Mirzə Cəlil təəccüb
içində
(hekayə)
Əllərində güclü bioenerji olduğunu təsadüf
nəticəsində biləndə əvvəlcə
özünün də inanmağı gəlmədi. Bundan
başağrısından əziyyət çəkən
dostunun oğlunun sayəsində duyuq
düşmüşdü. Uşaq
atasına dostu onun başını sığallayanda
ağrılarının azaldığını demişdi.
Həmin uşağı bu xəstəlildən
birdəfəlik xilas etməklə məşhurlaşdı.
O, qısa müddətdə neçə-neçə
sağalmaz xəstəyə şəfa verdi.
Kasıbların qəpiyinə də göz dikməzdi.
Varlılardan isə əməlli-başlı zəhmət
haqqı alırdı. Qapısını
döyənlərə etiraz edə bilmədiyindən yaman
yorulur, çox vaxt əldən düşürdü. Günlərin birində yenə tamam heysizdi. İştahı qaçmışdı. Şam yeməyindən də imtina etdi.
Özünü verdi yumşaq qoltuqlu
kürsüyə, gözlərini zillədi televizora. Cənnət haqqında maraqlı veriliş gedirdi.
Artıq axşam saat 11-i göstərirdi. Azca keçmiş ağırlaşan göz
qapaqları kipləşdi, körpə uşaq tək
şirin yuxuya getdi.
Yuxuda gördü ki, o, hamının ən yaxşı
halda xəyalında canlandırmağa çalışdığı
behiştin heyrət doğuran bir guşəsindədir. Bu təkrarolunmaz
mənzərəni doyunca seyr etməyə macal tapmamış
kimsə onu bağrına basdı. Qohum-qardaşa,
dost-tanışa oxşamasa da, həmin şəxs ona
çox doğma gəldi. Tələm-tələsik
yaddaşını qurcaladı. Qarşısındakı
filankəs də sual dolu nəzərlərini yamanca ona
dikmişdi. Qeyr-ixtiyari “Mirzə Cəlil”
deməyi ilə kişinin gözlərindən gildir-gildir
göz yaşlarının yanaqlarına yuvarlanmağı bir
oldu.
-
Çox mütəəssir oldum, deməli, unudulmamışam?!.
- Siz nə
danışırsınız, axı, Sizin kimi dahiləri
unutmaqmı olar?!. Siz bizim ədəbiyyatımızın
peyğəmbərlərindənsiniz!!! Sizin ərmağan
qoyub getdiyiniz nadir sənət nümunələri bu gün də
çox karımıza gəlir. Əksəriyyətini də
elə bil indiki dövr üçün yazıbsınız!?.
- -Minnətdaram, onu da ərz eləyim ki, Azərbaycanın
yenidən müstəqilliyinə qovuşması mənim də
ruhumu şad eləyib. Vur-tut bir neçə ildir ölkəmizin müstəqil
olmasına baxmayaraq, sevincimin həddi-hüdudu yoxdur... Bu dəfə
Allah qorusun!!! Səndənsə təvəqqem var, yəqin
sözümü yerə salmazsan?!.
- Əstəgfürullah,
ağzım nədi?!.
- Elədisə,
oğul, əvvəlcə sırf təsadüfən Yaponiyada
şahidi olduğum hekayəti səbrlə dinlə... Sonra
iltimasımı yetirəcəm...
- Buyurun,
Mirzə...
-
Oğul, son illərdə tez-tez doğma Vətənimizin
oxşamasını istədiyim inkişaf etmiş ölkələrdə
oluram. Yayda sonsuz həsəd apardığım
Yaponiyadaydım. Tükənməz heyrətlə
bənzərsiz Tokioya tamaşa edirdim. Milli
meyarlarımızı əsas götürməklə xəyalımda
məhəllə-məhəllə Bakını
yaponsayağı yenidən qurmağdaykən qulağıma
doğma dilimizdə səslər gəldi.
Qanrılıb baxanda gördüm ki, indiki dilnən desək,
Azərbaycandan iki nazir və iş adamlarından ibarət bir
qrupdur. Söhbətlərindən anladım ki,
respublikamıza xarici sərmayə cəlb etmək
üçün gündoğar ölkədə konfransa
qatılıblar. Eləmədim tənbəllik,
onlarla birlikdə mən də başladım gəzintiyə.Təbii
ki, onlar bundan xəbərsizdilər. Xeyli gəzib-dolaşandan
sonra nazir həmyerlilərimdən biri, daha çox
çöl-bayır görəni yoldaşlarını gətirdi
gözqamaşdıran göydələnlərdən birinin qarşısına : - Dostlar, dediyim yer
buradır. Qalxacağıq göyün yeddinci
qatına. Bu binanın damında
böyük meydança var. Tokio büsbütün əzəməti
ilə olacaq ovcumuzun içində. Oradakı
restoranın da tayı-bərabəri yoxdur. Necə lazımdır, kef çəkəcəyik.
Bu iaşə
obyektindəki rahatlığa və xidmətin səviyyəsinə
həqiqətən söz ola bilməzdi. Həmin hündür nöqtədən
nağıla bənzər Tokio insana təkrarolunmaz ovqat bəxş
edirdi. İri monitorda nümayiş etdirilənlər
də böyük maraq doğururdu. İdarəetmə
pultunda əyləşən rejissorun dörd bir tərəfdə
quraşdırılan minikameralar vasitəsilə restoranda dincələnləri
tez-tez ekranda əks etdirməsi isə əlavə canlanma
yaradırdı. Arzu edənlər
haqqını ödəmək şərtilə videolenti də
əldə edə bilərdilər. Əksər
müştərilər bu imkandan yararlanırdılar. Heyrətimə güc gəlib nəzərlərimi
həmyerlilərimdən ayırmamağa
çalışırdım. Əsl məzhəkə
də elə bundan sonra başladı. Hələ
gəzintidəykən bu yüksək mənsəb sahiblərinin
bəzilərinin başına şahlıq quşunun göydəndüşmə
qonduğunu artıq təxmin eləmişdim. Onların nəinki dillərinə, eləcə də,
ürəklərinə nələri gətirdiklərini kifayət
qədər duymaq iqtidarında olduğumdan hər şey mənə
əsasən aydın idi. Hər halda qərarımda
tələsməməyi qət eləmişdim. Soydaşlarımdan biri xamlığı və
dağarlığı ilə diqqəti lap çox çəkirdi.
Qısa müddətdə dolayı yollarla nazir
vəzifəsinə “yüksələn” bu şəxs
ağzını açmağı ilə özünü
tamam lağlağı vəziyyətdə qoyurdu. Di gəl,
lovğalığından az qalırdı
çatlaya. Düzü, ona yazığım gəlirdi.
Elə bilirdi ki, sözün əsl mənasında yüksək
vəzifəli məmurdur ki, var... Bu fürsəti
fövtə verməyən nazir yoldaşı onu yamanca
xamlamışdı. Elə o biriləri də
ondan bir o qədər geri qalmırdılar. Ona züy tutmaqdan yorulmurdular. Həmin
çoxbilmiş həmyerlimizin vaxtilə komsomol xəttilə
əməlli-başlı “məktəb keçdiyi” gün
kimi aydın idi. El dili ilə desək, it
oynadanın biriydi. Əslində, nazir vəzifəsinə
yüksəlməsində də uzun illər ərzində
komsomol sıralarında müxtəlif vəzifələrdə
çalışarkən əldə etdiyi zəngin təcrübə
həlledici rol oynamışdı... Bir sözlə,
soydaşlarım necə lazımdır, deyib-gülməkdə,
istirahətdəydilər.
Elə ki, çeşidbəçeşid ləziz yeməklərdən
dadıb, yüz-yüz nuş etdilər, kefləri yamanca
duruldu. Bir-birindən ləziz yapon təamları ilə dolu
süfrəni dördgözlə diqqətdə saxlayan,
gülünc sualları və “müdrik kəlam”ları ilə
dostlarına doyunca gülüş bəxş edən hərifin
növbəti tapıntısı lap göydəndüşmə
oldu. O, çoxbilmişcəsinə: - Ayə, bu yaponlar
yamandılar da, qardaş. Göyün yeddinci
qatında da televizorla canlı yayım yapıllar. Əşi, yeri gəldi, gəlmədi sinəmizə
döyürük ki, biz də varıq. Çətin
bunlara çataq...
Yoldaşlarının
“ böyük diqqətlə” onu dinləmələrindən
daha da cürətlənən nazir bir az da üstünə
qoydu: - Bilirsiniz nə var... Az qala
unutmuşdum, gərək canlı yayımda ermənilərin
iç üzünü açıb bu zavallı yaponlara
göstərəm. Axı, buralar bizdən xeyli
uzaqdır, bunların çox şeydən əməlli-başlı
xəbəri yoxdur. Başqa söhbət ola
bilməz, gərək açam sandığı, tökəm
pambığı...
O,
üzünü onu xamlamaqdan həzz alan
yoldaşına tutub: - Qardaş, sən ingilis dilində
alababat qırıldayırsan. Bu yaponların da ki,
hamısı ingiliscəni bilməmiş olmazlar... Di, tərpən, vaxt itirmə. Bunlarla dil tap, xərci
nədir lələşin boynuna. Başa sal,
mütləq canlı efirdə mənə 15-20 dəqiqə
yer ayırsınlar.
Ötən səfərlərində yol
yoldaşının yekəxanalığından, özünəvurğunluğundan
qədərincə bəhrələnən dostu növbəti
fürsəti də boş buraxmadı. O, süfrə
arxasındakılara ustalıqla işarə elədi ki, nəbadə
cınqırınızı çıxarasınız.
Eləmədi tənbəllik, özünə
işgüzar və xoşməramlı görkəm verib
yollandı içəri, pultdakıların yanına. İnsanların
ürəyinə girməyin şakəriydi. And-aman elədi ki, buraya dostunun doğum
gününü qeyd eləməyə
yığışıblar. Bu restoranda
keçirdikləri mənalı anları əks etdirən
kaseti ona hədiyyə eləmək istəyirlər. Di gəl, o da iki ayağını dirəyib bir
başmağa ki, mütləq buradaca 15-20 dəqiqəlik
müsahibə verib, ürəyini boşaltmalıdır.
Neynəyək, kişinin doğum
günüdür, özü də yubileyidir, xatirinə dəyə
bilmərik, gərək yol tapıb vəziyyətdən
çıxmaqda siz bizə kömək göstərəsiniz.
Əlavə elədi ki, yubilyarın Yaponiyaya
xüsusi məhəbbəti olduğundan hələ Sovet
dövründən doğum günlərindən birini burada
keçirməyi əhd eləyibmiş. Kişi
indi arzusuna çatıb. Bu sözlər yaponların
ürəyinə yağ kimi
yayıldı. O, xüsusilə son “tapıntısı”nı sadəlövh yaponlara necə
ustalıqla sırıdığından həzz aldı. Beş dənə yüz dollarlığı da zəhmət
haqqı kimi kassaya köçürəndən sonra
razılığa gəldilər. Dostcasına
xahiş elədi ki, bəs kişinin ürəyi Vətən
dərdi ilə doludur, ona görə birinci sualı elə
Qarabağdan verməyiniz məsləhətdir, tərcüməni
də özüm edəcəm.
O, yaponlar
hazırlaşana kimi qayıdıb dostundan 5 min dollar
qopardı. Hələ üstəlik onun boynuna
minnət də qoydu ki, bəs, buralarda yaman bahalıqdır,
yaponları da bu qiymətə güclə razı saldım.
Azca keçmiş mikrofon quruldu. Hərə öz
yerini tutdu. Özünə tumar verən həmyerlimiz
yenilməz dağ görkəmi aldı. Qarabağa aid
sual kişini yamanca yerindən oynatdı, erməniləri bir
atəşə tutdu ki, gəl-görəsən,
başladı o dəyyusların atasını
yandırmağa. Xeyli him-cimdən sonra yalnız bir neçə
cümləni alayarımçıq tərcümə eləməyə
imkan verdi. Sonra onu
dayandırmaq mümkün olmadı. Ekranda
özünü gördükcə coşdu, nə coşdu... Ərz elədi ki, bəs, daşnaklar 20 faiz
torpağımızı tutublar, bir milyondan çox
qaçqın və məcburi köçkünümüz
var, ən böyük soyqırımı Xocalıda törədilib.
Bundan başqa ondan konkret heç nə eşitmədim.
Bütün restorandakıların diqqəti bizdəydi.
Mat-məəttəl qalmışdılar.
Kişi düz 20 dəqiqə doğma ana dilimizdəcə az qala hikkəsindən ürəyi yerindən
çıxacaq vəziyyətdə monoloq söylədi. Düz 20 dəqiqənin tamamında yapon “jurnalist”
alnından puçurlanan təri silib mikrofonu
yığışdırdı. Kişini
yubileyi münasibətilə təbrik edib, kasetin dalınca
getdi.
Dostları onu bəh-bəhə tutub, olmazın təriflər
yağdırdılar. Çinar görkəmi alan “qəhrəman”
tam ciddiyyəti ilə bildirdi ki, gərək bu barədə
mütləq Baş nazirə də məlumat verə.
-
Əşi, nəyə lazım, adam təvazökar olar?!.
- Mən istənilən ciddi addımım barədə mütləq hökumətə məlumat verməyi öz vəzifə borcum bilirəm. Xüsusilə, bu iş siyasətlə, Vətənlə bağlı olanda. Bir də ki, rəsmilərdən kimsə təsadüfən buradakı canlı yayımın şahidi olub bunu Baş nazirə çatdırsa, qalaram kişinin yanında gözü kölgəli. Düzü, elə sizin özünüzə də bir o qədər etibarım yoxdur...
Söhbətin bu yerində altdan-altdan, bic-bic gülüşən və kefdə-damaqda olan həmyerlilərimdən ayrıldım.
Həmin hadisə yaddaşımda özünə yaman yer elədi. Maraq mənə sakitlik vermirdi. Elə hey fikirləşirdim görəsən, doğurdanmı, Baş nazir kişinin bu “qəhrəmanlığından” xəbər tutdu, ya yox?!. Nəhayət ki,özümü saxlaya bilmədim, marağım məni üstələdi. Özümü verdim həmin olayda canfəşanlıq göstərən nazir soydaşımızın yuxusuna. Birbaşa keçdim mətləbə: - Qardaş, marağımı heç cür boğa bilmirəm. Dostunuzdan nə xəbər?!. O, “canlı yayım” barədə Baş nazirə məlumat verdi, ya yox?!.
Elə bil, himə bəndmiş, zalım balası uğunmaqdan bir təhər oldu. Handan-hana dilləndi: - Səfərin səhərisi günü katibəm mənə bildirdi ki, bəs, Baş nazir telefonla səninlə danışmaq istəyir. Tezcə barmağımı dişlədim?!. Zənnimdə yanılmamışdım. Sən demə, haradansa bu “müsibətdən” xəbər tutan Baş nazir mənəcən artıq yol yoldaşlarımızdan birinə zəng edibmiş, o da məni nişan verib. Deyib ki, bu məsələni daha dəqiq mən bilirəm... Çıxış yolu qalmadığından həqiqəti etiraf eləməli oldum.
Bunu eşidəndə yerimdəcə donub qaldım. Yenə də inanmağım gəlmədi. Düzü, nazirin qurub-quraşdırmaqda peşəkarlığının Yaponiyada canlı şahidi olduğumdan onun yuxuda mənə söylədiklərinə tam inana bilmədim?!. Neçə vaxtdır, yenidən sakitliyim pozulub. Bax, sənin yuxuna girməyimin əsl səbəbi də elə budur. Beləki, sən bunu dəqiqliyi ilə öyrənə bilrəsən. Necə? Yanına ağır xəstə gətirənlərin xeylisi “yuxarılar”dandır. Təkid eləsən, başqa yolları qalmayacaq, məcbur olub öyrənəcəklər. Bu, onlar üçün bir içim su kimi bir şeydir. Məni də başa düş, indiyəcən bir-birindən qəribə yüzlərlə hadisənin şahidi olmuşam, amma, beləsinə hələki rast gəlməmişəm... Özü də 21-ci əsrdə... Təvəqqe edirəm, köməyini məndən əsirgəməyəsən... Yaxın vaxtlarda yenə sənə pənah gətirəcəm, mütləq dəqiqləşdir ha...
Azad Müzəffərli
Xalq Cəbhəsi.-
2015.- 20 avqust.- S.12