Tutdum hicran yaxasın...
Orta əsr cünglərinin haşiyələrini bəzəyən
bayatıların yazıya alınması göstərdi ki, təzkirəçilər
bu şeir şəklinə də biganə qalmayıb, ondan
vaxtaşırı istifadə ediblər. XIII-XIV əsrlərdə
geniş yayılmış «Arzu-Qəmbər» dastanı
bayatılar əsasında yaranıb. Buradakı
bayatılar qədimlik baxımından ilk nümunələr
sayıla bilər. Onların bəsitliyi, orada işlənən
sözlərin, ifadələrin sadəliyi, təbiiliyi və
səmimiliyi göstərir ki, bu bayatılar qədim görüşlərlə
səsləşir:
Arzım
endi bulağa,
Səsi gəldi
qulağa,
Arzıya
reşkəş olsın,
Şirvan, Təbriz, Marağa.
Tulığımı
doldurdım,
Doldı
deyin qaldırdım,
Dinim,
imanım Qəmbər,
Biləzigim saldırdım.
«Arzu-Qəmbər» bayatıları, şübhəsiz,
Sarı Aşığın kamil və bitkin bayatıları
üçün ilkin qida mənbəyi olub. Sarı
Aşığın bayatıları daha çox cinas
bayatılardır:
Aşiqəm,
ya xam əldə,
Ögrənir
ya xam əldə,
Tutdum
hicran yaxasın,
Gördüm öz yaxam əldə.
Sarı Aşıq ənənələrini Lələ,
Əzizi, Baba, Qurban, Abdulla və b. el şairləri davam
etdiriblər.
Onlar şeirin başqa şəkillərində
söylədikləri ədəbi nümunələrlə
yanaşı, bayatı şəklinə daha çox
müraciət ediblər. Lələnin
bayatılarının bir qismi cünglərdə əks
olunub, bir çox erməni mənbələrində erməni
əlifbası ilə yazıya alınıb mühafizə
edilib.
İ.Abbaslının əldə etdiyi Lələnin 60
bayatısı da buna misaldır. Lələnin
bayatılarının əsas qismi «bayatılar xəzinəsi»nə
qarışıb, tədricən müəllifi unudulub. Lələ bir tarixi şəxsiyyət kimi
yaddaşlardan silinib, dastan qəhrəmanlarının səfər
yoldaşına, həmdəminə çevrilib (Kərəmin
Lələsi kimi). Lələnin
bayatıları erməni mənbələrində də
geniş yayılıb, prof. S.P.Pirsultanlı isə Lələnin
Füzuli rayonunun Əhmədallar kəndi
yaxınlığındakı Arqalı qəbiristanlığında
dəfn edildiyini müəyyənləşdirib.
İstər İ.Muşeqin «Nəğmələr məcmuəsi»,
istərsə də başqa əlyazma və cünglər Lələnin
və Babanın XVIII əsrdə yaşadığını
söyləməyə imkan verir. Lələ
bayatıları bitkin və kamil bayatılardır. Bu bayatılarda zəmanənin nəbzi
döyünür. Onlarda dövrün ictimai-etik səciyyəsi
öz poetik ifadəsini tapıb:
Mən Lələ
de o yanan,
Bax bu
yatan, oyanan,
Axır
muradsız qalar,
Gec yuxudan oyanan.
Orta əsr aşıqları, el şairləri, hətta
Vaqif və Vidadi kimi xalq üslubunda yazan sənətkarlar da
bayatı şəklinə müraciət edib onun kamil
nümunələrini yaradıblar. Bayatı bir bəndlik
şeir nümunəsi olduğundan orada həmişə
müəllif öz adını möhürləyə bilmədiyi
üçün əsil yaradıcısı unudulub, bayatı
isə xalq bədii söz sənəti kimi yaşayıb.
Təsərrüfatın bir çox sahələrini
– əkinçiliyi, qoyunçuluğu, maldarlığı,
bostançılığı, aran və yaylaq
mövsümünü vəsf edən belə vəsfi-hallar və
holavarların mühüm qismi təsərrüfatın
yüksək inkişaf etdiyi əsrlərin məhsuludur.
Mövsüm və mərasim nəğmələrinin də
mühüm bir qismi orta əsrlərin məhsuludur. Bu qəbildən
olan nəğmələr insanların təbiət hadisələrinə
və təbii qüvvələrə etiqadından doğub,
sonrakı mərhələlərdə insanlar təbiət
qüvvələrini dərk edib öyrəndikcə bu nəğmələr
öz əvvəlki mahiyyətini itirib, uşaqların əyləncə
nəğmələrinə çevrilib. Günəşə
və oda sitayişlə («Gün çıx, gün
çıx», «Qodu-qodu, «Duman, qaç»), ilin
başlanğıcı olan Novruz bayramı («Səməni»,
«Xıdır Nəbi»), «Axır çərşənbə»,
«Alov üstündən atlanma» və s. ilə bağlı
yaranan nəğmələr bu cəhətdən səciyyəvidir.
XIII-XVIII əsrlər dövründə Azərbaycan xalq
şeiri forma və məzmunca təkmilləşib, zənginləşib
və yüksək estetik kamillik qazanıb. Lirik-romantik
biçimli şeirlər, lirik-erik dastanlar real həyat hadisələrini
əks etdirərək yeni keyfiyyət kəsb edirdi. Həyat hadisələrini əks etdirən,
onların lirik bədii mənzərəsini canlandıran əsərlərdə
realist cizgilər daha da qüvvətlənirdi. Aşıq şeirində, xüsusilə
dastançı aşıqların
yaradıcılığında realist təsvir, ictimai-sosial
mühitə fəal münasibət çox güclü idi.
Məhz bu cəhət sonrakı dövrlərin
ədəbi inkişafına da güclü təkan verib.
Xalq şeiri nümunələri daha çox
şifahi şəkildə yayıldığına görə
dil baxımından xeyli dəyişikliyə, deformasiyaya
uğrayıb. Ona görə də bu
nümunələr əsasında çox zaman əsərin
yarandığı dövrü, o dövrün bədii dil
xüsusiyyətlərini müəyyənləşdirmək
çətin olur. Hekayət, bayatı, nəğmə,
alqış, qarğış və s. nümunələrin
dövrləşdirilməsi də problem olaraq qalır. Ona
görə də XIII-XVIII əsrlərdəki xalq ədəbiyyatının
lirik, erik növlər üzrə öyrənilməsi
məsələləri də tədqiqatçıları
düşündürməlidir. Buna baxmayaraq
xalq şeirinin təkamülünü, bayatı, qoşma, gəraylı,
divani, müxəmməs və onların təcnisi kimi bitkin
şeir formalarını erik-lirik xalq romanının –
dastanların inkişaf xüsusiyyətlərini
araşdırmaq mümkündür. Xalq
şeirinin əksər forma və şəkillərinin
müasir Azərbaycan ədəbiyyatında özünə
layiqli yer tutması heç də təsadüfi deyil.
Qədim
və orta əsrlər söz sənətinin epik növü
nağıl, hekayət, əhvalat, əfsanə, rəvayət,
qissə, mənqəbə, vaqiə, sərgüzəşt,
dastan, boy, qol, səfər, ...namə,
oğuznamə və s. adlar daşıyıb. Zaman
keçdikcə saz sənətinin lirik və epik şəkillərinin
qovuşmasından yaranan bədii
yaradıcılığın epik növü dastan
adını qazanıb. Nizami Gəncəvi
poemalarında dastan istilahını elə həmin mənada dəfələrlə
işlədib. Şair «Xosrov və
Şirin» poemasını dastan sözü ilə
başlayır.
Azərbaycan
xalq dastanlarının özünəməxsus fərdi
xüsusiyyəti var. Əldə olan qədim
alpçılıq dastanları, «Oğuz Kağan» dastanı,
istər orta əsrlərin «Dədə Qorqud» dastanları,
XVII əsrin möhtəşəm abidəsi «Koroğlu»
dastanı və yaxud qədim və orta əsr məhbbət
dastanları şeirlə nəsrin birləşməsindən
yaranıb və ilk növbədə bu xüsusiyyəti ilə
başqa epik növlərdən fərqlənir. Deməli,
nağıl və onun məzmunu ilə bağlı olan, orada
iştirak edən qəhrəmanların xəyal və
arzuları, daxili aləmi, bir-birinə münasibəti,
qarşı-qarşıya deyişmələri,
bağlamaları, hətta məktublaşmaları və
ümumiyyətlə, surətlərin bir-biri ilə əlaqəsi
aşıq şeirinin müxtəlif şəkilləri ilə
ifadə olunur. Dastanın ümumi məzmunu,
hadisənin təfərrüatı isə nəql edilir.
Deməli, M.H.Təhmasibin qeyd etdiyi kimi, «Şeirsiz
dastan olmadığı kimi, nağılsız da dastan yoxdur».
Azərbaycan
dastanlarının nağıl hissəsi xalq
nağıllarından az seçilir. Buradakı nağıl real hadisələrin, tarixi
şəxsiyyətlərin, dastan müəllifinin həyatı
ilə bağlı əhvalatların bədii təsviridir.
Bununla belə dastançı müəllif
dastanın bədii məzmununu zənginləşdirmək
üçün qədim rəvayətlərdən, əfsanələrdən,
mif və əsatiri vaqiələrdən, əfsanəvi şəxsiyyətlərdən
də istifadə edir. Dədə Qorqudun əfsanələşmiş
obrazı, Koroğlunun əfsanəvi Qıratı,
ildırım parçasından düzəldilmiş Misri
qılıncı, Kərəmin kəllə ilə söhbəti,
Əslinin toy paltarına tikilmiş əfsunlu düymə,
Aşıq Qəribə dar ayaqda kömək edən Ağ
atlı, Şah İsmayılın gözlərini sağaldan
sehrli quşlar və s. dastanı zənginləşdirən
xalq fantaziyasının elementləridir. Deməli,
dastanın nəsr hissəsi öz arzusu və ya butası
dalınca gedən qəhrəmanın çətin
sınaqlardan keçən yolu, bu yolda ona mane olan şər
qüvvələr və ya əksinə, qəhrəmana
kömək edən xeyirxah qüvvənin fədakarlığı
təsvir olunur. Dastandakı şeirin də
müəllifi xüsusi qabiliyyəti, bədahətən
şeir demək məharəti olan hazırcavab şəxsiyyətdir.
O, hansı şəraitdə olursa-olsun, müqabilinə
şeirlə cavab verir və cavab alır. Deməli,
dastanlarımızda şeirlə nəsr təsadüfən
birləşmir, qəhrəmanın hiss və həyəcanlarını
və başqa vəziyyəti aydınlaşdırmaq, hadisələri
izah etmək məqsədini daşıyır.
Azərbaycan
dastanları başqa epik əsərlərdən fərqli
olaraq üç hissəyə bölünür: Dastanın
giriş hissəsi. Bu, üç ustadnamədən
ibarətdir; Dastanın əsas hissəsi; Dastanın
sonluğu. Bu, duvaqqapmadan və ya ibrətamiz,
hikmətamiz hissədən ibarət olur. Dastanın
əvvəlində verilən ustadnamələr həm
dastanın nəslə verilən başlanğıcına
hazırlıq məqsədi güdür, həm də
şeirlərin müəllifi – əsil ustad yad edilir. Məclis əhli bu ustadnamələrdən dərs
alır. Əlbəttə, dastanlarda istifadə
olunan ustadnamələr dərin məzmunlu, nəsihətamiz,
hikmətamiz lirik şeir kimi tez əzbərlənir, hafizələrə,
yaddaşlara köçür, yaşayır. Bu düşünülmüş üsul
aşıq şeirinin ən yaxşı nümunələrini
əsrlərdən bəri yaddaşlarda yaşada bilib. Ən səciyyəvi Azərbaycan xalq
dastanlarının sonu da ustad aşıqların lirik gözəlləmələri
ilə bitir.
M.Təhmasib
dastanın özünü (əsas hissə) dörd hissəyə
bölüb: Qəhrəmanın anadan olması və ilk təlim-tərbiyəsi;
Qəhrəmanların, yəni aşiq və məşuqun
buta almaları; Qarşıya çıxan maneələr və
onlarla mübarizə; Müsabiqə və qələbə.
Birinci. Səciyyəvi məhəbbət dastanlarında
ata-ana övladsızdırlar, yaşları keçib,
dövlət çox, övlad isə yoxdur. Nurani dərvişin məsləhəti ilə
dövlətinin bir hissəsini yoxsula, füqəraya
paylayır, «Məlik Məmməd» nağılında təsvir
olunan almanı dərvişdən alıb, bölüb yeyirlər.
Bundan sonra dünyaya ilk övladları gəlir,
gələcək qəhrəman doğulur. Məşhur dastan qəhrəmanları Kərəm,
Şah İsmayıl, Şahzadə Əbülfəz və
başqaları dünyaya belə gəliblər. Onların fərasət və qabiliyyəti də
qeyri-adi olur, əvvəlcə fərasətsiz, sonra isə
fövqəladə qabiliyyətə malik olur. Dərs aldığı, təlim-tərbiyəsini
götürdüyü müəllimini və ya
ustadını qabaqlayır.
İkinci. Qəhrəman dərvişdən «buta»
alır, butasının arxasınca getməli olur. Qeyd etdiyimiz kimi qədim dastanlarımızda
butanı verən də, qəhrəmana dar ayaqda kömək
edən də Xızırdır (Xıdır). Şah İsmayıl Xətai dövründən
sonra Əli kultu Xızırı sıxışdırdı.
Hətta bir müddət bu vəzifəni
yanaşı yerinə yetirdilər.
Üçüncü. Qəhrəman öz vətənindən
ta butasına qədər getdiyi yolda müxtəlif maneələrə
rast gəlir, şər qüvvələr ona tor qurur, xeyirxah
qüvvələr isə kömək edir. Kərəm,
Qurbani, Tahir, Novruz, Şah İsmayıl, Qərib getdiyi yolda
daha çətin imtahanlardan keçib.
Dördüncü. Qəhrəman butasının məkanına
çatdıqda qovuşma məqamında daha ciddi sınaqlar
keçirilir. Bu müsabiqədə buta
verənə arxalanan qəhrəman qalib gəlir və
butasına qovuşub yurduna dönür.
Beşinci. XVIII əsrdən sonra və XIX əsrdə
yaranan dastan janrı tamamilə yeni istiqamətdə inkişaf
edir, hətta yeni dastan yaradıcılığında buta tədricən
aradan götürülüb. Aşıq
Alının Türkiyə səfəri, Aşıq
Hüseynlə Aşıq Ələsgərin
görüşü, Aşıq Ələsgərin səfərləri
ilə bağlı dastanları bu sıraya aid etmək olar.
Qara Namazov
Professor
Xalq Cəbhəsi.- 2015.- 5 dekabr.-
S.14.