Uyğur ədəbiyyatı və mədəniyyətinin
axtarış dövrü
I yazı
1906-ci ildə anadan olan Armiya Nimşehit (1906 - 22.08.1972)
yaradıcılığa klassık şeir ənənəsini
davam etdirməklə başlayıb. Dünyada baş verən
dəyişikliklər, xaricə gəzməyə və
oxumağa gedən uyğur şairlərinin yeni janrlarda və
yeni formalarda şeirlər yazması Nimşehitə də təsirini
göstərir. O uyğur ədəbiyyatında klassik
şeirlə müasir şeir arasında körpü yaradan
bir şair kimi tanınıb. Onun şeirlərindəki
vətənsevərlik, yeni bədii ifadə vasitələri,
üslub əlvanlığı yeni uyğur şeirinə
güclü təsir göstərib. Şairin “Vatan muhəbbəti”,
“Yürək sözü” adlı şeir kitabları və“Pərhad
ilə Şirin” adlı dastanı var. Doğu
Türküstanda “Hannin tesnip kilgan yeni işləri” (“Xanın
gördüyü yeni işlər”) adı ilə
çıxan qəzet 1924-cü ildən “Şincan qəziti”,
daha sonra yəni 1935-ci ildən Daniş Damollam tərəfindən
“Aksu uçurliri” (Aksu xəbərləri) çap olunur. “Aksu uçurliri” (Aksu xəbərləri) qəzetinə
1939-ci ilə qədər Nimşehit redaktorluq edib.
Bu haqda Əli Şamilin uyğurlarla bağlı
araşdırmasından bilgi almaq olur. Araşdırmadan məlum olur ki,
klassik uyğur şeir ənənəsini yaşatmaqla onu yeniləşdirməyə
çalışan, şeirlərinin əsas mövzusunu millətsevərlik
və vətənsevərlik təşkil edən şairlər
sırasında 1899-ci ildə Kaşqarın Ar¬tuşta kəndində
doğulmuş və 1982-ci ildə ölmüş
Abdülaziz Mehsum, 1913-cü ildə Kaşqarda doğulmuş
“Qara günlər”, “Rabiyə ilə Seyiddin” adında pyeslərin
və “Zəfər xatirəsi”, “Tan faciası”, “Ladah yolunda
karvan”, “Tuzimas çiçəklər” kimi kitabların
müəllifi Ahmed Ziyati (1913-1989) və b. var: “Xalq həmişə
milli azadlıq mübarizəsinə qalxanda şair oğlunu
da öndə görmək istəyir. Onun
sözünün bədii dəyərindən çox
mübarizəyə səfərbəredici gücünə əhəmiyyət
verir. Bu dövrdə cədidçi
aydınlardan Abdulqadır Damollam, Muhmədəli Əpəndi,
Qutluqhaci Şevqiləri də yada salmaq gərəkdir. Bu böyük aydınlar Buxara, Kazan, Kırım,
Bakı, İstanbul, Qahirə və b. şəhərlərdə
illərcə oxuyub və sonda vətənlərinə dönərək
böyük əsərlər yaradıblar. Onlar millətinin yaddaşında izlər buraxsalar
da, nə yazıq ki, zalımların qurbanına çevriliblər”.
Kasıb
bir ailədə dünyaya gələn Zunun Qədiri yeni
uyğur ədəbiyyatında, xüsusən də nəsr və
dramçılığın inkişafında böyük əməyi
olan ədiblərdəndir: “1937-ci ildə yazdığı
“Cahalətnin capası” (Cəhalətin cəfası) adlı
pyesi ilə ədəbi mühitə atılan Zunun Qədiri
“Uçraşkanda” (Görüşüncə), “Partizanlar
etriti” (Partizanlar dəstəsi), “Hər işnin yoli bar” (Hər
işin bir yolu var), “Qunçəm” (Qönçəm),
“Gülnisa” dramları ilə uyğur ədəbiyyatını
zənginləşdirib. Yeni uyğur nəsrində yeni bir
cığır açan Zunun Qədiri 1940-ci ilin
ortalarından etibarən hekayə yazmağa başlayaraq
1945-ci ildə “Muəllimnin xəti” (Müəllimin məktubu)
və “Rodipay”, 1946-cı ildə “Küçükkə hucum”
(Küçüyə hücum) və “İkki barmikim bilən”
(İki barmağımla), 1947-cü ildə “Güman” və
1948-ci ildə “Mağdur ketkəndə” (Məğdur gedərkən),
1950-ci ildə “Toy” dramını, daha sonra isə əkinçilərin
həyatından bəhs edən “Çin qış” (Çətin
qış), “Rəhmət” (Təşəkkür), “Esləş”
(Xatırla), “Qızıl gül” hekayələrini yazır. 1950-1960-cı illərdə uyğur nəsrinə və
dramçılığına ən dəyərli əsərlərini
verən Zunun Qədiri Qazaxıstana gələrək orada
yaşayıb və orada da ölüb. Qazaxıstanda
daha çox milli ruhlu əsərlər yaratdığına,
Çində gördüklərini tənqid etdiyinə
görə son illər o, Çinin hakim dairələri tərəfindən
sevilməyən insana çevrilib”.
Millətini
azad və xoşbəxt görmək arzusu ilə yaşayan və
bu yolda həyatını qurban verən ədiblərdən
biri də Lutpulla Həzim Axun oğlu Mutəllipdir: “Uyğur
araşdırıcısı Tursun Erşid şairin atası
Həzim Axunda məxsus “Min bir hədis” adlı kitabın
qapağına yazılmış tarixi əsas götürərək
1922-ci ilin noyabrın 16-da anadan olduğunu yazıb. Kiçik
yaşlarından fitri istedadı ilə ətrafındakıların
diqqətini cəlb edən, ilk təhsilini evdə atasından
alan Lutbullahı Qulca şəhərindəki
tatar ibtidai məktəbinə oxumağa göndərirlər.
Üsuli-cədid məktəbi kimi tanınan bu
məktəbdə 1936-ci ilədək oxuyaraq tatar və rus
dillərini də öyrənir. Sonra təhsilini
rus gimnaziyasında davam etdirir. 2 il də
burada oxuyur. 15 yaşında ikən “Mənim
xalqım” adlı şeirini “İli qəziti”ndə çap
etdirir. Yeniyetməlik və gənclik illərində
yazdığı üsyankar şeirlərinə görə
onu “od yürəkli şair” adlandırırlar. Lutpulla imtahan verərək Urumçi şəhrindəki
Darülmuəlliminə qəbul olunsa da, maddi
sıxıntı üzündən təhsilini davam etdirə
bilmir. 1941-ci ildə sovet mühəndislərinin
tərcüməçisi kimi Güney Şincana gedir. Faşist Almaniyasının SSRİ-yə
hücumundan sonra sovet mühəndisləri axtarış-kəşfiyyat
işlərini yarıda buraxıb geri döndüklərindən
Lutpulla Mütəllip işsiz qalır və yenidən
Urumçiyə geri dönür. Təhsilini
davam etdirməklə yanaşı “Şincan” qəzetində də
işləyir və qəzetdə “Ədəbiyyat
gülzarı” adlı səhifə hazırlayır.
İstedadlı şair, publisist və dramçı Lutpulla
Mütəllip1942-ci ildə, yəni 20 yaşında
yazdığı, elə həmin il də səhnələşdirilən
«Gerçək moden» pyesi Çin valisi Şenq-Şi-Şey tərəfindən
yasaqlanır və ona qarşı təqiblər
başlanır. Təqib və təzyiqlərə
baxmayaraq o, bədii yaradıcılığını və
siyasi mübarizəsini dayandırmır. Rus
dilində təhsil alması, bu dilin vastəsilə inqilabi ədəbiyatla
tanışlığı, Marksın, Engelsin, Leninin, Stalinin əsərlərini
oxuması təsirsiz qalmamışdı. Lutpulla
yeniyetməliyindən dünyada kabus kimi dolaşan kommunizm
ideologiyasının təsiri altına düşür.
O, bu ideologiya vasitəsilə xalqının azad və firavan
yaşayacağına inanırdı.
1943-cü ildə Şincanın siyasi həyatında dəyişmələr
baş verir.
Liberal, demokratik görünməyə can atan vali Şenq
Şi-Şey Qomindan Çin Milli Partiyasına daxil olur. Bu, bölgədə tarazlığın
pozulmasından, çinlilərin müstəmləkəçilk
siyasətinin getdikcə şiddətlənəcəyindən
xəbər verirdi. Şincanda yanvar
ayında partiyasının vilayət şöbəsi təşkil
edilir və iyun ayında partiyasının ən mühafizəkar
üzvlərindən Fen Qun-Bini “Şincan” qəzetinə
redaktor təyin edilir.
Qomindan Çin Milli Partiyasının hakimiyyətə gəlməsi
Şincanda Lutpulla Mütəllip və onun kimi inqilabi əhval-ruhiyyəli,
yenilik tərəfdarı vətənsevərlərin vəziyyətini
ağırlaşdırır. Bir çox kitablar
yığışdırılır, inqilabi ruhlu, vətənsevər
kitablar çap edən nəşriyyatlar bağlanılır.
Həbs edilmək və ya sürgünə
göndərilməklə üzləşən Lutpulla Mütəllip
1943-cü ilin sonunda işdən çıxarılır.
Onu Aksudakı “Şincan” qəzetinə redaktor
müavini göndərirlər. Lutpullanın
gəlişi Aksu şəhrində vətənsevərlər
tərəfindən sevinclə qarşılanır. Qəzetdə “Cənub şamili” adlı səhifə
hazırlayır və buraya şair Nimşehit, Bilal Əzizi
kimi gəncləri cəlb edir. Gənc
şair elm öyrənməklə, bədii
yaradıcılıqla yanaşı ictimai-siyasi işlərdə
fəal iştirak etdir. Aksu Vilayətlik Uyğur Mədəniy
Akartiş Uyuşmisi (Aksu Vilayət Uyğur Mədəniyyətinin
İnkişafı Birliyi) ilə “Aksu Şincan” qəzetinin
birgə çıxartdığı “Cənubtin avaz” (Cənubdan
səs) jurnalına məsul katiblik edən Lutpulla Mütəllip
“Təsiratım” (Duyğularım), “Hoş” (Əlvida),
“Yillarka cavap” (İllərə cavab), “Pəryat” (Fəryad),
“Hiyalçan tilək” (Xəyallı diləklər),
“Küreş ilhami” (Mübarizə ilhamı), “Şair
toğrusida Muveşşeh” (Şair hakkında müvəşşəh),
“Muhəbbət həm neprət” (Məhəbbət və nifrət),
“Oğlum hekkidə mərsiyə” (Oğlum haqqında mərsiyə),
“Vətən ala, xəlik ala (Vətən ala, xalq ala),
“Büyük mayak” (Böyük mayak) və b. şeirlərini,
eləcə də “Əcəl hudukuşida” (Əcəl
anında), “Padişah samuraylari ağir halsiraydu” (Padşah
samurayları böyük yorğunluq içində), “Uniz kəlgüsi
zor həm parlak” (Onun gələcəyi güclü və
aydın) satirik məqalələrini və “Samsak akan
kaynaydı” (Sarımsaq ağa əsəbləşir),
“Küreş kizi” (Mübarizə qızı), “Borandin keyinki
aptap” (Borandan sonrakı günəş), “Çin moden”,
“Çiməngül” adlı səhnə əsərlərinin,
“Ədəbiyyat nəzəriyyəsi”, “Sənətkə muhəbbət”
(Sənətə məhəbbət), “Tiyatirmız kelip
çikişi və ravaclaniş tarihi” (Teatrımızın
yaranması və inkişafı tarixi) adlı məqalələrini
yazır. Bir çox səhnə əsərlərinə
rejissorluq edən, özü baş rolları oynayan gənc
şair “Tahir ilə Zöhrə” və “Qərip ilə Sənəm”
operalarının librettosunu da yazıb”.
1945-ci ildə
İli, Altay, Tarbaqatay bölgələrində yaşayan
uyğurların Çin hökümətinə qarşı
başladıqları etiraz hərəkatı tarixə
“Üç vilayət inkilabı” kimi daxil oldu: ““Üç
vilayət inkilabı” təşkilatının liderlərinin
Aksu şəhrinə göndərdiyi nümayəndələrlə
görüşən, onların istəklərini öyrənən
Lutpulla Mütəllip onlarla birgə bölgədə hakimiyyəti
devirmək uğrunda mübarizə aparacağını vəd
edir. Bundan sonra böyük bir eşq və ilhamla
“Uçkunlar ittipakı”(Qığılcımlar
ittifaqı) təşkilatını qurur. Tam
adı “Şərqiy Türkistan Uçkunlar İttipaki”
(Şərqi Türküstan qığılcımlar
ittifaqı) olan təşkilata millətini sevən
Nimşehit, Bilal Əzizi, Muniridin Hoca, Abdulla Davutop, Yusupcan kimi
vətənsevərlər daxil olur. Təşkilatın
parolu “Biz cümə namaziga teret elip koyduk. Cümə namazini silər bilən billə
okumakçimiz” (Biz cümə namazını qılmaq
üçün abdəst aldıq. Cümə
namazını sizinlə bərabər qılmak istəyirik)
olur. “Üç vilayət inkilabi” ordusu
Çin hökümət qüvvələrinə
qarşı silahlı mübarizəyə başlayır.
Lutpulla Mütəllip qurmuş olduğu “Uçkunlar ittipaki”nın üzvləri də döyüşə
hazırlıq işlərini sürətləndirir, Qomindan
partiyasının tabeliyində olan əsgəri birliyin silah
anbarına girmək, oradakı silahları alaraq öz
döyüşçülərinə paylamaq
üçün gizlicə anbar qapılarının
açarlarını hazırladırlar. Satın
aldığı xainlərin yardımı ilə Qomindan
Partiyasının məmurları Lutpulla Mütəllipi və
silahdaşları Bilal Əzizi, Müniridin Xocanı, Abla
Mevlanjan, Rozi Turdiyof və 30 yaxın məsləkdaşını
həbs edirlər.
Xalqının azadlığı və xoşbəxtliyi uğrunda Qomindan ordularına qarşı cəsarətlə vuruşan “Üç vilayət inqilabı” əsgəri birlikləri 1945-ci ilin payızında qarlı dağları aşaraq Güney Şincana keçib Aksu şəhrinə doğru irəliləyir. Qomindançılar həbsdə olanların üsyan qaldıracağından, xalqın da onlara qoşulacağından qorxuya düşərək 1945-ci ilin sentyabrın 18-də Lutpulla Mütəllipi və məsləkdaşlarını güllələyirlər. “Uçkunlar ittipaki”nın (Qığılcımlar ittifaqı) üzvlərinin güllələndiyini eşidən xalq kütlələri həbsxanaya hücum edib oranı dağıdırlar. Aksu şəhəri qomindançılardan azad olur. Lutpulla vətənin azadlığı uğrunda mübarizədə şəhid olsa da, onun ideyaları reallaşır. Doğu Türküstan höküməti qurulur.
Uğur
Xalq Cəbhəsi.-
2015.- 27 avqust.- S.14.