“Güney Azərbaycan
folkoru”
Kitabın
növbəti cildləri işıq üzü görüb
AMEA-nın Folklor İnstitutu “Güney Azərbaycan
folkoru” çoxcildliyinin IV və V cildlərini çap edib. Hər iki
cilddə Güney Azərbaycanın zəngin şifahi xalq
yaradıcılığı örnəkləri toplanıb.
Kitablarda uşaq folkloru, düzgülər, acıtmalar,
tapmacalar, oyunlar, andlar, alqışlar, xeyir-dualar,
qarğışlar, atalar sözü və məsəllər,
deyimlər, bayatılar, nağıllar, lətifələr,
mifoloji mətnlər, əfsanə və rəvayətlər,
bayram oyunları, toy adətləri, yağış yağma mərasimləri,
inanclar, xalq təbabəti, ovsunlar, xörəklər
haqqında geniş bilgilər öz əksini tapıb.
Cildlər müxtəlif yazılı qaynaqlardan folklor
materiallarının seçilərək transliterasiya
olunması və informatorlardan toplanaraq yazıya
alınması yoluyla tərtib edilib. Folklor örnəkləri
Təbriz, Miyana, Xoy, Ərdəbil, Heris, Mamağan, Tufarqan və
başqa bölgələrdən toplanıb,
orijinallığı saxlanılıb. Bildirək ki,
“Güney Azərbaycan folkoru” layihəsinin rəhbəri
AMEA-nın müxbir üzvü Muxtar Kazımoğlu, tərtib
edənlər filologiya üzrə fəlsəfə doktoru Mətanət
Abbasova və güneyli soydaşımız, orada nəşr
olunan “Xudafərin” jurnalının redaktoru Hüseyn Şərqidərəcəkdir.
Cildlərdəki
mətnləri M.Abbasova, Kəmalə Qasımova, Lalə
Şabanova ərəb qrafikasından latın
qrafikasına çeviriblər. Kitabların
redaktorları filologiya üzrə fəlsəfə doktoru Qədim
Qubadov və Aydın Mustafayevdir.
Filologiya üzrə fəlsəfə doktoru İlhamə
Qəsəbovanın "XX əsr Qazax aşıq
mühiti" kitabı işıq üzü görüb. Azərbaycan
aşıq sənətinin dolğun mənzərəsinin təsviri
üçün aşıq şeiri şəkillərində
bəzi yeniliklərə imza atan, özünəməxsus
havacatlar yaradıb neçə-neçə
nağıl-dastan qoşan, XX yüzil Qazax aşıq
mühitinə mənsub ustad aşıqların və el
şairlərinin sənətkarlığı ayrıca tədqiqini
gözləyirdi. İlhamə Qəsəbovanın
"XX əsr Qazax aşıq mühiti" kitabı həmin
boşluğu doldurmaq zərurətindən irəli gəlib.
Kitabda müəllif Qazax aşıq
mühitinin, bu sənət ənənələrinin geniş
yayıldığı Göyçə və
Borçalı aşıq bölgələrinin
qovuşuğunda təşəkkül
tapdığını, onun Gəncəbasar aşıq
mühitinin təşəkkülündə necə rol
oynadığını müəyyənləşdirməyə
çalışıb. Müəllif ilkin etibarlı
qaynaq kimi aşıqlardan aldığı, söyləyicilərdən
birər-birər topladığı bilgilər əsasında
Azərbaycan aşıq mədəniyyətinin bu vacib qoluna mənsub
olan, lakin adlarına milli folklorla bağlı
araşdırmalarda elə də sıx rast gəlinməyən
bir çox aşıqların və el şairlərinin
yaradıcılığını, mühitin
dastançılıq ənə-nələrini, ustad-şəyird
münasibətlərini araşdırmağı vacib
sayıb.
“Şəki folklor örnəkləri” kitabının II
cildi nəşr olunub. Layihənin müəllifi AMEAnın müxbir
üzvü Muxtar Kazımoğlu – İmanov, materialların
toplayıcısı və kitabın tərtibçisi fil.ü.f.d., dos. Ləman Vaqifqızı –
Süleymanovadır. Bu kitab Şəkinin
Göynük mahalından toplanmış folklor mətnlərini
əhatə edir. Bu cild bölgələrimizdən
toplanıb çap olunmuş kitablar arasında bütöv
bir rayona yox, mahala həsr olunmuş ilk kitabdır.
Bölgələrimizdən toplanmış digər
kitablar kimi bu kitabın da özünəməxsus cəhətləri
var. Kitaba salınmış materialların böyük əksəriyyətini
mifoloji mətnlər təşkil edir. Halın keçi dönərgəsi
– Unuqay, Halın xoruz dönərgəsi, Vəhşi adam, Süleysin, Xortdan kimi personajlar Azərbaycan
folkloru üçün tamamilə yenidir. Halın qadın
dönərgəsi, Əzrayıl, Cin, Xıdır Nəbi,
Xıdır İlyas, Naxış mifoloji personajları Azərbaycan
folkloru ücün yeni olmasalar da, indiyədək nəşr
olunmuş heç bir folklor toplusunda bu personajlarla bağlı
bu qədər mətn bir yerdə çap olunmayıb.
Ovçuluqla bağlı mətnlərdə
ovçular, ov həddi, ovun güdükçüləri,
Süley və yaxud İsgəndər quşu haqqında
maraqlı informasiyalar cəmləşib. Pirlərlə
bağlı xeyli sayda rəvayət də kitabda özünə
yer alıb. Pir baba, Şeyx Əhməd baba, Hacı Salah
baba, Mahmud Axund baba, Mütübillah baba, Tamam nənə,
Sarılıq ziyarəti, Qəbiz ziyarəti, Dəmirov ziyarəti,
Südlü bulaq, Ağası babanın bulağı,
Beşik daşı, Əjdaha daşı, Palıd baba ziyarətləri
ilə bağlı mətnlər Göynük mahalında
geniş yayılıb. Rəvayətlərin bir
hissəsini də Molla Cuma ilə bağlı rəvayətlər
və müxtəlif mövzulu rəvayətlər təşkil
edir. Kitaba daxil olunmuş materialların bir
qismi etnoqrafik mətnlərdir. Müxtəlif
dualar, yağış kəsdirmə və yağdırma, toy
və yas adətləri, Mövlud mərasiminin keçirilmə
qaydaları ilə bağlı mətnlər bu başlıq
altında özünə yer alıb.
Bayatılar, ağılar və paremioloji vahidlər də
diqqəti cəlb edir. Göynük mahalında bayatı
formasında söylənilən ağılarla yanaşı,
nəsr formasında deyilən ağılar da geniş
yayılıb. Kitaba salınmış
materialların bir özəlliyi də onların Göynük
şivəsində verilməsidir. Söyləyici
pasportlaşdırılmasında mətnlərin toplanma tarixləri
də qeyd edilib. Kitabın sonuna maraqlı
şəkillər əlavə olunub.
“Usta söyləyicilərin repertuarı” toplusu Azərbaycanda
nağıl söyləyicilərinə həsr olunmuş ilk
kitabdır.
Kitabda öz dəsti-xətti, söyləyicilik manerası, zəngin
repertuarı ilə seçilən dörd söyləyicinin –
Narış Bayramova (Ağcabədi), Musa Bayramov (Bərdə),
Əli Süleymanov (Ağdam) və Abbas Abbasovun (Cəbrayıl)
şifahi irsi cəmlənib. Bu söyləyicilər
Folklor İnstitutunun icra etdiyi Qarabağ layihəsi çərçivəsində
2012-2014-cü illərdə bölgəyə təşkil
olunmuş ezamiyyələr zamanı aşkarlanıb və
onların şifahi irsi yazıya alınıb. Müxtəlif peşə sahibi olan bu söyləyicilərin
hamısı hələ erkən yaşlarından şifahi ədəbiyyata
böyük maraq göstərib, valideynlərindən,
ağsaqqallardan eşitdiyi nümunələri güclü
hafizələri sayəsində yadda saxlayıblar. Müxtəlif janrlara dair nümunələr bilsələr
də, nağıllar onların repertuarının əsasını
təşkil edir və ustalıq, sənətkarlıq keyfiyyətləri
məhz bu janrda özünü daha çox göstərir.
Bu söyləyicilər Azərbaycan
nağıl repertuarını yeni süjetlərlə, yeni kontaminasiya
tipləri ilə zənginləşdirmiş, Azərbaycan
folkloruna həm informasiya yükünə, həm də variant
xüsusiyyətlərinə görə ənənəvi
variantlardan kifayət qədər fərqlənən yeni
nağıllar bəxş ediblər. Kitabda
söyləyicilərin geniş tərcümeyi-halı verilib,
şifahi irsi qısa xarakterizə edilib və onlardan yazıya
alınmış ən seçmə nümunələr
verilib.
Layihənin müəllifi AMEA-nın müxbir
üzvü Muxtar Kazımoğlu-İmanov, materialların
toplayıcısı fil.üz.f.d. İlkin Rüstəmzadə,
kitabın elmi redaktoru fil.üz.f.d. Rza Xəlilovdur.
Bakı-Abşeron
folkloru janr, mövzu, süjet quruluşu, obrazlar sistemi,
ideyası və s. baxımdan milli folklorumuza xas olan özəllikləri
dolğun şəkildə özündə yaşadır. Oxucularda və tədqiqatçılarda böyük
maraq doğuran bu folklor nümunələrinin bir hissəsi “Bakı
folklor nümunələri” (I) kitabında işıq
üzü görüb. Tədqiqata ilk dəfə cəlb
olunan Abşeron yarımadası folklorunun toplanması və nəşrinin
layihə rəhbəri AMEA-nın müxbir üzvü,
filologiya elmləri doktoru Muxtar Kazımoğlu, tərtibçilər
filologiya üzrə fəlsəfə doktoru Rza Xəlilov və
Afaq Ramazanovadır.
Son 150 ildə xalq təsərrüfatının,
xüsusilə neft-qaz sənayesinin inkişafının nəticəsi
olaraq Bakı müxtəlif millətlərin, dinlərin və
mədəniyyətlərin
qaynayıb-qarışdığı yer olub. Bəzi siyasi,
iqtisadi və sosial səbəblərdən Bakıya edilən
kütləvi köçlər regionun folkloruna əlavə rənglər
qatmış, yeni mövzu və məzmunla zənginləşdirib.
Bu proses indi də davam edir. Kitabda
Bakı-Abşeron folklorunun toplanması və sistemli şəkildə
nəşri qarşıya məqsəd qoyulub, Azərbaycan
dövri mətbuatının böyük bir hissəsi səhifə-səhifə
izlənilib, XIX əsrdən üzübəri qəzet və
jurnallar, elmi-kütləvi nəşrlər ciddi şəkildə
araşdırılıb.
Kitabda
toplanmış folklor örnəklərinin böyük bir
qismi AMEA-nın M.Füzuli adına Əlyazmalar
İnstitutunda mühafizə edilən folklor və etnoqrafik
materiallardır. Onların çoxu görkəmli
aktyor Hüseynqulu Sarabskinin folklorunda yer alıb. Bakı folkloru, etnoqrafiyası və mərasimlərini
əhatə edən həmin materiallar H.Sarabskinin özü tərəfindən
müxtəlif illərdə toplanıb. H.Sarabskinin
şəxsi arxivindən Azərbaycan ədəbi-mədəni
fikrinin görkəmli nümayəndəsi Əziz Şərifin
ruscaya tərcüməsində Bakının mərasim və
uşaq folkloruna dair mətnlər də üzə
çıxıb. Kitabda böyük
şairimiz Hüseyn Cavidin oğlu Ərtoğrul Cavidin
Bakıdan topladığı mərasim və musiqi folkloru
nümunələrinə də geniş yer verilib.
Ötən əsrin 20-ci illərinədək Bakıda əski
əlifba ilə nəşr edilmiş meyxana kitabları və
el şairlərinə həsr olunmuş yazılar da bu cildə
daxil edilib.
“Atalar sözləri, məsəllər”, “Zərbi-məsəllər,
idiomlar”, “Tapmacalar”, “Bayatılar”, “Lətifələr”,
“Nağıllar”, “Şəbədələr”, “ Mərasim
folkloru”, “Pirlər, ziyarətgahlar”, “Musiqi folkloru”, “Uşaq
folkloru”, “Oyunlar”, “El şairləri” kimi bölmələrdən
ibarət 306 səhifəlik bu kitab tədqiqatçılar və
geniş oxucu auditoriyası üçün nəzərdə
tutulub.
Uğur
Xalq Cəbhəsi.- 2015.- 2 dekabr.-
S.14