Köçür
ağır ellərin, dağlar
XVII əsrdə Sarovlu Şıxı kimi müqtədir
bir sənətkar da yetişmişdi. Sarovlu Şıxının cinas
qafiyələrindən aydın görünür ki, o,
dövrünün nadir təcnis ustası olub:
Şarovlu
Şıxı deyər dağ sinəsində,
İnanmırsan
gəl gör dağ sinəsində,
Telli maral
otlar dağ sinəsində,
Ovçusun görəndə sıra dağıldı.
Budaq Çobanın şeirlərinin bir qismi isə onun
yaratdığı «Novruz-Qəndab», «Alı xan və Pəri
xanım» dastanlarında yaşamaqdadır. XVII əsrin
bu el şairi qədim əsatir və mifik təsəvvürləri
mükəmməl mənimsəyib, «Dədə Qorqud»
boylarının qaynaqlarına bələd olub. Dədə tituluna yiyələnən Budaq Çoban
həm də həqiqətən çobanlıqla güzəran
keçirdiyindən şeirlərində təbiət aləmi
bütün füsunkarlığı ilə vəsf olunur.
Yağır
yağışların, qalxır dumanın,
Axır bozbulanlıq sellərin, dağlar.
Bundan belə
xoş səfalı çağındır,
Köçür, qonur ağır ellərin, dağlar.
Hər
dağlardan uca Nuhun dağıdır,
Dörd tərəfi
səkkiz cənnət bağıdır,
Tülək
tərlan, laçın quş yığnağıdır,
Sonalar arzular göllərin, dağlar.
XVII əsrin aşıq şeiri və ümumiyyətlə,
xalq poeziyasının mündəricəsində iki meyl daha
aydın nəzərə çarpır. Bir tərəfdən
feodal əsarətinə qarşı mübarizə
(«Koroğlu»nun variantları) motivləri güclənir, o biri
tərəfdən saf, təmiz, insani məhəbbət təsvir
olunur. Zümrəsindən, dini mənsubiyyətindən
asılı olmayaraq, sevən gəncləri bir-birinə
qovuşdurmaq, orta əsrlərdə təmiz sevgiyə mane
olan bütün sədləri uçurub yerində sərhədsiz,
maneəsiz, kinsiz, küdurətsiz, şər və nifaqdan
uzaq bir ailə yaratmaq önə çəkilir. Ustad aşıqların nəsihətamiz ustadnamələrinin
məzmun və mündəricəsi məhz bu meylləri
geniş təbliğ edirdi. Qul Mahmud, Qulam Kəntər,
Aşıq Heydər, Əsmər, Ululu Kərim, Əmrah,
Qaracaoğlan, Məsum və başqa sənətkarların
lirik şeirləri bu ruhda söylənib. Qul Mahmud şaha
müraciət edəndə ki:
Başına
döndüyüm ədalət şahım,
Beynizam
işlərin nizama gəlsin
– şübhəsiz, yaşadığı
diyarda baş verən özbaşınalığa işarə
edirdi. Şair Əsmər xanımın isə
şeirlərində qadına olan kölə və qeyri-insani
münasibət bir qızın konkret və real həyat faciəsində
bədii ifadəsini tapıb. Şeirdə yüz tümənə
satılan bir qızın həm də günü üstə
ərə getməsi, gedərkən ailə və
qohumlarının onu söyüb, danlayıb yola salması, ər
evində keçirdiyi ağır günlər və
sarsıntılar təsvir olunur:
Zəhər
qatdılar aşıma,
Bəlalar
gəldi başıma,
Baxmadılar
göz yaşıma,
Satdılar
kaftara məni,
Ağyal canavara məni.
Olmadı
kimsə havadar,
Gen
dünya oldu mənə dar,
Söydülər,
danladılar,
Satdılar
kaftara məni,
Ağyal canavara məni.
Anam
babalıma batdı,
Qardaşım
üstündən atdı,
Atam
yüz tümənə satdı,
Satdılar
kaftara məni,
Ağyal canavara məni.
Əmioğlum
şirnikdi pula,
Xalam uydu
tirmə şala,
Verdilər
axır bir çala,
Satdılar
kaftara məni,
Ağyal canavara məni.
Bu incə
qəlbli el şairinin «Canım», «İstər», «Salatın»,
«Nazlı bəxtəvər», «Şux məmələrin», «Bəllidir»,
«Cananım», «Görünməz», «Gəl-gəl», «Gül
Cahan, «Sayad», «Cahan dərdidir», «Olsun», «De gəlsin», «Dilbər»,
«Seyrə vardım», «Geyinibdir» və başqa gözəlləmələr
aşıqların ən çox ifa etdiyi əsərlərdir.
O dövrün məşhur el şairlərindən olan
Aşıq Əmrahın şeir¬ləri də bədii
kamilliyi ilə seçilir. Onun «dedim-dedi» şəklində olan
şeiri forma və məzmun vəhdəti, ritmi və
musiqiliyi ilə seçilən poetik nümunədir:
Dedim: əla
nədir? Dedi: gözümdür.
Dedim:
şəkər nədir? Dedi: sözümdür.
Dedim: alma nədir? Dedi: üzümdür.
Dedim:
öpməlisən, söylədi, yox-yox.
Əmrahın şeirləri qonşu xalqlar arasında da
geniş yayılıb, XVII – XVIII əsrlərdə erməni
və gürcü əlifbası ilə yazıya
alınıb.
Bu da göstərir ki, Əmrah
dövrünün qüdrətli sənətkarlarından
olub. Əmrahın şeirləri və
haqqında olan rəvayətlər əsasında
aşıqlar «Əmrah və Səlminaz» das¬tanı yaradıblar.
Azərbaycan və eləcə də, Yaxın Şərqdə
şöhrətlənmiş saz-söz şairlərindən
biri də Qaracaoğlandır. Ömrünü həmişə
səfərdə keçirən Qaracaoğlanın gəraylı
və qoşmaları demək olar ki, bütün Şərqdə
geniş yayılıb, el məclislərinin bəzəyi olub.
İnsanları nəcibliyə, ülvi hisslərə, ali məsləkə səsləyən
Qaracaoğlanın nəğmələri zəngin bədii
çalarlara malikdir. Bu şeirlərdə həyat
bütün gerçəkliyi ilə, həm də romantik
boyalarla təsvir olunur. Şair adi və sadə həyat
həqiqətinə bədii və poetik libas geydirib insanı
incə duyğularla ovundurur:
Ala
gözlü nazlı dilbər,
Vaxtın keçər demədimmi?
Qaşın
cəllad, gözün yağı
Qanım içər demədimmi?
Bax bu
qaşa, bax bu gözə,
Yandı
bağrım, döndü közə,
Yaxasız
köynəyi bizə
Fələk biçər demədimmi?
Qaracaoğlan
bu mərdinən,
İşim
yoxdur namərdinən,
Axır
bizi bu dərdinən
Qoyar qaçar demədimmi?
Çox böyük yaradıcılıq yolu keçən
Qaracaoğlanın əsərləri hələ öz
dövründə geniş yayılıb, müğənni və
ifaçı aşıqlar tərəfindən məclislərdə
oxunub. Bir çox məhəbbət və qəhrəmanlıq
dastanlarında onun qoşma və gəraylılarından
geniş istifadə olunması da bunu sübut edir. Qaracaoğlanın şeirlərində təmiz,
ülvi məhəbbət, sadə əhalinin həyatı, dərd
və qəmi tərənnüm olunur. Onun
o dövrün hadisələri ilə bağlı
icti¬mai-siyasi məzmunlu şeirləri də çoxdur.
Qaracaoğlana
xas olan eyni poetik lövhələri İlyas Muşeqin «Nəğmələr
məcmuəsi»ndə şeirləri verilmiş Emin, Qul Mahmud,
Pirim, Dədə Qürbət, Rizvan, Şahin, Dəvrişoğlu
Məhəmməd, Ucanlı, Adil, İsmayıl, Yetim Aydın
və başqa aşıqların şeirlərində də
görmək olar. Bu el şairlərinin şeirlərini
İlyas Muşeq ağızlardan toplayıb «Nəğmələr
məcmuəsi»nə daxil edib. Deməli,
bizə məlum olmayan bu el nəğməkarlarının nəğmələri
XVIII əsrdə dillər əzbəri olub.
Aşıq
yaradıcılığı həm də təkcə Azərbaycan
ədəbi mühitində deyil, bütün Şərqdə,
bir sıra qonşu xalqlarda elə vüsətlə
yayılıb ki, onun nadir nümunələrini Avropa şərqşünasları
tədqiq edib, öz dillərinə (ingilis, alman, fransız və
s.) çevirməyə çalışıblar. Aşıq yaradıcılığı geniş
yayılmaqla yanaşı, sənətkarlıq
baxımından da təkmilləşib, mövzu və məzmun
baxımından yeniləşib, bədii-estetik dəyəri
artıb və kamilləşərək yeni inkişaf mərhələsinə
qədəm qoyub. Bu kamilləşmə
yeni-yeni şəkillərlə zənginləşən lirik
şeirdə, tarixi hadisələri getdikcə daha qabarıq
şəkildə əks etdirən məhəbbət və qəhrəmanlıq
dastanlarında aydın görünür. Digər
tərəfdən, musiqi, poeziya və epik bədii
yaradıcılıq aşıq sənətində daha
möhkəm birləşərək onun zənginləşməsinə
səbəb olurdu. Məhz buna görə
də Xətayidən başlamış yazılı ədəbiyyatın
bir çox görkəmli nümayəndələri xalq
şeiri şəkillərində yazmağa daha çox meyl
göstəriblər. XVIII əsrdə
Vaqif ədəbi cərəyanının nümayəndələri
də bu yolla gediblər. Buna görə də bu
dövrdə xalq şeiri üslubunda yazan şairlərlə
aşıqların şeirləri arasında möhkəm bir
bağlılıq var. XVIII əsrdə xalq şeirini təmsil
edən Saleh, Məzlum, Xəstə Qasım, Sayat Nova, Saili,
Urfani, Zabit, Xurşid, Səyyad, Dəllək Murad, Aşıq
Valeh kimi sənətkarların ədəbi irsi səciyyəvidir.
Bu el şairləri saz şeirinin nəinki poetik
imkanlarını daha da genişləndirdilər, eyni zamanda
aşıq şeirinin növlərini zənginləşdirdilər.
Gözəlləmə, ustadnamə, deyişmə,
bağlama, vücudnamə və bu kimi növlərin ictimai-əxlaqi
mündəricəli nümunələrini yaratdılar. Zamanın, ictimai-ədəbi mühitin nəbzini
tutan gəncliyin bədii-estetik tərbiyəsinə yönəldilən
ustadnamələr məclisdən-məclisə ayaq
açıb geniş yayılırdı. Xəstə
Qasımın, Ululu Kərimin, Dəllək Muradın ustadnamələri
dərin tərbiyəvi təsir gücünə malik
olduğundan məclislərdə dastanlar onların ustadnamələri
ilə başlanırdı. Aşıq
poeziyasının zirvəsi sayılan ustadnamə və ya nəsihətnamələrdə
insanın mənəvi gözəlliyi, əxlaqi keyfiyyətləri,
cəmiyyət içində davranışları xalqın məişətinə,
adət-ənənəsinə uyğun tərənnüm
olunurdu. XVIII əsrin ustad aşığı Ululu Kərimin
ustadnaməsində deyilir:
Fürsət
əldə ikən yaxşılıq elə,
Həmişə əlində ixtiyar olmaz.
Gəl
güvənmə dövlətinə, malına,
Mala, mülkə, əmrə etibar olmaz.
Dörd
yanımız bağça ola, bağ ola,
Sinəm
üstü düyün ola, dağ ola,
Bir
kiçik ki böyüyünə ağ
ola,
Düşər el gözündən, bəxtiyar olmaz.
Ululu Kərimi
axtaran tapar,
Bir
könülü tikən min Kəbə yapar,
Sən
çalış işini haqq ilə apar,
Haqdan qeyri-kimsə sənə yar olmaz.
İnsan həyatını belə təmiz, nəcib,
xeyirxah əməllərə səsləyən öyüd-nəsihətlərlə
bərabər ustadlar, həm də insanın ömür yolunu
mərhələ-mərhələ izləyən vücudnamələr
də yaradırdılar. Ustadnamələrdə olduğu kimi
vücudnamələrdə də insan həyatının,
insan ömrünün mənası, qayəsi və məqsədi
aşkarlanırdı. Burada da ustadlar belə
nəticəyə gəlir ki, sənə nəsib olan bir
ömrü elə mənalı yaşa ki, ömrün sonunda
arxada qalan günlərə baxanda xəcalət çəkməyəsən.
Ustadlar bəzi vücudnamələrin
sonluğunu axirət dünyasında sorğu-sualla, sirat
körpüsü ilə bağlayırlar. Burada sənətkar dini təsəvvürlərə
uysa da, əslində nəticə etibarilə məqsəd
bundan ibarətdir ki, insan həyatı boyu yaxşılıq
eləsə, ömrünün sonunda bundan bir təsəlli
alar, pislik eləsə vicdanı qarşısında
günahkar olar.
Yazılı poeziyaya daxil olan vücudnamələrdə
ömrün ilkin çağları, uşağın tərbiyə
olunması, mədrəsə həyatı faktlar və real
boyalarla izlənilir. Bu baxımdan Salehin və Məzlumun
vücudnamələri daha səciyyəvidir. Şair
Salehin vücudnaməsində uşağın təhsil illəri
belə təsvir olunur:
...Oxudum
şəriət, getdim təriqət,
Öyrəndim
mərifət, bildim həqiqət...
...On
altı yaşında oldum fərzanə,
On yeddi yaşında tikdim bir xanə...
XVIII əsrin aşıq poeziyası mövzusunun zənginliyi
baxımından elə bir mövqeyə qalxıb ki,
zamanın, ictimai-ədəbi mühitin sınaqlarından
çıxmış bəşəri mövzular sənətdə
özünə əbədilik qazanıb və beləliklə
də şeirin ayrı-ayrı növlərində öz
poetik ifadəsini tapıb. Təbiətə və
insana məxsus bütün gözəlliklər gözəlləmələr
üçün səciyyəvi olduğu kimi, bütün mənəvi
məziyyətlər də nəsihətnamələrin
mövzusunu doğururdu. Beləliklə də,
orta əsrlərin ictimai-iqtisadi, siyasi, ədəbi və mədəni
inkişafını məzmuna hopduran aşıq
yaradıcılığı uzun tarixi təkamül yolu
keçərək öz poetik quruluşu baxımından da
monumental sənət fövqünə qalxıb. Şeirin sabitləşən şəkilləri ilə
yanaşı, zəngin tematik çalarlara məxsus növləri
də yüksək səviyyədə olub.
Qara Namazov
Professor
Xalq Cəbhəsi.- 2015.- 19 dekabr.-
S.14