“Arzu edirik ki, beynəlxalq təşkilatların
qərarları Dağlıq Qarabağ münaqişənin həll
olunmasında öz rolunu oynasın”
Səudiyyə
Ərəbistanı Krallığının Azərbaycandakı
səfiri: “Çünki istənilən regionda baş verən
hər hansı bir münaqişə və ya müharibə
onun inkişafına və öz potensialını tam olaraq
gerçəkləşdirməsinə mənfi təsir edir”
Səudiyyə Ərəbistanı
Krallığının Azərbaycandakı səfiri
Müsaid bin İbrahim əs-Süleymin APA-ya müsahibəsini
təqdim edirik.
- Azərbaycan-Səudiyyə
Ərəbistanı münasibətlərində
hazırkı vəziyyəti necə qiymətləndirirsiniz?
- Səudiyyə
Ərəbistanı Krallığı ilə Azərbaycanı
yüksək səviyyəli qardaşlıq əlaqələri
birləşdirir. Bu əlaqələr
qarşılıqlı hörmət, səmimi dostluq və
müştərək islam irsinə əsaslanır.
Ölkələrimiz arasında, onların hər
ikisinin mənafeyinə xidmət edən tam əməkdaşlıq
və koordinasiya mövcuddur. Hamımız
üçün fəxr və qürur mənbəyi olan bu əlaqələr
İki Müqəddəs Məscidin Xadimi, kral Salman bin
Əbdüləziz və prezident İlham Əliyevin diqqət
və qayğısı sayəsində inkişaf edir. Hazırda Azərbaycandakı qardaşlarımız
ilə birgə ölkələrimiz arasındakı bu əməkdaşlığın
səviyyəsini bütün sahələr üzrə,
xüsusən də ticarət, investisiya və mədəniyyət
sahəsində inkişaf etdirməyə
çalışırıq.
- Bu il iki ölkə arasında yüksək səviyyəli
səfərlər oldu. Bəzi sahələrdə
razılaşmalar əldə edildi. Neft-qaz
sahəsinə gəlincə, Səudiyyə Ərəbistanının
Azərbaycandakı neft-qaz layihələrində
iştirakı nə dərəcədə olacaq?
- Həqiqətən
də bu il Səudiyyə Ərəbistanı-Azərbaycan
əlaqələrinin inkişafında uğurlu il oldu. Belə ki, Azərbaycan prezidenti İlham Əliyevin
aprel ayında krallığa səfəri və bu səfərin
ardınca baş tutan digər yüksək səviyyəli səfərlər,
o cümlədən Səudiyyə Ərəbistanı ticarət
və sənaye nazirinin bir neçə ay öncə Azərbaycana
gəlməsini qeyd etmək olar. Səudiyyə
Ərəbistanı ilə Azərbaycanın neft-qaz sahəsində
əməkdaşlığına gəlincə, bu məsələ
Azərbaycan prezidentinin krallığa səfəri əsnasında
müzakirə olunub. Azərbaycan prezidenti
ilə krallığın neft və mineral sərvətlər
naziri Əli Ən-Nəiminin görüşü zamanı Səudiyyə
Ərəbistanı şirkətlərinin Azərbaycanda fəaliyyəti
üçün yaxşı imkanlar olduğu və onların
ölkənizdə həm kontraktor, həm də investor kimi fəaliyyəti
üçün əlverişli mühitin mövcudluğu
qeyd edildi. Bundan əlavə, bu sahədə
texniki təcrübə və məlumat mübadiləsinin həyata
keçirilməsi, eləcə də “Cənub Qaz Dəhlizi”
layihəsi ilə bağlı müzakirələr
aparıldı. Məncə, neft
istehsalçısı olan hər iki ölkə, bu sahədə
əməkdaşlığı artırmaq üçün
böyük imkanlara malikdirlər. Bu məsələdə
yaxşı bir təcrübə də mövcuddur. Belə
ki, 1994-cü ilin sentyabrında imzalanmış və Azərbaycan
üçün tarixi əhəmiyyət daşıyan
"Əsrin müqaviləsi"ndə Səudiyyə Ərəbistanının
“Delta” şirkəti mühüm rol oynayıb. Bu
şirkət Xəzərin Azərbaycan sektorundakı
böyük "Azəri", "Çıraq",
"Günəşli" yataqlarının birgə işlənməsi
üçün neft şirkətindən ibarət konsorsiumun
yaradılmasında iştirak edib. İndinin
özündə də iki ölkənin yeni regional neft-qaz
layihələrində əməkdaşlığı
üçün heç bir maneə yoxdur.
- Səudiyyə
Ərəbistanı şirkətləri Azərbaycana qoyulan sərmayələri
artırmaq niyyətlərini bildiriblər. Bu sahədə
konkret hansısa addımlar varmı?
- Son
vaxtlar Səudiyyə Ərəbistanı-Azərbaycan iqtisadi əlaqələrində
nəzərəçarpacaq irəliləyiş
müşahidə olunur. Keçən il
may ayının 13-də Səudiyyə Ərəbistanı
Krallığının ər-Riyad şəhərində
“Ərəb ölkələri ilə Orta Asiya dövlətləri
və Azərbaycan Respublikası arasında əməkdaşlıq
və iqtisadiyyat üzrə Birinci Forum” keçirilib. Forumda Azərbaycan
xarici işlər naziri Elmar Məmmədyarovun
başçılıq etdiyi, Xarici İşlər Nazirliyi,
İqtisadiyyat və Sənaye Nazirliyinin məsul şəxslərindən
ibarət yüksək səviyyəli nümayəndə heyəti
ilə təmsil olunub. Orada tərəfləri
maraqlandıran siyasi, iqtisadi, mədəni və elmi sahələr
üzrə mühüm məsələlər müzakirə
edilib.
Bu istiqamətdə keçən ilin dekabr ayında
Bakı şəhərində Səudiyyə Ərəbistanı-Azərbaycan
Hökumətlərarası birgə Komissiyasının
üçüncü iclası keçirilib. İclasın yekununda iki
ölkə arasında iqtisadi-ticarət və investisiya, sənaye
energetika, kənd təsərrüfatı, bank və maliyyə,
təhlükəsizlik, idman və gənclik, elm və təhsil,
səhiyyə, mətbuat və digər sahələrdə əməkdaşlığın
genişləndirilməsi nəzərdə tutan protokol
imzalanıb. Qeyd edilən komissiyanın
iclası çərçivəsində birinci Azərbaycan-Səudiyyə
Ərəbistanı biznes forumu keçirilib. Tədbirdə
hər iki ölkədən sənaye, neft-kimya, tikinti, qida, təhsil,
ticarət, İKT, maliyyə və s. sahələri təmsil
edən 100-dən çox şirkət iştirak edib.
Həmçinin qərara alınıb ki, Səudiyyə
Ərəbistanı-Azərbaycan Hökumətlərarası
birgə Komissiyasının dördüncü iclası cari
ilin 17-18 noyabr tarixlərində krallıqda keçirilsin. Elə
komissiyanın həmin iclası çərçivəsində
də növbəti Səudiyyə Ərəbistanı-Azərbaycan
biznes forumu keçiriləcək. Yəni
demək istəyirəm ki, bu kimi iclas və biznes forumlar biznes
təşəbbüslərinə stimul yaradacaq, yeni əməkdaşlıq
imkanları yaradacaq və iqtisadi-ticarət, investisiya sahəsində
ikitərəfli əlaqələrin genişlənməsinə
öz töhfəsini verəcək.
- Azərbaycana Həcc ziyarəti üçün
ayrılmış kvotada dəyişiklik
planlaşdırılırmı? Gələcəkdə
bu sahədə hansı dəyişikliklər gözlənilir?
- Adətən Həcc kvotası Səudiyyə Ərəbistanı
Krallığının Həcc Nazirliyi ilə dünyanın
müxtəlif ölkələrindən olan səlahiyyətli
nümayəndə heyətləri arasında
razılaşdırılır. Bu baxımdan hər ilin əvvəlində
Azərbaycan Respublikasının Həcc işləri üzrə
nümayəndə heyətinin Səudiyyə Ərəbistanı
Krallığı Həcc Nazirliyinin məsul şəxsləri
ilə görüşündə azərbaycanlı zəvvarların
tələbatları ilə bağlı müzakirələr
aparılması üçün bir vaxt təyin edilir. Azərbaycan nümayəndə heyətini bu
müzakirələrdə Qafqaz Müsəlmanları İdarəsi
təmsil edir. Hər bir ölkə
üçün ayrılan Həcc kvotası həmin ölkədən
olan Həcc işləri üzrə nümayəndə heyətinin
öz xahişi ilə müəyyən edilir. Məsələn, Azərbaycan nümayəndə
heyəti istəyinə uyğun olaraq kvotanı artırmaq və
ya azaltmaq barədə müraciət edə bilər. Belə ki, Qafqaz Müsəlmanları İdarəsini
təmsil edən nümayəndə heyəti istəyinə və
xidmət səviyyəsinə uyğun olaraq krallıqda Həcc
xidməti göstərən qeyri-hökumət qurumlar ilə
qiymətləri razılaşdıra bilər. Keçən
il azərbaycanlı hacıların
sayı 4000-dən bir qədər artıq olub. Ayinləri
tam sərbəst icra etmələri üçün onlara
münasib şərait yaradılıb. Krallıq
nəhəng layihələr həyata keçirərək,
Allah evinin ziyarətçilərinin rahatlığı və
arxayınlığı üçün Məkkədəki
Müqəddəs Məscidin tutum gücünün
artırılması ilə bağlı genişləndirmə
işləri aparır. Gələcəkdə
bu sahədə gözlənilən dəyişikliyə gəlincə
isə, demək istərdim ki, Həccin təşkilində hər
hansı bir yenilik olarsa, şübhəsiz ki, bu, zəvvarların
xeyrinə və onlar üçün daha yaxşı şəraitin
təmin olunmasına yönəlmiş olacaq.
- Dağlıq Qarabağ münaqişəsi ilə
bağlı Səudiyyə Ərəbistanının
mövqeyi necədir? Münaqişənin həlli uzanır.
Sizin ölkə bu problemin həlli yolları barədə nə
düşünür?
- Dağlıq Qarabağ münaqişəsi ilə
bağlı mövqeyimiz həmişə
açıq-aşkar və şəffaf olub. Səudiyyə
Ərəbistanı Krallığı həmişə beynəlxalq
təşkilatların qərarlarına uyğun olaraq Azərbaycan
Respublikasının ərazi bütövlüyü və sərhədlərinin
toxunulmazlığını dəstəkləyir, habelə həmin
təşkilatlarda Azərbaycanın haqq işini dəstəkləyən
qərarların qəbul edilməsində mühüm rol
oynayır. Ölkələrimiz arasında
bir çox beynəlxalq forum və təşkilat çərçivəsində
koordinasiya və sıx əməkdaşlıq əlaqələri
mövcuddur. Arzu edirik ki, beynəlxalq təşkilatların
qərarları münaqişənin həll olunmasında
öz rolunu oynasın və regionda sülh, əmin-amanlıq
bərqərar olsun. Çünki istənilən
regionda baş verən hər hansı bir münaqişə və
ya müharibə onun inkişafına və öz
potensialını tam olaraq gerçəkləşdirməsinə
mənfi təsir edir. Münaqişənin
tezliklə həll edilməsi Azərbaycanın işğal
olunmuş torpaqlarının qaytarılması və
qaçqınların öz doğma yurdlarına dönməsini
tələb edir. Belə ki, qeyd etdiyimiz qərarlar
bunu dəfələrlə vurğulayıb.
- İki ölkə arasında hava yolunun qurulması ilə
bağlı danışılar aparılırmı?
-
Sevindirici haldır ki, iyul ayının 8-də Səudiyyə
Ərəbistanının Ciddə şəhərində Azərbaycan
Respublikası hökuməti ilə Səudiyyə Ərəbistanı
Krallığı hökuməti arasında hava əlaqəsi
haqqında Saziş imzalandı. Şübhəsiz
ki, birbaşa havaxəttinin açılması iki ölkə
arasında ticarət dövriyyəsi və turizm mübadiləsinin
daha da çoxalmasına imkan verəcək. Bundan əlavə, bu, Azərbaycandan krallığa və
əks tərəfə gedən Həcc, ümrə zəvvarlarının,
eləcə də adi ziyarətçilərin rahat və tez
daşınmasına şərait yaradacaq.
- Bizə Yəməndə baş verən hadisələr
və Səudiyyə Ərəbistanı
Krallığının bu münaqişənin həllində
rolu barədə məlumat verə bilərsinizmi?
- Bildiyiniz kimi, husi silahlı birləşmələrinin və keçmiş prezident Salehin tərəfdarlarının qanuni hakimiyyəti devirməsi nəticəsində Yəmən Respublikasında vəziyyət kəskinləşib, son dərəcə təhlükəli bir xarakter alaraq, regional təhlükəsizlik, sabitlik və əmin-amanlıq, eləcədə beynəlxalq sülh və təhlükəsizliyə böyük təhlükə yaradıb. Ərəb Körfəzi Dövlətlərinin Əməkdaşlıq Şurasına üzv olan ölkələr münaqişənin sülh yolu ilə həlli üçün böyük səy göstərsə də, qanuni hakimiyyəti devirmiş husi silahlı birləşmələri bütün bu davamlı sülh cəhdlərini qəti şəkildə rədd edib. Təəssüf ki, xaricdən dəstəklənən husi silahlı birləşmələri nə Yəmənə, nə də onun xalqına xeyir və sülh arzulamır, krallıq və Körfəz dövlətlərində sabitliyi pozmağa çalışırlar. Yəməndə qanuni hakimiyyəti devriləndən sonra BMT Təhlükəsizlik Şurası qanunun bərpası və siyasi keçid prosesinin tam şəkildə həyata keçirilməsi haqqında 2140 saylı qərar qəbul etdi. Səudiyyə Ərəbistanı və Körfəz dövlətləri qardaş Yəmən xalqına münasibətdə öz məsuliyyətlərindən çıxış edərək qərara gəldilər ki, BMT Təhlükəsizlik Şurasının 2216 saylı qərarına uyğun olaraq Yəmən prezidenti Əbdürəbbuh Mənsurun qeyd edilən silahlı qrupların Yəməndə qanuni hakimiyyəti devirdikdən sonra törətdikləri ciddi təhlükələrin qarşısının alınması, eləcə də Yəmən və onun xalqını xaricdən dəstək alan husi yaraqlılarının təcavüzündən qorumaq üçün təcili olaraq bütün növ yardımların göstərilməsi ilə bağlı müraciətini qəbul etsinlər. Xüsusən də ona görə ki, bu hadisələr Səudiyyə Ərəbistanı Krallığı və Körfəz dövlətlərinin təhlükəsizliyinə təhdid yaradıb. Belə ki, husi silahlı birləşmələri Yəmən ərazisi ilə kifayətlənməyərək, krallığın mülki yaşayış qəsəbələrini və sərhədyanı şəhərlərini xaotik formada raket və mərmi atəşinə tutmuşlar. Bunun nəticəsində bir çox hərbçi və mülki şəxs həlak olub. Husi silahlı birləşmələri və onları dəstəkləyən qruplar nəinki Yəməndə əmin-amanlığı pozurlar, eləcə də əhalini qırır, humanitar yardımların daxil olmasına mane olurlar. Bütün bu hallar Yəməndə humanitar böhranın yaranmasına gətirib çıxarıb. Səudiyyə Ərəbistanı Krallığı zərərçəkmiş insanlara humanitar yardım göstərməyə tələsərək, BMT vasitəsilə humanitar aksiyalara 274 milyon dollar məbləğində vəsait ayırıb. Bundan əlavə İki Müqəddəs Məscidin Xadimi "Kral Salman Humanitar Yardım Mərkəzi" təsis edərək oraya 300 milyon dollar məbləğində maliyyə ayırıb. Ədən aeroportunun azad edilməsindən sonra krallıq hava körpüsü vasitəsilə gündəlik olaraq Yəmənə humanitar yardımlar çatdırır. Husi silahlı birləşmələrinin və keçmiş prezident tərəfdarlarının Yəmən xalqının mənafelərini və humanitar durumunu saya salmayıb, "Humanitar atəşkəsi sazişi"ni dəfələrlə pozmasına baxmayaraq, krallıq və koalisiya qüvvələri bu sazişə əməl ediblər.
Allahdan diləyirik ki, Yəməni və onun qardaş xalqını qorusun, onu fitnələrdən kənar etsin. Həmçinin diləyirik ki, əziz Yəmən xalqı üçün əmin-amanlıq və sabitlik bərqərar etsin.
Xalq Cəbhəsi.- 2015.- 28 avqust.- S.7.