“Azərbaycanın tarixi həqiqətlərinin,
mədəniyyətinin dünyaya layiqincə təqdim
olunmasında QHT-lərin üzərinə böyük məsuliyyət
düşür”
“Dövlət müstəqilliyinin
həyatımıza gətirdiyi demokratik nailiyyətlərdən
biri məhz vətəndaş cəmiyyəti
institutlarıdır”
“Azərbaycanın dövlət müstəqilliyinin bərpasının
20-ci ildönümü ötən dövrdə ölkə həyatının
bir çox sahələrində əldə olunan nəticələrə,
inkişafa, eləcə də mövcud problemlərə və
onların həlli yollarına nəzər salmaq
üçün əlamətdar fürsətdir. Bu baxımdan
müstəqillik dövründə vətəndaş cəmiyyəti
təsisatlarının yaranması, fəaliyyəti, ölkəmizin
ictimai-siyasi, mədəni həyatında qeyri-hökumət təşkilatlarının
rolu ayrıca diqqət yetiriləsi mövzulardandır. Bir məqamı öncəliklə qeyd etmək gərəkdir
ki, dövlət müstəqilliyinin həyatımıza gətirdiyi
demokratik nailiyyətlərdən biri məhz vətəndaş
cəmiyyəti institutlarıdır. Açıq
cəmiyyəti, fikir plüralizmini, fundamental demokratik dəyərləri
ümumi dövlətçilik fəlsəfəsi kimi qəbul
etmiş bütün ölkələrdə
“üçüncü sektor” – qeyri-hökumət təşkilatları
– ictimai-siyasi münasibətlərin
tarazlaşdırılmasında, vətəndaş dialoqunun təmin
olunmasında mühüm rol oynayır”. Bunu
Effektiv Təşəbbüslər Mərkəzinin direktoru
Xanlar Məmmədov deyib. Onun sözlərinə görə,
demokratiya tarix boyunca bəşəriyyətin əldə
etdiyi ən səmərəli idarəçilik üsulu,
mütərəqqi dəyərlər məcmusu olmaqla
yanaşı, eyni zamanda, daim inkişafda, dinamikada olan ideya və
baxışlar sistemidir: “Bu, əvvəli bəlli, lakin sonu
görünməyən bir proses, inkişaf yoludur. Təsadüfi deyil ki, çoxəsrlik demokratiya təcrübəsi
olan qabaqcıl dünya ölkələrində də
demokratik islahatlar, təkmilləşmə prosesi heç zaman
səngimir, davam edir. Bu nöqteyi-nəzərdən
20 illik müstəqillik tarixi olan Azərbaycan
üçün demokratiya yolunda atılan addımlar, o
cümlədən demokratik təcrübənin mühüm
elementi olan vətəndaş cəmiyyətinin inkişafı
olduqca böyük önəm kəsb edir.
Təqdirəlayiq haldır ki, Azərbaycan dövləti,
ölkə rəhbərliyi bu sahəni prioritet istiqamət
kimi diqqətdə saxlayır. Ölkədə güclü vətəndaş
cəmiyyəti institutların təşəkkül
tapması, vətəndaş təşəbbüskarlığının
təşviq olunması, o cümlədən QHT-lərin
inkişafına göstərilən dövlət
qayğısı, 2008-ci ildə QHT-lərə Dövlət Dəstəyi
Şurasının yaradılması nəticə etibarilə
Azərbaycanın demokratik inkişafına verilən
mühüm töhfədir.
Ümumulikdə müstəqillik illərində
mühüm inkişaf yolu keçən qeyri-hökumət təşkilatlarımız
ölkə həyatının müxtəlif sahələrində
islahatlar prosesinə, müxtəlif dövlət proqramları
və layihələrin həyata keçirilməsinə
öz töhfələrini verir, eləcə də Azərbaycan
həqiqətlərinin dünyaya
çatdırılmasında önəmli rol oynayırlar. Nəzərə
almaq lazımdır ki, müasir dünyadakı qlobal inteqrasiya
prosesində qabaqcıl yer tutmaq istəyən dövlət
özünün iqtisadi, siyasi gücü ilə
yanaşı, həm də tarixi irsi, mədəniyyəti ilə
tanınmalı, onları yüksək səviyyədə təbliğ
etməyi bacarmalıdır. Azərbaycanda
bu istiqamətdə dövlət tərəfindən
mühüm işlər görülür, lakin vətəndaş
cəmiyyəti institutlarının, qeyri-hökumət təşkilatlarının
da üzərinə böyük məsuliyyət
düşür”.
Xanlar Məmmədov
əlavə edib ki, xalqımızın böyük tarixi, zəngin
mədəniyyəti var: “Bu zənginliyin dünyaya layiqincə
təqdim olunması nəticə etibarilə ölkəmizin təbliğinə,
beynəlxalq nüfuzunun yüksəlməsinə xidmət
edir. Prezident İlham Əliyev çıxışlarında
bu barədə vacib müdəaları qeyd etmişdir: “Azərbaycan
xalqı əsrlər boyu müstəqillik həsrətində
idi. Biz müxtəlif dövrlərdə
başqa-başqa dövlətlərin tərkibində
yaşamışıq. Amma milli
xüsusiyyətlərimizi itirməmişik, dilimizi, mədəniyyətimizi,
milli ənənələrimiz qoruyub saxalaya bilmişik. Budur, xalqın milli eyniyyətini, milli
identifikasiyasını şərtləndirən əsas məsələlər.
... Azərbaycan dünya birliyinin dəyərli
üzvünə çevrilibdir. Biz öz
təbliğat işimizi daha da səmərəli
qurmalıyıq. Bu işləri
informasiya-kommunikasiya texnologiyaları, internet vasitəsilə
daha fəal şəkildə görmək lazımdır”.
Onun
sözlərinə görə, “Effektiv Təşəbbüslər
Mərkəzi” demokratik dəyərlərin öyrənilməsi
və təbliği İctimai Birliyi də öz fəaliyyətində
bu müdəaları əsas götürərək Azərbaycan
həqiqətlərinin təbliğinə, ölkəmizin Ermənistanla
informasiya mübarizəsinə töhfə verməyə
çalışır: “2008-ci ildən Azərbaycan
Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına
Dövlət Dəstəyi Şurasının donorluğu
hesabına həyata keçirdiyimiz “Milli etniyyətdən
qlobal dünyaya pəncərə: tədqiqat və təbliğat
platformu” layihəsi də həm təşkilatımızın
məramını, həm də əsas fəaliyyət istiqamətlərini
özündə ehtiva edir. Layihənin
başlıca qayəsi ölkəmizin dünyaya
inteqrasiyası kontekstində azərbaycançılıq
ideyasının, ölkəmizdəki tolerantlıq
mühitinin, Azərbaycanın tarixinin, mədəniyyətinin
tədqiq və təbliği, bu istiqamətdə praktik təbliğat
vəsaitlərinin hazırlanması və
yayılmasıdır.
2008-ci ildə bu layihə çərçivəsində
"Azərbaycan tarixi günbəgün" adlı kitab-təqvim
hazırlanmış və nəşr edilmişdir. Kitab Azərbaycanın
qədim dövrdən bu günədək keçdiyi dövlətçilik
tarixi, ictimai-siyasi, mədəni həyatının önəmli
hadisələri, şəxsiyyətləri haqqında
yığcam bilgiləri əhatə edir. Kitab
kitabxanalara, təhsil müəsssisələrinə, QHT-lərə,
kütləvi informasiya vasitələrinə, həmçinin
xaricdəki azərbaycanlı diaspor təşkilatlarına hədiyyə
edilmişdir.
2009-cu ildə layihə çərçivəsində
www.azerbaycanli.org saytı fəaliyyətə
başlamışdır. Üç dildə
informasiya-resurs portalı kimi nəzərdə tutulan saytın
hazırda Azərbaycan və rus versiyaları aktiv şəkildə
fəaliyyət göstərir, mütəmadi yenilənir və
məlumat bazası zənginləşdirilir. Saytın
ingilis dilində versiyası isə pilot rejimində işə
salınıb. Saytda Azərbaycanın tarixi, mədəni
inkişafı, ölkəmizin dünyada yeri, Qarabağ
problemi, azərbaycanlı diasporu və s. mövzularda məlumatları,
təhlili yazıları, elektron resursları özündə
birləşdirir. Sayt vasitəsilə Azərbaycanın
tarixinin, mədəniyyətinin, xüsusilə Vətənimizin
ayrılmaz hissəsi olan Qarabağın yarın tarixi-mədəni
irsinin öyrənilməsi, təbliği ilə
yanaşı, azərbaycançılıq məfkurəsinin
yayılmasına, dünya azərbaycanlılarının bu
ideya ətrafında birləşməsinə, azərbaycanlı
diasporunun fəaliyyətinə də bir informasiya bazası
olaraq töhfə verməyə çalışırıq.
Ötən müddətdə saytda “Azərbaycanın
dünya birliyinə inteqrasiyası: tarix və mədəni
irsin təbliği” mövzusunda yeni elektron resursların
(“Tariximiz”, “Azərbaycançılıq”, “Bizim təqvim” və
s. bölmələr) yaradılması da bu məqsədə
xitmət edir.
Məlumdur ki, qloballaşan dünyada dövlətlərin
beynəlxalq səviyyədə qazandığı nailiyyətlər
bir sıra meyarlarla yanaşı, həm də onun xaricdə
formalaşdırdığı diasporun potensial imkanları ilə
ölçülür. Azərbaycan dövləti də bu
reallıqdan çıxış edərək müxtəlif
səbəblərdən xarici dövlətlərdə
yaşamağa məhkum olmuş soydaşlarımızın
Ana Vətənlə əlaqələrini genişləndirmək,
onların milli-mənəvi birliyinə nail olmaq
üçün ardıcıl tədbirlər həyata
keçirir. Bu baxımdan qlobal informasiya cəmiyyətinin
təzahürü kimi meydana çıxan virtual dünyada
özümüzə layiqli yer tutmaq, bu dünyanın hissəsi
olaraq “Virtual Azərbaycan”ın formalaşmasına nail olmaq
xüsusi önəm kəsb edir. Müasir
informasiya əsrində dünya azərbaycanlılarının
vahid məram və məqsədlər ətrafında
konsolidasiyasında məhz virtual dünyanın yeni reallıqlarını
da nəzərə almaqla effektiv nəticələr əldə
etmək olar”.
O, əlavə
edib ki, bu nöqteyi-nəzərdən www.azerbaycanli.org
saytını da “Virtual Azərbaycan” ideyasına xidmət edən
informasiya mənbəyi saymaq olar. Çünki
saytımızda dünya azərbaycanlılarını
maraqlandıracaq, onlara Azərbaycanla bağlı
çeşidli mövzularda (tarix, mədəniyyət, ədəbiyyat,
Azərbaycanın beynəlxalq aləmdə yeri, Qarabağ həqiqətləri
və s.) informasiya dəstəyi ola biləcək
məlumatlar, elektron resurslar var: “Buna misal olaraq "Azərbaycan
tarixi günbəgün" nəşrinin müntəzəm
olaraq yenilənən elektron variantını (“Bizim təqvim”),
Qarabağın tarix və ədəbiyyatına dair elektron
xronoqrafların hazırlanmasını göstərə bilərik.
Bu gün beynəlxalq birlik Qarabağ probleminin mahiyyəti,
Azərbaycanın bu məsələdə tutduğu ədalətli
mövqe barədə xəbərdardır. Lakin
görülən işlər yetərli deyil. Məhz buna görə ölkə rəhbərliyi
Qarabağla bağlı tarixi həqiqətlərin daha
geniş miqyasda dünyaya çatdırılmasını həm
dövlət, həm də qeyri-dövlət
qurumlarının ümdə işi kimi daima vurğulayır.
Saytımızda 2010-cu ildə “Qarabağ
tarixinin salnaməsi”, 2011-ci ildə isə “Qarabağ ədəbiyyatı
– ensiklopedik xronoqraf” adlı xüsusi elektron topluların
yaradılması da bu zərurətdən irəli gəlib.
QHT-lərə Dövlət Dəstəyi
Şurasının maliyyə dəstəyi ilə həyata
keçirilən bu layihələr Qarabağla bağlı
tarixi həqiqətlərin təbliği işinə töhfə
sayıla bilər.
Məlumdur ki, hər bir xalqın yaşadığı
torpaqdakı tarixinin qədimliyini sübut edən
başlıca meyarlardan biri onun yaratdığı mədəni
irsdir. Azərbaycan
xalqının da zəngin mədəniyyətinin mühüm
bir qolunu Qarabağdan olan şair, yazıçı və
mütəfəkkirlərimizin yaratdığı ədəbi
irs təşkil edir. Qarabağda
Azərbaycan tarixini saxtalaşdırmağa
çalışan ermənilər işğal etdikləri ərazilərdə
mədəniyyət abidələrimizi məhv ediblər.
Bu torpağın yetirdiyi ədiblərin əsərləri
isə yaşamaqdadır. Ermənilərin
bu əsərləri qəsb etməsi mümkün deyil.
Odur ki, bu Vətən torpağının
mütəfəkkir və ədiblərinin həyat və
yaradıcılığının təbliği, dünyaya
çatdırılması mühüm əhəmiyyət kəsb
edir. “Qarabağ ədəbiyyatı”
ensiklopedik xronoqrafı məhz bu məqsədlə
yaradılıb.
Gələcəkdə saytda Azərbaycanın mədəni
irsi, Qarabağ mövzusunda yeni elektron topluların
yaradılması, eyni zamanda saytın xarici dillərdə məlumat
bazasının zənginləşdirilməsi əzərdə
tutulur.
Hesab
edirik ki, Azərbaycanın təbliğinə, zəngin tarixi,
mədəni irsi, tolerant cəmiyyəti, sülhsevər
xalqı olan ölkə kimi dünyada daha geniş
tanınmasına xidmət edən hər bir iş təqdir
olunmalıdır. www.azerbaycanli.org saytı da bu
məramla yaradılıb və fəaliyyət göstərir.
Sayta hər gün 200-dən çox ziyarətçi
daxil olur və onların önəmli bir qismini xaricdə
yaşayan soydaşlarımız, Azərbaycanla maraqlanan əcnəbilər
təşkil edir. Bu sabit oxucu marağı
gördüyümüz işin müsbət nəticəsinə
ən bariz nümunədir.
Bu yerdə layihənin icrasında ilk gündən QHT-lərə
Dövlət Dəstəyi Şurası tərəfindən
bizə göstərilən yardımı bir daha qeyd etmək
istərdik. Çünki Şura, bir sıra digər donor təşkilatlarından
fərqli olaraq, sadəcə layihələrə maliyyə
yardımı ayırmaqla kifayətlənmir, onun
icrasını müntəzəm diqqətdə saxlayır, zəruri
məsləhət və dəstəyini əsirgəmir.
Bu baxımdan ötən müddətdə bu və
digər məsələlərlə bağlı Şuradan
aldığımız dəyərli məsləhətlər,
qeyd olunan faydalı fikir və rəylər layihənin
uğurla həyata keçməsinə mühüm zəmin olub”.
Əli
Xalq Cəbhəsi.-
2015.- 19 avqust.- S.13.