İrəvan xatirələri

 

Mərhum professor İsrafil Abbaslı indi “Ermənistan” adlanan əzəli türk-Azərbaycan torpağında – İrəvanda doğulub, burada ilk təhsilini alıb. Uzun illər Azərbaycan ədəbiyyatı, folkloru ilə bağlı araşdırmalar aparıb. Bildirək ki, o, Ermənistandakı əlyazmalar instititutu Matenadaranda araşdırma aparmış aydınımızdır. Bu yazıda onun xatirəsini təqdim edirik.

 

 

II yazı

 

 

Uşaq yaddaşı çox möhkəm olur. Elə buna görə də uşaqlıq dövrümdəki o günləri olduğu kimi xatırlayıram. Qızları çox erkən ərə verirdilər. Məsələn, yeddiilliyi qurtaran qızlar “yaşı ötmüş”, “qarımış” hesab edilirdi. Qızlar beşinci-altıncı sinifdə oxuyanda ailə qururdular. Həm də ailələr uzunömürlü olurdu. Ancaq bəzi kəndlərdə çoxarvadlılıq adi hal almışdı. Toy şənlikləri bir qayda olaraq qara zurna ilə keçirilirdi.

Nişan mərasimlərində xına haxışta yığnağı ilə müşayiət olunurdu. Qızlar bayatı söyləyib nəqarətin sonunda “haxışta” deyirdilər. Tabaq çalınır, haxışta avazla oxunurdu. Burada qardaş, yar həsrəti motivləri əsas yer tuturdu. Qızlar elədən-belə, belədən-elə yallı gedir, oxuyurdular.

Gəlingətirmə mərasimi xüsusilə maraqlı idi. Gəlini atla gətirirdilər. Boynuna qırmızı parça bağlanmış atı (gəlin bu atın üstündə bəy evinə gəlirdi) iki nəfər idarə edirdi. Bir nəfər atın cilovunu tutur, o biri isə atın quyruğunu qatlayıb əlində möhkəm saxlayırdı. Mən fikir verib görmüşəm ki, bu iki işi həmişə eyni adamlar yerinə yetirirdilər. Zurnaçılar evin qapısına gedib gəlini qara zurnanın sədaları altında toy evinə, şənliyə gətirirdilər. Həmişə toy şənliyini zurnaçılar dəstəsi aparırdı. Toy şabaşla idi. Hər şabaşın qiyməti bir manatdı. Sifarişçi pulu zurnaçıların qabağındakı qutuya salıb bir oyun havası sifariş edirdi. Adətə görə kimin hansı qızı gözü tutsa, oynayanda ona şabaş verməyə icazəsi vardı. Bu, qız tərəfə işarə idi. Yəni qızı filankəs istəyir. Bundan sonra yeni xeyir işin başlanmasına rəvac verilirdi.

Təzə bəy hündür bir yerə çıxıb gəlinin başına alma, konfet, xırda pul atırdı. Uşaqlar yerə tökülən xırda pulları və konfetləri götürürdülər.

Təzə gəlinin bəy evinə gətirilməsində ən maraqlı və yaddaqalan hadisə təzə bəyin atası ilə anasının adamlar tərəfindən zorla güləşdirilməsi səhnəsi idi. Adamlar ər-arvadı güləşməyə məcbur edəndən sonra qəflətən arvada kömək edib kişini yerə yıxır, sonra onu yerdən qaldırır, deyə-gülə kişinin qoluna girirdilər. Rast gəldiyimiz mərasimlərin içərisində duvaqqapma mərasimi də diqqətçəkici idi. Bu mərasim adətən yengənin iştirakı ilə keçirilirdi. Duvağı (qırmızı örtük idi) təzə gəlinin başından on iki-on üç yaşlı bir oğlan götürüb qaçır, onu bir ağacın üstünə atırdı. Ancaq oğlan ailə tərəfdən bütöv, yəni bacı-qardaşlı, atalı-analı olmalı idi.

Bu mərasimdə oğlan və ağacın öz anlamları vardı. Yəni, təzə gəlin oğul-uşaqlı, barlı ağac kimi barlı, böyük ailə sahibi olsun. O vaxtlar kəndlərlə rayon mərkəzi arasındakı yolları at furqonu, ya da öküz arabası ilə gedirdilər. Əvvəllər indiki kimi maşın, avtobus yox idi. Çox vaxt adamlar kəndlərdən rayon mərkəzinə piyada getməyə məcbur idilər. Hər kənddə bir neçə nəfər yaşlı qadın mamaçalıq edir, uşağa yatan qadınların doğum vaxtı dadına çatır, bacardıqlarını əsirgəmirdilər. Maraqlıdır ki, uşaq ölümünə az təsadüf olunurdu. Bir maraqlı hadisə heç yadımdan çıxmır. Kəndlərin birində rayon mərkəzinə bir gəlini aparanda uşaq yolda doğulduğundan onu araba ilə geri, kəndə gətirmişdilər.

Yas mərasimləri də çox maraqlı idi. El-oba arasında adətə görə hər bir kişi azı yeddi qəbir qazmalı idi. Qəbir qazma işi hər bir kişinin borcu sayılırdı. Həm də adətən qəbir qazmağa yeddi nəfər adam getməli idi. Ölü kəfənə tutulandan sonra nərdivana oxşar bir ağaca qoyurdular. Həmin “nərdivan”ın üstünə kilim-palaz salınırdı. “Nərdivan” tabutu əvəz edirdi. Adamlar tabutu çiyinlərinə gotürüb mərhumu son mənzilə yola salırdılar. Maraqlıdır ki, rəhmətə gedən adamın ailəsində ehsan hazırlığı olmurdu. Kənd camaatı hərə əlində bir bağlama gətirirdi. Çünki kimin nəyi vardı, onu bişirtdirib gətirirdi. Adamlar bununla da vəfat edən adamın ailəsinə yardım etmiş olurdular. Amma sonralar bu adət (bağlama gətirmə) xeyli dəyişdirildi. Rəhmətə gedənin evində ehsan verilməyə başlandı. Ehsanda cöngə kəsildi, yasa gələnlərə ət xörəyi verilməyə başlandı. Vaxtilə qəbir üstə gedəndə adamlara halva paylayırdılar. Adətə görə ölünün üçü, yeddisi, qırxı olan günlərdə qəbir üstə gedəndə hər adama bir büküm halva verilirdi. Sonralar bu adət də tədricən aradan çıxdı. Sadəcə halvanı şokolad, konfet əvəz etdi. Yaxşı yadımdadır, mən kəndlərin birində qəbir üstə nə üçün konfet və ya şokolad paylandığını soruşanda dedilər ki, indi heç kəs halvanı götürmür, ona görə də onu şirni ilə əvəz etmişik.

Mən Qaralar kəndində üç il təhsil almışam. Kəndin adının haradan yarandığını yaşlılardan soruşanda mənə belə cavab verdilər:

– Qaralar “qaralanan”, “qaraltı” anlamındadır. Qaralar kəndi ilə bağlı xoş xatirələr unudulmazdır. Mən də o kəndin nə mehriban adamlarını, nə müəllimlərini, nə də İskəndər Xudaverdiyevi unuda bilmirəm. Sırıqlı əhvalatı maraqlıdır. Düzdür, o vaxtlar müəllimlərə müəyyən şəraitlər yaradılmışdı, amma hələ ərzaq çox baha, dolanışıq çətin idi. Həmin söhbət açdığım sırıqlını İrəvanda dərzi Yusif tikmişdi. Bu sırıqlının qolları və ətəyi uzun idi, mənə çox böyük idi. Onu geyinəndə əllərim onun qolları içində qalır, sırıqlının ətəyi az qala dizlərimdən də aşağı sallanırdı. Anam bu sırıqlını ona görə böyük tikdirmişdi ki, mən bunu bir neçə il geyə bilim.

Uşaqların çoxu yazdan payızın sonlarına qədər ayaqyalın gəzirdilər, adi çarıq tapmaq da çətindi. Məktəbə verilən çarıqları siyahı ilə şagirdlərə qışda paylayırdılar. Məktəb direktorunun (məktəb direktoru xalam idi) otağındakı şkafda çarıqlar saxlanır, şagirdlərə siyahı üzrə təqdim olu¬nurdu. Çox güman ki, bu çarıqları kolxozdan göndərmişdilər. Sonralar çarıqları gön-dəri çatışmazlığından dolayı rezindən hazırlamağa başladılar. Amma mənim çarıq sarıdan çətinliyim yox idi. Başqa şagirdlər çarıq geydikləri halda mən qaloş geyirdim. Üstəlik, ikinci-üçüncü sinifdə bəxtim yenə gətirdi.

Öncə onu deyim ki, o vaxtlar müxtəlif tədbirlər keçirilir, tədbirdə fəallıq göstərənlər mükafatlandırılırdı. O vaxtlar məktəblərdə keçirilən tədbirlərdə rayon maarif şöbəsinin müdiri də iştirak edirdi. Bəli, belə tədbirlərin biri də Qaralar məktəbində keçirilirdi. Bu tədbirdə rayon maarif şöbəsinin müdiri İskəndər Xudaverdiyev də iştirak edirdi. Mən “Qızıl əsgər” şeirini söylədim. Çıxışım İ.Xudaverdiyevin xoşuna gəldiyindən mənə mükafat olaraq bir palto və bir çanta verdilər. Sevincimin həddi-hüdudu yoxdu. Çünki şagirdlərin heç birinin çantası yox idi. O vaxtlar şagirdlərin bəziləri kitab-dəftərini qucağında, bəziləri isə heybədə gətirirdilər. Heybəni evdə qadınlar tikirdilər. Mənim ilk müəllimim Əsgər müəllim olub. Sonralar Əsgər müəllim bizə başqa fənlərdən də dərs deyib. Əsgər müəllim əslən Qaralar kəndindəndi. Onun əmisi Məşədi Paşa, atası Fəti kəndin hörmətli adamları sayılırdılar. 1948-ci ildə o, xalamla ailə qurdu.

1946-1947-ci illərdə xarici ölkələrdə yaşayan ermənilərin Ermənistana cəlb edilməsi, yerli müsəlman əhalinin zorla köçürülməsi gözlərimin önündə baş verib. Həm də “öz arzusu ilə” (Sovet hökuməti siyasətlə iş görürdü) köçənləri sanki bilərəkdən isti yerlərə, arana göndərirdilər. Ancaq bu köç vaxtı varlı adamlar rahat köçə bilirdilər. Onlar qarşılarına çıxan çətinlikləri pulla həll edəcəklərinə əmin idilər. İmkansız adamlar erməni zülmünün get-gedə artdığını görsələr də, köçməyə ürək eləyə bilmirdilər.

Kəndlərin boş qalan yerlərində kərpicdən sıra ilə təzə evlər tikilirdi. Bu evlər xarici ölkələrdən gələn ermənilər üçün nəzərdə tutulmuşdu. Ermənilər Suriya, İraq, Livan, Türkiyə, İran və başqa ölkələrdən gəlirdilər. Gəlmə ermənilərdən ötrü nisbətən “yaxşı şərait” yaradılmışdı. Xaricdən köçürülənlər Şərq ölkələrindən olduqlarına görə daha çox yerli əhali Azərbaycan türkləri ilə ünsiyyət qura bilirdilər. Türk dili sanki ortaq danışıq dilinə çevrilmişdi. Belə ki, yerli əhali gəlmə ermənilərlə yerli ermənilər arasında tərcüməçilik edirdi. Gəlmələrin çoxu müsəlman ölkələrində yaxşı yaşadıqlarını etiraf edir, aldandıqlarını başa düşürdülər. Onların bəziləri geri qayıtmağa cəhd edirdi. Ermənilər vaxtilə yaşadıqları yerin adını yeni məskunlaşdıqları yerlərə verməyə başladılar. Zeytun, Kənəkir, Ərəbkir və s. adları belə yarandı. Bu yer-yurd adlarının heç biri erməni dilində deyil. Təbii ki, gəlmə ermənilərin çoxu aldadıldıqlarını yaxşı anlayırdılar. Onlardan geri qaçanlar da vardı. Yaxşı yadımdadır, onlardan birinə bir nəfər azərbaycanlı kömək edəcəyinə söz verir. Həmin ermənini ailəsi ilə bərabər maşına mindirib Zəngi çayının yaxınlığındakı dəmiryolunun kənarına gətirir. O, çayı erməniyə göstərib deyir:

– Bu da Araz çayı, buyur keç o tərəfə. O tərəf İrandı.

Gecə olduğundan erməni deyilənə inanır, çayı o tərəfə keçir. İşıq gələn tərəfə gəlirlər. Hava işıqlananda baxırlar gəliblər İrəvan şəhərinə.

Ermənilər İrəvandan müsəlmanları (türkləri-red.) açıq-aşkar qova bilməsələr də ustalıqla elə şərait yaradırlar ki, adamlar məcburiyyət qarşısında qalıb köçsünlər. Ermənilər də o köçənlərin yerinə xarici ölkələrdən gələn erməniləri yerləşdirməklə şəhərdə ermənilərin sayını artırsınlar. Bir sözlə, İrəvan tədricən sırf erməni şəhərinə çevrilsin. Namərd qonşularımız öz məkrli niyyətlərini həyata keçirmək üçün öncə orta məktəblərdən başladılar. İrəvanda yerli əhalinin cəmi iki orta məktəbi (bu orta məktəblərdə müsəlman uşaqları təhsil alırdılar) vardı. Ermənilər bu məktəbin (M.Əzizbəyov adına orta məktəb) birini bağladılar. S.M.Kirov adına orta məktəb qaldı. Sonralar bu məktəbə M.F.Axundov adı verildi. Fəaliyyətdə olan orta məktəbdə dərs keçmək üçün həm sinif otaqları çatışmırdı, həm də şəhərin ucqarlarından bura məktəblilərin gedib-gəlməsi çox çətin idi. Xüsusilə, aşağı sinif şagirdlərindən ötrü həllolunmaz problem yaranmışdı.

Adamlar məcburiyyət qarşısında uşaqlarını başqa məktəbə qoymalı idilər. Amma şəhərdə ikinci müsəlman məktəbi yoxdu. Buna görə də ya rayonlara üz tutur, ya da Azərbaycana köçməyə məcbur qalırdılar. İrəvan Kənd Təsərrüfatı Texnikumunun fəaliyyəti də erməniləri narahat edirdi. Çünki bu texnikum təkcə Ermənistandan ötrü deyil, qonşu respublikalara da kənd təsərrüfatı işçiləri yetişdirirdi. Texnikumun pedaqoji kollektivi demək olar ki, azərbaycanlılardan ibarətdi. Bu, erməniləri təmin etmirdi. Düşmən yenə ehtiyatla hərəkət etdi. Texnikumu ucqar bir yerə köçürdülər. Bu, texnikuma oxumağa gələnlərin sayını xeyli azaltdı, amma bu da namərd qonşularımızı razı salmadı. Bu “türk texnikumu”nu Dəmirçilər kəndinə köçürməklə onu tamamilə şəhərdən çıxarmağa müvəffəq oldular.

Ermənilər orta məktəbdə də, elə institutda da bizə “türk” deyirdilər, biz etiraz edirdik ki, yox, bu düz deyil. Biz azərbaycanlıyıq. Təbii ki, onların xalqımıza qarşı kin-küdurəti də öz yerində. Maraqlıdır ki, bu “turk” söhbəti indi də dəbdədir. Bizim alimlərdən də bəziləri bizim türk deyil, azərbaycanlı olduğumuzu iddia edirlər. Bəzi alimlər də türk olduğumuzu deyirlər. Babalarımızın türk, özümüzün türk olduğumuzu bilsək də, mübahisə davam edir.

 

 

İsrafil Abbaslı

Professor

Xalq Cəbhəsi.- 2015.- 16 dekabr.- S.14.