“Vətəndaş cəmiyyətinin
qurulması müstəqilliyin ilk illərində bir məqsəd
kimi qarşıya qoyulsa da...”
İbrahim
Əliyev: “Onun barəsində təsəvvürlər kifayət
qədər aydın deyildi”
“XX əsrin axırlarında Azərbaycanın müstəqilliyinin
bərpa edilməsi şərəfli və qürur mənbəyi
olmaqla yanaşı, onun qarşısında nəhəng vəzifələr
qoyan çətin və məsuliyyətli bir dövrün
başlanması demək idi. Xalqın müstəqilliyi ilə
barışa bilməyən qüvvələrin müqavimətini
qısa bir müddətdə qırmaq, erməni təcavüzünün
qarşısını
almaq,
ölkə daxilində sabitliyi bərqərar etmək, beynəlxalq
aləmdə təklənmiş Azərbaycanı bu
ağır vəziyyətdən çıxarmaq və digər
problemlərin həlli ilə yanaşı, işlək
mexanizmlərə malik demokratik dövlət və vətəndaş
cəmiyyəti quruculuğuna başlamaq kimi vəzifələrin
yerinə yetirilməsi tələb olunurdu”. Bunu
tarix üzrə fəlsəfə doktoru İbrahim Əliyev
öz yazısında bildirib. O, əlavə edib ki,
müstəqillik qazanmış Azərbaycanın milli və
ümumbəşəri dəyərlərə əsaslanan
demokratik cəmiyyət quruculuğu yolunu tutması təsadüfi
deyildi: “Azərbaycanda milli demokratik hərəkatın yüz
ildən artıq bir tarixi vardır. Onun demokratik
ənənələrinin əsası hələ XIX əsrin
ikinci yarısında Rusiyanın müstəmləkə
rejiminə qarşı milli demokratik hərəkatın
formalaşdığı zaman qoyulmuş və daim yüksələn
xətlə inkişaf etmişdi. Bu
mübarizənin gedişində, xüsusən də 1918-20-ci
illərdə Xalq Cümhuriyyəti dövründə Azərbaycan
xalqı demokratiyaya sadiqliyini və onun ölkədə bərqərar
edilməsinə olan iradəsini praktik şəkildə
sübut etmişdi. Azərbaycan Sovet
İttifaqının tərkibində olduğu dövrdə bu
ideallar nəinki itirilməmişdi, əksinə, daha da
möhkəmlənərək öz məqamını
gözləyib.
Azərbaycan
xalqının Sovet imperiyasının iflasa
uğradığı dövrdə ədalətli demokratik
quruluşa can atması, onun bu siyasətə təbii
reaksiyası idi. O, yeganə çıxış yolunu
yalançı və avantürist kommunist rejimindən imtina
etməkdə, müstəqilliyini əldə edərək
demokratik dəyərlərə söykənən bir cəmiyyət
qurmaqda görürdü. Bu seçim xalqın
siyasi iradəsi olmaqla yanaşı, dünyada gedən demokratikləşmə
meyilləri ilə də sıx şəkildə bağlı
idi. Bütövlükdə dünyada
demokratikləşmə istiqamətində gedən proseslərin
genişlənməsi, daha çox ölkələri əhatə
etməsi bu seçimdə əhəmiyyətli rol
oynamışdı”.
Onun
fikrincə, imperiya əsarətindən azad olaraq müstəqillik
əldə etmiş yeni dövlətlər üçün
demokratiya daha çox şey vəd edir, daha çox cəzbedici
idi: “İkinci dəfə müstəqillik qazanmış Azərbaycanda
da demokratiyanın alternativi yox idi. Ulu öndər Heydər
Əliyevin sözlərində Azərbaycan xalqının
arzusu və onu həyata keçirmək əzmi ifadə
olunmuşdu: ”Müstəqil Azərbaycan
Respublikasının qarşısında duran əsas vəzifələrdən
biri respublikanın dövlət quruculuğunu təşkil etməkdir.
Bunu dəfələrlə bəyan etmişik.
Yolumuz demokratiya yoludur. Müstəqil
Azərbaycanda demokratik, hüquqi dövlət
qurulmalıdır. Azərbaycan dövləti
demokratik prinsiplər əsasında fəaliyyət göstərməlidir,
öz tarixi ənənələrindən, milli ənənələrindən
bəhrələnərək, dünya demokratiyasından,
ümumbəşəri dəyərlərdən səmərəli
istifadə edərək demokratik dövlət quruculuğu yolu
ilə getməlidir”. Lakin ölkə əhalisinin
dövlət müstəqilliyi qazanılması və
müasir tipli müstəqil dövlətçiliyin
formalaşdırılması məqamında demokratiyaya can
atması onun problemlərinin həlli üçün kifayət
deyildi. Bunun üçün mövcud maneələri
dəf etmək, demokratik dövlət quruculuğunu
ardıcıl və məqsədyönlü şəkildə,
elmi və praktik cəhətdən sınaqdan
çıxmış proqram əsasında həyata
keçirmək və həyati əhəmiyyət kəsb edən
digər çoxsaylı problemləri həll etmək
lazım idi. Azərbaycan bir neçə
qlobal vəzifəni eyni vaxtda yerinə yetirmək məcburiyyətində
idi. Bir tərəfdən, imperiya
asılılığından qurtarmış Azərbaycanda
müstəqil dövlətçiliyin əsasları bərpa
olunmalı, ölkənin təhlükəsizliyi təmin edilməli
idi. Digər tərəfdən, Azərbaycan
keçmiş ictimai-iqtisadi sistemdən imtina edərək,
bazar iqtisadiyyatına əsaslanan demokratik quruluşlu vətəndaş
cəmiyyətinə istiqamət götürmüşdü.
Hər biri ayrılıqda nəhəng olan bu məsələlərin
mürəkkəb beynəlxalq və daxili vəziyyət
şəraitində eyni vaxtda həll olunması zərurəti
bunun son dərəcə mürəkkəb olduğunu bir daha
sübut edir”.
O, əlavə
edib ki, vətəndaş cəmiyyətinin qurulması
müstəqilliyin ilk illərində bir məqsəd kimi
qarşıya qoyulsa da, onun barəsində təsəvvürlər
kifayət qədər aydın deyildi: “Belə bir cəmiyyətin
qurulmasına ehtiyac bütün Azərbaycan cəmiyyəti tərəfindən
dərk edilsə də, onu professional şəkildə həyata
keçirən siyasi qüvvə və ən
başlıcası, bu vəzifələrin məsuliyyətini
və ağırlığını dərindən dərk
edərək, onu elmi və praktik cəhətdən əlaqələndirən,
bütün cəmiyyəti öz ətrafında səfərbər
edərək bu məqsədlər yolunda birləşdirən
lider çatışmırdı. O dövrdə Azərbaycanın
qarşısında duran müstəqil dövlət
quruculuğu vəzifəsini yerinə yetirmək
üçün bütün məsələlərə
peşəkar yanaşma və möhkəm iradə tələb
olunurdu. Demokratik vətəndaş cəmiyyətinin
modelini hər hansı bir qabaqcıl ölkədən
götürərək tətbiq etmək onun düzgün
işləyəcəyinə və səmərəli fəaliyyət
göstərəcəyinə heç də təminat vermir.
Bu işdə qabaqcıl ölkələrin
nümunəsinin böyük əhəmiyyəti olsa da,
demokratik cəmiyyətin təsisatlarının normal işləməsi
üçün onun tətbiq edildiyi cəmiyyətə
üzvi şəkildə bağlanmasına, ictimai mühitlə
vəhdətinə böyük ehtiyac duyulur. Əks halda, bu model həmin cəmiyyətin tələblərinə
cavab vermir. Azərbaycan Prezidenti İlham Əliyevin
2006-cı ilin oktyabrında Milli Məclisin payız
sessiyasının açılışında dediyi bir fikri
xatırlatmaq yerinə düşür: “...Vətəndaş
cəmiyyətinin yaradılması və möhkəmlənməsi,
demokratikləşmə prosesinin möhkəmlənməsi,
hüquqi dövlətin qurulması sadəcə olaraq bir
şüar, yaxud da bir niyyət deyil, Azərbaycanın hərtərəfli
inkişafı üçün başlıca şərtdir”.
Müasir dünyada demokratik dövlətlərin
çoxunda ictimai-iqtisadi və siyasi məqsəd kimi
qarşıya qoyulmuş və bir sıra ölkələrdə
konturları müşahidə edilən hüquqi dövlətin
bərqərar olması şəraitində mövcud vətəndaş
cəmiyyəti və dövlət bir-biri ilə əməkdaşlıq
edən, cəmiyyətin problemlərinin həll edilməsində
səylərini birləşdirən subyektlər kimi
çıxış edir. Azərbaycanın
qurmaq əzmində olduğu məhz bu cür cəmiyyətdir.
Azərbaycanda da vətəndaş cəmiyyətinin
vacib elementlərindən biri olan qeyri-hökumət təşkilatlarına
münasibət müstəqilliyin ilk illərində heç
də birmənalı deyildi”. O, bildirib ki, həm
qeyri-hökumət təşkilatlarının cəmiyyətdə
tutduğu yer və oynaya biləcəyi rolun cəmiyyətdə
düzgün dərk olunmasında, həm də bu təşkilatlarla
bəzi hakimiyyət strukturları arasında münasibətlərdə
problemlər olub: “Bunların aradan qaldırılması isə
müəyyən vaxt tələb edirdi. Vətəndaş
cəmiyyətinin başlıca prinsiplərindən biri ictimai
həyatın bütün sahələrində vətəndaş
təşəbbüskarlığının olmasıdır.
Dövlətin gördüyü işlər cəmiyyət
tərəfindən qəbul edilərək dərk olunmalı
və dəstəklənməlidir. Bunun
üçün isə ictimai şüurun səviyyəsi,
onun ölkədə gedən ictimai-iqtisadi, siyasi və mənəvi
prosesləri dərk edərək fəal münasibət
bildirməsi, mövcud problemlərin həllində
iştirakı vacibdir. Digər tərəfdən,
demokratiya cəmiyyətin hər bir üzvünün öz
hüquq və vəzifələrini dərindən bilərək
onların reallaşmasında təşəbbüskarlıqla
çıxış etməsini tələb edir. Yalnız bu yolla Azərbaycanın öz Əsas
Qanununda ifadə olunmuş məqsədini - demokratik hüquqi,
dünyəvi dövlət və vətəndaş cəmiyyəti
qurmaq məqsədini reallaşdırmaq mümkündür.
Vətəndaş cəmiyyətinin mühüm elementlərindən
biri müasir dünyada qeyri-hökumət təşkilatları
ilə təmsil olunan üçüncü sektordur. Bu sektor
dövlət-cəmiyyət-şəxsiyyət münasibətləri
sistemində özünəməxsus yer tutur və bir sıra
mürəkkəb funksiyaları yerinə yetirir.
Yeni
yaranmaqda olan demokratik cəmiyyətdə ictimai sektorun
uğurla formalaşdırılmasına nail olmaq, cəmiyyətin
rifahı naminə sərbəst fəaliyyətinə dəstək
vermək, onun zərərli təsirlər altına
düşməsinin qarşısını almaq və mənfi
meyillərdən azad olmasına kömək etmək, cəmiyyətdə
gördüyü işlərin səmərəliliyinin
artırılmasına təkan vermək üçün bu
sektorun mahiyyətinin, fəaliyyətinin nəzəri və
praktik cəhətlərinin araşdırılması və dərk
edilməsi, ölkənin xüsusiyyətləri nəzərə
alınaraq onun milli modelinin konseptual şəkildə işlənib
hazırlanması dövlətin və Azərbaycan cəmiyyətinin
mühüm vəzifələrindən idi.
Öz
tarixi missiyasına görə, QHT-lər ölkənin
ictimai-iqtisadi, siyasi və mənəvi həyatında
geniş kütlələrin iradəsinin reallaşması,
onların cəmiyyətin bütün problemlərinin həllində
bilavasitə iştirakının təmin edilməsi, vətəndaş
təşəbbüskarlığının
artırılması, ictimai şüurun yüksəldilməsi,
hakimiyyət orqanları üzərində ictimai nəzarətin
təmin olunması, ictimai məsuliyyətin dərk edilməsi
vasitələrindən biridir...”.
Əli
Ardı var...
Xalq Cəbhəsi.-
2015.- 10 dekabr.- S.9.