Vətəndaşların hüquqlarının müdafiəsi

 

IV yazı

 

Azərbaycan Respublikasının insan hüquqları üzrə Müvəkkilinin (Ombudsmanın) insan hüquqlarının və azadlıqlarının təmin edilməsi və müdafiəsinin vəziyyəti haqqında 2014-cü il üzrə illik məruzəsində bildirilir ki, ölkəmizdə müasir məhkəmə infrastrukturunun yaradılması və davamlı olaraq təkmilləşdirilməsi, habelə əhalinin məhkəmələrə müraciət imkanlarının asanlaşdırılması üzrə tədbirlər ötən ildavam etdirilib. Bunun tərkib hissəsi kimi, ədalət mühakiməsinin həyata keçirilməsi zamanı şəffaflığın, insan və vətəndaşların hüquq və azadlıqlarının səmərəli müdafiəsinin təmin edilməsi, müasir informasiya texnologiyalarının tətbiqi prosesinin sürətləndirilməsi məqsədi ilə Azərbaycan Prezidentinin 2014-cü il 13 fevral tarixli sərəncamına əsasən, məhkəmələrin fəaliyyətində müasir informasiya-kommunikasiya texnologiyalarının tətbiqini təmin edən “Elektron məhkəmə” informasiya sistemi yaradılıb. Bu sistemin təşkili və fəaliyyəti, habelə ondan istifadə qaydaları Ali Məhkəmə, Ədliyyə Nazirliyi və Azərbaycan Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyi tərəfindən birgə müəyyən və təmin edilməkdədir. Ötən il daxil olmuş bir sıra şikayətlərdə əks etdirilmiş halların araşdırılması ilə bağlı Azərbaycan Respublikasının Məhkəmə-Hüquq Şurasına müraciətlər edilib.

Qeyd edilməlidir ki, Məhkəmə-Hüquq Şurasının iclaslarında məhkəmə fəaliyyətinin təkmilləşdirilməsi üzrə həyata keçirilən ardıcıl islahatların nəticələri davamlı olaraq müzakirə edilib, məhkəmə infrastrukturunun müasirləşdirilməsi üzrə görülmüş işlər qeyd olunub, yenicə istifadəyə verilmiş məhkəmə binalarında vətəndaşların müraciət imkanlarının asanlaşdırılması, məlumat almaları üçün şəffaflığın, o cümlədən elektron xidmətlərin təmin edilməsi, insanlara öz hüquqlarını həyata keçirməsi üçün əlverişli şəraitin yaradılması təqdir edilib, müvafiq tədbirlərin davam etdirilməsi məqsədəmüvafiq hesab edilib. Müvəkkil ilə Ədliyyə Nazirliyinin Ədliyyə Akademiyası arasında qarşılıqlı səmərəli əməkdaşlıq əlaqələri ötən ildavam etdirilib, aparatın əməkdaşları müxtəlif vaxtlarda həmin akademiyanın dinləyiciləri, o cümlədən hakimliyə namizədlər qarşısında məruzələrlə çıxışlar edib, onların suallarını cavablandırıblar.

Ötən dövrdə daxil olmuş 1367 şikayətdə hüquq və azadlıqların məhkəmə təminatı hüququnun pozulması ilə bağlı hallar öz əksini tapıb: Bu hüququn pozulması ilə bağlı şikayətlərdə məhkəmələrdə süründürməçilik, məhkəmə qərarlarının surətinin vaxtında verilməməsi, məhkəmədə işə baxılma vaxtı və yeri haqqında məhkəmə prosesinin iştirakçılarına müvafiq bildirişin göndərilməməsi və ya gecikdirilməsi, mülki-prosessual qanunvericiliyin tələblərinə müvafiq olaraq tərəflərin məlumatlandırılmaması, məhkəmə qərarlarının vaxtında icraya yönəldilməməsi, müraciətlərin cavablandırılmaması kimi hallar öz əksini tapıb. Müvəkkil məhkəmələrlə əməkdaşlığını davam etdirib, insan hüquqlarının pozulması aşkar edildikdə onun bərpası istiqamətində tədbirlər görüb, həmçinin şikayətlərdə əks etdirilmiş halların məhkəmə gedişində nəzərə alınması üçün aidiyyəti məhkəmələrə müraciətlər olunub. Məhkəmələr tərəfindən süründürməçiliyə, habelə məhkəmə məmurlarının bürokratik yanaşmalarına məruz qalmış vətəndaşların da hüquqlarının təmin edilməsi üzrə tədbirlər görülüb.

Qeyd edilməlidir ki, prosessual qanunvericiliyin tələblərinə zidd olaraq, ərizəçiyə müəyyən edilmiş vaxtda məlumat verilməməsi onun öz qanuni hüquqlarından istifadə imkanlarının məhdudlaşdırılması ilə nəticələnir. Bu hallar göstərir ki, vətəndaşların qanunu bilməməsi və bəzi məhkəmə məmurlarının bundan istifadə etməsi nəticəsində bir sıra hallarda vətəndaşlar hüquq və azadlıqlarının məhkəmə təminatı hüququndan yetərincə istifadə edə bilmirlər.

Əhalinin hüquqi biliklərinin artırılmasına dəstək verilməsi baxımından ölkəmizin müxtəlif şəhər və rayonlarında dövlət hesabına xidmət göstərən hüquq məsləhətxanalarının yaradılması, hüquqi yardım göstərilməsi mexanizmini özündə əks etdirən qanunvericilik aktının hazırlanması bütün vətəndaşların, xüsusilə də aztəminatlı insanların keyfiyyətli hüquqi yardım almaq hüququnun etibarlı təmin edilməsinə böyük dəstək ola bilər. Nəticə etibarilə, yol verilmiş nöqsanların və hüquq pozuntularının aşkar edilməsi və qarşısının alınması üzrə tədbirlər davam etdirilməlidir”.

Qanunçuluq, hər kəsin qanun qarşısında hüquq bərabərliyi, fiziki şəxslərin hüquq və azadlıqlarına, hüquqi şəxslərin hüquqlarına əməl və hörmət edilməsi, obyektivlik, qərəzsizlik və faktlara əsaslanma, vahidlik və mərkəzləşdirmə, tabeliksiyasi bitərəflik prinsipləri əsasında prokurorluq orqanları ötən ilinsan və vətəndaş hüquqlarının və azadlıqlarının müdafiəsi sahəsində fəaliyyətini hərtərəfli davam etdirib.

Prokurorluq orqanları ilə bağlı 756 müraciət daxil olub. Bu müraciətlərin bir çoxu Baş Prokurorluqla qarşılıqlı əməkdaşlıq şəraitində araşdırılıb, pozulmuş insan hüquqlarının bərpası istiqamətində zəruri tədbirlər görülüb. Eyni zamanda istintaq orqanları tərəfindən eyni işlər üzrə qəbul edilmiş qərarların dəfələrlə ləğv edilməsinə baxmayaraq, müvafiq prokurorlar, müstəntiqlər və ya təhqiqatçılar barədə ciddi tədbirlər görülmür, onların məsuliyyəti məsələsinə baxılmır. Müraciətlərdə, əsasən, istintaqın qeyri-obyektiv aparılması, cinayət işinin başlanmasının əsassız rədd edilməsi, fakta görə cinayət işinin başlanmaması, əsassız olaraq cinayət işi üzrə icraatın dayandırılması, istintaqın gedişi barədə məlumatın verilməməsi kimi hallar öz əksini tapıb. Bir sıra hallarda toplanmış materialda cinayət tərkibi olmaması qənaətinə gəlinərək cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərarların qanuniliyi Müvəkkilin Baş Prokurorluğa müraciətindən sonra yoxlanılıb, tam və hərtərəfli araşdırma aparılmadığı müəyyən edildiyi hallarda həmin qərarlar ləğv edilərək, material üzrə əlavə araşdırma aparılması barədə göstəriş verilib. Ümumiyyətlə, pozulmuş insan hüquqlarının bərpasına, Müvəkkilin və ya Baş Prokurorluğun əlavə müdaxiləsinə ehtiyac qalmaması üçün yerli prokurorluq orqanlarının işinə nəzarət gücləndirilməlidir.

Bəzən yerli prokurorluq orqanlarının özündə belə cinayət işlərinin istintaqına səthi və qeyri-obyektiv yanaşma olub, lakin aradan qaldırılıb. Qeyd etmək lazımdır ki, məhz ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən bəzi yerli prokurorluqlar tərəfindən təhqiqatın və ya istintaqın gedişinə zəif nəzarətin nəticəsidir ki, bir sıra hallarda toplanmış material üzrə cinayət işinin başlanılmasının rədd edilməsi haqqında əsassız qərarlar qəbul edilib. Müvəkkilin Baş Prokurorluğa müraciətindən sonra cinayət işi öyrənilib, istintaqın tam, hərtərəfli və obyektiv aparılması təmin edilmədən əsassız olaraq cinayət işi üzrə icraat dayandırıldığı hallarda müvafiq qərarlar ləğv edilərək istintaqın davam etdirilməsi üçün prokurorluğa qaytarılıb. Şikayətlərdə əks olunmuş halların yoxlanılması məqsədilə Müvəkkilin Baş Prokurorluğa müraciətlərindən sonra bəzən cinayət işi Baş Prokurorluqda nəzarətə götürülüb.

İşə baxılmasının obyektivliyinin təmin edilməsi üçün Müvəkkilin araşdırması prosesində yerli prokurorluq orqanlarına yazılı göstərişlər də verilib.

Müvəkkilin ünvanına daxil olmuşkorrupsiya hallarının öz əksini tapdığı şikayətlər Baş Prokurorluğa göndərilmiş, müvafiq araşdırmalar aparılaraq, qanunamüvafiq qərarlar qəbul edilib.

İnsan hüquqlarının etibarlı müdafiəsi üçün bütün zəruri tədbirlərin görülməsi, o cümlədən vətəndaşların müraciətlərinə baxılması və onların qəbulu, prokurorluq orqanları tərəfindən cinayət işlərinin istintaqının gedişi ilə bağlı zərər çəkmiş şəxsin, mülki iddiaçının, şübhəli və ya təqsirləndirilən şəxslərin, onların qanuni nümayəndələrinin, müdafiəçinin, mülki cavabdehin məlumatlandırılması işinə diqqət daha da artırılmalıdır.

Yeri gəlmişkən, ötən il Baş Prokurorluq tərəfindən aparılmış xidməti yoxlamaların nəticəsi üzrə müxtəlif nöqsan və çatışmazlıqlara yol verdiklərinə görə 46 nəfər prokurorluq işçisi intizam məsuliyyətinə cəlb edilib. Müraciətlər üzrə aparılmış araşdırmaların nəticələrinə əsasən demək olar ki, Baş Prokurorluq tərəfindən icra prosesinə, o cümlədən yerli prokurorluqların işinə nəzarətin artırılması, ibtidai araşdırmaya prosessual rəhbərliyin səmərəliliyinin artırılması zəruri əhəmiyyət kəsb edir.

Müvəkkil hər il olduğu kimi, ötən il də Ədliyyə Nazirliyi ilə sıx əməkdaşlıqda fəaliyyət göstərib. Belə ki, Müvəkkilin təşəbbüsü ilə istər təsisatda, istərsə də regionlarda keçirilmiş tədbirlərdə ədliyyə orqanlarının əməkdaşları da iştirak ediblər. Ötən dövrdə nazirlik tərəfindən insan hüquq və azadlıqlarının daha səmərəli təmin edilməsi məqsədilə məhkəmə sisteminin təkmilləşdirilməsi, notariatqeydiyyat qurumlarının inkişaf etdirilməsi, yerli özünüidarə orqanlarının fəaliyyətinin müasir tələblər səviyyəsində qurulması istiqamətində bir sıra işlər görülüb.

Qeyd edilənlərlə yanaşı, Ədliyyə Nazirliyinin rəsmi məlumatına əsasən, vətəndaşların hüquq və mənafelərinin pozulmasına, o cümlədən onların müraciətlərinə qayğılı və həssas yanaşılmamasına, süründürməçiliyə yol verilməsinə və digər nöqsanlara görə 68 ədliyyə işçisi intizam məsuliyyətinə cəlb edilib. Onlardan 8-i ədliyyə orqanlarından xaric edilib, o cümlədən 2 nəfərin əməlinə hüquqi qiymət verilməsi üçün materiallar prokurorluq orqanına göndərilib, 22-si tutduğu vəzifədən azad olunub, 12-sinə tutduğu vəzifəyə tam uyğun olmaması barədə xəbərdarlıq edilib, 14-nə şiddətli töhmət, 10-na töhmət verilmiş və 2-nə irad tutulub.

Nazirliyin fəaliyyət istiqamətlərindən olan vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatının aparılması, habelə notariat fəaliyyətinin təşkil edilməsi, məhkəmə qərarlarının icrasının təmin olunması sahəsində bir sıra problemli məsələlər, o cümlədən müraciətlərdə öz əksini tapmış hallar qarşılıqlı əməkdaşlıq şəraitində araşdırılıb, hüquq pozuntusu aşkar edildiyi halda onun aradan qaldırılması üzrə tədbirlər görülüb.

 

 

Uğur

Xalq Cəbhəsi.- 2015.- 4 dekabr.- S.13.