Uyğur ədəbiyyatı və mədəniyyətinin
axtarış dövrü
II yazı
Sovetlərin
yardımı ilə Çində kommunistlər hakimiyyətə
gətirilir. Lakin onlar vədlərini tez unudaraq, dünənki
silahdaşlarına və əməkdaşlıq etdikləri
insanlara divan tuturlar. Xalqlara azadlıq vəd etsələr də,
müstəmləkəcilik siyasətini davam etdirirlər.
İki imperialist dövlət, Çin və SSRİ gizli plan
quraraq 1947-ci ildə Doğu Türküstanlıların liderlərini
təyyarə qəzasında öldürür, hökumətin
fəallarını və müstəmləkəçilərə
müqavimət göstərənləri də məhv edirlər.
Lutpulla Mütəllip və dostlarının vəhşicəsinə
edam edilməsindən beş il sonra xalq ayağa qalxaraq yenidən
həbsxanaya basqın edir. Həmin vaxt həbsxanada işləmiş
nəzarətcilərə təzyiq göstərərək
Mütəllip və məsləkdaşlarının cənazələrinin
harada gizlədildiyini tələb edirlər. Həbsxana
işçiləri canlarının qorxusundan həqiqəti
deyirlər. Məlum olur ki, vətənpərvərlər həbsxana
ərazisindəki donuz damında güllələnib, sonra da
ora ayaqyoluna çevrilib. Həmin yeri qazaraq şairin və əqidə
yoldaşlarının param-parça edilmiş cəsədlərinin
qalıqlarını tapırlar. Çin cəlladları
Lutpulla Mütəllipin 18 yaşlı xanımı Sopiyam Baiz
qızını təqib edir, nəticədə Lutpullanın
yeganə övladı aclıqdan ölür.
Araşdırmaçı
Əli Şamil bildirir ki, 20-ci yüzilliyi uyğur ədəbiyyatının
ən qarışıq və ən zəngin dövrü
adlandırmaq olar. Divan ədəbiyyatını davam etdirənlərlə
heca vəznində xalq şeiri yazanlar ədəbiyyatı ənənəvi
qaydada davam etdirib yaşadırdılar: “Ədəbiyyata yeni gəlmiş
bir qrup isə Avropa ədəbiyyatının təsirilə nəsri,
dramçılığı inkişaf etdirməyə
çalışırdı. Poeziyada janr baxımından da dəyişikliklər
baş verirdi. Avropanın təsirilə sərbəst şeir
yazanlar meydana atılsalar da, klassik Çin, yapon şeir qəliblərindən
yararlananlar da vardı. Mövzu baxımından da ədəbiyyatda
bir rəngarənglik, çoxçalarlılıq meydana gəlmişdi.
Bir qrup şair ənənəvi olan mövzuları (Fərhad-Şirin,
Leyli-Məcnun və s.) yenidən və yerli şəraitə,
xalqın adət-ənənəsinə
uyğunlaşdırıb qələmə alırdılar, o
biri tərəfdə isə realist ədəbiyyat inkişaf
edirdi. Bir tərəfdən Çin
işğalçılarına qarşı xalqın
mübarizəsindən bəhs edən dəyərli əsərlər
meydana çıxırdısa, o biri tərəfdən hakim təbəqəni
tərifləyən tərənnüm ədəbiyyatı
yaranırdı. Bir tərəfdən sosialist-realizmi
adlandırılan metodun təsiri ilə sosial ədalətdən,
kommunizmin işıqlı gələcəyindən, sosializmin
qələbəsi uğrunda həyatlarından keçən
insan obrazlarından bəhs edən ədəbi nümunələr
ortaya çıxır, o biri tərəfdən milli
azadlıq mübarizəsi bədii əsərlərin əsas
mövzusuna çevrilirdi. Milli azadlıq hərəkatının
əsas ağırlığını heca vəznindən
istifadə edərək, xalq şeiri ənənəsini
yaşadan sənətkarlar daşıyırdılar.
Uyğurlar “koşakçı”, biz isə “aşıq”
adlandırdığımız bu sənətkarlar kənd-kənd
gəzərək milli ruhlu, mübariz əhval-ruhiyyəli
mahnılar oxuyur, dastanlar danışırdılar. “Qeni Batur”
dastanı, Muhmedemin Buğranın ölümünə
Əxmət Tohti Haci Ucatlının qoşduğu dastan, eləcə
də 1911-ci ildə Tümür Xəlifənin (Xalipə)
Qumulda başlatdığı üsyana həsr edilmiş
“Tümür Xəlifə” dastanı milli şüurun
yüksəlməsində böyük rol oynayıb. Xalqın
anlayacağı sadə bir dildə şeirlər yazaraq millətini
mübarizəyə səsləyən şairlərindən
Sadır Pəlvanın, Abdulrəhman Paşanın, Seyid
Noçinin və başqalarının adı bu gün də
xalq arasında hörmətlə çəkilir.
Mançu-Qinq hökuməti xalqın xarici ölkələrlə
əlaqəsini kəsməyə çalışsa da
uyğur bölgəsinin qərbində - keçmiş
Rusiyada və onun davamı olan Sovetlər Birliyində çap
olunan qəzet və jurnallar, kitablar gizli olaraq uyğurlar
arasında yayılırdı. Gənc uyğur ədibləri
türk ədəbi dilindən bir çox kəlmələr
və cümlə şəklini alaraq işlədirdilər”.
Xaricdə
təhsil alan və yaşayaraq vətənə dönənlər
cədidçilik hərəkatını genişləndirirlər:
“Mədrəsələri Avropa tipli məktəblərlə əvəz
edirlər. 1885-ci ildə Bavdun Musabay Kaşqarın Artuş
bölgəsinin İksak kəndində Avropa tipli ibtidai məktəb
açır. Osmanlıda yaşayan uyğurlardan olan Əbubəkir
məktəbdə müəllim işləməyə gətirilir.
1907-cu ildə Həbibizadə Darülmüəllimi
açılır. Burada dərs deməyə Osmanlı
dövlətindən yeddi nəfər gətirilir ki, onlardan
biri də bir müddət Bakıda müəllimlik edib, qəzet
redaktoru olmuş, Mirzə Ələkbər Sabiri özünə
stenoqrafçı götürmüş Əhməd Kamal
olub.
1899-cu
ildə “Matbaayı-xurşid”, 1910-cu ildə Kaşqarda
Yenihisarlı Nurhacının “Matbaayı-nur” adlı bir
daş mətbəəsi açması, 1905-ci ildə yenə
Kaşqarda “Şivit”mətbəəsinin, 1920-ci ildə Qulca
Kürədə bir daş mətbəəsinin qurulması
kitab və qəzet nəşrinə təkan verir. “Şivit”mətbəəsində
“Sultan Saltuk Boğraxan” və “Dünya coğrafiyası”
adlı kitablar çap olunur. 1911-ci ildə Kaşqar şəhərində
Kutluk Şevki açdığı “An” (Fikir), 1922-ci ildə
nəşrə başlayan “İli dihkanlırı” (İli
dehqanları-əkinçiləri), bu qəzetin davamı olan
“İli Şincan” qəzeti, 1934-cü ildə Urumçidəki
Uyğur Mədəniy Akartiş Uyuşmisi (Uyğur Mədəniyətini
İnkişaf Etdirmə Birliyi) tərəfindən nəşr
edilən “Şincan uyğurları” qəzeti və “Keşker
Şincan” (Kaşqar Şincan) qəzeti, “Şincan” qəzeti,
“Aksu uçurliri” (Aksu xəbərləri) və b. qəzetlər,
“Cahangirlikkə karşi birlik sep” (İmperializmə
qarşı birlik), “Xalk birlik sepi” (Xalq birliyi), “Cənubtin
avaz” (Cənubdan səs), “Şincan mədəniyəti”,
“Küreş” (Savaş) jurnalları və başqa nəşrlər
yalnız içtimai fikrin formalaşmasına deyil, ədəbiyyatın
inkişafına da güclü təsir göstərib.
1936-cı ildə İsa Yusif Alptəkinin rəhbərliyi ilə
qurulmuş olan Altay nəşriyyatında işıq
üzü görən kitabları uyğur ədəbiyyatının
ən qiymətli əsərlərindən sayırlar. Bu nəşriyyatda
Məsud Sabri Beykozun çap etdirdiyi kitablar xüsusilə
seçilir. Çünki bu kitabların dili ortaq türkcəyə
yaxınlaşırdı. 1930-cu illərdə Çin və
Sovet hökuməti arasında gizli danışıqlar nəticəsində
Doğu Türküstanda cədidçilərə
qarşı təzyiqlər artırıldı. Nəticədə
xalq hərəkatı gücləndi. Çağdaş
uyğur ədəbiyyatında Rozi Muhməd (Turpandan), Merup
Seyidi, Xəlil Sattari, Nəzər Xoca (İlidən), Abduxaliq
Uyğur və başqaları milli ruhlu əsərlər
yaratmağa başladılar”.
Ümumiyyətlə,
20-ci yüzillik uyğur ədəbiyyatının ən
qarışıq və ən zəngin dövrü
adlandırılır: “Çünki bu dövrdə divan ədəbiyyatının
nümayəndələri ilə heca vəznində, yəni
xalq şeiri ruhunda yazanlar ənənəyə sədaqət
nümayiş etdirirdilər. Avropa mədəniyyətinin təsiri
altında ədəbiyyata gəlmiş bir qrup gənc isə
nəsri, dramçılığı inkişaf etdirməyə
çalışır, poeziyada da janr baxımından dəyişikliklər
edir, sərbəst şeir yazırdılar. Onlar bir tərəfdən
də klassik Çin, yapon şeir qəliblərini uyğur
şeirinə tətbiq edirdilər. Uyğur teatr sənətçiləri
Avropa teatr məktəbi ilə çinlilərin szinsilərini
uyğunlaşdırmaq və sintezini yaratmaq üçün
cəhd göstərirdilər. Çin aktyor sənətinin
başlıca xüsusiyyəti sayılan təsəvvür
olunan əşyalarla oynamaq, şərti ifadə vasitələri,
üsulları, simvollaşdırılmış əl-qol hərəkətlərini
uyğur teatrına gətirirdilər. Beləliklə uyğur
ədəbiyyatı və mədəniyyəti bir
axtarış dövrünü yaşayırdı.
Abduxaliq
Uyğur (09.02.1901, Turpan - 13.03.1933, Turpan). Qəribə taleli
bir şair olan Abduxaliq Uyğur mətbuatın, nəşriyyatların
geniş yayıldığı bir dövrdə yaşasa da,
şeirləri sağlığında çap olunmayıb,
yaddaşlarda yaşayaraq günümüzədək gəlib
çatıb. Yaddaşlardan toplanmış şeirləri
1988-ci ildə ayrıca kitab kimi çap olunub. Prof. Dr. Alimcan
İnayət tərəfindən hazırlanmış olan
Abduxaliq Uyğur “Şeirləri” adlı əsər 2008-ci ildə
Türk Dil Kurumu tərəfindən yayınlanıb və
şairin indiyə qədər bilinən şeirlərinin
tamamı uyğur və Türkiyə türkçəsində
verilib.
Tacir
ailəsində doğulan, evdə dini təhsil almaqla
yanaşı, ərəb və fars dillərini də öyrənən
Abdulxaliq sonra Turpan şəhərində Çin dilində təhsil
verən məktəbdə oxuyub. Çin ədəbiyyatının
klassik əsərlərindən “Su Boyida” (Su vadisi boyunda) və
“Kizil ravaktiki çüş” (Qızıl
çadırdakı yuxu) kimi romanları oxuyur, Sun-Cun-Şen və
Lu-Şun kimi çinli yazıçıların əsərləri
ilə tanış olur. 8 yaşından etibarən şeir
yazmağa başlayan Abdulxaliq 1923-cü ildə bir neçə
yaşıdı ilə SSRİ-yə gələrək burada
üç il təhsil alır. Rus yazıçı və
şairlərindən A.S.Puşkinin, L.Tolstoyun, M.Qorkinin,
M.Lermontovun və b. əsərlərini oxuyur. Onlardan
güclü təsirlənir. Bolşeviklərin sosial ədalət,
bərabərlik, sinfi mübarizə şüarları ona
olduqca xoş gəlir. Necə deyərlər, bolşevik
inqilabını ölkəsinə daşımaq istəyir.
1926-ci ildə vətənə dönərək cahillik,
savadsızlıq əleyhinə mübarizəyə
başlayır.
1927-ci
ildə “Akartiş birləşməsi” (Mədəniyyət
birləşməsi) adı altında təlim-tərbiyə dərnəyi
quraraq məktəb açır, oranı bitirənlərin
bir çoxunu SSRİ-də oxumağa göndərir.
Xalqını maarifləndirməklə yanaşı, hakimiyyətə
qarşı mübarizəyə də səfərbər etməyə
çalışır. Onun mübarizəsi yalnız
işğalçılara qarşı deyildi, həm də
öz millətindən olan varlılara qarşı idi.
İnsanlar arasındakı bərabərsizliyi aradan qaldırmaq
istəyi ilə kasıbları varlılara qarşı
üsyana səsləyirdi. Onun fəaliyyətində sovetlərdən
aldığı təlimin təsiri açıq-aydın
görünür.
Turfandakı
milli azadlıq mübarizəsi zamanı gənc şair də
döyüşçülər sırasında olur.
1933-cü ildə Çin Qomindan Partiyasının rəhbəri
Şenq-Şi-Şey Turpan şəhərinə gələrək
şairi və dostlarını həbs etdirir. 1933-cü ilin
martın 13-də Abduxaliq Uyğur edam edilir. Onu ölümə
apararkən şair mübarizəsində haqlı olduğunu
bildirmək üçün “Yaşasın azadlıq”,
“Yaşasın azadlıq” deyə qışqırıb. Şair
ölümü ilə də uyğur ədəbiyyatına qəhrəmanlıq
mövzusu verib.
Vətəninin
və xalqının azad nəfəs ala bilməsi və
müasir mədəniyyətlərə yiyələnməsi
üçün ömrü boyu mübarizə apararaq “Oyan”,
“Zulumga karşi” (Zülümə qarşı), “Körüngən
tağ yirak emes” (Görünən dağ uzaq deyil),
“Könül xahişi” və b. şeirlərini yazır.
Qadağalara, yasaqlara görə şairin şeirləri
sağlığında çap olunmasa belə xalqı onun əsərlərini
yaddaşında yaşadıb. Xotən üsyanı zamanı
döyüşə atılan uyğurlar onun “Sən kimin
oğlusan, oylısanğçı” şeirini marş kimi
oxuyurmuşlar. Bundan başqa bir çox şeirləri də
1947-1949-cu illərdə milli hökumət zamanı məktəblərdə
nəğmə kimi söylənirmiş”.
Uğur
Xalq Cəbhəsi.- 2015.- 28 avqust.-
S.14