Qaqauz ədəbiyyatı

 

Günümüzdə ədəbiyyat ideoloji işin bir parçası olduğundan, onu dünyada baş verən siyasi hadisələrdən kənarda öyrənmək mümkün deyil. Qaqauz ədəbiyyatı 20-ci yüzildə zəngin türk folkloru və SSRİ-də yaşayan xalqların yazılı ədəbiyyatı əsasında formalaşıb. Araşdırmaçı Ə.Şamil bu fikirdədir: “Oğuz türklərinin yaşadıqları bölgələrdə toplanan folklor nümunələrinin əksəriyyətini qaqauzlar arasından da toplamaq mümkün idi. Təəssüflər olsun ki, kadr çatışmadığından, bu peşəkarlar tərəfindən vaxtında və yüksək səviyyədə yerinə yetirilməyib. Qaqauz folklorunu ilk dəfə V.Moşkov toplayıb. Varşavadakı rus ordusunun həkimi V.Moşkov kənd-kənd gəzərək folkloraetnoqrafiyaya aid materiallar toplayaraq onu 1904-cü ildə çap etdirib. Atanas Manov da V.Moşkov kimi qaqauzları fərqli bir millət kimi öyrənməyə çalışıb. Bütün bunların arxasında Rusiya strateqlərinin ayrımçılıq siyasətinin durduğu aydın görünür.

Lyubov Çimpoyeşin dastanlar, Mariya Durbaylonun ballada türküləri (xalq mahnıları), Nikolay Baboğlunun ata sözləri, deyimlər, Vitaliy Sırfın nağıllar və Tudora Arnautun mani - bayatılar üzərində apardıqları araşdırmalar, eləcə də qaqauz araşdırıcılarının toplayıb çap etdirdikləri folklor nümunələri də onu göstərir ki, Türkiyə, Azərbaycan, İraq, Suriya, Rumıniya, Bolqarıstan, Makedoniyab. ölkələrdə yaşayan türklərdən toplanmış folklor örnəkləri ilə qaqauz türklərindən toplanmış nümunələr arasında elə bir ciddi fərq yoxdur. Mövcud fərqlər də məhəlli xarakter daşıyır. 19-cu yüzildən sonra yaradılan folklor nümunələrinin mövzusunda, xüsusən balladaxalq mahnılarında isə siyasi təsirlər nəticəsində fərq artıb. Sovet dövründə hər vasitə ilə qaqauz ədəbiyyatını ümumtürk ədəbiyyatından ayırmağa çalışırdılar. Səbəb yenə də siyasilərin qarşılarına qoyduqları məqsəddən doğurdu. Qaqauzları soyköklərindən ayırmaq üçün hər vəchlə onların türk olmadığı, Osmanlı dövlətinin təsiri ilə dilləri türkləşdirilmiş bolqar olduğu vurğulanırdı. Bu siyasət I Pyotr zamanından başlasa da, 1812-ci ildə Bessarabiyada yaşayan qaqauz türklərinə xüsusi imtiyaz verilməsi ilə daha da sürətləndirildi”.

Qaqauzların çoxu bu siyasətlə razılaşmayıblar: “1860-cı ildə qaqauz nümayəndə heyəti İstanbula gedərək Sultan Əbdüləzizə diləkcə (ərizə) verirlər. Onlara Osmanlı dövlətinin tərkibində muxtariyyət verilməsini istəyirlər. Lakin gündən-günə güclənən və yeni torpaqlar işğal edən Rusiyanın qarşısında qocalmış və zəifləmiş Osmanlı dövlətinin qaqauzların arzusunu gerçəkləşdirməsi mümkünsüz idi. Buna baxmayaraq, qaqauzlar öz haqlarına nail olmaq üçün mübarizəni davam etdirdilər. Dionis Tanas oğlunun yazdığına görə, 1906-cı il yanvarın 6-da qaqauz xalqı ayağa qalxaraq Atmaca PavloğluAndrey Qalatanın rəhbərliyində Komrat Cümhuriyyətini qurur. Tarixi şərait yetişmədiyindən, yeni elan edilən qaqauz dövlətinin ömrü cəmi 15 gün olur. Komrat Cümhuriyyətinin qurucularından biri kimi Rusiya hökuməti tərəfindən həbs edilmiş Pavel Nikolayev, çar II Nikolayın hakimiyyətdən getməsindən və yaranmış qarışıqlıqdan istifadə edərək, 1917-ci ilin dekabrında Kiyevə gedir. Komratya Qaqauz Cümhuriyyəti qurmaq haqqında siyasi xadim və hökumət rəhbərləri ilə danışıqlar aparır. Bu həmin vaxt idi ki, Bucak bölgəsini də üsyan bürümüşdü. 1918-ci il noyabrın 27-də Bessarabiya Milli Məclisinin Rumıniya ilə birləşmək haqqında qərar verməsi, İkinci Dünya Savaşı, bu savaşdan SSRİ-nin qalib çıxması, Sovetlərin yaratdığı totalitar rejim qaqauzlara arzularını gerçəkləşdirməyə imkan vermir”.

Araşdırmaçı hesab edir ki, Qaqauz yazılı ədəbiyyatının yaranması və formalaşmasından söz açarkən 1931-1944-cü illərdə Türkiyənin Rumıniyada səfiri işləmiş Həmdullah Süphi Tanrıöverin xidmətlərini də unutmaq olmaz: Bir zaman Türk Ocaqları başqanı olmuş bu millətsevər insan diplomatik vəzifəsini yerinə yetirməklə yanaşı, ölkədəki müsəlman və xristian türklərin yaşadıqları kəndləri gəzərək qaqauzlar yaşayan kənd və qəsəbələrdə 26 məktəb açılmasına nail olub. Məktəblərdə dərslər ana dilində-türkcə keçilirdi. Dobruca türklərindən və Rumıniyanın Məcidiyyə şəhərindəki Müsəlman Seminariyası məzunlarından, Türkiyədən öyrətmənlər və kitablar gətirdərək soydaşları arasında milli şüurun inkişafına təsir göstərməyə çalışırdı. Türkiyədən gələn aydınlar vətənə döndükdən sonra qaqauzlardan topladıqları folklor nümunələrini, orada gördüklərini qəzet-jurnallara, ensiklopediyalara yazmaqla mövzunu gündəmdə saxlayıblar.

Həmdullah Süphi Tanrıöver hətta qaqauzları assimilədən qorumaq üçün Türkiyənin Mərmərə bölgəsinə köçürülməsi barədə bir layihə də hazırlayaraq İsmət İnönü hökumətinə təqdim etmişdi. Onun Rumıniyadan seçib Türkiyəyə oxumağa göndərdiyi qaqauz gənclərin çoxu İkinci Dünya Savaşından sonra SSRİ-nin “qapılarını möhkəm bağladığından” geri dönə bilməsələr də, Türkiyədə qaqauz məsələsinin gündəmdə saxlamağa çalışıblar. Bu gənclərdən biriqaqauz Doğan Dan “Akınçılar köyü” romanını o dövrün ən çox oxunan jurnallarından “Varlığ”ın 1938-ci il noyabr – 1939-cu il yanvar aylarında çap etdirmişdi. Təəssüf ki, qaqauzların etnoqrafiyasına və folkloruna dair zəngin məlumatı yaşadan bu romanonun yazarı uzun illər diqqətdən kənarda qalıb”.

Türkiyəyə oxumağa gedən gənclərdən söz açan S.Bulgar yazır ki, Həmdullah Süphi Tanrıöverin yardımı ilə Bucak bölgəsindən də 20-yə yaxın öyrənci göndərilib və onların hamısı Türkiyədə qalmış, vətəndaşlığı qəbul etmiş, əsgəri xidmətdə olmuşdular: “Amma heç vaxt qaqauzları unutmayıblar. Qaqauzların folklorunu, ədəbiyyatını, adət-ənənələrini öyrənərək Türkiyədə təbliğ ediblər. Belə aydınlardan birisi Veysel Arsevendir (Vasiliy Öküzcü). Bu şəxs Türkiyədə bacarıqlı pedaqoq, musiqişünas, elm adamı kimi tanınıb. Qaqauzların folkloru, nəğmələrinin musiqi düzümüs. haqqında yazdığı elmi, publisistik məqalələrini Türkiyə mətbuatında çap etdirmişdi. Qaqauzlar milli azadlıq mübarizəsini açıq və gizli şəkildə davam etdirsələr də, istəklərinə yalnız SSRİ dağıldıqdan sonra çatıblar. Onlar 1989-cu il fevralın 11-də Moldova Kommunist Partiyası Mərkəzi Komitəsinin binası qarşısında mitinq keçirərək, Qaqauz Muxtar Sovet Sosialist Respublikasının yaradılmasını tələb ediblər. Lakin onların bu tələbinə əhəmiyyət verilməmişdi. 1989-cu il mayın 21-də Komratda toplanan Birinci Qaqauz Xalq Qurultayı Qaqauz Muxtar Respublikasını qurmağı qərara alır. Həmin il noyabrın 12-də onlar bu işi gerçəkləşdirərək Qaqauz Muxtar Sovet Sosialist Respublikasını elan edir və hökumət yaradırlar.

Lakin Moldova hökuməti bununla razılaşmasa da, Sovet hökumətinin basqılarını, yaranmış ağır iqtisadi-siyasi durumu, ölkənin bir hissəsində Moskvanın əli ilə rusların Dnestryanı Respublika yaratmalarını nəzərə alaraq qaqauzlarla münaqişəyə girmək istəmir. Qaqauzlar Moskvanın Moldovanın müstəqilliyinə qısqanclıqla yanaşaraq ölkəni iqtisadi böhranmilli münaqişələr burulğanına salmaq istəyini, beynəlxalq aləmdə baş verənləri nəzərə almadan 1990-cı ildə Qaqauz Respublikası yaratdıqlarını elan edirlər. Rusiyanin xüsusi xidmət orqanları Moldovanı münaqişə bölgəsinə çevirmək üçün millətçi gənclərin narazılığından istifadə etmək istəyir. Həmin il noyabr ayının 25-də bir qrup milliyyətçi moldovan gənci könüllü dəstələr təşkil edərək qaqauzların üzərinə yeridilir. Moldovanlarla qaqauzlar arasında baş verə biləcək silahlı toqquşmanın qarşısı vaxtında alınır. Amma müstəqilliyini elan etmiş Qaqauz Yeri Respublikası, bütün cəhdlərə baxmayaraq, heç bir ölkə tərəfindən tanınmır. Bu da səbəbsiz deyildi. Yaranmış qurum özünün iqtisadi, siyasicoğrafi durumunu, beynəlxalq vəziyyəti nəzərə almırdı. Moldova hökumətinin susması 23.12.1994-cü ilədək davam etdi. Həmin ilin noyabrında Moldova Məclisi Qaqauz Yeri Muxtar Vilayəti yaradılması haqqında qanun qəbul etdi. Bu qanun qaqauzların Moldova tərkibində milli haqlarını qoruyaraq yaşamalarını tənzimlədi”.

Qaqauz türkcəsinin ilk yazılı qaynaqlarına gəlincə, araşdırmçı bildirir: Rusiya uzun illər Osmanlı dövlətinin tərkibində olmuş, Osmanlılarla eyni dildə danışan və eyni mədəniyyətin daşıyıcısı olan qaqauzları yeni işğal etdiyi bölgəyə köçürdükdən sonra onları keçmişindən qoparmaq üçün dini inanclarının möhkəmlənməsinə və xristian dininə dair mətnlərin ana dillərinə çevrilməsinə xüsusi diqqət yetirirdi. Bu işi görə biləcək kadrlar isə yox dərəcəsində idi. Rusiya qaqauzlar arasında xristian dininin möhkəmlənməsi üçün anadilli kadrlar hazırlamasına da şərait yaratdı: “1810-cu illərdə Vyanada çap olunmuş “Psaltıra”(Zəbur) və yunan şair Aristofanın (m.ö.455-385) komediyalarından parçalar, Nikolayİvan Fazlı qardaşlarının Aleksandr Puşkinin “Qış yolları”, “Kahırsız quşcığaz” (Zavallı quşcuğaz) və “Qış gecələri” şeirlərinin tərcümələri qaqauz türkcəsinin ilk ədəbi məhsulları sayılır. Qaqauz yazılı dilinin formalaşması, tarixinin yazılması isə Mixail Çakırın adı ilə bağlıdır”.

Mixail Çakır (27.04.1861, Çadır qəsəbəsi- 08.10.1938, Kişinyov şəhəri). 1812-ci ildə qaqauzlar Bucaq bölgəsinə köçürüləndə Mixail Çakırın ata-babası da Çadır (indi Çadır–Lunqa adlanır. Lunqa sözümoldavca çadır deməkdir) yerləşdirilir: “İlk təhsilini doğulduğu Bender Tihin qəsəbəsidəki dördsinifli ibtidai məktəbdə alır. Sonra ailəsinin istəyi ilə Kişinyov şəhərindəki ilahiyyat məktəbinə daxil olur. Oranı bitirib Kiyevə gedərək, üç ilorada dini təhsilini davam etdirir. 1881-ci ildə onu Kişinyovda öyrətmən işləməyə göndərirlər. Qısa bir zamanda din xadimi və öyrətmən kimi böyük nüfuz qazanır. Dini məktəbdə riyaziyyatdan, təbiət elmlərindən dərs deməklə yanaşı, keşiş vəzifəsini də yerinə yetirir. Mixail Çakır protoiyerey (dini rütbə, keşiş - Ə.Ş.) rütbəsinə yüksəlir.

1884-cü ildə onu dini işlər üzrə məhəllə müvəkkili və ruscamoldovca dini mətnlərin nəşri şurasına üzv seçirlər. O, qazandığı nüfuzdan istifadə edərək kilsədə duaların milli dillərdə oxunmasına razılıq ala bilir. Xalqının dini anlayaraq sitayiş etməsi üçün “İncil”dən və başqa din kitablarından çox istifadə olunan duaları ana dilinə və moldovcaya çevirib çap etdirir və kilsələrdə oxuyur. O, xristian dininin müqəddəs kitabı olanEvangeliya” (İncil), “Psaltır” (dini nəğmələr), “Liturqiya” (kilsə duası), “Çasoslov”, “Kilsənin qısa tarixi”, “Yeni müqəddəslərin tarixi”, “Keçmiş müqəddəslərin tarixi” və s. əsərlər tərcümə etmiş və yazıb. Hətta 1907-ci ildə qaqauz türkcəsində bir səhifəlik dini qəzet də çıxarmağa nail olub.

 

Uğur

Xalq Cəbhəsi.- 2015.- 18 dekabr.- S.14