O taylı bu-taylı şairlərimizin Vətən
sevgisi
1950-1980-cı illərin ictimai-sosial məzmunu ilə
şərtlənən poetik düşüncə yeniliyi
onlardan sonra poeziyaya gələn şairlərin
poeziyasının bədii quruluşunda və təsvir
sistemində öz əksini tapdı. Cənubi Azərbaycan şeirinin,
daha doğrusu, 1950-1980-ci illərdə fəaliyyət göstərən
və onlardan sonra poeziya dəryasında üzməyə
başlayan şairlərin praktik üstünlükləri,
ideya poetik baxımdan irəliyə doğru hərəkətlə,
yeniləşmədə özünün yaxşı bəhrələrini
verdi. Şəhriyar, Sahir, Səhənd, Məhzun,
H.Tərlan, M.Dərəfşi, Ə.Nabdil Oxtay və b. kimi
şairlərin fərdi-poetik üslublarında həmin illərin
duyum və ifadə tərzinin müsbət təsiri, öz səmərəli
bəhrələrini üzə çıxararaq, H.Xətibi,
Ə.Həddad, H.Nitqi, Urmulu, İldırım,
Ə.Möhsünü, Bariz, Savalan, Alov, Sönməz kimi
öz sələflərinin ədəbi irsini uğurla davam
etdirən poeziya müəllimləri yetişdirdi,
İsmayıl Məmmədli, Məhərrəm Pərizad
Sürgün, Tariyel Ümid, Fəraməz Dehqan, Günəşoğlu,
Himayət Qədimpur, Məxməl İşıq, Bəxtiyar
Muğanoğlu, Sədyar Eloğlu, Ənsari, Saplaq, Əli
Daşqın, Aqşin Ağkəmərli, Əbdülqədir
Salehoğlu Rəsuli, Piruz Dilənçi, Əziz Cabbarlı
Sazlı, Türkan Nəsim, Lalə Cavanşir, Rizvanə Behin
və b. kimi sənətkarların poeziya xəzinəsinə
nəfis töhfələrini vermələrinə vəsilə
oldu.
İnqilabdan sonra İranda azərbaycan dilində qəzet
və jurnallar buraxılmağa başladı. “Ulduz”, “Yoldaş”,
“Koroğlu”, “İşıq”, “Çənlibel”,
“Qardaşlıq”, “Molla Nəsrəddin”, “Azadlıq”, “Odlar
yurdu”, “Birlik”, “Azərbaycan”, “Muştuluq”, “Yazmaca”, “Azərbaycan
səsi”, “Xalq sözü”, “Varlıq”, “Dədə Qorqud”,
“İnqilab yolunda”, “Ülkər” və s. qəzet-jurnallar dərc
edildi.
Dur
ayağa, ocağın qur!
Çırağın
yax!
Qızıl
şəfəq yayılmada
Dur bir yana.
Al
silahın, gir meydana
Vuruş!
Vuruş!
Gələk
cana..
(Həbib
Sahir. “Dur ayağa ocağın qur”). İnqilabdan sonra Cənubi Azərbaycan
yazıçılarının da birlikləri yarandı; Təbrizdəki
birliyin ədəbi orqanı “Ülkər”, Tehrandakı
birliyin ədəbi orqanı “Günəş” nəşrə
başladı. Cənubi Azərbaycanın çox
istedadlı sənətkarları Savalanın, Qəşəm
Qələndərin, Məftun Əlinin, Sətta Gülməhəmmədinin,
Həbib Fəribafın, Bəhman Zəmaninin kitabları nəşr
edildi. Mətbuatda şifahi xalq ədəbiyyatı
nümunələri ardıcıl şəkildə çap
olunmağa başladı ki, bu da mətbuatın dilinə xalq
danışıq leksikası gətirməyə
başladı. Müəyyən bir çərçivədə,
şah üsuli-idarəsinin hər iki tərəfi dişli
mişar tək kəsən qılıncı altında
yazıb-yaradan sələflərindən üslub, forma, şəkil,
vəzn, rəfid, qafiyə, təşbih, təkrir, istiarə
incəliklərini mükəmməl bir şəkildə əxz
eləmiş inqilab şairləri odlu-alovlu çıxışlar
eləməyə başladılar.
Beləliklə,
1950-ci illərdən başlayaraq yaşadığımız
dövrə, daha doğrusu, 21-ci əsrin əvvəllərinə
qədər - 60 ildən yuxarı bir dövrün poetik
düşüncə tərzinin kontekstində davam və
inkişaf edən Cənubi Azərbaycan poeziyası müasir
Azərbaycan poeziyasının ictimai-siyasi mündəricəsini
bütün dolğunluğu ilə özündə əks
etdirdi. Nəticə olaraq demək olar ki, XX əsrin
əvvəllərində Azərbaycan ədəbiyyatında tərəqqi
yolunda, elm, maarif, mədəniyyət yolunda mübarizə daha
qızğın hal alır, Azərbaycanda teatr dəstələri,
dram dərnəkləri əmələ gəlirdi.
Bakı, Təbriz, Ərdəbil, Gəncə,
Naxçıvan kimi şəhərlərdə çoxlu
müəllim, yazıçı və başqa ziyalılar
yetişib qəzetlər çap edir, zülmə,
haqsızlığa, ayrıseçkiliyə, istibada, eyni
zamanda din pərdəsi altında maskalanmış
yalançı din xadimlərinə qarşı mübarizə
aparırdı.
1905-ci ildə
Rusiyada və Rusiyanın yarı müstəmləkəsi olan
bölgələrdə inqilab baş verdi.
Sovet dönəmində bu inqilaba yalnız
bolşevik inqilabı donu geyindirirdilər, belə ki, guya bu
inqilab gələcəkdə, daha doğrusu, on iki ildən
sonra baş vermiş Oktyabr inqilabının təməli olub,
deyə fikir formalaşdırırdılar. Lakin bu, necə deyərlər, göz görə-görə
yalan danışmaq idi, çünki 1905-ci ildə eyni zamanda
Sərdari-milli Səttarxanın
başçılığı ilə Təbrizdə Təbriz
inqilabı baş vermiş, məşrutə əldə
edilmişdi və bu inqilabın bolşevizmlə heç bir əlaqəsi
yox idi. Buna sübut üçün elə
təkcə bolşevizmə nifrət bəsləyən
Hacı Zeynalabdin Tağıyevi göstərmək olar ki, Məşrutə
hərəkatına imkanı daxilində cür yardım
göstərirdi. Bundan başqa da o zaman hələ
bolşevik deyilən bir məfhum yox idi və 1905-ci il inqilabı Şimali Azərbaycanda sadəcə
olaraq çar mütləqiyyətinə, zülmə,
istibdada qarşı mübarizə aparırdı. Təsadüfi
deyil ki, o dövrdə hələ cəmisi 21 yaşında
olsa da, dərin biliyə, yüksək intilektə, iti
şuura və heyrətamiz bir vətənpərvərliyə
malik olan Məhəmməd Əmin Rəsulzadə
inqilabçılar arasında idi. Bir qədər sonra isə
burdakı aparıcı qüvvələrin, o cümlədən
xain və pozğun Şaumyanın sinfi mübarizə deyil,
iyrənc məqsədlərinə yetmək üçün,
o cümlədən “Böyük Ermənistan” yaratmaq
xülyası ilə mübarizə apardığını
görüncə onlarla əlaqəni kəsmiş və gələcəkdə
Vətənini, torpağını, xalqını, millətini
azad, müstəqil görməkdən ötrü başqa
yollar, üsullar axtarmağa başlamışdı. Lakin bu dövr özlüyündə bir keçid
dövrü idi və siyasi-ictimai hadisələrin
gedişatından asılı olmayaraq hər sahədə dəyişikliklər
baş verirdi.
Təsadüfi deyil ki, sorağı bütün müsəlman
Şərqinə yayılan “Füyuzat”, “Molla Nəsrəddin”
məcmuələri bu dövrdə öz fəaliyyətinə
başladı.
Məhz bu dövrdə yenə də
böyük Hacı Zeynalabdin Tağıyevin sayəsində
Azərbaycan dilində qəzetlər nəşr edilməyə
başladı. Cənubi Azərbaycanda Səttarxanın
qətiyyəti və təşəbbüsü ilə ana
dilində qəzet və kitablar nəşr edilməyə
başladı. 1950-1980-ci illərdə Cənubi Azərbaycan
poeziyası, Şimali Azərbaycanda olduğu kimi böyük
bir inkişaf yolu keçdi, cənublu şairlər
yuxarıda dəfələrlə qeyd olunduğu kimi bir-birindən
dəyərli, ümumazərbaycan ədəbiyyatı xəzinəsini
bəzəməyə layiq olan mükəmməl əsərlər
meydana gətirdilər. Şübhəsiz ki, bu, o qədər
də asan bir iş deyildi. Çünki dünənki
oxucu bugünkündən fərqlənirdi. Onun dünyayabaxışı, zövqü tamamilə
başqa cür idi.
Zəmanə oxucusunun estetik zövqü, həyat və
hadisələrini, sənət, ədəbiyyat və mədəniyyəti
tənqidi şəkildə dərketmə qabiliyyəti elə
bir səviyyəyə çatmışdı ki, artıq onu
təkcə poetik istedadın gücü, yaxud təsvirin
şirinliyi ilə əfsunlamaq, cəlb etmək mümkün
deyildi. Vaxtilə müəyyən bir mətləbi dilinin
ifadəliliyi, hadisənin maraqlı təhkiyəsi, təsvirin
romantikliyi hesabına oxucuya təqdim etmək və beləliklə,
onun qəlbinə yol tapmaq, hisslərini coşdurmaq
mümkün idisə, 1950-1980-ci illərdə bunlarla effekt
yaratmaq olmurdu. Artıq o əsərlər
məqbul sayılırdı ki, onlarda təlqin edilən məzmun,
fikir və ideya yeni, dərin və mənalı olmaqla
yanaşı, elmin o günkü inkişaf səviyyəsi ilə
səsləşə bilməli idi.
Böyük Füzulinin məşhur “Elmsiz şeir əsassız
divar kimidir” kəlamı həmin dövrdə də öz mənasını
saxlamaqda idi. Etiraf etmək lazımdır ki, heç bir zaman bədii
təfəkkürlə elmi təfəkkür 1950-1980-ci illərdəki
kimi yaxın olmamış, bir-biriylə bu dərəcə
çulğaşmamışdı. Daha
doğrusu, şeirin idrak əhəmiyyəti xeyli
artmışdı. Artıq şimallı
şair əsərlərindəki gurultulu misraların
arxasında gizlənə bilməzdi. Şimalda
1953-cı ildən etibarən “Şəxsiyyətə pərəstiş”
dövrü bitdi, lakin cənubda şah üsul-idarəsi
qüvvədə idi. Lakin yuxarıda qeyd
olunduğu kimi vahid bir xalqın xalq poeziyasından qaynaq
götürən intəhasız çeşməsi bir-biriylə
yaxşı mənada bəhsə girən poeziya
yarışına hakimlik edirdi. Şimalda Səməd Vurğun,
Süleyman Rüstəm, Məmməd Rahim, Rəsul Rza,
İslam Səfərli, Əli Kərim, Məstan Əliyev,
Mirvarid Dilbazi, Nəbi Xəzri, Bəxtiyar Vahabzadə, Məmməd
Araz, Xəlil Rza, Cabir Novruz, Söhrab Tahir, Tofiq Bayram, Qabil,
Qasım Qasımzadə, Fikrət Qoca, Nəriman Həsənzadə
və başqaları, cənubda isə Şəhriyar, Həbib
Sahir, Səhənd, Savalan, Sönməz, Yəhya Şeyda,
Süleyman Salis, Hökümə Billuri, Məhəmməd
Biriya, Aşıq Hüseyn Cavan, Əlirza Nabdil Oxtay,
Haşım Tərlan və başqaları, o cümlədən
quzeyli-güneyli şairlər Məhəmmədəli Məhzun,
Balaş Azəroğlu, Əli Tudə, Söhrab Tahir, Mədinə
Gülgün bu olduqca xoşməramlı qardaşlıq
yarışına girdilər. Səbəb nə
idi bu xalqın ruhunu oxşayan, xalqa sevinc bəxş edən
qabiliyyətə?! Bunun yalnız bir səbəbi
vardı - Vətən Sevgisi... Bu sənətkarlar
Azərbaycan deyilən bir məmləkəti canlarından,
qanlarından çox sevirdilər. Şübhə
etmirəm ki, ümumazərbaycan ədəbiyyatına xidmət
göstərən şairlər bundan sonra da öz sələfləri
kimi Vətəni canlarından, qanlarından artıq sevəcəklər,
yaratdıqları bütün əsərlər yalnız Azərbaycan
deyilən bir məmləkətdən ötrü yaranacaq.
Vüqar Əhməd
Professor
Xalq Cəbhəsi.- 2015.- 17 dekabr.-
S14