İsmayıl Şıxlı İlyas Əfəndiyevin “Unuda bilmirəm” pyesi haqqında

 

İsmayıl Şıxlı İlyas Əfəndiyevi psixoloji ziddiyyəti və çarpışmaları əsərlərində ustalıqla əks etdirən yazıçı kimi səciyyələndirir. Onun “Unuda bilmirəm” pyesini geniş təhlil edir, bu barədə yazır: “Unuda bilmirəm” sırf psixoloji əsərdir. Müxtəlif səciyyəli insanların mənəviyyatındakı çarpışmalar, onların bir-biri ilə, yaxud özlərinin daxili ikilik və ziddiyyətləri ilə apardığı mübarizə əsərin aparıcı konfliktini təşkil edir. Bu mübarizələr sadə məişət məsələləri ilə məhdudlaşsa idi, əsərin bədii siqləti azalardı. Lakin müəllif məişət məsələlərini günün və dövrün aktual hadisələri ilə çarpazlaşdırdığına görə əsərin təsir dairəsi genişlənib, məsələlər ailə çərçivəsindən çıxaraq siyasi məna kəsb edib”.

İsmayıl Şıxlı “Unuda bilmirəm” pyesindəki Nərmin, Kamran, professor Möhsünzadə, Kərəm dayı, Səadət xanım, Cəmil obrazlarının daxili aləmini açır, onların ən incə, zərif cizgilərini tapır və təqdim edir. Hiss edirsən ki, İsmayıl Şıxlı bu obrazların təhlili zamanı yazıçı – vətəndaş mövqeyini və hissiyyatını gizlətmir. Bu obrazların bütün cəhətlərini məharətlə təhlil edir. Məsələn, Nərminin hamının sevimlisi olması təkcə ailəsinin, professor ailəsinin yeganəsi olmaq deyil, həm də onun təbiətindəki gözəlliklərdir. O, zərif, incə, təmiz, mehriban olmaqla yanaşı, həm də təbiətində düzlük və doğruluq var. Nərmin qəlbindəki arzuları süni şəkildə pərdələməyə çalışan bəzi meşşan təbiətli qızlardan deyil. O, çətinlik görməmiş bir həyat sürsə də, istəyir ki, daşlı-kəsəkli bir həyat yoluna çıxsın.

İsmayıl Şıxlı Nərminin bütün xüsusiyyətlərini üzə çıxarmaq üçün bu rolu ifadə edən Amalya Pənahovanın bir aktrisa kimi təbiiliyini də nəzərdən qaçırmır. Nərmini tamaşaçıya sevdirən həm də bu rolu oynayan Amalya Pənahovanın aktrisa istedadıdır. Aktrisanın özündəki ədalar, dilindəki ləhcə şirinliyi, sərbəstliyi Nərmin obrazını daha da cazibədar edir.

İsmayıl Şıxlı Kamran obrazının da özünəməxsus keyfiyyətlərini təhlil edir və bu təhlil prosesində Kamranın kimliyini məharətlə təqdim edir. Kamran öz bacarığı, zəhməti ilə yaşayan, heç kəsin qoltuğuna sığmayan adi bir tələbədir, gəncdir. Onun ən gözəl xüsusiyyətləri bunlardır: mərddir, mətanətlidir, namusludur. O, sevgiyə də müqəddəs yanaşır. Çoxları kimi “səni sevirəm” kəlməsini işlədən deyil. Ancaq sevgiyə müqəddəs yanaşır, namuslu vətəndaş olmaq istəyir, həmişə cəmiyyətə xeyir vermək haqqında düşünür. O, yalançı millət qəhrəmanlarına nifrət edir. O, mənsəb, şöhrət üçün çalışanlara, başqasının kölgəsində gizlənənlərə qarşı barışmazdır. Başqasının qılığına girən, onlardan istifadə edib, sonra cəmiyyətdə inkişafa əngəl törədənlərə nifrət edir.

İsmayıl Şıxlı bu obrazın rolunu oynayan Həsən Turabovun aktyor məharətini də unutmur. Qeyd edir ki, Kamranı tamaşaçıya sevdirən həm də aktyorun səhnə davranışının, təmkininin, səbrinin yerində olmasıdır.

İsmayıl Şıxlı Kamranla Nərmin barədə yazır: “Demək, Kamranla Nərmin eyni cür düşünürlər. Onların həyata, insanlara münasibəti eynidir. Onların mənəvi yaxınlığı məhəbbətlərinə özül ola biləcəyi halda, bəs necə olur ki, bu iki gəncin yolu ayrılır? Burada biz üçüncü bir surətlə tanış olmalıyıq. Elə bir surətlə ki, dramaturq onun timsalında əngəl olan bir zümrəni, ailə və məişətimizdə kübarlaşma meyllərini verib. Bu meylləri professor Möhsünzadənin arvadı, Nərminin anası Səadət xanım özündə cəmləşdirib”.

Səadət xanım yalnız öz şəxsi mənafeyini və mənfəətini güdən bir qadındır. O, başqalarının arzu və istəyi ilə hesablaşmır. O Kamranla qızı arasında olan istəyi, məhəbbəti pozmaq üçün müxtəlif üsullardan istifadə edir. Səadət xanım Kamranı ona görə sevmir ki, Kamran onun qarşısında müti deyil, o, sərbəstdir. İsmayıl Şıxlı Səadət xanım obrazı barədə yazır: “Səadət xanım hiss edir ki, Kamran onun kürəkəni olsa da, sərbəstliyini itirməyəcək. Buna görə də Səadət xanım qızını Kamrandan uzaqlaşdırmaq istəyir. O, qızına deyir: “İndi təkcə ali təhsillə uzağa getmək olmaz”. Bu eyhamla Nərmini başa salmaq istəyir ki, Kamranı Bakıda aspiranturada saxlamaq lazımdır. Onu maraqlandıran elmdirmi? Bəlkə Səadət xanım Kamranın istedadını qoruyur? Qətiyyən. Səadət xanımı elm yox, elmi ad və onun arxasınca gələ biləcək şöhrət və pul maraqlandırır”.

İsmayıl Şıxlı Səadət xanımın qızı Nərminə dediyi sözü yada salır: “Ondan sənə ər olmaz. Çünki o, Don Kixot kimi yel dəyirmanları ilə vuruşur”.

İsmayıl Şıxlı onu da qeyd edir ki, bu sözləri Səadət xanım obrazını oynayan Sofiya Bəsirzadə səhnədə elə söyləyir ki, tamaşaçılar namuslu adamların bu cür yaralanmasına qəzəblənirlər. İsmayıl Şıxlı Səadət xanımın öz vicdanı ilə alver etdiyini nəzərə çatdırmaq üçün professor Möhsünzadə və Kərəm dayı obrazlarını da təhlilə cəlb edir. Bu iki obraz həm də ikiyə parçalanmış Azərbaycanın dərdlərini ürəklərində daşıyırlar. İsmayıl Şıxlı yazır: “Onlar Cənubi Azərbaycanda demokratik hərəkat boğulduqdan sonra Vətəndən uzaq düşmüş qardaşlarımızı təmsil edirlər. Möhsünzadə də, Kərəm dayı da illər uzunu geri qayıtmaq həsrəti ilə yaşayırlar. Lakin Araz yolu kəsib. Onlar hələlik Arazın sahilində dayanıb o tərəfə tamaşa etməklə təsəlli tapırlar. Lakin onlar nikbindirlər”.

İsmayıl Şıxlı Səadət xanımın eqoist hərəkətlərini açmaq üçün Cəmil maşınla adam basanda Səadət xanımın söylədiklərini xatırladır: “Nə olsun? Səksən yaşlı kişi idi. Bir ayağı burada idi, o biri gorda, onsuz da bu gün – sabah öləcəkdi”. Bundan sonra Səadət xanımın kim olduğunu dəqiq bilməyə şübhə yeri qalmır.

İsmayıl Şıxlı Cəmil obrazını dolğun təhlil etməklə “yalançı kübar mühitinin” yetişdirdiyi, “zənənə gözəlliyi” olan bir gəncin kimliyini xarakterizə edir. Elm Cəmil üçün şöhrət, gəlir mənbəyidir. O, nə edirsə, öz mənfəəti naminə edir. Səadət xanımla birləşərək Nərminin yolunu kəsir.

İsmayıl Şıxlı əsərin elə məqamlarını təhlil edir ki, həmin məqamlar obrazların bütün qabarıq keyfiyyətlərini bir daha üzə çıxarır. Bu mənada əsərin sonunda obrazların üz-üzə dayanması daha tipikdir. İsmayıl Şıxlı yazır: “Əsərin sonunda surətlər yenidən görüşürlər. Maşın qəzasından sonra Cəmilin mənəvi miskinliyi, Səadət xanımın insan taleyinə “kübar münasibəti” daha qabarıq şəkildə meydana çıxır. Bu səhnədə professor sarsılır, bir qədər ayılır. Kərəm dayının humanizm və qayğıkeşliyi yeni əlamətlərlə zənginləşir. Kamran özünün xırda hisslərdən yüksəkdə dayandığını, mərdlik və mətanətini bir daha nümayiş etdirir. Nərmin yanıldığını, özünə xəyanət etdiyini başa düşür. Onu da dərk edir ki, geri qayıtmaq mümkün deyil. İndi özü sərbəst yol seçməlidir”.

İsmayıl Şıxlı Cəmilin iç üzünü, rəzilliyini açır. Onun bu xüsusiyyətlərini göstərmək üçün əsərin süjet xətlərinə diqqətlə yanaşır. Konkret olaraq Cəmilin hərəkətlərini açıq şəkildə tənqid edir. Öz əvəzinə Kərəm dayı kimi namuslu bir adamı həbsxanaya göndərmək istəyində olmaq rəzillikdən başqa bir şey deyil.

İsmayıl Şıxlı “Unuda bilmirəm” əsərinin səhnə taleyinin uğur qazanması səbəblərini də araşdırır. Onun gəldiyi qənaətlərdən biri budur ki, bu tamaşanın quruluşçu rejissoru Tofiq Kazımov surətlərin daxili aləmini aça bilən aktyorları seçib və gözəl ansambl yaradıb: “Rejissorun mizanları mənalıdır. O, səhnə imkanlarından maksimum dərəcədə istifadə edərək qəhrəmanlarının zəngin daxili aləmini açmağa müvəffəq olub. Səhnədə zahiri pafosa, təbiiliyə xələl gətirən hərəkətlərə rast gəlmirik. Aktyorlar surətlərin daxili aləmini açmaq üçün həm fərdi cizgilər tapır, həm də öz oyunları ilə bir-birini tamamlayırlar”.

İsmayıl Şıxlı “Unuda bilmirəm” tamaşasının bədii tərtibatının əsərin ruhuna uyğun olmasını, musiqisinin lakonik və emosionallığını nailiyyət kimi qiymətləndirir. Ona görə, yeni fikir, təmiz amal uğrunda mübarizə insanı həmişə düşündürməlidir. Bəli, professor Möhsünzadənin dediyi bu sözlər də adamı düşündürür: “İnsan hər şeydən əvvəl vətəndaş olmalıdır”.

“İnsan hər şeydən əvvəl vətəndaş olmalıdır” fikri hər bir zaman insanı düşündürməlidir. Həyat olan yerdə problem var. Problem olan yerdə insan var. İnsan olan yerdə münasibətlər var. Münasibətlər olan yerdə saf, təmiz münasibətlərlə yanaşı, ziddiyyətli, barışmaz münasibətlər də var. Bu mənada insan və onun taleyi ilə bağlı məsələlərdən bəhs edən hər bir əsər bütün dövrlərin oxucularının maraq dairəsindədir. Bütün dövrlər üçün aktualdır. Odur ki, “Unuda bilmirəm” əsəri də, onun tamaşası da oxucuların və tamaşaçılar mənəviyyatının zənginləşməsində böyük əhəmiyyət kəsb edir.

 

 

Buludxan Xəlilov

professor

Xalq Cəbhəsi.- 20 avqust.- S.14.