“Azərbaycanda dini dövlət qurmaq
mümkün deyil və gələcəkdə də
mümkün olmayacaq”
Yaqub Məmmədov:
“Azərbaycan inkişaf edən sivil ölkədir”
“Nəzərə almaq lazımdır ki, bizim həm də
Dağlıq Qarabağ kimi problemimiz var. Bu problem Rusiyanın
iştirakı olmadan həll edilə bilməz. Odur ki, Rusiya
ilə münasibətlərin kəskinləşdirilməsi həm
də Dağlıq Qarabağ məsələsində daha
böyük düyünün yaranması, bu münaqişənin
həll edilməməsi deməkdir. Bu mənada
indiki mürəkkəb vəziyyət bizim maraqlarımıza
uyğun deyil. Əlbəttə ki, tarixi
reallıqları nəzərə almaqla proqnozlaşdırmaq
lazımdır ki, Rusiya-Türkiyə müharibəsi nə
verə bilər. Münasibətlərin müharibə vəziyyətinə
gəlməsi və bunun başlaması ancaq böyük fəlakətlərə
səbəb ola bilər”. Bunu Teleqraf.com-a
müsahibəsində Milli Məclisin sabiq sədri, professor Yaqub Məmmədov bildirib.
-
Türkiyə-Rusiya münasibətlərində gərginlik
davam edir, tərəflər münasibətlərinə yenidən
baxacaqlarını bəyan edib. Bu fakta
münasibətiniz necədir?
- Əslində, çox mürəkkəb məsələdir. Düzü, mənim
üçün də gözlənilməz oldu. Hadisəyə qədər heç kimin
ağlına gəlməzdi ki, Türkiyə Rusiyaya məxsus
hərbi təyyarəni vuracaq. Çünki
son onillikdə Rusiya ilə Türkiyə arasında ciddi
yaxınlaşma olmuşdu, geniş iqtisadi əlaqələrin
qurulması kimi böyük işlər
görülmüşdü. Şübhəsiz
ki, bunun Azərbaycan üçün müsbət təsiri
var idi. Bu, yaxşı situasiya idi. Lakin qəfildən münasibətlərin
pozulması və həm də gərginləşməsi
gözlənilməz oldu. Əslində,
münasibətlərin bu şəkildə olması heç
arzuedilən də deyil. Açığı,
mən Türkiyə-Rusiya münasibətlərinin belə qəti
pisləşməsinin tərəfdarı deyiləm, əksinə,
bunun əleyhinəyəm. Çünki bu
yaxşı bir perspektiv vəd etmir. Əksinə,
bu işlərin bizə mənfi təsiri var.
- Bu
cür hallar, situasiyalar necə həll oluna, idarə edilə
bilər?
- Bu,
çox güman ki, təkcə Türkiyənin məsələsi
deyil. Son illər Türkiyə ilə Rusiyanın
yaxınlaşması Qərb dünyası üçün,
xüsusilə NATO dövlətləri üçün
arzuedilən proses deyildi. Rusiya ilə münasibətlərin
bir qədər yaxınlaşması hətta Türkiyə rəhbərliyinin
müstəqil siyasət aparmasına səbəb olmuşdu.
Türkiyə siyasi rəhbərliyi dünyada
müstəqil siyasət yeridirdi. Bu isə
Qərbin xoşuna gəlmirdi. Mənə
belə gəlir ki, iki ölkə arasında yaxşı
münasibətlərin qəfildən kəskinləşməsində
Qərbin müəyyən rolu olub. Qərb
xüsusilə, NATO və Amerika istəməzdi ki,
Rusiya-Türkiyə arasında belə yaxınlaşma, isti
münasibətlər qurulsun, strateji əməkdaşlıq
olsun. Onun nəticəsində Qərb ölkələri
Suriyada yaşanan proseslərdən istifadə edərək
münasibətlərin pisləşməsinə
çalışdı və buna nail ola
bildi.
- Ötən
ilin yayında bəyan etmişdiniz ki, Suriya böhranı həll
edilməsə, bu daha böyük fəsadlara səbəb
olacaq, arzu edilməyən reallıqlar yaranacaq. Demək
olarmı ki, artıq fəsadlar özünü göstərməkdədir?
- Faktiki
olaraq Suriyada ciddi böhran var, məsələlər silah
vasitəsilə həll edilir, burada bir neçə ölkə
aktiv iş aparır. İndi baxın
görün Suriya məsələsi hansı problemlərin
yaranmasına gətirib çıxarıb. Suriya ətrafında baş verənlər
böyük bir prosesdir, bura nəhəng güclərin
toqquşduğu məkandır. Odur ki, bu prosesin daha
qorxunc nəticələri ola bilər. Məncə, çalışmaq lazımdır ki,
bu olmasın. Böyük müharibə təhlükəsi
yaranıb, bu baş verə bilər. İndi
ağıllı başlar çalışmalıdır ki,
münasibətlərdə gərginlik müharibə
fazasına keçməsin. Ağıllı
insanlar, hadisələrə təsir imkanları olanlar səslərini
çıxarmalı, Suriya məsələsinin
böyüyüb müharibə həddinə
çıxmasının qarşısını
almalıdır. Suriyada indi elə gərgin
situasiya mövcuddur ki, böyük müharibənin
başlaması üçün kiçik bir
qığılcım lazımdır. Çalışmaq
lazımdır ki, belə ssenari baş verməsin.
-
Rusiya-Türkiyə münasibətlərinin pisləşməsi
Azərbaycana hansı formada təsir edə bilər?
- Bu iki
dövlət arasında münasibətlərin indiki həddə
gəlməsi maraqlarımıza uyğun deyil. Azərbaycan
hər iki dövlətlə çox yüksək səviyyəli
münasibətlər qurub. İndi bu münasibətlər
fonunda Azərbaycan hər hansı birinin mövqeyini müdafiə
etsə, bu, yaxşı ola bilməz. Odur ki, münasibətlər gərgin durum
yaradıb. Nəzərə almaq
lazımdır ki, bizim həm də Dağlıq Qarabağ
kimi problemimiz var. Bu problem Rusiyanın iştirakı olmadan həll
edilə bilməz. Odur ki, Rusiya ilə
münasibətlərin kəskinləşdirilməsi həm də
Dağlıq Qarabağ məsələsində daha
böyük düyünün yaranması, bu münaqişənin
həll edilməməsi deməkdir. Bu mənada
indiki mürəkkəb vəziyyət bizim maraqlarımıza
uyğun deyil. Əlbəttə ki, tarixi
reallıqları nəzərə almaqla proqnozlaşdırmaq
lazımdır ki, Rusiya-Türkiyə müharibəsi nə
verə bilər. Münasibətlərin müharibə vəziyyətinə
gəlməsi və bunun başlaması ancaq böyük fəlakətlərə
səbəb ola bilər. Mən
həm regionu, həm də dünyanı nəzərdə
tuturam. Bu prosesin müharibə fazasına
keçməsi ancaq mənfi nəticələr yarada bilər.
Odur ki, biz tərəflər arasında
münasibətlərin yoluna düşməsini arzu edirik.
-
Rusiya-Türkiyə iqtisadi əlaqələrinin
dayandırılması nə ilə nəticələnəcək?
- Burada hər
iki tərəf itirəcək. Çünki
iqtisadi münasibətlərdən tərəflərin ikisi də
mənfəət götürür. Lakin mənə
elə gəlir ki, bundan daha çox Türkiyə itirə bilər.
İqtisadi baxımdan Rusiya Türkiyə
üçün böyük bir bazar idi. Türkiyə
vətəndaşları Rusiyada böyük biznes qurmuşdu,
tikinti sahəsi demək olar ki, onların nəzarətində
idi. Üstəlik də, Türkiyənin
qida və tekstil malları Rusiyada satılırdı. Rusiyadan Türkiyəyə turist axını
mövcud idi, bu Türkiyənin dövlət büdcəsinə
gəlir gətirirdi. Bu baxımdan
münasibətlərin pisləşməsindən Türkiyənin
itkiləri olacaq. Sözsüz ki, bu durumda
Rusiyanın da itirəcəkləri olacaq. Çünki
Rusiya blokadada olduğu bir zamanda Türkiyə ilə yüksək
səviyyədə iqtisadi əlaqələr
yaratmışdı və bu imkandan səmərəli istifadə
edirdi. Yəni tərəflərin itirəcəyi
şeylər çox olacaq.
- Vəziyyətdən
çıxış yolu varmı?
-
Sözsüz ki, çıxış yolları
axtarılmalıdır. Tərəflər
görüşməli, müzakirə aparılmalıdır.
Tərəflər təyyarə
böhranını müzakirə etməli, onun hansı şəraitdə
vurulduğu hər iki tərəfə aydın
olmalıdır. Bir daha deyim ki, son illərdə
Rusiya-Türkiyə münasibətlərində ciddi
yaxınlaşma var idi, dostluq münasibətləri
yaranmışdı. Türkiyə
silahlı qüvvələri həmin qırıcını
vurmamalı idi. Putin təsadüfən demədi
ki, bu, arxadan vurulan zərbədir. Rusiya rəhbərliyi
ağlına gətirməzdi ki, Türkiyə belə bir
addım ata bilər. İndi bu səbəbdən
də Rusiya rəhbərliyi bir qədər əsəbləşib,
əlaqələri dayandırır və bütün
kanallarda Türkiyə əleyhinə verilişlər verilir.
Bu, baş verməməli idi, indi baş veribsə,
həlli yolları axtarılmalı və
tapılmalıdır. Nəticədə
Rusiya-Türkiyə münasibətləri
yumşalmalıdır. Əks təqdirdə,
bu böyük fəlakətlərə yol aça bilər.
İkincisi, bəli, Rusiya tərəfə
öncədən xəbərdarlıq edilmişdi ki,
Türkiyə hava məkanı pozulmasın. Belə hallar əslində çox olur. 1950-1960-cı illərin əvvəllərində
Tayvan-Yapon müharibəsi zamanı 200 dəfə xəbərdarlıq
edilmişdi. Bəli, türklər xəbərdarlıq
etmişdi. İndi sonuncu dəfə Rusiya
təyyarəsi çox qısa müddətə sərhədi
pozub. Mən demirəm ki, Türkiyə səhv
edib. Türkiyə öz sərhədlərini
qoruyub. Sözsüz ki, Türkiyənin tərəfindəyəm
və istəməzdim ki, Türkiyənin sərhədləri
pozulsun, hərbi qüvvələr sərhədə yaxın ərazilərdə
əməliyyat keçirsin. Lakin dərindən
düşünəndə, strateji baxanda Türkiyə-Rusiya
münasibətləri pisləşməməlidir. Əlbəttə, Rusiya da gərək sərhədi
pozmamalı idi. Özü də, bir neçə
dəfə ona xəbərdarlıq edilmişdi. Fikrimcə, diplomatik yolla bu məsələni həll
etmək mümkün olmalı idi. Görünür
kənar qüvvələrində burada rolu və ya təsiri
olub. Hər halda strateji olaraq
Rusiya-Türkiyə münasibətlərinin bu formada pisləşməsinin
qəti əleyhinəyəm.
- Dünən Rusiya və Türkiyənin xarici işlər
nazirləri bir araya gələrək müzakirələr
aparıb. Sizcə, bu dialoq münasibətlərdəki gərginliyi
dayandıra bilərmi?
- Hesab
edirəm ki, zaman keçdikdə münasibətlər düzələcək.
Nəzərə alın ki, hər iki dövlətin
başında əyləşənlər təsadüfi
insanlar deyillər. Əlbəttə,
hamısı götür-qoy edirlər. Çünki
prosesin pisləşməsi və dərinləşməsi hər
iki ölkə, region və dünya üçün çox
böyük fəsadlara səbəb ola bilər.
Ona görə də, düşünürəm
ki, məsələ böyüməyəcək. Zənnimcə, zaman keçdikcə bu kəskinləşmə
sönməyə səbəb olacaq. Yavaş-yavaş
münasibətlər yumşalacaq və düzələcək.
Amma şübhəsiz ki, münasibətlərin
əvvəlki səviyyəyə çatdırılması
baş verməyəcək. Çünki
bunun üçün müəyyən zaman lazımdır.
Yəni bu tez bir zamanda baş verməyəcək.
Amma gec-tez Rusiya-Türkiyə münasibətləri
normallaşacaq.
- Siz Azərbaycanda idarəçiliklə məşğul
olmusunuz, bir müddət prezidentin səlahiyyətlərini
icra etmisiniz.
Dinin siyasətə qatılması, siyasətdə dindən
istifadə olunması və hansısa məqsədlərə
nail olunması kimi faktları necə qiymətləndirirsiniz?
- Mən
bunun tamamilə əleyhinəyəm. Hesab edirəm
ki, din siyasətdən kənarda olmalıdır. Din
ölkənin ictimai-siyasi həyatına təsir etməməlidir.
Dinin funksiyası var və onunla məşğul
olmalıdır. İndi din gəlib siyasətlə
məşğul olursa, hakimiyyət uğrunda mübarizəyə
qatılırsa, buna qarşı mübarizə
aparılmalıdır. Dinin siyasi proseslərə
müdaxiləsinə qarşıyam.
- Müəyyən qruplar var ki, ölkəmizdə islam dövləti qurmaq haqqında düşünürlər. Bu, mümkündürmü?
- Azərbaycanda dini dövlət qurmaq
mümkün deyil və gələcəkdə də
mümkün olmayacaq. Azərbaycan inkişaf edən sivil
ölkədir. Avropa səviyyəsinə çatmaq istəyirik.
Əlbəttə, burada müəyyən təsirlərlə
gənclərimizi bu istiqamətə çəkməyə
çalışırlar. Ancaq bunun heç bir perspektivi yoxdur
və Azərbaycanda dini dövlət qurmaq olmaz.
Xalq Cəbhəsi.- 2015.- 5 dekabr.-
S.9.