Asta çal balabanı...

 

Şirvan balabançıları

 

 

Süleyman Məşədi Ağalar oğlu (XIX əsr) XIX əsrin birinci rübündə Şamaxının İmamlı məhəlləsində doğulub. Atası Məşədi Ağalar sinədəfdər bir insan olub. Özü də məhəllə məktəbində dərs alıb. Kllasik ədəbiyyata və aşıq sənətinə bələd bir insan imiş. Özü də bədahətən şeir düzə bilirmiş. Şeirlərindən kiçik parçalar, bəndlər yadigar qalıb:

 

Məni dərdə salan, gözəl,

İnsaf eylə mənə əlac.

Arzumu puç eyləmə gəl,

İnsaf eylə, mənə əlac.

 

Sənsən gözümün qarası,

Dərdlərimin ol çarəsi,

Ağaların umid səsi,

İnsaf eylə, mənə əlac.

 

Süleyman Ağalar oğlu gəncliyindən balaban-zurna sənətinə bağlanıb, ta ömrünün sonuna kimi. Uzun illər Tircanlı Aşıq Oruc, Əngəxaranlı Aşıq İbrahim və Ləngəbizli Aşıq Rəsul Söhbət oğlu, Əngəxaranlı Aşıq Xəlilə Şirvan məclislərini başdan-başa gəzib, insanların zövqünü oxşayıb. Ustad sənətkarların dediyinə görə, o, həm də bir çox bəstələrin müəllifi olub.

Murad Mirzalı oğlu XIX əsrin 30-cu illərində Şamaxıda doğulub. Mollaxanada oxuyub, kllasik ədəbiyyata bələd olub. XIX əsrin 50-ci illərdə mesenant Mahmud Ağa məclisinə yaxın olub. Aşıq İbrahim, Aşıq Xəlilə tanışlığı onu həmişəlik balaban-zurna sənətinə bağlamışdı. O, aşıq dostları ilə Şirvan mahalnı, elbə-el gəzir. Məclislərə bəzək verir. Görkəmli insanlar S.Ə.Şirvani, Məmməd Səfi, M.Mahmudbəyovla dost olub. Şirvanda balaban sənətinin inkişafında xüsusi xidməti olan Murad bir neçə Sahib Kərbəlayi Teymur oğlu və Zahid Soltan oğlu kimi şagirdlər yetişdiriblər. Murad Mirzalı oğlu XIX əsrin 90-cı illərində vəfat edib.

Salam Məşədi Bağı oğlu XIX əsrin əvvəllərində Şamaxının İmamlı məhəlləsində doğulub. Aşıq Şamilin dediyinə görə Aşıq Vəlicanın dayısı olub. Mollaxanada təhsil alıb. Sənəti qonşuları Hacı Tahir bəyin qoyun sürülərinin sərkarı, gözəl tütək çalan, dayısı Solaxay Mədətdən (yaylaqda qışlaqda dava düşəndə çomağı sol əli ilə çalarmış) öyrənib. Belə ki, Mədət sərkar olduğu üçün bir neçə həftəlik evinə gələrdi. Bacısı oğlunun çalğıya həvəsini görən Mədət ona tütək düzəldib verir və ifa etməyi öyrədir. Sonralar aşıqlar dəstəsinə qoşulan Salam sənətə tam şəkildə yiyələnir. Aşıq Vəlicanı da o, sənətə gətirib. Hətta bacısı oğlu Vəlicanı da məclislərdə uzun zaman özü müşayət edir. Ustad aşıqların dediyinə görə, Salam balabanda bir çox havalar bəstələyib.

Deyilənlərə görə, günümüzə gəlib çatan “Vəlicanı şikəstəni” də Salam bəstələyib, sözlərini isə Aşıq Vəlican düzüb. Salam Məşədi Bağı oğlu XIX əsrin sonunda vəfat edib.

Mustafa Tağı oğlu oğlunun Şamaxıda XIX əsrdə yaşayıb-yaratdığı qeyd olunur. O, həm də şair imiş. Atası Tağı kişi çarıqçı olub. Odur ki, şeirlərini də “Çarıqçı oğlu” təxəllüsü ilə yazıb. Deyilənlərə görə, S.Ə.Şirvani ilə dost olub. Aşıq şeiri üslubunda yazdığı əsərlərindən bəzi parçalar məlumdur. Çox hazırcavab və zarafatcıl insan olduğu da söylənilir. Aşıq Barat deyərdi ki, onun şeirlərinin bir qismini Əli dədə əzbərdən bilirdi.

 

Neçə vaxtdı düşdüm xəstə,

Dərddə gəlir dərdim üstə,

Mənə dərman qonşu Püstə,

İnanmasan, özündən sor.

 

İsmayıl Məmməd oğlu XIX əsrdə Şirvan mahalının Cəyirli obasında yaşayıb. Onun haqqında məlumatı ustad Aşıq Baratdan əldə etmişik. Ustad aşıq deyərdi: “Cəyirli tərəkəmə obalardandır. Buna baxmayaraq bu obada şair, sinədəftər, gözəl səsli insanlar çox olub. Elə bizim təbəhə nəzər salsaq, bunun şahidi olarıq. Rəhmətlik atam onların hamısı haqqında məlumatlı idi. Söz düzənlərin çoxunun şeirlərini əzbərdən bilirdi. Bir şeiri də həmişə zümzümə edərdi. Deyərdi ki, bala İsmayıl da bizim babalarımızdan olub, yəni mənim nənə babam balabançı imiş. Bütün tərəkəmə ellərinin toyunu o çalarmış. Kolanı Aşıq Babaşla toya gedərmiş. Yayda Dağ Cəyirlidə toyda elə çalardı ki, qara zurnanın səsi gecə vaxtı qonşu obalarada aydınca eşidilərmiş. Nənəmizin dediyinə görə, heç qırx yaşı olmazdı ki, taxıl biçinində ilan vurub öldürür. Qəbri qışlaqdakı Cəyirli qəbristanlıqdadır.

Babaş Dadaş oğlu (XVIII-XIX-1906) Şirvan mahalının ən qədim və böyük elatlarından biri də Kolanı obası olub. Mənbələrdən məlum olur ki, bu elin sinədəftər şair aşıq övladları çox olub. Aşıq Babaş, Aşıq Musa, Aşıq Əhməd, Aşıq İskəndər, Aşıq Mürsəl, və el şairləri - Zeynəb Zərbəli qızı, Çıldaq İsmayıl, Ağca Gülağa qızı, Keçəl Piri, Məşədi Mustafa və b. Aşıq Babaş Mənsim oğlu XVIII əsrin sonu XIX əsrin 50-60-ci illərində yaşayıb. Övladlarının biri Mürsəl aşıq, o biri Dadaş isə balabançı olub.

Dadaş Babaş oğlunun XIX əsrin birinci rübündə anadan olduğunu güman edilir. O, qardaşı Mürsəllə qırx ilə yaxın Şirvan mahalında el-obanın toy məclislərində iştirak etmişdir. Gözəl və istedadlı sənətkar balabançı Dadaş həm də neçə-neçə gəncə sənətin sirlərini öyrədib. Deyilənlərə görə o, 90 ilə yaxın ömür sürüb. Özü də sinədəftər bir insan olub, bədahətən şeir deyə bilirmiş.

Tərlan Süleyman oğlu (XIX-1918). XIX əsrdə Şamaxının Xilə, Kolanı, Boyat elləri ilə yanaşı Əngəxaran kəndində də bir çox aşıqlar yetişdirmişdi. Aşıq Gülü, Aşıq İbrahim, Aşıq Xəlil, Aşıq Daşdəmir, Aşıq Nurəddin, Aşıq Sədrəddin və b. Şirvan aşıq mühitinin ulu sənətkarlarından olub.

Aşıq Fərman sənəti Aşıq İbrahimdən öyrənib. Tərlan onun kiçik qardaşı idi. O, XIX əsrin 70-ci illərində anadan olub.

Fərman qardaşının sənətə meylini görüb, onu Şamaxılı dərzi Sahiblə tanış edir. Görkəmli balaban ustası Sahib ona sənəti yerli-yataqlı öyrədir. Sonra o, qardaşı Aşıq Fərmanı ansanblına qatır. Mahir bir balaban ustası olur, ötən əsrin 10-cu illərində Aşıq Mirzə Bilalla da toylara gedir, sevilir və bəyənilir, Şirvanın mahir balaban ustalarından olur. Təəssüf ki, sənətin zirvəsinə çathaçatda bənzərsiz el sənətkarı 1918-ci ildə erməni cəlladlarının qurbanı oldu.

Sahib Kərbəlayi Teymur oğlu (XIX-1909). Sahib Teymur oğlu XIX əsrin 60-cı illərində Şamaxının Qalabazar məhəlləsində anadan olub. Atası Kərbəlayi Teymur şeir-musiqi xiridarı olub. O, Şamaxıdakı bir çox şair, xanəndə, aşıq, balabançılarla dost olub. Oğlunun sənətinə marağını görən Teymur kişi Sahibi dostu Muradın yanına aparıb, ona şagird verir. Sahib tez bir zamanda ustadından sənətin sirlərini klassik havaları öyrənir.

O, dövrünün məşhur aşıqları, Aşıq İbrahim, Aşıq Daşdəmir, Aşıq Nurəddin yoldaşlıq edir. Onlardan sənətin incəliklərini bir daha öyrənir. Deyilənlərə görə, Sahibin çaldığı “Şikəstə”lərin o dövrdə bənzəri olmayıb. Sahib Kəlbəlayi Teymur oğlu 1909-cu ildə Şamaxıda vəfat edib, Laləzar qəbristanlığında dəfn edilib.

Bəkir Məşədi Bağır oğlu (XIX-1918). Bəkir haqqında məlumatı qocaman aşıq, rəhmətlik Aşiq Baratın yaddaşından əldə etmişik. Rəhmətlik Barat Şirvanlı Bəkir haqqında deyirdi: “Əli kişi (məşhur balabançı Əli Kərimov- Kalvalı Əli Dədə - S.Q) gözəl bənzərsiz sənətkar olduğu kimi dərin hafizəyə malik bir insan idi”.

Şamaxının tarixi, eləcə də bu diyarın yetirdiyi sənətkarlar barədə geniş məlumatlara malik idi. Onun S.Ə.Şirvani, M.Ə.Sabir, A.Səhhət, Aşıq İbrahim, Aşıq Nurəddin, Aşıq Bilal, Aşıq Sədrəddin barədə xeyli xəbərləri və bilikləri vardı. O, M.Hadi və balabançı Bəkir barədə həmişə kövrələ-kövrələ danışardı. Bəkirin çaldığı havalardan öyrəndiyini də söyləyirdi. Bir də söyləyirdi ki, fərqi yox idi, yay-qış Bəkirin yastı balabanı həmişə sağ cibində olurdu: “Axşamlar “Sarı torpaq” şikəstəsinin çalmasaydı, yatmazdı. Qonşuları bu səsə bənzərsiz, insan qəlbini titrədən çalğıya adət etmişdilər. Bütün Şamaxılılar bir qayda olaraq ona “Şikəstə ”, “Sarı torpaq”, ya da “Zarıncı”, çaldırardılar. Şirvan məclislərinin bəzəyi olan bu insan 1918-ci il erməni cəlladları tərəfindən bütün ailəsi üç ovladı və ömür-gün yoldaşı ilə qətlə yetirilib. İstedadlı sənətkar həm də el şairi imiş. Mən, Əli kişinin yaddaşından onun üç şeirini öyrənmişdim. Həmin şeirləri vaxtilə toylarda xanəndələr də çox oxuyardılar.

Allahverən Şıxı oğlu (XIX-XX) XIX əsrin ikinci yarısında Şamaxı qəzasının Kalva kəndində anadan olub. Həm Allahverən, həm də Əli Zülfüqaroğlu bu sənətin sirlərini Aşıq İbrahimin balabançısı, Şamaxının İmamlı məhəlləsindən olmuş Süleyman Məşədi Ağalı oğlundan öyrəniblər. Allahverən Şıxı oğlu XIX əsrin sonu, XX əsrin əvvəllərində yaşayıb yaradan bir çox aşıqlar - Aşıq İbrahim, Aşıq Daşdəmir, Aşıq Nurəddin, Aşıq Sədrəddin, Aşıq Billala Şirvan mahalında el məclislərinin bəzəyi olub. Dədə Aşıq Əhməd, Aşıq Barat, Ağasəf Seyidov və başqaları Allahverən sənətinin böyüklüyündən xüsusi həvəslə danışırdılar.

Allahverən Şıxı oğlu barədə mənbələrdə ancaq ümumi məlumatlar verilib. Onun barəsində “Əli Kərimov” (Moskva, 1984) kitabında oxuyuruq: “Qoca Allahverən deyərdi ki, o, özü Əlidən xahiş edib ki, onun ansamblında “usta” vəzifəsini tutsun”. Allahverən Şıxı oğlu XX əsrin birinci rübündə vəfat edib.

Aşıq Əhmədin dediklərindən: “Mən Aşıq Bilalı uşaq yaşlarımdan eşitmişəm. Oxumaları da yadımdadı. Onun səsi Şakirin səsi ilə bəzi havalarda dəyişik düşərdi. Mən bir çox balabançılarla yoldaşlıq etmişəm, görmüşəm, Əli Kərimov, Mirzə Mansır Rüstəmov, Əliyusif Qəniyev, İzzətalı Zülfüqarov və başqaları”. Bir neçə sənətkarlar haqqında isə özümdən əvvəlki ustadlardan çox eşitmişəm, Aşıq İbrahim, Sədrəddin, Mirzə Məhəmmədhəsən, Aşıq Şamılın dayısı-ustadı Soltan Hüseynov, Məşədi Zəkəriyyə, bir də ki, Allahverən Şıxı oğlu. Yadımdadı, balaban-zurna sənətindən söz düşəndə rəhmətlik Əli Dədə deyərdi:

“Əhməd, heyif ki, ustadım Allahverənin çağrışını eşitməmisən. O, başqa aləm idi. Zalım oğlu “Şikəstə”lərin anası idi. Mən də rəhmətliyin haqqı böyükdür. İstəyirdi ki, bildiklərinin hamısını bizə öyrətsin. Düzünü desəm, mən onun vurduğu xalların heç yarısını da vura bilmirəm. “Zarıncı”sı başqa bir aləm idi”.

Aşıq Baratın yaddaşından: “Mən Əli kişinin çox söhbətlərində olmuşam. Onun bir adəti var idi ki, ustadını heç vaxt unutmurdu. Həmişə onu hörmətlə xatırlayırdı. Deyərdi ki, Allahverən olmasaydı, Şirvanda balaban-zurna sənəti bu qədər geniş yayılmazdı. Mən də çalışdım ki, onun qoyub getdiyi yadigarları yerli-yerində cavanlara öyrədim. Deməli, Allahverən Şıxı oğlunun nəfəsi bu gün də Şirvanda yaşayır, bundan sonra da yaşayacaq”.

 

 

Seyfəddin Qəniyev

professor

Xalq Cəbhəsi.- 2015.- 22 dekabr.- S.14