Əylisə səyahət...
Son dönəmlərdə hər yerdə sadəcə
azyaşlıların, şagird və tələbələrin
mütaliədən uzaqlaşmalarından dolayı şikayətlər
duyulmaqdadır. Mobil telefon, sosial şəbəkələr
və qulaqcıqlar gənclərdə laqeyidlik, duyğususzluq
və hissiyatsızlıqdan başqa bir şey
aşılamadı. Bu sosial problem cəmiyyəti
narahat edən həyəcan siqnalı olmalıdır. Uşaqlar fikirlərini məntiqi izah edə bilmirlər.
Bəzən danışıq qaydaları belə
doğru-dürüst olmur. Bir
çoxları susqunluq içində, ya da həddən
artıq çılğın olurlar. Küçədə,
nəqliyyatda davranış qaydalarına belə diqqət
etmirlər. Bir-birləri ilə
danışdıqları sözü sanki hamıya eşitdirmək
istəyirlər. Müraciət, ünsiyyət
bir çoxlarına yad ifadələrdir.
Təbii ki, bunu bütün gəncliyə şamil etmək
olmaz. Çünki o qədər yüksək alicənablıqla
davranan, elit mədəniyyətə malik gənclərimiz var
ki, bunlar danılmazdır. Gənclərin bu
cür etinasız davranışlarının səbəblərindən
birini də mütaliə ilə bağlamaq olaq. Hörmətli alim Nizamı Cəfərov yazır
ki, “Mütaliə mədəniyyəti orta məktəbdən
formaşalşmağa başlayır. Orta
məktəbdə, şagirdlər arasında bu mədəniyyət
yoxdursa, sonradan onu yaratamaq çox çətin bir məsələdir”.
Demək buradan belə nəticə
çıxarmaq olar ki, bu həm də müəllimlərin
öhdəsinə düşən məsuliyyətlərdən
biridir. Yaxşı yadımdadır, mənə
orta məktəbdə ədəbiyyat dərsi deyən Rəna
müəllimə bu işi çox yüksək səviyyədə
təşkil edirdi. Onda əsl peşə
sevgisi müşahidə edirdim. Çünki
oxuduğu yeni bir əsəri olduqca duyğusal, mənalı təsvir
edirdi ki, bütün şinif uşaqları həmin əsəri
oxumağa can atırdıq. Bu, bəyənmədiyimiz
sovet rejiminin müəllimi idi! Gəlin
müasiq ədəbiyyat müəllimlərinə diqqət kəsilək,
onlardan son oxuduqları bədii əsərin adını soraq,
çoxu çətin ki, cavab verə bilərlər. Ailə qayğılarını bəhanə edib vəziyyətdən
çıxmağa çalışacaqlar. Məyər bizi dünyaya gətirən anaların
ailə qayğıları olmayıbmı? İndiki anaların bir olsa-olsa iki övladları
olduğu halda bizlər ailədə dörd-beş (bəzi
bölgələrdə daha çox uşaqlılıq olub)
uşaq olmamışıqmı? Bu bəhanələr
qulağa xoş gəlmək üçün deyilmiş
yalandan başqa heç nəyi ifadə etmir.
Bədii əsər yazan cağdaş müəlliflər
yazdıqları əsərləri olduqca qısa, sadə,
oxucunu əsər boyu intizarda saxlamağ bacarmalıdırlar
ki, oxucu qazana bilsinlər. Doğrudur, hər
yazıçının öz dili, öz üslubu, öz dəstixətti
var.
Azərbaycan yazarları içərisində
özünəməxsusluqları qoruyub saxlayan müəlliflərdən
biri də Nizami Muradoğludur. Son zamanlar oxucuların istifadəsinə
verdiyi "Baba ocağı " romanı
geniş oxucu kütləsinin marağına səbəb oldu. Burada yazıçının dil sadəliyi,
üslub imkanları, dialekt və şivələrdən
yerində istifadəsi olduqca maraqlıdır. Bu əsərdə həm də bir folklor nümunələri
axtarmaq olar. Əslində erməni hiyləgərliyini,
erməni xislətini əks etdirən bu əsərdə
Naxçıvan bölgəsinin təbiət mənzərəsi
ifadəsini tapdığı üçün
Naxçıvana getməyən oxucu belə o bölgənin
coğrafi relyefini tanımış olur. Naxçıvan
bölgəsinin təbii mənzərələri, təbabətə
lazım olan bitkiləri, dağlarında bitən lalələri,
dağları-daşları, qayaları belə əsər
boyu əks edilib. Müəllif əsəri
oxucunun gözündə canlandırmağı bacarıb.
Hətta oxuyarkən maraqlı bir faktı da görmək
mümkündür: "Qorxan uşağın başına bir
böyük yaylıq salar, ətrafında dövrə
vurardılar. Qadınlar dua oxuyar, "Xəta, bəla
bu uşaqdan uzaq ol!" - deyərdilər.
Sonra qəbir üstə gələnlərə,
küçədən keçənlərə əvvəldən
bişirilib hazırlanmış halva paylayardılar. Seyid qızının qəbrinin üstünə də
halva payı qoyulardı. Bu halva payı
quşlar, qapışqa cücülər üçün nəzərdə
tutulurdu. Az keçmiş quşlar
halvanın iyini almış kimi gələr, qəbristanlığın
üzərində dövrə vurardılar". O, qəhrəmanının
dili ilə uşağın başına dövrə vuran
quşlarla qadınların arasında nə dərəcədə
bağlılıq olub-olmamasını müəyyən etmək
istəyir və belə qənaətə gəlir ki, istənilən
halda nəticə qorxan uşağın sağalması və
əvvəlki halına qayıtması olur. Bu isə
növbəti bir folklor materialının izidir. Oxucu üçün əsər
inandırıcı olarsa, oxumağa davam edəcək.
N.Muradoğlu erməni xislətindən yazanda belə sadəcə
həqiqətlərdən söz açıb. Bu
yazıçı qələminin peşəkarlığından
xəbər verir. Əsər boyu müəllifin
öz həyəcanını, duyğularını, oxucu ilə
təmasını duymaq olur. Kənd həyatının
təsvirini, kənddə cərəyan edən hadisələrin
tablosunu, Əylis kəndinin təbiətini, meyvələrini,
ağ kahatı cəvizi, Abutalıblı əriyini (hətta
el ağzında buna “balyarım” deyilməsini), daş
badamı, alma, armud, alma boyda albuxarıları, tut, heyva meyvələrinin
təsvirini o qədər peşəkarlıqla verib ki, oxucu
düşünür, bir Əylisə getsəydim, adı
çəkilən meyvələri gözümlə görərdim.
Əsərdə atalar misallarından ("Qara
qızın dərdi varmış" və s.) yerli-yerində
istifadələr baməzə əhvalatlardan, hətta Molla Nəsrəddindən
çəkilən misallar tərbiyəvi əhəmiyyət
daşıyır. İki ana obrazının - Güllübəyim
ananın və Selcanın dünyadan gözüyaşlı
getmələrini o qədər obrazlı şəkildə təsvir
edib ki, burada yalnız ana qübarına göz
yaşını saxlaya bilmirsən. Acı
həqiqətlər dolu nakam sevgidən yazaraq
yazıçı burada müqəddəs sevgi, əhdə
etibarlılıq amillərini də göz önündə
canlandırır.
Əsərin
ana xətti Rövşən obrazıdır ki, bu obrazla müəllif
dinə inam, haqqa qayıdış, piş vərdişlərdən,
içkidən, qumardan, oğurluqdan, bir sözlə, müsəlmana
yaraşmayan və dinimizdə yasaq olan əməllərdən
peşimançılıq hissi duyaraq Allahın
qapısına töbə etməyə getməsini daha da
qabardaraq gənc oxuculara bir mesaj verir. Keşiş
Mikayılın diliylə "Oğlum,
peşmançılıq tövbənin başlanğıcıdır
" - deyərək hər zaman Allahın
qapısının tövbə edənlərə
açıq olmasını xatırladır. Hətta bununla da
kifayətlənməyən müəllif növbəti bir təsvirlə
Rövşəni Qıraqqarın üst arxı boyunca ceviz
ağaclarının kölgəsi ilə düz Aşıq Məsum
Tağının dediyi məbədə dogru Ağ Dədənin
yanına yola salır: “Nəhayət, Rövşən
böyürtkən kollarının uzanan rişələrini
özündən kənarlaşdıra-kənarlaşdıra
dar cığırla uzun dərənin dibindəki mağaraya
yaxınlaşaraq mağaranın girişindən süzülən
zorla görünən işığın toz kimi ətrafa
yayıldığını gördü. Ağ
Dədə mağaranın yuxarı başında bir dəri
üzərində bardaş qurub oturmuşdu”.
Buradakı Ağ Dədə obrazı adamda ilkin olaraq
müdrik qoca, nurani ağsaqqal və bir də övliya kimi
göz önündə canlanır. Elə gözümüzdə
canlandırdığımız kimi də yazıçı
təsvir edir: "Ağ Dədə nurlu sifət, həddən
artıq yaşlı bir adamdır. Çiyninə
tökülmüş saçları, sinəsinin ortasına
qədər sallanmış saqqalı ağappaq idi. Ağ Dədənin qaşları ağarmış,
balaca qara gözləri, nazik zərif əlləri
vardı".
Tövbə etmək amacı ilə Ağ Dədəni
axtarıb tapan Rövşən tövbəsinin qəbul
olub-olmadığını bu dünyada ikən görmək
istədiyinin mümkünlüyünü bilmək
üçün ondan yol göstərməyini istəyir. Bu məqamda
yazıçı təxəyyülündən süzülən
çox maraqlı bir təsvirlə
qarşılaşırıq: "Ağ Dədə fikrə
getdi, gözlərini yumub, dodaqaltı,
pıçıltıyla öz-özünə xeyli
danışdı. Rövşən nə qədər
diqqət verdisə, bir şey anlaya bilmədi, Ağ Dədə
nə danışırdı, kimiylə
danışırdı başa düşmədi. Ağ Dədənin halında da bir dəyişiklik
vardı, sifəti daha da nurlanmışdı".
Bu hal bir qədər davam etdikdən sonra Ağ Dədənin
halı özünə qayıdır və Rövşənin
sualının cavabında "mümkündür oğul"
- deyə cavab verir. Mümkünlüyü yalnız ocaqdan
götürülmüş kösövdə görən
Ağ Dədə bildirir ki, aşağıda bir dərə
var, oradan yolçular keçib gedir, dərənin baş tərəfini
qazıb ordan su çıxararsan, kösəvi düzənlikdə
əkərsən, göyərəndə bil ki, Uca Tanrı sənin
tövbəni qəbul edib. Kösövin göyərəcəyi
günü gözləyən Rövşənə kəntdə
çoxları arxasınca gülüb ağlını
itirdiyini deyirdilər. Ağ Dədəni dəfələrlə
mağarada axtarmasına baxmayaraq onu gördüm deyən
olmamışdı. Sanki Dədə qeyb
olmuşdu. Müəllif oxucusunu intizarda
saxlamaqla kösəvin göyərib-göyərməməsini
bilmək üçün əsərin sonuna doğru
aparır. İllər keçir...
kösöv göyərir. Bu da o anlama gəlir ki, Uca
Tanrı Rövşənin tövbəsini qəbul edir...
İki hissəli kitabın iki hissəsi də olduqca
maraqlı, oxunaqlıdır. Əsərdə yazıçının
əsas ideyası erməni -müsəlman davasının
tarix baxımından keçmişdən gəldiyini
açmaqdır. Əylisdən, Qafandan,
Oxçudan, Şabadin, Atqızdan, eləcə də Pirdavdan
tez-tez gələn acı xəbərdən türklər (azərbaycanlılar)
artıq narahat olur. Ermənilərlə
tüklərin birgə yaşadıqları kəndlərdə
gecələr üzü örtülü adamların türk
evlərinə olan basqınları, Əylisdə Arakelin evində
yığıncaqlar keçirilməsi məsələnin nə
yerdə olduğunudan xəbər verir. Tarix boyu izlədiyimiz
erməni hiyləgərliyi, dosta xəyanət,
sığındıqları elə-obaya hörmətsizlik,
bir sözlə, iç üzləri əsərdə
yerli-yataqlı qeyd edilib.
Əylisi
birdəfəlik ələ keçirmək arzusunda olan Arakel
obrazı ümumi erməni simasının iç
üzüdür. Əsərdə bir tərəfdə
özlərini üzdə "kirvə"liyə sadiqlik,
yedikləri çorəyə guya hörmət etdiklərini
göstərməyə çalışan, ancaq əməlləri
və hiyləgərliyi bunu deməyən erməni izləyirik.
Yazıçı
bunu o qədər məharətlə oxucuya
çatdırır ki: “Məktubun üzərində
"Arakel ağaya çatacaq" ifadəsi
yazılmışdı. "Arakel ağa, məlum
edirik ki, bu məktubu alandan sonra dərhal sizə verilən təlimata
uyğun olaraq fəaliyyətə başlayasınız.
Böyük Hayastan naminə sizə uğurlar
olsun. Komitə".
Əsli-nəcabəti bəlli olmayan ermənilər
“böyük Hayastan” qurmaq xəyalında idilər. Bu məktub isə
Rövşənin təsadüfən əlinə
keçmişdi. Elə əsərin əsas
məğzi də buradan başlayır. Oxucusunu
Rövşən obrazı ilə heyrətləndirmək, onun
ölümünü kövsər ağacının göyərən
budaqlarının quruması ilə nəticələndirmək
müəllifin əsas məqsədlərindən biri olub.
Rövşənin əkdiyi kösövdən
göyərən söyüd illər sonra yazda çiçəkləmir,
quruyur. Bu da Rövşənin taleyindən xəbər
verir...
Rövşən obrazı üşaqdan böyüyə
istənilən oxucunun yaddaşına ömürlük həkk
olunur. Əsərdə müəllif vətənpərvərlik
mövzusuna da toxunmaqla, məktəblilərin bayram günlərində
"Şəhidlər xiyabanına" getmələrini də
yaddan çıxarmır. Yazıçının
əsər boyu əsas məqsədindən biri də
Rövşənın qanına boyanan daşın
qanını qərinələrin yuyub apara bilmədiyini
obrazlaşdıraraq üstüörtülü şəkildə
erməni-türk davasının üzü keçmişdən
günümüzə qədər nəqş etməsidir.
Kitab orta məktəblərdə vətənpərvərlik
hisslərinin aşılanmasında gərəkli ola biləcək qədər maraqlı bir əsərdir.
İlhamə Qəsəbova,
filologiya üzrə
fəlsəfə doktoru
Xalq Cəbhəsi.- 2015.- 1 dekabr.-
S.14.