İKT sahəsində həyata keçirilən layihələrdə inkişaf da var...

 

Cəmiyyətdə informasiya texnologiyalarının rolu hədsiz dərəcədə böyükdür. İnformasiyalı cəmiyyətin inkişafı yeni texnologiyaların tətbiqi ilə sıx bağlıdır. Milli informasiya və kommunikasiya infrastrukturunun mütərəqqi texnologiyalar əsasında müasirləşdirilməsi, informasiya cəmiyyətinin inkişaf etdirilməsi hökumətin həyata keçirdiyi siyasətin əsas istiqamətlərindən biridir. Xüsusilə də yeni texnologiyaların tətbiqi, elektron xidmətlərin genişləndirilməsi ölkənin ümumi inkişafı baxımından mühüm əhəmiyyət kəsb edir. Bu məqsədlə son illər respublikamızda informasiya texnologiyalarının tətbiqi ilə bağlı çox mühüm addımlar atılmaqdadır. Dövlət informasiya və biliklərə əsaslanan rəqabətədavamlı iqtisadiyyatın qurulması, cəmiyyətin informasiya məhsulları və xidmətlərinə tələbatının dolğun ödənilməsi məqsədilə İnformasiya Kommunikasiya Texnologiyaları (İKT) infrastrukturuna və xidmətlərinə çıxışın təmin olunmasını başlıca prioritetlərdən hesab edir. Son illər internet xidmətlərinin tariflərinin aşağı salınması, yeni layihələrin həyata keçirilməsi, dövlət qurumlarında İKT-nin tətbiqinin genişləndirilməsi, elektron xidmətlərlə bağlı ciddi tədbirlərin görülməsi respublikamızın beynəlxalq hesabatlarda mövqeyinin yaxşılaşmasında mühüm rol oynayıb. Elektron xidmətlər dövlət orqanı ilə vətəndaş arasında qarşılıqlı münasibətlərin səmərəliliyinin və keyfiyyətinin artırılmasına, baş verə biləcək bütün neqativ halların qarşısının alınmasına, dövlət idarəetmə sisteminin ən müasir standartlar səviyyəsinə yüksəltməyə imkan yaradır, vətəndaşların tələbatlarına, iqtisadi səmərəliliyə, vətəndaş nəzarətinin açıq olmasına səbəb olur. Bu sistem dövlət strukturlarının müasir informasiya texnologiyalarından istifadə etməklə istehlakçılara bilavasitə informasiya xidmətlərinin təşkilinə şərait yaradır. İqtisadi idarəetmə sektorunda şəffaflıqla yanaşı, e-xidmətlərin çeviklik, sürət, əlverişlilik, operativlik, fasiləsizlik, interaktivlik, qənaətlilik, miqyaslılıq kimi üstünlükləri vardır. Son illər beynəlxalq təşkilatlar tərəfindən İKT ilə bağlı müsbət qiymətləndirmələr onu göstərir ki, Azərbaycan hökuməti qeyd olunan sahədə inkişafa təkan verən mühüm addımlar atıb.

***

Azərbaycan informasiya azadlığını tanıyan ölkələrdəndir və bu azadlıq Konstitusiyada qeyd olunmaqla yanaşı, “İnformasiya əldə etmək haqqında” qanunla da tənzimlənir. Bu proses elektron dövlət quruculuğunun ilk mərhələsinə aiddir. İKT-nin inkişafı, eləcə də, elektron dövlət quruculuğu üçün, ilk növbədə, hüquqi baza olmalıdır. Ölkəmiz Cənubi Qafqazda informasiya cəmiyyətinə keçid strategiyası qəbul etmiş ilk və yeganə dövlətdir, dünya üzrə isə birincilər sırasındadır. Ölkəmizdə “Elektron imza və elektron sənəd haqqında” qanun, “Azərbaycan Respublikasında rabitə və informasiya texnologiyalarının inkişafı üzrə Dövlət Proqramı (Elektron Azərbaycan) (2005-2008 və 2010- 2012)”, “Elektron hökumət” portalı haqqında əsasnamə, 2013-2015-ci illərdə dövlət orqanlarında elektron xidmətlərin genişləndirilməsi və elektron hökumətin inkişafına dair Dövlət Proqramı və s. normativ hüquqi aktlarla fəaliyyət üçün hüquqi baza yaradılıb.

Göründüyü kimi, Azərbaycanda İKT-nin dövlət idarəçiliyinə tətbiqi və elektron dövlətin inkişafı üçün lazımi qanunverici baza mövcuddur və daim inkişaf etdirilir. “Bir pəncərə” prinsipi ilə işləyən vahid elektron hökumət portalı 2012-ci ilin sentyabrından əhalinin istifadəsinə verilib. 2007-ci ildə korrupsiyanın qarşısının alınması sahəsində fəaliyyətə başlayan Azərbaycan hökuməti 2012-ci ildə antikorrupsiya strategiyasının ikinci mərhələsini həyata keçirməyə başladı. Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin yaradılması elektron xidmətlərin inkişafında mühüm addım oldu. Azərbaycanda vətəndaşlara yüksək keyfiyyətli xidmətin vahid mərkəzdən göstərilməsini təmin edən ASAN Xidmət Mərkəzləri yaradılıb. Bununla yanaşı, 2012-ci ildə Azərbaycan şəffaflığın artırılması və açıq hökumətin təşviq olunması məqsədilə Açıq Hökumət Tərəfdaşlığına qoşulub. Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyi dövlət orqanlarının informasiya bazalarının qarşılıqlı inteqrasiyasını, elektron xidmətlərin təşkili prosesinin sürətləndirilməsini, bu sahədə idarəetmə sisteminin təkmilləşdirilməsini həyata keçirən mərkəzi icra hakimiyyəti orqanıdır. Elektron xidmətlərin təkmilləşdirilməsi istiqamətində Dövlət Agentliyinin 2013-cü ildə təsdiq edilmiş “Dövlət orqanlarında elektron xidmətlərin təşkili və göstərilməsi üzrə qiymətləndirmə qaydaları”na əsasən, elektron xidmətlərdən istifadə dərəcəsinin müəyyən edilməsi məqsədi ilə 40 dövlət orqanı tərəfindən göstərilən elektron xidmətlərin qiymətləndirilməsi həyata keçirilib. Ədliyyə sistemində korrupsiyanın qarşısının alınması üçün son illər İKT-nin üstünlüklərindən istifadə olunur. 2009-cu ildə təsdiq edilmiş "Azərbaycan ədliyyəsinin inkişafına dair 2009-2013-cü illər üçün Dövlət Proqramı"nın əsas vəzifələrindən biri kimi məhkəmələrdə yeni informasiya və kommunikasiya texnologiyalarının tətbiq edilməsi işinin sürətləndirilməsi, müasir tələblərə cavab verən iş prosesinin təşkil edilməsi və vətəndaşların müraciət imkanlarının genişləndirilməsi göstərilib. 2014-cü ildə Prezident İlham Əliyev “Elektron məhkəmə” informasiya sisteminin yaradılması haqqında sərəncam imzalayıb. Bu sistemin yaradılması ilə insanlar məhkəməyə gəlmədən, elektron formada müraciət edə biləcək, proses barədə məlumatları elektron daşıyıcıda alacaq, audio-video və digər texniki vasitələrlə qeydə alınan məhkəmə prosesini onlayn rejimdə müşahidə etmək imkanı yaradılacaq, proses iştirakçıları məhkəmənin gedişi, qərarlar, onların icra vəziyyəti və s. məlumatları əks etdirən elektron "şəxsi kabinetə" malik olacaq, işlərin elektron dövriyyəsi təşkil ediləcəkdir. Dünya Bankı ilə birgə həyata keçirilən "Ədliyyə sisteminin müasirləşdirilməsi" layihəsi çərçivəsində Məhkəmə Hüquq Şurası, Ədliyyə Nazirliyi, habelə bir sıra ədliyyə və məhkəmə orqanlarında müasir İT infrastrukturunun qurulması tamamlanmış, elektron sənəd dövriyyəsi, məhkəmə işlərinin elektron idarəetmə sistemləri, habelə proseslərin elektron qeydiyyatı sistemi hazırlanıb.

Azərbaycan elektron dövlət quruculuğu ilə bağlı beynəlxalq təcrübənin öyrənilməsində də maraqlıdır. Belə ki, 2013-cü ildə Azərbaycanda elektron hökumət layihəsi ilə əlaqədar təlim mərkəzlərinin yaradılması məqsədilə Rabitə və Yüksək Texnologiyalar Nazirliyi (RYTN) ilə Koreya İnformasiya cəmiyyəti problemləri, Respublikasının Xarici İşlər Nazirliyi arasında 3,7 milyon dollarlıq saziş imzalayıb.

 

***

 

Təhlillər göstərir ki, Azərbaycanda zəruri qanunvericilik bazası mövcud olsa da, elektron dövlət quruculuğunda bir sıra problemlər mövcuddur. Problemlərdən biri təlim keçmiş kadr potensialının çatışmazlığı və ucqar ərazilərdə İKT-nin geniş yayılmamasıdır. Məsələn, elektrik, kompüter kimi infrastruktur və avadanlıqlarla təchiz olunmamış ucqar ərazilərdə elektron dövlətin tətbiqi heç kəsə fayda vermir. Elektron dövlətin tətbiqi üçün rəqabətqabiliyyətli, ucuz telekommunikasiya infrastrukturunun yaradılması vacibdir. Elektron dövlət ilə bağlı problemlərdən biri də rəqəmsal fərqlilikdir (bərabərsizlik). Rəqəmsal fərq gəlir və təhsil səviyyəsi, yaş, cins kimi sosial-iqtisadi şərait baxımından müxtəlif fərd və qrupların İKT-dən istifadə bərabərsizliyi deməkdir. Bəzən belə fikir formalaşır ki, elektron dövlətin tətbiqi məmurlara ehtiyacı azaldır və bu da işsizlik problemini artırır. Doğrudur, bu zaman müvafiq əməliyyatları həyata keçirən məmurlara ehtiyac qalmasa da, İT mütəxəssislərinə tələbat artır. İKT inkişaf etdikcə yeni texnologiyalar daim köhnəlir. Buna görə də yüksək səviyyəli mütəxəssislər, kadr potensialı olmalıdır. Beləliklə, İKT-nin dövlət idarəçiliyinə tətbiqi, elektron dövlət quruculuğu problemsiz ötüşmür. İKT bəzi problemləri həll etməklə yanaşı, özü ilə birlikdə yeni problemlər də gətirib. Lakin bu problemləri nəzərə alaraq yeniliklərdən istifadədən imtina da məqsədəuyğun deyil. Çünki elektron dövlət prosesləri sadələşdirmək və vaxt itkisinin qarşısını almaqla yanaşı, korrupsiyanın qarşısının alınmasında effektiv vasitədir. Bu vasitənin daha səmərəli olması üçün informasiya cəmiyyətinin yeni problemlərinin həlli yolları tapılmalıdır.

 

***

 

Azərbaycan İnternet Forumunun direktoru Osman Gündüzün fikrincə, ölkədə İKT sahəsində bir sıra tədbirlər görülsə də bir sıra mühüm göstəricilər var ki, onlar bu tədbirlərin nəticəsini əyləcləyir: "Çünki, bizdə hələlik bu sahədə ciddi problemlər var. Birinci məsələ budur ki, hələ də bu sahədə sərbəst rəqabət yoxdur. Bu deyilənlərdə o zaman uğur əldə etmək olar ki, bu bazarda sərbəst, azad rəqabət olsun. Bu yoxdur. Bu da RİTN-nin özünün funksiyaları ilə bağlıdır, buna aydınlıq gətirilməlidir. Hələ də RİTN bu bazarda hegemon mövqe tutur. Yəni nazirlik kommersiya ilə, dövlət idarəetməsi və tənzimləmə ilə məşğuldur. 3 funksiyanın üçü də nazirlikdə var. Məsələn, biz indi müşahidə edirik ki, bir sıra kommersiya yönümlü layihələr var ki, nazirliyin qurumları həyata keçirir. Məsələn, nazirliyin nəzdindəki nəhəng qurum olan Məlumat Hesablama Mərkəzi. Biz son dovrlərdə müşahidə edirik ki, bu nəhəng dövlət qurumu kommersiya qurumuna çevrilir. Bu bazarda rəqabətin qarşısını alan amillərdən biridir. İkinci ciddi problem investisiya qoyuluşları ilə bağlıdır. Bazarda indiyədək əsas investisiyaları mobil operatorlar qoyub, bu göstərici 70-80%-dək onların payına düşür. Amma özəl sektorda internet sahəsində ciddi yatırımları müşahidə etmirik. Bizdə investorlar tikiniyə, şadlıq evlərinə, və sair yerlərə investisiya qoyur, amma İKT layihələrinə investisiyaları müşahidə etmirik. Həm dövlət tərəfindən, həm də digər şəxslər tərəfindən bu müşahidə olunmur. Bu da olmayanda bu bazarın inkişafı haqqında ciddi fikir söyləmək olmur. Üçüncü amil infrastrukturla bağlıdır. Düzdür, bu sahədə bizdə son dövrlər müəyyən addımlar atılır, amma mən hesab edirəm ki, həm internet infrastrukturunda, həm də özəlləşdirmə ilə bağlı ciddi problemlər qalmaqdadır. Məsələn, telekommunikasiya məkanında dövlət sektorunun xüsusi çəkisi çox yüksəkdir. Aztelekom, Baktelekom və digərləri dövlətə məxsusdur. Yəni infrastrukturda müəyyən liberallaşdırma aparılmalıdır. Həmçinin, kadrların hazırlanmasına diqqət yetirilməlidir".

Ekspert bundan başqa ölkədə İKT-nin inkişaf tempi və informasiya texnologiyalarından istifadə edənlərin artım tempi ilə bu sahədə Azərbaycan dilindən effektiv istifadənin uzlaşmadığını qeyd edib. Yerli ekspertlərin rəyinə görə, Azərbaycanda İKT sahəsində Azərbaycan dilinin istifadəsi ilə bağlı problemlər mövcuddur. Ölkədə bu prosesin daha səmərəli və effektiv qurulması, İKT sahəsində Azərbaycan dilinin tətbiqinin daha da təkmilləşdirilməsi zəruridir.

 

***

Problemlərdən söz açmışkən, noyabrın 16-da Azərbaycanın qlobal internet şəbəkəsinə əlaqəsini təmin edən milli operator - “Delta-Telekom” MMM Data Mərkəzinin əsas kabellərinin birində yaranan qısaqapanma nəticəsində ölkədə uzun müddət internetin kəsildiyi olayını da yada salmaq yerinə düşərdi. Həmin gün ölkədə fəaliyyət göstərən kütləvi informasiya vasitələrinin fəaliyyəti iflic oldu, bank sektoru, hava limanı, hasilat sənayesi kimi sahələrin fəaliyyətində çətinliklər yaşandı. İnternet əlaqələrinin kəsilməsi, beynəlxalq aləmdən təcrid olunması bir tərəfə, çoxlu sayda insanın kartları bankomatlarda qalıb, ödənişlər dayandırılıb. Maraqlı məqam ondan ibarətdir ki, ölkə iqtisadiyyatına, eləcə də istehlakçılara dəyən ziyanın məsuliyyətini heç kim üzərinə götürmək istəmədi. Baxmayaraq ki, ölkədə bu günə qədər internetin verilişində fasilələr müşahidə olunur. Bundan başqa, Azərbaycanda internet tarifləri ilə problemin həll olunması ilə yanaşı, qiymət qarşılığı ilə keyfiyyətdə nöqsanlar mövcuddur. AİF-in keçirdiyi monitorinqin nəticələrinə görə, internet provayderlərin böyük hissəsi hazırda istifadəçilərə təklif etdikləri sürətləri onlara təqdim etmirlər. İstifadəçi daha yüksək sürətin pulunu ödəsə də, provayder ən yaxşı halda 700-800 kbit/s sürətlə internetə qoşulma imkanı təqdim edir.

Baş verən hadisələr deməyə əsas verir ki, Azərbaycanda rabitə və informasiya texnologiyalarının yüksək sürətli inkişaf tempinə baxmayaraq, sözügedən sahədə həll olunması vacib sayılan çoxsaylı problemlər hələ də həllini gözləyir. Həmin problemlərdən biri də internetlə bağlıdır.

 

 

Cavid Şahverdiyev

Xalq Cəbhəsi.- 2015.- 4 dekabr.- S12.