“Ümidvarıq ki,
bizdə vətəndaş cəmiyyəti daha
yüksək səviyyəyə çatacaq”
Rauf Zeyni: “Vətəndaş cəmiyyəti institutlarının
özəl sektorla da əlaqələri vacib məsələlərdən
biridir”
Müəyyən qədər əməkdaşlıq
edilsə də, çatışmazlıqlar da
mövcuddur. Bütün dövlət qurumları
QHT-lərlə əməkdaşlıq
etmir. Xüsusən regionlarda bu
məsələ daha aktualdır. Bir sıra
icra hakimiyyətləri
hələ də QHT-lərin fəaliyyət prinsiplərini dərindən
bilmirlər. Buna görə də əməkdaşlıqdan çəkinirlər.
Bu isə bütövlükdə
vətəndaş cəmiyyətinə
ziyan verir. Buna görə də
çatışmazlıqlar aradan qaldırılmalı
və bu istiqamətdə ciddi addımlar atılmalıdır.
Dövlət orqanları ilə
QHT-lərin əməkdaşlığından,
əlaqələrindən danışan
Rauf Zeyni bu istiqamətdə olan durumu qiymətləndirməyə
çalışıb: “Düzdür,
müəyyən nazirliklərlə,
dövlət komitələri
ilə əlaqələrimiz
var, amma hesab edirəm ki, bu, qarşılıqlı
əməkdaşlıq üçün
kifayət deyil. Dövlət
orqanları ilə əlaqələr daha da genişləndirilməli,
inkişaf etdirilməlidir.
Dövlət qurumları milli
və dövlətçilik
maraqlarını müdafiə
edən, qanun çərçivəsində fəaliyyət göstərən
üçüncü sektor
təmsilçilərindən ehtiyatlanmamalı, onların
fəaliyyətindən narahat
olmamalı, onlardan qaçmamalıdır, onlara
hər hansı bir yad qüvvə
kimi baxmamalıdır.
Əksinə, bu istiqamətdə
fəaliyyət göstərən
QHT-lərə dövlət
qurumları qucaq açmalıdırlar. Çünki vətəndaş cəmiyyəti
institutları bu xalqın, cəmiyyətin,
bu dövlətin qüvvələridir. QHT-lər
alternativ ictimai institutlardır ki, bunların da cəmiyyətdə alternativ
funksiyaları var. Dövlət
orqanları QHT-ləri
öz işlərinə
daha geniş cəlb edərlərsə,
bu halda biz dövlət, qeyri-dövlət,
media bütövlükdə vətəndaş cəmiyyəti
institutlarını normal inkişaf
etdirə bilərik. Bu gündə Avropada,
Qərb dövlətlərində
göstərici məhz
vətəndaş cəmiyyəti
institutlarıdır. Güclü
iqtisadiyyat, güclü
ordu ola
bilər. Əgər güclü vətəndaş
cəmiyyətin yoxdursa,
deməli hələ sən güclü, inkişaf etmiş ölkə deyilsən.
Bu, çox ciddi
məsələdir. Biz inkişaf etmiş ölkələrə baxanda
onların həm adam başına
düşən gəlirini,
eyni zamanda vətəndaş cəmiyyətinin
göstəricilərini nəzərə
alırıq. Məhz buna
görə də dövlətimiz bu sahədə ən optimal variantı tətbiq etməyə çalışır.
Və bu yolda əmin
addımlarla irəliləyir.
Ümidvarıq ki, bizdə
vətəndaş cəmiyyəti
daha yüksək səviyyəyə çatacaq”.
QHT-lərlə özəl sektor arasındakı əməkdaşlığın səviyyəsinə gəlincə
isə o, bildirib ki, dövlət orqanları ilə olduğu kimi, vətəndaş cəmiyyəti
institutlarının özəl
sektorla da əlaqələri vacib məsələlərdən biridir:
“Milli QHT Forumu yarandığı ilk gündən
özəl sektorla, sahibkarlıq subyektləri
ilə, ümumiyyətlə
milli sahibkarlarımızla
əlaqələrinin qurulmasını,
sıx əməkdadaşlığını
dəstəkləyən, istəyən,
buna çalışan
qurumlardan olub. MQF bu istiqamətdə
əlaqələrin qurulması
yönündə səylər
göstərərək, mövcud
əməkdaşlığın yaradılmasında mühüm
rol oynayıb. Düzdür,
QHT-lərlə özəl
sektor arasında müəyyən münasibətlər
var, amma hesab edirəm ki, bu yetərli
deyil, zəifdir.
Bu münasibətlərlə
əlaqədar müvafiq
qanunların qəbul edilməsinin vacibliyini düşünürəm. Məsələn, xeyriyyəçilik fəaliyyəti ilə bağlı qanun qəbul edilməlidir ki, hər hansısa
bir sahibkarlıq subyekti üçüncü
sektorla əməkdaşlıqda
daha maraqlı olsun. Əgər hər hansısa
bir sahibkar vətəndaş cəmiyyətinə
müəyyən qədər
yardım edirsə, o vergidən də bir o qədər azad edilməlidir. Belə bir məqam beynəlxalq təcrübədə
də var. Bu istiqamətdə
beynəlxalq təcrübəyə
dayanan müxtəlif üsullar tətbiq etmək mümkündür.
Təbii
ki, burada məqsəd özəl sektorla əlaqələri
yüksək səviyyəyə
çatdırmaq və
onların bu məsələdə maraqlı
olmasını təmin
etməkdir. Düzdür, ölkəmizdə özəl
sektorun ictimai sektora dəstək olması, QHT-lərin müxtəlif tədbirlərini,
layihələrini maliyyələşdirməsi
ilə bağlı müəyyən faktlar mövcuddur. Zənnimcə, bu və ya
digər tədbirlərin
maliyyələşdirilməsi əməkdaşlıq anlamına
gəlməməlidir. Bu, sadəcə bəzi
layihələrin həyata
keçirilməsi deməkdir.
Geniş əməkdaşlığın
daha böyük proses olduğunu düşünürəm. Məhz özəl
sektorun ictimai sektora güclü, əhəmiyyətli dəstəyi
həm qanunvericilikdə,
həm də real həyatda öz həllini tapmalıdır.
Necə ki, biz dövlətlə sıx əməkdaşlıq
edirik, özəl sektorla da bunu
gerçəkləşdirə bilməliyik. Yalnız bu
halda biz milli sahibkarların, milli burjuaziyanın da köməyi ilə milli vətəndaş cəmiyyəti qura bilərik”.
Vətəndaş cəmiyyəti və
sosial-iqtisadi inkişafı
paralel şəkildə
analiz edən MQF rəhbəri deyib ki, məsələlərə
konseptual yanaşdığımız
təqdirdə sosial-iqtisadi
inkişafın birtərəfli
olmamasının vacibliyini
söyləyə bilərik:
“Sosial-iqtisadi inkişaf
həm də paralel olaraq vətəndaş cəmiyyətinin
inkişafı deməkdir.
Ölkəmizdə dövlət sektoru
ilə bərabər özəl sektor da inkişaf edib. Amma özəl sektorun
müəyyən problemləri
də var. Bunlarla yanaşı, oyektivlik naminə üçüncü
sektorun da inkişaf etdiyini deyə bilərik. Lakin dövlət və özəl sektorla müqayisə apardıqda
QHT-lərin bunların
ikisindən də geridə qaldığını
görürük. Əgər biz QHT-lər olaraq dövlət sektoru ilə rəqabət aparmaq, birgə proqramlarda işləmək,
eləcə də paralel olaraq ona layiqli partniyor
olmaq istəyiriksə,
deməli vətəndaş
cəmiyyətinin inkişafı
da bu sektorlarla,
həmçinin sosial-iqtisadi
inkişafla bərabər
getməlidir. Mərkəzdə QHT-lərin yüksək inkişaf etdiyini söyləsək də,
region QHT-ləri üçün
bunu deyə bilmirik. Həqiqətən də, regionlarda
üçüncü sektor
çox zəifdir.
Biz regionlarda vətəndaş
cəmiyyəti institutlarını
inkişaf etdirməliyik.
Bu, bizim müqəddəs
borcumuzdur. Etiraf etməliyik
ki, hazırda müəyyən yad ünsürlər, missionerlər
regionlarımıza gələrək
öz fəaliyyətləri,
maliyyə imkanları
ilə çirkin niyyətlərini həyata
keçirmək üçün
vətəndaşlarımızı cəmiyyətlərinə üzv
etməyə, oyunlarının
alətinə çevirməyə
çalışırlar. Fikrimcə, regionlarımızda vətəndaş
cəmiyyəti inkişaf
etsə, güclü olsa, belə hallar baş verməz və insanlarımız buna tutarlı cavab verərlər. Bax biz bunu
da nəzərə alaraq bütüb regionlarımızda vətəndaş
cəmiyyətinin inkişafına
var qüvvəmizlə
çalışmalı, ona
geniş yer verməliyik. Buna yerli icra hakimiyyəti
orqanlarında var qüvvəsi ilə çalışmalıdırlar. Onlar da regionlarında vətəndaş cəmiyyətinin,
özəl sektorun inkişafında maraqlı
olmalıdırlar. Bu, yeni iş yerlərinin
açılması ilə
yanaşı, gəlir
baxımından da dövlətə xeyirli addım olar. Vətəndaş cəmiyyətini də, QHT-ləri də, bütövlükdə
cəmiyyətimizin mənəvi
durumunu da bir kənara qoymaq olmaz. Biz əgər öz
uşaqlarımızı, gənclərimizi,
insanlarımızı lazımi
səviyyədə ölkəmizin
vətəndaşlına çevirə
bilməsək, lazımi
səviyyədə vətəndaş
cəmiyyəti yarada bilmərik. Ona görə də
regionlarda bu məsələyə dəstək
verilməli, şərait
yaradılmalıdır ki,
yerlərdə üçüncü
sektorun inkişafı
geniş miqyasda həyata keçirilsin.
Əks təqdirdə biz Azərbaycanın,
dövlətçiliyimizin maraqlarına zidd ünsürlərlə qarşı-qarşıya
qalırıq. Nəticədə isə acınacaqlı hallarla üzləşə
bilərik”.
Sosial problemlərin həllində
QHT-lərin oynadığı
rolun nədən ibarət olduğuna, bu məsələlərdə
üçüncü sektor
təmsilçiləri nə
dərəcədə iştirak
etməsinə də münasibət bildirən
həmsöhbətimiz deyib
ki, ölkəmizdə
sosial yönümlü,
bu istiqamətdə fəaliyyət göstərən
xeyli sayda QHT var: “Onlar həm
Azərbaycan Respublikasının
Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına
Dövlət Dəstəyi
Şurasının, həm
də ayrı-ayrı
nazirliklərin maliyyə
dəstəyi ilə sosial sahədə xeyli layihələr həyata keçirirlər.
Bura əlil uşaqların sosial vəziyyətindən
tutmuş, günərzi
qayğı mərkəzlərinin
yaradılmasına qədər
ən müxtəlif istiqamətlər üzrə
layihələrin həyata
keçirilməsi daxildir.
Yəni
QHT-lərimiz bütün
sosial spektrlərdə
layihələrin həyata
keçirilməsində fəal
iştirak edirlər.
QHT-lər yerli
donorlarla yanaşı,
xarici donorlar hesabına da sosial problemləri olan vətəndaşlara bu sahədə yardımlar edilir.
Həqiqətən
də bu gün cəmiyyətimizdə valideyn himayəsindən
məhrum olan uşaqlarla (biz həm də buna
atılmış uşaqlar deyirik) bağlı problemi
mühüm yer tutur. Hazırda beş mindən çox valideyn
himayəsindən məhrum olan uşaq var. Məhz QHT-lər
atılmış uşaqlara yardım, onların mövcud
problemlərinin həlli məqsədi ilə mühüm
iş aparırlar. Bu məsələ ilə bağlı həm
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi ilə,
həm də digər əlaqədar strukturlarla geniş əməkdaşlıq
edirik. Humanist və xeyriyyəçilik tədbirlərin
keçirilməsi, kimsəsiz insanlara müəyyən
yardımların göstərilməsi, qaçqın və məcburi
köçkünlərə yardımların edilməsi bu əməkdaşlığa
daxil olan məsələlərdəndir. QHT-lərimiz eyni
zamanda şəhid, əlil alilərin sosial problemləri,
qayğıya ehtiyacı olan insanlara yardımların edilməsi
məsələsində fəallıq nümayiş etdirirlər.
Bu insanların pulsuz kurslara cəlb edilməsi, müəyyən
bilik və bacarıqların öyrədilməsi
baxımından da mühüm işlər aparırıq.
Eyni zamanda bu sahədə fəaliyyət göstərən
QHT-lərimiz müntəzəm olaraq monitorinqlər aparır
və sosial problemləri aşkarlayırlar. Üzə
çıxarılan problemlər müvafiq qurumlara təqdim
edilir. Nəticədə isə aidiyyatı qurumlar bu problemlərin
həlli istiqamətində müəyyən addımlar
atırlar. Hesab edirəm ki, bütün bunlar
üçüncü sektorun sosial problemlərin həllində
oynadıqları mühüm roldur. Gələcəkdə biz
bu sahədə işlərimizi daha da genişləndirmək
və qayğıya ehtiyacı olan insanların problemlərin
həllində bir qədər də yaxından iştirak edəcəyik”.
Xalq
Cəbhəsi.- 2015.- 18 dekabr.- S.9.