Bunların hər birinin milli dövlətçilik
tariximizdə xüsusi xidmətləri olub.
Azərbaycan ərazisində mövcud olmuş Manna
dövləti (eramızdan əvvəl IX-VII əsrlər),
Atropatena dövləti (eramızdan əvvəl IV əsr-eramızın
II əsri) də bu ənənəyə öz töhfələrini
verib. Paytaxtı Qəbələ olan Qafqaz Albaniyası
dövləti eramızdan əvvəl IV əsrdə
yaranıb. Tarixdən məlum olduğu
kimi, Azərbaycanın dövlətçilik ənənələri
çox zəngindir. Tədqiqatçıların
mülahizəsinə görə, “bu ənənələr
öz başlanğıcını dili və mədəniyyəti
ilə türk xalqlarına yaxın olan şumerlərdən
götürür. Məşhur şumerşünas
S.N.Kramer “Tarix Şumerdən başlanır” əsərində
yazır: “Bəşəriyyətin ən qədim tarixində
“parlament demokratiyası” ilə rastlaşırıq. Şumer
dövlətini parlament idarə edirdi: 1.Atalar – ağsaqqallar –
senat sayılırdı. 2. Şəhər ərləri,
orduda qulluq edənlər – parlamentin aşağı
palatası hesab olunur”. Mütərəqqi
dövlətçilik ənənələri sonrakı
dövrlərdə də davam və inkişaf etdirilib.
Cəmiyyət həmişə sosial rifah və ədalətli
idarəçilik haqqında düşünüb. Xalqın
düşüncə və arzuları ədalətli
hökmdar ideyasını doğurub. Hər
şeyi rəhbərindən gözləyən xalq bir
çox hallarda onu müqəddəsləşdirib və
mütləqləşdirib. Bu
düşüncələr də folklorda ifadə olunub, xalq
içində də, saraylarda da dövlətçiliyin mənəvi
məlumat dəstəyi, onu kamilləşdirən əsas
faktor kimi çıxış edib. Xalqın
sonsuz sevgisi olduğu kimi, nifrəti də kükrəyəndə
hüdudsuz olur. Bu özünü hakimiyyətlə
xalq, elita ilə kütlə arasındakı sosial məsafənin
çoxalıb maksimum səviyyəyə
çatdığı məqamlarda daha çox təzahür
etdirir. Dövlətçiliyin
sarsılması da məhz bu zaman başlanır. İdarəçiliyi mükəmməl olmayan
hökmdarlar xalq yaradıcılığında “zalım
padşah” kateqoriyasına aid edilir. Məsələn,
Sultan Səncər “zülümkar”, Şah Abbas “cənnətməkan”
epitetləri ilə yaddaşlarda qalıb. Dövlətçilik
mədəniyyətimizi əks etdirən folklor
qarışıq yazılı abidələr və ya xalis
folklor nümunələri digər istiqamətlərlə
yanaşı həm də bu yönümdə məhz dövlətçiliyimizin
monolitliyi naminə öyrənilməlidir.
Qədim dövlətçilik mədəniyyətimizin əks
olunduğu yazılı abidələrdən biri
türkologiyada “Orxon-Yenisey yazıları” adı ilə məşhur
olan daş kitabələrdir.
“552-ci ildə Göytürk imperiyası yaradıldı. Bu imperiya o
vaxtadək Orta Asiyada qurulmuş dövlətlərin ən
böyüyü idi. Bugünki məlumatlarımıza
görə, türk dilinə aid xatirələr də
Göytürk imperiyası dövrünə aiddir. Bu xatirələri başlıca olaraq qəbirüstü
kitabələr təşkil edir. Bunlar
Orxon və Yenisey kitabələri olmaq üzrə iki qismə
ayrılır. Orxon kitabələri VIII əsrin
yadigarıdır. Yeniseydəkilərin isə
daha əvvəl, qüvvətli ehtimala, VII əsrdə
yazıldığı təxmin edilir. Oğuz adına da ilk dəfə elə Yenisey kitabələrinin
birində rast gəlirik”.
“Orxon-Yenisey kitabələri üç kitabdan ibarətdir. Onlarda türk
Çin müharibələri təsvir olunur. Kitabın biri Göytürk hökmdarının vəziri
Bilgə Tonyukuk tərəfindən 720-ci ildə
yazdırılıb. Tonyukuk burada türk qəbilələrinin
tarixini xatirələr şəklində qələmə
alır. Abidələrdə Göytürk
dövlətini yenidən qurub möhkəmləndirən
Kutlıq xanın övladlarından Gültəkin və Bilgə
Kağana ithaf edilib. Gültəkin kitabəsi 732-ci ildə,
Bilgə Kağana aid hissə isə 735-ci ildə
yazılıb”. Abidələrin məzmunu daha
çox dövlətçilik məsələlərini əks
etdirir. “Yolluq Təkin Göytürk tarixini
xatirələri şəklində əbədiləşdirir.
O, yeri gəldikcə atalar sözləri və məsəllərdən
də istifadə edərək qısa və aydın cümlələr
işlədir. Bilgə Kağanın dilindən
deyilən sözlər isə çox sadə, həm də
xalq ruhuna uyğundur. Kitabədə
türk bəylərinə və xalqına müraciət hissəsində
isə hadisə və lövhələr canlı və həyəcanlı
bir tərzdə verilir, keçmiş qəmli, acı əhvalatlardan
isə kədərli bir dil ilə danışılır.
Türk qəbilələrinin cəsurluğu və
igidliyi ilə yanaşı, onun geriliyinin səbəbləri də
göstərilir”. Həmin dövr türk cəmiyyətinin
ictimai səciyyəsi belə xarakterizə olunur: “Bu kitabələrdə
irqi mahiyyəti və siyasi səciyyəsi nə olursa-olsun,
bütün siyasi və qövmi təşəkküllər
budun (xalq – A.X.) kəlməsi ilə ifadə edilir: türk
budunu, tabqaç budunu, kıtay budunu, oğuz budunu,
qırğız budunu. Köçəri
budunlar bir çox boylardan meydana gəlib. Boylar
da hər halda obalara ayrılırdı”.
Tədqiqatların da təsdiqlədiyi kimi,
“Göytürklərin etik münasibətləri, adət ənənələri,
dövlət quruluşu, mədəniyyəti və dini
haqqında əsas məlumatı Çin mənbələrindən,
qismən də Orxon-Yenisey abidələrindən almaq olar. Göytürk
dövlətinin taxtında oturan şəxs kağan “xaqan”,
onun arvadı katun “xatun” adlanır. Dövlətin idarəsi
iki qola bölünür: dövlətin qərb
budağını idarə edən adam
yabğu (ərəb mənbələrində: cəbğu),
şərq budağını idarə edən adam şad
adlanır. Xaqanın oğulları (şahzadələr)
tigin adlanır, onların arvadlarına isə kunçuy deyirlər.
Xaqandan sonra ən böyük rütbə xan
sayılır. Görünür, xan müəyyən
qəbilə birliklərinin rəhbəridir. Orxon-Yenisey
abidələrində xanlar barədə az danışılsa
da, bəylər haqqında çoxlu məlumat var.
Görünür, bəy əvvəllər hərbi işlərlə
əlaqədar əmələ gələn rütbə
adı olub, lakin sonralar bəylərə əmlak (adam, torpaq,
ilxı, mal-qara və s.) ayrılmış, bəylik
imtiyazları vərəsəlik yolu ilə keçib. Abidələrdə
bəzən bəylərə xaqan adı verilməsi
haqqında fikirlərə də təsadüf edilir: “Bars bəg
erti, kağan at bunta biz birtimiz- Bars bəy idi, xaqan adı
burada biz verdik”.
Türk cəmiyyətində bəylik institutu uzun
müddət yaşayıb. Cəmiyyətin siyasi,
mənəvi, dini rəhbərindən zadəganlıq
institutuna qədər dəyişib.
Ağaverdi Xəlil
filologiya üzrə fəlsəfə doktoru
Xalq Cəbhəsi.- 2015.- 19 avqust.- S.14.