Qaqauz Türklərinin ədəbiyyatı

 

I yazı

 

Çağdaş statistik qaynaqlarda dünya xalqları sırasında qaqauzların da adı çəkilir. Ə.Şamilin araşdırmasında vurğulanır ki, onlar haqqında ensiklopedik soraqçalarda verilən bilgilər bir-birindən o qədər də fərqlənmir. Əksəriyyətində yazılır ki, türk xalqı olan qaqauzlar əsasən Moldova, Ukrayna, Qazaxıstan Respublikalarında, Quzey Qafqazda, eləcə də Bolqarıstan, Rumıniya, Yunanıstan, Türkiyə və Amerikada yaşayırlar. Dindarları xristianlığın ortodoks (pravoslav) təriqətinə inanan qaqauzların sayı 200 min nəfərdən çoxdur. Moldova Respublikasındakı Qaqauz Yeri Muxtar Vilayətinin 26 kəndində və Komrat, Çadır-Lunqa, Vulkaneş rayonlarında toplu, Bessarabka rayonunda bolqar, ukraynalı, moldav xalqları ilə qarışıq yaşayırlar. Qaqauzlar 1994-cü il dekabrın 23-də Qaqauz Yeri Muxtar Vilayətini qurublartürk dilinin güney-batı (oğuz) ləhcəsində danışırlar. 1957-ci ildən 1993-cü ilədək kiril əlifbası əsasında yaradılmış əlifbadan istifadə ediblər. Sovetlər Birliyi dağıldıqdan sonra bir çox türk xalqları kimi onlar da 1996-cı ildən latın qrafikalı əlifbaya keçiblər: “

Sovetlər Birliyi dağıldıqdan sonra əsarətdə olan xalqlar azadlıq əldə etmələrindən yararlanaraq tarixlərinə, mədəniyyətlərinə dair olduqca dəyərli araşdırmalar aparmaqla yanaşı, qaynaqları da nəşr etməyə başladılar. Bu da ərəb, fars dillərini, əski əlifbanı bilməyən, arxivlərə getmək imkanı olmayan araşdırıcıların da işini asanlaşdırdı. Ak. Ziya Bünyadovtarix elmləri namizədi Hüsaməddin Məmmədov (Qaramanlı) İstanbulda Başbakanlık arxivində saxlanan, Azərbaycan tarixinə aid qaynaqlardan bir qismini 1996-cı ildə Bakıda «Elm» nəşriyyatında kiril əlifbası ilə çap etdirdilər. Bu qaynaq bir vergi dəftəridir. 16-cı yüzilin sonlarında Səfəvi və Osmanlı dövlətləri arasında doqquz il sürən savaşa son verilmiş, 1590-cı ildə anlaşma imzalanmış, Səfəvilərin quzey-batı bölgələri Osmanlı dövlətinin tərkibinə qatılmışdı. Yeni bölgədə vergi toplanmasını nizama salmaq üçün Osmanlı məmurları siyahıyaalma keçiriblər. Bu siyahıyaalma dəftərlərindən biri «İrəvan əyalətinin müfəssəl dəftəri» adlanır. Dəftərin 210-cu səhifəsində İrəvan əyalətinin Karni nahiyəsində Qaqauz adında bir kənd olduğu göstərilir. Daha sonrakı dövrlərdə isə bu bölgə Səfəvi və Osmanlı savaşlarında əldən-ələ keçir. Osmanlılar bu bölgəni təkrar zəbt etdikdə, yəni 1728-ci ildə vergi dəftərini yeniləşdirirlər”.

Bölgənin tarixini öyrənən araşdırıcı Əziz Ələkbərli yazır: “İrəvan əyalətinin müfəssəl dəftəri”ndə (1590) Karni nahiyəsinin Qaqauz kəndi, “İrəvan əyalətinin icmal dəftəri”ndə (1728) isə həmin nahiyənin Kafavus kəndi kimi qeydə alınıb, lakin dəftəri çapa hazırlayanlar kəndin adını düzgün oxuya bilmədiklərindən Kafavus adından sonra sual (?) işarəsi qoyublar. Kənddə Həsən adlı şəxsin timarından dövlətin müxtəlif vergilər şəklində ildə 3.000 ağca gəlir götürdüyü də həmin bəlgədə göstərilib. İ.Şopen (1832) isə Kakavus adını Gərnibasar mahalının kəndləri siyahısında verib ki, bu da onun 1826-1829-cu illərdə Rusiya-İran, Rusiya-Osmanlı savaşları zamanı böyük dağıntılara məruz qalmasından irəli gəlirdi”.

Ə.Ələkbərli Budaq Budaqov və Qiyasəddin Qeybullayevin Qaqauz toponimini Orta Asiya türklərinin dillərindəki “qala xarabalığı” anlamında “kaka” sözündən və yunan dilindəki “us” şəkilçisindən ibarət olması fikri ilə razılaşmır. Onun fikrincə, adın hər iki komponenti türk dilindədir. Fikrini də belə izah edir: “…burada söhbət Qaqauz (Qaqa-uz, yəni “ata uz”, “böyük uz”) türklərinin adından gedə bilər və getməlidir. Qərbi Azərbaycan ərazisində uz tayfasının adı ilə bağlı toponimlərə nə qədər tez-tez rast gəlinməsi barədə bu kitabın I cildində, Vedibasar mahalı ərazisindəki bəzi kəndlərdən (Kotuz, Küsüs, Heyranus, Hakıs və s.) danışarkən ətraflı bəhs etmişik. Bununla belə, bir daha xatırlatmaq istəyirik ki, toponimlərdəki uz komponenti bir necə anlam daşıya bilər: 1. əski türk tayfalarından olan uz tayfasının adını; 2. tərəf, yan anlamını; 3. türk dillərindəki “dərə” anlamını; 4. cəm şəkilçisi kimi. Son olaraq xatırladırıq ki, “İrəvan əyalətinin müfəssəl dəftəri”ndə (1590) Kavis adlı kəndi, İ.Şopendə (1832) isə Kavusdar adlı monastır da qeydə alınıb ki, biz bütün bu toponimləri eyniköklü hesab edirik”.

Bu bölgədən XX yüzildə türklər qovulub, yerində Rusiyanın yardımı ilə Ermənistan Respublikası qurulub. İndi orada Qaqauz adında kəndə rast gəlinmir. Bolqarıstanın başkəndi Sofiyada KirilMefodi kitabxanasında «Dəftəri-sicili-livayi-İrəvan» adlı bir vergi dəftəri də mövcuddur. Bu bəlgəni görmədiyimiz üçün orada Qaqauz adında kəndin olub-olmadığından xəbərsizik”.

Bu yerdə Ə.Şamilin “Əmin Abid qaqauz maniləri haqqında” araşdırmasına diqqət kəsilək: “Əmin Abid 1928-ci ilin oktyabrında tamamladığı “Türk xalq ədəbiyyatında mani nevi və Azərbaycan bayatılarının xüsusiyyəti” məqaləsində beş min bayatı-mani üzərində araşdırma aparıb. O, Türkiyə, İraq türkmənləri, özbək, qazax, tatar və digər türk xalqları arasında geniş yayılmış olan dördlüklərin tarixini incələyib, müqayisələr aparıb və nəticədə fərqli coğrafiyalarda yaşayan və fərqli adlar daşıyan dördlüklərin köklərinin eyni nöqtədən gəldiyi və eyni kökə dayandığı qənaətinə gəlib”.

Məqalədə iki dəfə də qaqauzlardan bəhs edilib. “Mani” sözünün anlamını açıqlayarkən Əmin Abid yazıb: “Bizim əldə etdiyimiz nəticəyə görə, bayatı təbiri gibi öləng, cır, türkü, eşulə adları da mənaca şərqi demək olduğundan bunlarda digər türk xalqlarında maninin bəstəsinə verilmiş ad gibi sayılmalıdır. Hələ bir az aşağıda tədqiq edəcəyimiz üzrə bundan doqquz yüz sənə əvvələ aid “Kudatku bilik”də məni adı ilə dördləmələrdən bəhs etməsini də düşünəcək olursaqburada türk xalqlarının nəşət etdigi ölkələrdə “Kudatku bilik”in yayıldığı sahələr olduğunu xatırlasaq, o vəkt musiqi yüzündən müxtəlif adlar alan bu nevin - güftə etibarilə - ümumi və müştərək adını manı olarak qəbul etmək icab edər. Zaman keçdikcə bəzi türk qəbilələrində manı adı unudulub, yerinə musiqi adı kayım olub”.

Əmin Abid ikinci dəfə mani janrı haqqında bilgi verərkən yazır: “Manı şəkli qərb-şimali sahəsində də özünə geniş bir mevki bulmaqdadır. Bessarabiyada sakin qaqauzların xalq ədəbiyyatında mani böyük bir mevkeyə malikdir. Qaqauz manilərində diqqətə layiq olan bir cəhət var ki, o da onların bir çoxunun bizim bayatıların eyni olmasıdır. Bizdə işlədilən bayatıların bir çoxu onlarda da varmani adıyla tanınmaqdadır. Radlovun göstərdiyi nümunələrdən buraya yalnız bir neçəsini nəql edirik:

 

 

Tüfəngim atılmayır,

Bahalı satılmayır.

Bu uzun gecələrdə,

Yalnız yatılmayır.

 

Gögdə yıldız əllidir,

Əllisi də bəllidir.

Səvişən qızların,

Tomballarından bəllidir.

 

Kala böyür saz olur,

Saz açılıb yaz olur.

Bən yarıma gül deməm,

Gülün ömrü az olur.

 

Qaqauzların mani şəkillərində qafiyə, göstərilən nümunələrdə olduğu kimi, müəyyən bir tərz göstərməz. Radlovun nəql etdiyi nümunələrin birinci ilə üçüncü, ikinci ilə dördüncü misraları qafiyədar olan şəkilləri var.

Akademik İqnats Kunoşun nəşr etdiyi risalələrlə Anadolu türklərinin vake olan nəşriyyatları da mani növünün Rumeli Anadolu xalq ədəbiyyatının çox bol məhsullarından olduğunu göstərir. Bu sahələrdə bu növ yalnız mani adı altında yad edilir. Bunlar texnikaca Azərbaycanın cinas saz bayatılarından fərqli olmaqla bərabər qaqauz manilerinə daha yaxındırlar. Kunoş məcmuəsinə bunlardan 400 dənə toplaya bilib. Buraya aldığımız nümunələr bu məcmuədəndir:

 

Bu gün pazar ertəsi,

Yandı yürək ortası.

Əyil bir kəz öpəyim,

Ayrılıqdır ötəsi.

 

Qarşıda tikili daş,

Cift gəzər iki kardaş.

Böyüyü almaz tiraş,

Kiçigi pırlanta taş.

 

Dəniz içində sarayım,

Səni kimə sorayım.

Sənsiz keçən ömrümü,

Bən ömürmü sayayım?

 

Əlin əlimdə degil,

Kılınc belimdə degil.

Yara getmək istərəm,

Höküm əlimdə degil

 

Ə.Şamil bildirir ki, Əmin Abidin məqaləsindən sonra qaqauzlar haqqında Azərbaycan mətbuatında ciddi bir yazıya rast gəlinmir: “1937-ci ildə milli düşüncəli insanların həbs edilməsi, güllələnməsi sürgünə göndərilməsi Azərbaycan aydınları arasında qorxu, xof yaratmışdı. Həbs təqiblərdən qurtara bilən qələm sahiblərinin heç biri təkrar bu mövzuya qayıdaraq həyatını təhlükəyə atmaq istəmirdi.

Azərbaycanda qaqauzlar haqqında yazılara bir 1960-cı illərdən sonra rast gəlinir. Sovet dövründə respublikalar arasında əlaqələr mərkəzi hökumət tərəfindən tənzimlənirdi. Ölkədə baş verənləri nəzarət altında saxlamaq üçün respublikalar arasında sosializm yarışı şərtlərinin yoxlanılması, mədəniyyət, incəsənət, ədəbiyyat həftələri, kino festivallar keçirilirdi.

1965-ci ildə Kommunist Partiyası funksionerlərinin rəhbərliyi ilə Moldova Respublikasının bir qrup ədəbiyyat incəsənət xadimi Azərbaycanda dostluq həftəsi keçirməyə gəlirlər. Onların arasında qaqauz şairi Dionis Tanasoğlu da olur. “Ədəbiyyat incəsənət” qəzeti həmin günlərin hadisələrini işıqlandırarkən Moldova ədibləri ilə yanaşı, qaqauz şairinin “Duyğum” adlı şeirini verir.

Bu, Azərbaycan mətbuatında rast gəldiyimiz yazarı bəlli ilk qaqauz şeiridir:

 

Hanı sənin gəlişin, ey duyğum!

Göstər bana atəşin, ey duyğum!

Alıb yenə üfləyim,

Yoxsa yanar ürəyim, ey duyğum!

 

Bundan sonra Azərbaycan mətbuatında qaqauz mövzusu getdikcə aktuallaşır. Qaqauz şairlərinin şeirləri, ədəbiyyatları, tarixləri, yaşam tərzləri haqqında yazıların sayı artmaqla yanaşı elmi bədii səviyyəsi yüksəlir. Onların içərisində Allahverdi Məmmədovun S.Kuroğlu ilə müsahibə əsasında hazırladığı “Neredesen, Göy Oğuz (məqalənin sonunda jurnal şairin “Acı sevda duası” “Əllərin alovu” şeirlərini vermişdir) Ulduz”, 1982, dekabr), Əhməd Nehmətovun “Uzun karvan. Bizim karvan” (“Ədəbiyyat incəsənət”, 1985, 27 dekabr) məqalələri elmi bədii dəyərinə, insanlara təsir etmək, qaqauz xalqına maraq oyatmaq baxımından seçilir. Azərbaycanda qaqauzların tanıdılmasında Güllü Yoloğlunun xidməti böyükdür. 1980-ci ilin sonlarında “Azərbaycan-Moldova ədəbi əlaqələri” mövzusunda namizədlik dissertasiyası yazmağa başlayan gənc araşdırıcı qaqauzlar haqqında ardıcıl məqalələr yazmaqla yanaşı, radio-televiziyada, toplantılarda bu mövzuda olduqca diqqətçəkən çıxışlar da edib. Tədqiqatçı 1992-ci ildə filologiya elmləri namizədi alimlik dərəcəsi aldıqdan sonra da qaqauzlar mövzusundan uzaqlaşmayıb. Güllü Yoloğlunun təmənnasız şəkildə, özünə mənəvi borc bilərək girişdiyi mövzusu az zamanda onu yalnız Azərbaycanda deyil, bütün türk dünyasında qaqauzşünas kimi tanıdıb”.

 

 

Uğur

Xalq Cəbhəsi.- 2015.- 8 dekabr.- S.14