1950-80-cı illərin poetik
düşüncələri...
Azərbaycan ədəbiyyatına
xidmət göstərən şairlər bundan sonra da sələfləri
kimi Vətəni canlarından çox sevəcəklər
1950-1980-cı
illərin ictimai-sosial məzmunu ilə şərtlənən
poetik düşüncə yeniliyi onlardan sonra poeziyaya gələn
şairlərin poeziyasının bədii quruluşunda və
təsvir sistemində öz əksini tapdı. Cənubi Azərbaycan
şeirinin, daha doğrusu, 1950-1980-ci illərdə fəaliyyət
göstərən və onlardan sonra poeziya dəryasında
üzməyə başlayan şairlərin praktik
üstünlükləri, ideya poetik baxımdan irəliyə
doğru hərəkətlə, yeniləşmədə
özünün yaxşı bəhrələrini verdi. Şəhriyar,
Sahir, Səhənd, Məhzun, H.Tərlan, M.Dərəfşi,
Ə.Nabdil Oxtay və b. kimi şairlərin fərdi-poetik
üslublarında həmin illərin duyum və ifadə tərzinin
müsbət təsiri, öz səmərəli bəhrələrini
üzə çıxararaq, H.Xətibi, Ə.Həddad,
H.Nitqi, Urmulu, İldırım, Ə.Möhsünü, Bariz,
Savalan, Alov, Sönməz kimi öz sələflərinin ədəbi
irsini uğurla davam etdirən poeziya müəllimləri
yetişdirdi, İsmayıl Məmmədli, Məhərrəm
Pərizad Sürgün, Tariyel Ümid, Fəraməz Dehqan,
Günəşoğlu, Himayət Qədimpur, Məxməl
İşıq, Bəxtiyar Muğanoğlu, Sədyar
Eloğlu, Ənsari, Saplaq, Əli Daşqın, Aqşin
Ağkəmərli, Əbdülqədir Salehoğlu Rəsuli,
Piruz Dilənçi, Əziz Cabbarlı Sazlı, Türkan Nəsim,
Lalə Cavanşir, Rizvanə Behin və b. kimi sənətkarların
poeziya xəzinəsinə nəfis töhfələrini vermələrinə
vəsilə oldu.
İnqilabdan
sonra İranda azərbaycan dilində qəzet və jurnallar
buraxılmağa başladı. “Ulduz”, “Yoldaş”,
“Koroğlu”, “İşıq”, “Çənlibel”,
“Qardaşlıq”, “Molla Nəsrəddin”, “Azadlıq”, “Odlar
yurdu”, “Birlik”, “Azərbaycan”, “Muştuluq”, “Yazmaca”, “Azərbaycan
səsi”, “Xalq sözü”, “Varlıq”, “Dədə Qorqud”,
“İnqilab yolunda”, “Ülkər” və s. qəzet-jurnallar dərc
edildi.
Dur
ayağa, ocağın qur!
Çırağın
yax!
Qızıl
şəfəq yayılmada
Dur bir
yana.
Al
silahın, gir meydana
Vuruş!
Vuruş!
Gələk
cana..
- (Həbib
Sahir. “Dur ayağa ocağın qur”). İnqilabdan sonra Cənubi
Azərbaycan yazıçılarının da birlikləri
yarandı; Təbrizdəki birliyin ədəbi orqanı
“Ülkər”, Tehrandakı birliyin ədəbi orqanı
“Günəş” nəşrə başladı. Cənubi Azərbaycanın
çox istedadlı sənətkarları Savalanın, Qəşəm
Qələndərin, Məftun Əlinin, Sətta Gülməhəmmədinin,
Həbib Fəribafın, Bəhman Zəmaninin kitabları nəşr
edildi. Mətbuatda şifahi xalq ədəbiyyatı nümunələri
ardıcıl şəkildə çap olunmağa
başladı ki, bu da mətbuatın dilinə xalq
danışıq leksikası gətirməyə
başladı. Müəyyən bir çərçivədə,
şah üsuli-idarəsinin hər iki tərəfi dişli
mişar tək kəsən qılıncı altında
yazıb-yaradan sələflərindən üslub, forma, şəkil,
vəzn, rəfid, qafiyə, təşbih, təkrir, istiarə
incəliklərini mükəmməl bir şəkildə əxz
eləmiş inqilab şairləri odlu-alovlu
çıxışlar eləməyə başladılar.
Beləliklə,
1950-ci illərdən başlayaraq yaşadığımız
dövrə, daha doğrusu, 21-ci əsrin əvvəllərinə
qədər - 60 ildən yuxarı bir dövrün poetik
düşüncə tərzinin kontekstində davam və
inkişaf edən Cənubi Azərbaycan poeziyası müasir
Azərbaycan poeziyasının ictimai-siyasi mündəricəsini
bütün dolğunluğu ilə özündə əks
etdirdi. Nəticə olaraq demək olar ki, XX əsrin əvvəllərində
Azərbaycan ədəbiyyatında tərəqqi yolunda, elm,
maarif, mədəniyyət yolunda mübarizə daha
qızğın hal alır, Azərbaycanda teatr dəstələri,
dram dərnəkləri əmələ gəlirdi. Bakı, Təbriz,
Ərdəbil, Gəncə, Naxçıvan kimi şəhərlərdə
çoxlu müəllim, yazıçı və başqa
ziyalılar yetişib qəzetlər çap edir, zülmə,
haqsızlığa, ayrıseçkiliyə, istibada, eyni
zamanda din pərdəsi altında maskalanmış
yalançı din xadimlərinə qarşı mübarizə
aparırdı.
1905-ci ildə
Rusiyada və Rusiyanın yarı müstəmləkəsi olan
bölgələrdə inqilab baş verdi. Sovet dönəmində
bu inqilaba yalnız bolşevik inqilabı donu geyindirirdilər,
belə ki, guya bu inqilab gələcəkdə, daha doğrusu,
on iki ildən sonra baş vermiş Oktyabr inqilabının təməli
olub, deyə fikir formalaşdırırdılar. Lakin bu, necə
deyərlər, göz görə-görə yalan
danışmaq idi, çünki 1905-ci ildə eyni zamanda Sərdari-milli
Səttarxanın başçılığı ilə Təbrizdə
Təbriz inqilabı baş vermiş, məşrutə əldə
edilmişdi və bu inqilabın bolşevizmlə heç bir əlaqəsi
yox idi. Buna sübut üçün elə təkcə
bolşevizmə nifrət bəsləyən Hacı Zeynalabdin
Tağıyevi göstərmək olar ki, Məşrutə hərəkatına
imkanı daxilində cür yardım göstərirdi. Bundan
başqa da o zaman hələ bolşevik deyilən bir məfhum
yox idi və 1905-ci il inqilabı Şimali Azərbaycanda sadəcə
olaraq çar mütləqiyyətinə, zülmə,
istibdada qarşı mübarizə aparırdı. Təsadüfi
deyil ki, o dövrdə hələ cəmisi 21 yaşında
olsa da, dərin biliyə, yüksək intilektə, iti
şuura və heyrətamiz bir vətənpərvərliyə
malik olan Məhəmməd Əmin Rəsulzadə
inqilabçılar arasında idi. Bir qədər sonra isə
burdakı aparıcı qüvvələrin, o cümlədən
xain və pozğun Şaumyanın sinfi mübarizə deyil,
iyrənc məqsədlərinə yetmək üçün,
o cümlədən “Böyük Ermənistan” yaratmaq
xülyası ilə mübarizə apardığını
görüncə onlarla əlaqəni kəsmiş və gələcəkdə
Vətənini, torpağını, xalqını, millətini
azad, müstəqil görməkdən ötrü başqa
yollar, üsullar axtarmağa başlamışdı. Lakin bu
dövr özlüyündə bir keçid dövrü idi və
siyasi-ictimai hadisələrin gedişatından asılı
olmayaraq hər sahədə dəyişikliklər baş
verirdi.
Təsadüfi
deyil ki, sorağı bütün müsəlman Şərqinə
yayılan “Füyuzat”, “Molla Nəsrəddin” məcmuələri
bu dövrdə öz fəaliyyətinə başladı. Məhz
bu dövrdə yenə də böyük Hacı Zeynalabdin
Tağıyevin sayəsində Azərbaycan dilində qəzetlər
nəşr edilməyə başladı. Cənubi Azərbaycanda
Səttarxanın qətiyyəti və təşəbbüsü
ilə ana dilində qəzet və kitablar nəşr edilməyə
başladı. 1950-1980-ci illərdə Cənubi Azərbaycan
poeziyası, Şimali Azərbaycanda olduğu kimi böyük
bir inkişaf yolu keçdi, cənublu şairlər
yuxarıda dəfələrlə qeyd olunduğu kimi bir-birindən
dəyərli, ümumazərbaycan ədəbiyyatı xəzinəsini
bəzəməyə layiq olan mükəmməl əsərlər
meydana gətirdilər. Şübhəsiz ki, bu, o qədər
də asan bir iş deyildi. Çünki dünənki oxucu
bugünkündən fərqlənirdi. Onun
dünyayabaxışı, zövqü tamamilə başqa
cür idi.
Zəmanə
oxucusunun estetik zövqü, həyat və hadisələrini,
sənət, ədəbiyyat və mədəniyyəti tənqidi
şəkildə dərketmə qabiliyyəti elə bir səviyyəyə
çatmışdı ki, artıq onu təkcə poetik
istedadın gücü, yaxud təsvirin şirinliyi ilə əfsunlamaq,
cəlb etmək mümkün deyildi. Vaxtilə müəyyən
bir mətləbi dilinin ifadəliliyi, hadisənin maraqlı təhkiyəsi,
təsvirin romantikliyi hesabına oxucuya təqdim etmək və
beləliklə, onun qəlbinə yol tapmaq, hisslərini
coşdurmaq mümkün idisə, 1950-1980-ci illərdə bunlarla
effekt yaratmaq olmurdu. Artıq o əsərlər məqbul
sayılırdı ki, onlarda təlqin edilən məzmun, fikir
və ideya yeni, dərin və mənalı olmaqla
yanaşı, elmin o günkü inkişaf səviyyəsi ilə
səsləşə bilməli idi.
Böyük
Füzulinin məşhur “Elmsiz şeir əsassız divar
kimidir” kəlamı həmin dövrdə də öz mənasını
saxlamaqda idi. Etiraf etmək lazımdır ki, heç bir zaman bədii
təfəkkürlə elmi təfəkkür 1950-1980-ci illərdəki
kimi yaxın olmamış, bir-biriylə bu dərəcə
çulğaşmamışdı. Daha doğrusu, şeirin
idrak əhəmiyyəti xeyli artmışdı. Artıq
şimallı şair əsərlərindəki gurultulu
misraların arxasında gizlənə bilməzdi. Şimalda
1953-cı ildən etibarən “Şəxsiyyətə pərəstiş”
dövrü bitdi, lakin cənubda şah üsul-idarəsi
qüvvədə idi. Lakin yuxarıda qeyd olunduğu kimi vahid
bir xalqın xalq poeziyasından qaynaq götürən intəhasız
çeşməsi bir-biriylə yaxşı mənada bəhsə
girən poeziya yarışına hakimlik edirdi. Şimalda Səməd
Vurğun, Süleyman Rüstəm, Məmməd Rahim, Rəsul
Rza, İslam Səfərli, Əli Kərim, Məstan
Əliyev, Mirvarid Dilbazi, Nəbi Xəzri, Bəxtiyar Vahabzadə,
Məmməd Araz, Xəlil Rza, Cabir Novruz, Söhrab Tahir, Tofiq
Bayram, Qabil, Qasım Qasımzadə, Fikrət Qoca, Nəriman Həsənzadə
və başqaları, cənubda isə Şəhriyar, Həbib
Sahir, Səhənd, Savalan, Sönməz, Yəhya Şeyda,
Süleyman Salis, Hökümə Billuri, Məhəmməd
Biriya, Aşıq Hüseyn Cavan, Əlirza Nabdil Oxtay,
Haşım Tərlan və başqaları, o cümlədən
quzeyli-güneyli şairlər Məhəmmədəli Məhzun,
Balaş Azəroğlu, Əli Tudə, Söhrab Tahir, Mədinə
Gülgün bu olduqca xoşməramlı qardaşlıq
yarışına girdilər. Səbəb nə idi bu
xalqın ruhunu oxşayan, xalqa sevinc bəxş edən qabiliyyətə?!
Bunun yalnız bir səbəbi vardı - Vətən Sevgisi...
Bu sənətkarlar Azərbaycan deyilən bir məmləkəti
canlarından, qanlarından çox sevirdilər. Şübhə
etmirəm ki, ümumazərbaycan ədəbiyyatına xidmət
göstərən şairlər bundan sonra da öz sələfləri
kimi Vətəni canlarından, qanlarından artıq sevəcəklər,
yaratdıqları bütün əsərlər yalnız Azərbaycan
deyilən bir məmləkətdən ötrü yaranacaq.
Vüqar Əhməd
Professor
Xalq Cəbhəsi.- 2015.- 3 dekabr.-
S.14.