Mülki və siyasi hüquqların
müdafiəsi
I yazı
Azərbaycan
Respublikasının insan hüquqları üzrə Müvəkkilinin
(Ombudsmanın) Azərbaycanda insan hüquqlarının və
azadlıqlarının təmin edilməsi və müdafiəsinin
vəziyyəti haqqında 2014-cü il
üzrə illik məruzəsində (Mülki və siyasi
hüquqların müdafiəsi ilə bağlı) bildirilir:
“Azadlıq hüququ insanın öz iradəsinə uyğun
olaraq və hər hansı məhdudiyyət olmadan hərəkət
etmək imkanını ifadə edir. Şəxsiyyət
vəsiqəsi, habelə qeydiyyatla bağlı respublikanın
şəhər və rayonlarından 70 müraciət daxil
olub ki, onların da sayı ötən illərə nisbətən
xeyli azalıb. Bununla belə, müvafiq sahədə
hələ də bəzi çatışmazlıqlar
qalmaqdadır. Qeyd edilən hüququn
pozulmasına səbəb olan əsas hallardan biri müraciət
edən vətəndaşların müvafiq polis orqanları tərəfindən
şəxsiyyət vəsiqəsi ilə vaxtında təmin
edilməməsi olub. Həmin müraciətlər
üzrə görülmüş tədbirlər nəticəsində
pozulmuş hüquqlar bərpa edilib. Müxtəlif səbəblərdən
daimi yaşayış yeri olmadığı üçün
qeydiyyata düşə bilməyən vətəndaşların
daimi qeydiyyata alınması və şəxsiyyət vəsiqəsi
ilə təmin edilməsi ilə bağlı Azərbaycan
Respublikası Konstitusiya Məhkəməsinin 2003-cü il 31
yanvar tarixli qərarının icrasının təmin edilməsi
məqsədi ilə Nazirlər Kabinetinin 2003-cü il 9 aprel
tarixli, 55 saylı Sərəncamının tələblərinə
əsasən, bir çox vətəndaşların
pozulmuş hüquqlarının bərpasına nail olunub. Müvəkkilin müdaxiləsi nəticəsində
bir sıra digər hallarda da insanların sərbəst hərəkətinə
qoyulmuş məhdudiyyətlərin qarşısı
alınıb. Rəsmi məlumata əsasən,
bir sıra səbəblərdən şəxsiyyət vəsiqəsini
təqdim etməyən hamilə qadınlar barədə məlumat
müvafiq elektron bazaya daxil edilmədiyi üçün
onların körpələrinə doğum haqqında tibbi
şəhadətnamə verilməyib. Doğum
şöbələri tərəfindən belə qadınlar
barədə müvafiq polis orqanlarına məlumatlar verilməsinə
baxmayaraq, məsələ öz həllini tapmayıb.
Qeyd olunan halların hüquqi tənzimlənməsi məqsədilə
ötən il Müvəkkilin Nazirlər Kabinetinin 2003-cü
il 31 oktyabr tarixli, 145 saylı qərarı ilə təsdiq
edilmiş “Vətəndaşlıq vəziyyəti
aktlarının dövlət qeydiyyatı qaydası”na əlavə
və dəyişikliklər edilməsi ilə bağlı təklifi
qəbul edilib.
Yeri gəlmişkən, birgəyaşayış
münasibətlərinə daxil olan, lakin nikahları dövlət
qeydiyyatına alınmamış şəxslərin
sayının artması, habelə nikahdankənar yeni
doğulanların doğum haqqında şəhadətnamə
ilə təmin edilməməsi hüquqlarından yetərincə
istifadə etməyə imkan vermir. Odur ki, yerli icra
strukturları, icma və bələdiyyələr səviyyəsində
əhali arasında maarifləndirmə və izahat işinin
aparılması zəruridir”.
Müvəqqəti
saxlama yerlərində saxlanılan şəxslərin
hüquqlarına gəlincə, hesabatda bildirilir ki, Müvəkkil
və əməkdaşları tərəfindən müxtəlif
vaxtlarda həbs yerlərinə - Daxili İşlər
Nazirliyinin şəhər və rayon polis idarə, şöbə
və bölmələrinin müvəqqəti saxlama yerlərinə
(MSY), Bakı Şəhər Baş Polis İdarəsinin
İnzibati həbs olunanların saxlanılma məntəqəsinə,
həmçinin həmin nazirliyin Baş Mütəşəkkil
Cinayətkarlıqla Mübarizə İdarəsinin, Pasport,
Qeydiyyat və Miqrasiya Baş İdarəsinin qanunsuz miqrasiyaya
qarşı mübarizə idarəsinin və İnsan Alverinə
qarşı Mübarizə İdarəsinin müvəqqəti
saxlanılma yerlərinə, Dövlət Miqrasiya Xidmətinin
Qanunsuz Miqrantların Saxlanılma Mərkəzinə, həmçinin
Milli Təhlükəsizlik Nazirliyinin Müvəqqəti
Saxlanılma Yerinə və İstintaq Təcridxanasına
müntəzəm olaraq çoxsaylı baxışlar
keçirilib. Müvafiq həbs yerlərində saxlanılan
şəxslərlə görüşərək təkbətək
söhbət zamanı onların saxlanma şəraiti və rəftar
qaydaları araşdırılıb, hüquqları izah
edilib, saxlanılması ilə bağlı ailəsinə xəbər
verilməsi, vəkillə təmin olunması, tibbi müayinədən
keçirilməsi, şübhəli şəxs qismində
saxlanılarkən insan hüquqlarının izah edilməsi,
polis orqanlarında saxlanılan vaxt prokuror nəzarətinin
aparılması vəziyyəti, həmçinin
saxlanılmanın qanuniliyinə dair müvafiq sənədlər
yoxlanılıb. Söhbət aparılan şəxslər,
bir qayda olaraq, saxlanıldıqları müddət ərzində
onlara qarşı insan ləyaqətini alçaldan kobud rəftara
yol verilmədiyini, saxlanma şəraitindən, həmçinin
polis və ya Penitensiar Xidmət əməkdaşlarının
onlarla rəftarından şikayətlərinin
olmadığını bildiriblər. Bununla
yanaşı, bəzi saxlanılan şəxslər
istintaqın gedişindən narazı olduqlarını
bildiriblər.
Baxışlar zamanı müəyyən edilib ki, həqiqətən
də respublikanın polis orqanlarının müvəqqəti
saxlama yerlərində beynəlxalq normalara və standartlara
cavab verən şəraitin yaradılması məqsədilə
bir sıra yeni saxlama yerləri inşa edilərək istifadəyə
verilib, bəzilərində əsaslı təmir və yenidənqurma
işləri aparılıb. Qeyd edilənlərlə
yanaşı, müvəqqəti saxlama yerlərinə
baxışlar zamanı bir sıra nöqsanlar da aşkar
edilib.
Aşkar
edilmiş qanun pozuntularının, nöqsan və
çatışmazlıqların aradan qaldırılması,
müvafiq tədbirlərin həyata keçirilməsi ilə
bağlı irad və təkliflərlə aidiyyəti
orqanlara müraciətlər edilib: “Daxili İşlər Nazirliyinin
rəsmi məlumatına əsasən, tutulma, həbs edilmə,
müvəqqəti saxlama yerində insan hüquqlarının
pozulması halları qeydə alınmamış, bununla belə,
xidməti vəzifələrin icrasında nöqsanlara yol
verdiklərinə görə müvəqqəti saxlama yerlərinin
77 əməkdaşı intizam qaydasında cəzalandırılıb
ki, onlardan da 8-i daxili işlər orqanlarında xidmətdən
xaric edilib, 2-si tutduğu vəzifədən azad olunub, 67 əməkdaş
barəsində digər intizam tədbirləri
görülüb. Saxlanılan şəxslərin
hüquqlarının daha etibarlı təmin edilməsi məqsədilə
Daxili İşlər Nazirliyi tərəfindən
hazırlanmış «İnzibati həbs olunanların
saxlanılma məntəqələri haqqında əsasnamə»nin və «İnzibati həbs olunanların
saxlanılma məntəqələrinin daxili intizam
qaydaları»nın yeni layihələrinə Müvəkkil tərəfindən
verilmiş rəy və təkliflər nəzərə
alınıb.
Müvəkkilin
Daxili İşlər Nazirliyi ilə əməkdaşlığı
çərçivəsində «Həbs yerlərində
saxlanılan şəxslərin hüquq və
azadlıqlarının təmin edilməsi haqqında» qanunun
müddəalarından və müvafiq nazirliyin bununla
bağlı normativ hüquqi aktlarının tələblərindən
irəli gələn vəzifələrin şəhər və
rayon polis orqanlarının ictimai təhlükəsizlik xidmətlərinin,
növbətçi hissələrinin və MSY-lərinin əməkdaşları
tərəfindən əməli fəaliyyətdə tətbiqi
işinin daha da yaxşılaşdırılması məqsədilə
seminar-məşğələlər keçirilib”.
Şərəf
və ləyaqətin müdafiəsi hüququ: “Bu hüququn
pozulması ilə bağlı daxil olmuş müraciətlərdə
dövlət orqanlarının hakimiyyət səlahiyyətinə
malik vəzifəli şəxsləri, eyni zamanda təhqiqat və
istintaq orqanları, o cümlədən polis əməkdaşları
tərəfindən saxlanılan və ya barəsində təhqiqat
və ya istintaq aparılan şəxslərə qarşı
kobud rəftar halları göstərilib. Lakin həmin
müraciətlərdə əks etdirilmiş halların
yoxlanılması ilə bağlı səlahiyyətli
dövlət qurumlarına tapşırıqların nəticələrinə
dair Müvəkkilə təqdim edilmiş cavablarda əsasən
belə halların öz təsdiqini tapmadığı
bildirilib. Təhqiqat və ya istintaq
prosesində törətmədiyi hadisəni və ya cinayət
əməlini etiraf etməsi məqsədilə aidiyyəti vəzifəli
şəxslər tərəfindən döyüldüyünü,
ləyaqətinin alçaldıldığını bildirən
şübhəli və ya təqsirləndirilən şəxslərdən
və ya onların yaxınlarından daxil olmuş müraciətlərin
araşdırılması zamanı da müraciətdə
göstərilən halların təsdiqini tapmadığı
göstərilib.
Müvəkkilin
Milli Preventiv Qrupu (MPQ) ötən il də
saxlanılan şəxslərin öz iradəsi ilə tərk
edə bilmədiyi yerlərə davamlı olaraq başçəkmələr
həyata keçirib. Daxili İşlər, Ədliyyə,
Milli Təhlükəsizlik, Müdafiə, Təhsil, Səhiyyə,
habelə Əmək və Əhalinin Sosial Müdafiəsi
nazirliklərinin, Dövlət Miqrasiya Xidmətinin, həmçinin
rayon (şəhər) icra hakimiyyətlərinin tabeliyində
olan ümumilikdə 244 azadlıqdan məhrumetmə və məhdudlaşdırma
yerinə, o cümlədən penitensiar müəssisələrə,
müvəqqəti saxlanılma yerlərinə, sosial obyektlərə,
ahıllar və əlillər üçün internat evlərinə
və pansionatlara, psixiatriya müəssisələrinə
mütəmadi olaraq plan üzrə və ya təxirə
salınmadan, əvvəlcədən xəbərdarlıq
edilmədən ümumilikdə 365, o cümlədən plan
üzrə 267, plandankənar isə 98 başçəkmə
həyata keçirilib. Belə ki, Daxili İşlər
Nazirliyinin müvəqqəti saxlanılma yerlərinə 219,
Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin istintaq təcridxanalarına,
cəzaçəkmə müəssisələrinə, o
cümlədən həbsxanaya, müalicə müəssisəsinə
112, Milli Təhlükəsizlik Nazirliyinin İstintaq təcridxanasına
və Müvəqqəti Saxlanılma Yerinə 3, Müdafiə
Nazirliyinin intizam xarakterli hərbi hissəsinə və
hauptvaxtına 4, Dövlət Miqrasiya Xidmətinin Qanunsuz
Miqrantların Saxlanılma Mərkəzinə 2, Təhsil
Nazirliyinin xüsusi təlim-tərbiyə, habelə internat
müəssisələrinə və xüsusi peşə məktəbinə
8, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin
pansionatlarına, ahıllar və əlillər
üçün internat evlərinə 10, Səhiyyə
Nazirliyinin psixiatriya xəstəxanalarına, ruhi-əsəb
dispanserlərinə, psixonevroloji uşaq evinə, uşaq və
körpələr evlərinə 4, yerli icra hakimiyyətlərinin
tabeliyində olan uşaq evlərinə 3 başçəkmə
həyata keçirilib. Həmin başçəkmələr
zamanı müvəqqəti saxlanılma yerlərində 237,
istintaq təcridxanalarında və cəzaçəkmə
müəssisələrində 1030, şəxsin öz iradəsi
ilə tərk edə bilmədiyi başqa müəssisələrdə
250-dək saxlanılan şəxslə təklikdə və
konfidensial görüşlər keçirilib, həmçinin
bu müəssisələrin 300-dək əməkdaşı
ilə fərdi söhbətlər aparılıb. Bu zaman müəssisə rəhbərləri və
aidiyyəti vəzifəli şəxslər tərəfindən
MPQ üzvlərinə lazımi şərait yaradılıb,
verilmiş tövsiyələrin icrası və pozuntuların
aradan qaldırılması üzrə tədbirlər
görülüb.
Ölkənin bütün şəhər və
rayonlarının polis idarə, şöbə və bölmələrində
MPQ-nin «qaynar xətt»inin əlaqə nömrəsinin göstərildiyi
müvafiq elanlar asılıb. Başçəkmələrin
keçirildiyi müəssisələrin müəyyən
hissəsinin yeni tikildiyi və ya əsaslı təmir
olunduğu müəyyən edilib. Görüş
zamanı saxlanılan şəxslər, bir qayda olaraq, müəssisə
əməkdaşlarının onlara qarşı rəftarından
şikayət etməyibər.
Uğur
Xalq Cəbhəsi.- 2015.- 1 dekabr.-
S13.