“QHT sektorunun yeni mərhələdə fəaliyyəti cəmiyyətin cəmiyyət tərəfindən...”

 

Rəna Mirzəzadə: “Vətəndaşın həm də vətəndaş cəmiyyəti institutları tərəfindən problemlərinin çözülməsi oldu”

 

“Müstəqil Azərbaycanda vətəndaş cəmiyyəti quruculuğu özünün yeni formalaşma mərhələsini yaşayır. Nəzərə alaq ki, 25 ildən artıqdır ki, Azərbaycan qonşu Ermənistan tərəfindən ədalətsiz müharibəyə cəlb edilib, lakin müharibə şəraitində olan ölkə regionda iqtisadi, sosial - siyasi inkişaf dinamikası ilə liderdir, başqa bir aspektdən isə müstəqil + azad + suveren yaşam tərzi formulasının qorunması, müdafiəsi ön planda əsas məqsəd daşıyır. Məhz belə bir çətin, mürəkkəb dövrdə vətəndaşın, ictimaiyyətin, gənc nəslin daha düzgün, daha dəqiq, real istiqamətverici fikirlərə, ümumiləşdirici, yönləndirici sahələr üzrə pozitiv ideyalara ehtiyacı böyükdür”. Bunu AMEA, FHİ, “Siyasi nəzəriyyələr” şöbəsinin müdiri, fəlsəfə elmləri doktoru, professor Rəna Mirzəzadə deyib: “Məhz bu kontekstdən də Prezident İlham Əliyevin vətəndaş cəmiyyəti quruculuğu istiqamətində apardığı işlər də Ulu Öndər Heydər Əliyev strategiyasından irəli gələn siyasətdir. Ulu Öndər Heydər Əliyev kəlamı ilə desək: “Bir var dövlət işi ilə məşğul olan adamlar, bir də var adi vətəndaş. Adi vətəndaş da, əgər həqiqətən vətəndaşdırsa, Vətənin övladıdırsa, deməli, öz Vətəninə, burada gedən proseslərə, dövlətinə biganə qala bilməz”. (Heydər Əliyev. Müstəqillik yolu. B, 1997, s.13)

Son dövrlər Azərbaycanın beynəlxalq səviyyədə səsinin eşidilməsi, sözünün dinlənilməsi, ölkəyə diqqətin artması tək onun geosiyasi və strateji mövqeyi, təbii resursları ilə deyil, həm də regionda görünən çoxşaxəli sahələr üzrə inkişaf tempi ilə bağlıdır. Bu inkişaf, bu beynəlxalq miqyaslı qəbuledilmə isə xaricdə keçirilən forum, sammitlərdə, yüksək statuslu dairələrdə ölkəni təmsil edən Prezident İlham Əliyevin yorulmaz siyasi iradəli fəaliyyəti və problemlərə ümumiləşmiş nəzəri kontekstli siyasətçi baxışı, kamil diplomatik səriştəliyi ilə bağlıdır.

Azərbaycanda vətəndaş cəmiyyəti quruculuğu istiqamətində, hadisə və proseslərə, cəmiyyətdə qarşıya çıxan problemlərə ən çox yardımçı olan, kömək edən də məhz QHT-lərdir. Bu baxımdan da XXI əsrin ilk son onilliyində ölkə ictimai sektorunun qarşısında dayanan ən çətin məsələ onların layihələrini dəstəkləyəcək milli donorun və yaxud rəsmi dəstəyin olmaması idi. Bu nöqteyi-nəzərdən də Prezident İlham Əliyevin tərəfindən 2007-ci il 27 iyulda “QHT-lərə Dövlət Dəstəyi Konsepsiyası” haqda Sərəncam, 2007-ci il 13 dekabrda isə Prezident yanında QHT-lərə Dövlət Dəstəyi Şurası yaradılması haqqında Fərman imzalandı.

 

Prezident İlham Əliyevin bu Fərmanı vətəndaş cəmiyyəti quruculuğu prosesinin keyfiyyətcə yeni dövrü oldu. Bu yeni mərhələ Vətəndaş cəmiyyəti institutları və Dövlət – vətəndaş münasibətlərində əməkdaşlıqdan Tərəfdaşlığa keçid mərhələsi oldu. Əvvəla, ölkədə QHT-lərə, onlar tərəfindən qaldırılan problemlərə dəstək olan donorlar çox az idi. Sonrası, xarici donorlar, beynəlxalq təşkilatlar isə yalnız öz mənafe və maraqlarına uyğun qurumlara maliyyə dəstəyi verirdilər. Nəticədə isə, bu fərman rəsmi dövlət büdcəsindən ictimai sektorun maliyyələşməsi, dövlət - vətəndaş həmrəyliyinin də yeni effektli mexanizmi oldu. Ən yekunu isə, QHT-lərə Dövlət Dəstəyi Şurasının məhz Prezident yanında təsis edilməsi ictimai sektorun xüsusi dövlət statuslu mərhələyə keçidi oldu. Məhz İctimai Sektor Ailəsinin - QHT-lərin layihələrinin dəstəklənməsində Dövlət QHT Şurası obyektiv, düzgün, şəffaf normalara əsaslanaraq, çox istiqamətli sahələr üzrə müxtəlif layihələrin həyata keçirilməsinə stimul verdi. Bu baxımdan Ulu Öndər Heydər Əliyev məntiqi ilə desək: “ Hər bir vətəndaş gərək ölkəsinin böyük siyasəti haqqında düşünsün, kiçik mənfəətləri, maraqları haqqında düşünməsin” (Heydər Əliyev. Müstəqillik yolu s.20)”.

O, əlavə edib ki, artıq ölkə QHT-ləri tərəfindən “kiçik maraqlardan” daha geniş dövləti problemlərə xidmət edən, cəmiyyətin ehtiyacı olan məsələlərin araşdırılmasına, maarifləndirilməsinə doğru yeni ictimai münasibətlər formalaşdırıldı: “Yeni ictimai cəmiyyət, yeni iqtisadi inkişaf və yeni ictimai münasibətlər sistemi də məhz Heydər Əliyev kəlamından doğan “ölkəsinin böyük siyasəti haqqında “düşünməyi” və “kiçik maraqların” arxa plana keçməsinə zəmin yaratdı. İşğaldan azad olunmuş ərazilərdə minalardan təmizlənmə kompaniyası, bu sahədə maariflənmə, müharibə xofunun vətənpərvərlik hissi ilə əvəzlənməsi, Dağlıq Qarabağ münaqişəsinin dünyanın müxtəlif ölkələrində real, rəsmi faktlarla təbliği, Azərbaycanın haqlı mövqeyinin - tarixi ərazilərinin qəsb edilməsi və mədəni abidələrinin dağıdılmasını əks etdirən sənədlərin toplanması, milli mədəniyyətin təbliği, insan hüquq və azadlıqlarının öyrənilməsi, təhsil, ekologiya, səhiyyə, multikulturalizm, din amili, erkən nigah, qadın və uşaq məsələləri, antikorrupsiya, bütövlükdə çoxsahəli sosiallıq faktorlarının maarifləndirmə mexanizmləri istiqamətində olan prioritetlər Dövlət tərəfindən rəsmi maliyyə dəstəyi aldı.

 

QHT-lərə Dövlət Dəstəyi Şurası dövlət - vətəndaş münasibətlərini formalaşdırmaqla bahəm, ictimai sektorda yeni təsisatların da yaranması, rəsmi qeydiyyatdan keçməsi və beynəlxalq strukturlarla əməkdaşlıq edilməsi istiqamətində də konkret fəaliyyət göstərdi. Bu rəsmi ictimai Dövlət sektoru ölkədə məlumatlandırma, maarifləndirmə, informasiya, konsultativ, texniki - təşkilatı, metodiki, nəşri dəstək verməklə Dövlət Milli Donor İnstitutunu formalaşdırdı. Digər tərəfdən isə Vətəndaş cəmiyyəti quruculuğunda həm də QHT - lərin beynəlxalq təşkilatlardan, yəni qeyri-naməlum xarici donorlardan maliyyə asılılığının da azalmasına dəstək oldu. Bir önəmli aspektdə isə məhz artıq QHT sektorunun yeni mərhələdə fəaliyyəti cəmiyyətin cəmiyyət tərəfindən, vətəndaşın həm də vətəndaş cəmiyyəti institutları tərəfindən problemlərinin çözülməsi oldu. Akademik R. Mehdiyev xüsusi bir təhlil obyekti kimi vətəndaş cəmiyyəti, əsasən də QHT sektorunun demokratiya və ictimai mühitin yeniləşməsindəki rolu, yeri və mövqeyinə münasibət bildirərək göstərir ki: “daxili təməli olan, iradi keyfiyyətləri inkişaf etmiş, fəal həyat mövqeyi tutan passionar insanları...tərbiyə etmək.... cəmiyyətin ən aktual vəzifəsidir... Cəmiyyətin demokratikləşməsi, yeni kreativ, yaradıcı, intellektual şəxsiyyətlərin formalaşması çox vaxt müxtəlif təşkilatlarda göstərilən təşəbbüskarlıqdır”.( R.Mehdiyev “Müasir azərbaycan milli ideyanın təcəssümü kimi” Azərbaycan qəzeti, 26 may 2011 –ci il)”.

R.Mirzəzadənin fikrincə, ölkədə QHT sektorunun fəaliyyətinin gücləndirilməsi Dövlət siyasətinin prioritet məsələsi kimi Prezident İlham Əliyev strategiyasında önəmli yer tutur: “Belə ki, zaman-zaman Prezident İlham Əliyev tərəfindən ictimai sektor, onun keyfiyyətcə yenilənməsi istiqamətində daha təkmil qanunvericilik bazasının yaradılması üçün yeni normativ akt və qərarlar verilir. 2015-ci il 15 noyabrda G-20 Antalya Sammitində çıxış edən Prezident İlham Əliyev məhz ölkədə ictimai münasibətlər siyasətinə də diqqət yönəldərək demişdir: “Azərbaycan möhkəm daxili sabitliyə, cəmiyyətdə hökm sürən vətəndaş birliyinə və həmrəyliyinə, millətə və dinlər arası sülhə, tolerantlıq mühitinə, liberal, dayanıqlı və dinamik iqtisadiyyata söykənərək özünün inkişaf modelini dünyaya təqdim edir”.

Bu baxımdan Prezident İlham Əliyevin “Böyük iyirmiliyin” Antalya Sammitində aparılan müzakirələrdə söylədiyi fikirlər qlobal problemlər müstəvisində Azərbaycanda ictimai münasibətlər zəminində vətəndaş sektoru həmrəyliyinə Yeni baxış, Yeni qiymətləndirmədir.

Məhz bu siyasi yanaşma Dövlət Rəhbəri tərəfindən ictimai sektorun fəaliyyətinə rəsmi müsbət münasibətdir.

Bu gün QHT sektoru vətəndaş cəmiyyəti quruculuğunun institutsional qurumudur. Bu böyük yolda dəstəkçi Prezident yanında Dövlət QHT-lərə dəstək Şurasıdır. Belə ki,

-           QHT sektoru ictimai fikri tənzimləyir:

-           QHT - lər paytaxt Bakıdan regionlara doğru ictimai hərakata çevrilibdir;

-           QHT İnstitutunun inkişafında yeni qanunvericilik bazası yaradılmışdır;

-           İctimai əhəmiyyətli qərarların qəbulu və həyata keçirilməsində yeni hədəflər formalaşdı və dövlət qurumlarında İctimai Şuraların təsisinə təkan verildi;

-           İctimai etimad gücləndilrildi və ictimaiyyətlə vətəndaşların əlaqələri daha da genişləndirildi;

-           QHT - lərin fəaliyyətində, əsasən də maliyyə hesabatında şəffaflıq prinsiplərinə riayət olundu;

-           QHT sektoru Azərbaycanda xarici və daxili siyasətin həyata keçirilməsi istiqamətində Dövlət Siyasətinin bir paradiqmal tərəfi oldu;

-           Azərbaycan - 2020 “Gələcəyə Baxış İnkişaf Konsepsiyasının “Vətəndaş cəmiyyətinin inkişafı” 9-cu müddəasına əsasən bu istiqamətdə fəaliyyət coğrafiyası genişləndirildi;

-           Qərb vətəndaş institutları ilə əlaqələr yaradıldı, yerlərdə təlim, məlumatlandırma, maarifləndirmə, təbliğ təşviq yüksəldildi;

-           Sosial problemlərin həllində ictimai sektor yeni ideyalar verməklə dövlət və bələdiyyə orqanları ilə də iş mexanizmi qurdular;

-           QHT sektorunda könüllülər hərəkatı formalaşdı;

Və beləliklə, İctimai sektor İnstitutları – Dövlət münasibətlərinin yeni modeli yarandı.

Bütün bunlarla bahəm qeyd etməliyik ki, bəzi hallarda QHT-lər tərəfindən öz fəaliyyətlərində səhlənkarlıq yaranır, hesabatlılıqla bağlı müvafiq dövlət qurumları qarşısında hələ də müəyyən problemlər meydana çıxır. Bu da məhz bəzən də ictimai sektorun qarşısında haradasa müəyyən sorğuların meydana çıxması faktoru olur.

Professor Əli Həsənov bu barədə haqlı olaraq yazır ki: “QHT-lər siyasi dairələrin təsirinə məruz qalır, insan hüquqları, azadlıq və demokratiya müdafiəsi pərdəsi altında Azərbaycanı dünyada gözdən salmaq istəyən qüvvələrlə birgə fəaliyyət göstərirlər. Bəzi QHT-lər şəffaflıqdan qaçır, maliyyə mənbələri, gördüyü işlər barədə ictimaiyyətdə və müvafiq dövlət qurumlarına məlumat verməkdən yayınırlar. Ümidvarıq ki, bu nöqsanlar da zaman keçdikcə aradan qalxacaqdır” (Əli Həsənov “Azərbaycan QHT sektoru dövlət müstəqilliyinin 20 illiyində” “Ön söz” B, 2011, s.-8)

Bu kimi neqativ stereotiplərin aradan qaldırılması istiqamətində Dövlət QHT Şurası daima QHT sektoru ilə ictimai masalar, dinləmələr, maliyyə-hesabatlılıq metodunu öyrədən təlimlər keçirir, onlara öz nizamnamələrinə əsasən və rəsmi Dövlət qanunvericiliyinə müvafiq olaraq məsuliyyətlərini çatdırır və qanunla da məsələnin tənzimlənməsi yollarını göstərir. Qətiyyətlə demək olar ki, Azərbaycanda vətəndaş cəmiyyəti institutları – QHT sektoru inkişafdadır və gedilən Yol Dövlətdən dəstək alıb Dövlətə dəstəkdir”.

 

Əli

Xalq Cəbhəsi.- 2015.- 17 dekabr.- S.9.